Məhkəmə qərarları › İş №2(104)-865/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-865/2025

05.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-865/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(045)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən 0,0108 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyətçisi olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırlmışdır ki, alğı-satqı müqaviləsi əsasında Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsini Cavabdeh almış və qeyd 29 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Publik Hüquqi şəxsində adına qeydə alınmışdır. Aldığı torpaq sahəsində cavabdeh sex işlətmişdir. Cavabdehdən dəfələrlə mülkiyyətçisi olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən çıxmasını xahiş etsə də sonuncu qanunsuz olaraq onun mülkiyyətində olan torpağa sahiblik və istifadə edir.

4. Goranboy Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(045)-16/2025 nömrəli (hakim T.Məmmədov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən Cavabdeh çıxarılması; iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat İddiaçı özünə aid edilməsi; iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Dövlət nəfinə keçirilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.4 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 117.1, 119.1, 119.2, 216-220 və 360 maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, ilk növbədə məhkəmə tərəfindən iddia tələbi ilə əldə edilmək istənilən hüquqi niyyətin nədən ibarət olması, torpaq sahəsində yerləşən tikililərin hansı əsaslarla və nə zaman tikilməsi, torpaq sahəsinin alqısatqısı zamanı həmin tikililərin orda olub-olmaması, həmçinin tikililərin hüquqi və faktiki vəziyyəti ilə bağlı tərəflər arasında hansı münasibətin (razılaşmaların) olub-olmaması araşdırılmamış, formal əsaslandırma ilə iddia tələbi təmin edilmişdir. Halbuki, məhkəmə tərəfindən bu hallar heç bir sübuta istinad edilməmişdir

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mülkiyyətində olan 0,0108 ha torpaq sahəsininin alğı-satqısnı iddiaçı ilə 17000 manata razllaşmışlar. Lakin alğısatqı müqaviləsində torpağın satış qiyməti 5000 manat yazılmış, Eldarda ona 5000 manat vermişdir. Torpaq sahəsindəki tikililər onundur və alğı-satqıda tikililər göstərilməyib. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 0,0108 ha torpaq sahəsini və onun üzərindəki tikililərin alğı-satqısı barədə cavabdehlə 17000 manata razılaşmış və həmin pulu cavabdehə vermişdir. Pulun 12000 manatını alğı-satqı olana qədər hissə-hissə vermiş, 5000 manat isə alğı-satqı zamanı ödəmişdir. Torpağın üzərindəki tikililər qeydə alınmadığı üçün alğı-satqı müqaviləsində 5000 manat qeyd olunmuş, eləcədə tikililər göstərilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

13. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

14. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

22. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən 0,0108 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmuş və sonuncu həmin torpaq sahəsini İddiaçı satmış və bu barədə İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh mülkiyyətində olan 0,0108 ha torpaq sahəsini İddiaçı satmasına baxmayaraq həmin torpaqdan çıxmamışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

29. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlilləri qətnəmənin ləğvi üçün əsas deyil.

30. İlkin olaraq kollegiya qeyd edir ki, Goranboy rayonu, Sarovlu kəndində yerləşən 0,0108 ha torpaq sahəsi qanuni əsaslarla, yəni notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmiş və bu barədə sonuncunun adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən 29 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir.

31. Cavabdeh iddiaçıya satdığı 0,0108 ha torpaq sahəsndən çıxmamasının əsası kimi qeyd edir ki, 0,0108 ha torpağı 17000 manata satmaq barədə iddiaçı ilə aralarında razılaşma olsada, lakin sonuncu alğı-satqı zamanı müqavilədə qeyd olunan 5000 manat ona vermişdir. Əslində torpağın üzərindəki tikililəri iddiaçıya satmamışdır. İddiaçı isə bildirir ki, cavabdehlə razılaşdırılmış 17000 manatın 12000 manatını alğı-satqıya qədər, 5000 manatı isə alğı-satqı zamanı ödədmiş, torpaq üzərindəki tikililər qeydə alınmadığına görə müqavilədə 5000 manat göstərilmişdir.

32. Yuxarda da qeyd olunduğu kimi kollegiya cavabdehin dəlilini qətnamənin ləğvi üçün əsas görmür. Belə ki, torpaq üzərindəki tikililər dövlət qeydiyyatına alınmamış və tərəflər arasında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin predmeti olmamışdır. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən tikililər Cavabdeh məxsus olmaqla sonuncunun iddiaçıya satdığı 0,0212 ha torpaq sahəsinin üzərində olmaqla torpağın ayrılmaz tərkib hissəsi olmuşdur. Yəni, torpaq üzərindəki tikililər 4 iyul 2022-ci il tarixli 4Ə-156 nömrəli alqı-satqı müqaviləsi üzrə əslində alıcı İddiaçı satılmamış olsa da, lakin tikilinin yerləşdiyi torpaq sahəsinin satılması nəticəsində dolayı yolla üzərində olan tikiliyə sahiblik və istifadə hüquqları tikililərin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi İddiaçı keçmişdir. Bundan əlavə Cavabdeh mülkiyyətində olan əmlakin 17000 manata satılması barədə tərəflərin razılaşmasıda özlüyündə onu deməyə əsas verir ki, 0,0212 ha torpaq sahəsi üzərində yerləşən tikililər daxil olmaqla İddiaçı istifadəsinə və sahibliyinə verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, 0,0212 ha torpaq sahəsinin dəyəri 5000 manat olduğu halda, əvvəlcədən 17000 manata əmlakın satılacağı barədə razılaşmanın, məhz həmin torpağa görə aparılmasıda özlüyündə ağlabatan və inandırıcı deyildir.

33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/7794 saylı ekspert rəylərindən də müəyyən olunmuşdur ki, Goranboy rayonu Sarovlu kəndində İddiaçı mülkiyyətində torpaq sahəsinin kontur, koordinat və parametrləri 29 iyun 2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edir. İddiaçı mülkiyyətində olan Goranboy rayonu Sarovlu kəndində yerləşən torpaq sahəsi üzərində maşınların təmir sexləri var.

34. İddiaçının xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsinin hazırda Cavabdeh tərəfindən istifadə olunması onun özünün izahatı ilədə təsdiq olunur. Ona görədə kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

35. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2(045)-16/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar