Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-87/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X15 və Cavabdeh2 qarşı ilk iddiasına, Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, dəymiş ziyanın ödənilməsi, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilk iddia üzrə cavabdeh X8, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X15 və Cavabdeh2 qarşı torpaq sahəsi üzərində mülkiyyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-279/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı1, İddiaçı3, İddiaçı2 ümumi birgə mükiyyətinə, Bərdə rayonu, Lənbəran kəndində ümuumilikdə 3.387130 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır.
2. Torpağa Mülkiyyət Hüququna dair JN 978 KOD 61000048 Dövlət Aktndan müəyyən olunur ki, İddiaçı3 mülkiyyətinə Bərdə rayon Aqrar islahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
3. 01 avqust 2003-cü il tarixli aktdan müəyyən olunur ki, X5 və İddiaçı2 hər birinin 0.86 ha - 0.57=1.43 ha torpaq sahəsini Cavabdeh2 satmaları aktlaşdırılmışdır.
4. Torpağa Mülkiyyət Hüququna dair JN 979 KOD 61000048 Dövlət Aktndan müəyyən olunur ki, X1, İddiaçı1, İddiaçı2, X3 mülkiyyətinə Bərdə rayon Aqrar islahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə 3.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1134 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 57-58-ci vərəqlərində olan 01 avqust 2003-cü il tarixli torpaq alqı-satqısı üçün “Akt”ın 2-ci vərəqində “2.” qrafasında “Мəммəдов Гəһрəман ф.а" yazılarının qarşısında olan imza - İddiaçı2 tərəfindən icra edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X15 və Cavabdeh2 qarşı torpaq sahəsi üzərində mülkiyyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus Bərdə rayonu, Lənbəran kəndində yerləşən ümumilikdə 4,26 ha torpaq sahəsinin 1,2 ha hissəsindən çıxarılmasına, torpaq sahəsi üzərində mülkiyyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Lənbəran kəndində 3,387130 ha torpaq sahəsi 10/16 hissə İddiaçı1, 5/16 hissə İddiaçı2nın və 1/16 hissə Rail Məmmədovanın mülkiyyətindədir. Sözügedən torpaq sahəsi onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş və mülkiyyət hüquqları 29 may 2019-cu il tarixdə **********51 saylı reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla, ********** qeydiyyat nömrəsilə çıxarış verilmişdir. Həmçinin bununla bağlı, A 390610 saylı torpaq sahəsinin plan və ölçüsü də verilmişdir. Bundan başqa, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə iddiaçılardan İddiaçı3 mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndində 0,87 ha torpaq sahəsi də verilmişdir. Uzun illərdir hazır ki iş üzrə cavabdehlər X15 və Cavabdeh2 özbaşınalıq və qanunsuzluq edərək 24 ildən çoxdur onların ümumilikdə 4,26 ha torpaq sahəsinin 1,2 ha hissəsini qanunsuz olaraq əkib-becərərək qazanc əldə edirlər. 24 il ərzində orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib qazanmışlar. Özbaşınalıqlarının dayandırılması barədə haqlı tələblərinə əhəmiyyət verməyərək, hazırda mülkiyətlərində olan torpaq sahəsinə daxil olmağa, oradan istifadə etməyinə də maneə törədirlər.
8. Bundan sonra Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini və **********51 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 göstərmişlər ki, guya o, və qardaşı Qaraş Hacıyev həmin qeyd edilən 1,2 hektar torpaq sahəsini özbaşına olaraq ələ keçirib qanunsuz əkib-becərmişdir. Əslində isə o, həmin 1,43 hektar sahəsini 01 avqust 2003-cü il tarixdə 1.000.000 manata ömürlük almışdır. Torpağın alınmasında qardaşı Qaraş Hacıyev, X6, qonşuları X7, mərhum anası X9, sabiq Lənbəran kənd ərazi vahidi üzrə nümayəndə X10, İddiaçı2 iştirak etmişdir. Qeyd etdiyi 1.000.000 manat pulu o, X6 və onun oğlu İddiaçı2 vermişdir. İddiaçılar qeyd etmişlər ki, guya onunla bərabər qardaşı Qaraş Hacıyev də həmin torpaqdan qanunsuz istifadə etmişdir. Əslində isə bu torpağın qardaşı Qaraş Hacıyevə heç bir aidiyyəti yoxdur. O, yalnız torpağın X6, X6 və İddiaçı2 tərəfindən ona satılmasında iştirak etmişdir. O, həmin torpağı zəbt etməmişdir, torpaqdan qanunsuz istifadə etməmişdir. Qeyd etdiyi kimi 1,43 hektar torpağı 1.000.000 manata X6 və onun oğlu İddiaçı2 almışdır. Bundan başqa o, torpağı iddiaçılardan alıb onlara 1.000.000 (bir milyon) manatı düzəldib verərkən 30 (otuz baş) baş qoyun satıb bu pulu düzəltmişdir. Qeyd etdiyi pul hal-hazırda dəyərdən düşmüşdür. Həmin pul hal-hazırda 12.000 (on iki min) manata bərabərdir. Bundan başqa qeyd etdiyi 1,43 hektar sahəsində bir sıra işlər görmüşdür, belə ki, torpağın səthini hamarlatmışdır, vaxtlı-vaxtinda mineral kübrələrdən istifadə etməklə münbitləşdirib tam yararlı hala salmışdır. İndi cavabdehlər torpağın yararlı olduğunu görüb, fırıldaqla həmin torpağı ondan geri almaq istəyirlər, halbuki, torpağı ona özləri satıblar, dəfələrlə sənədləşmə etməyi təklif edəndə isə ona bildiriblər ki, torpağı sənə satmağımızı danmırıq, lakin hər dəfə bir bəhanə ilə sənədəşmədən yayınıblar. Onun xəbəri olmadan ona satdıqları torpaq sahəsinə Dövlət Reyestrindən çıxarış alıblar. Halbuki, torpaq bu gündə onun istifadəsindədir. O, imkanı olmadığından torpağın alınmasını rəsmləşdirə, reystrdə qeydiyyata aldıra bilməmişdir. Hal-hazırda həmin reyestrdən çıxarışın ləğv edilməsi və onunla cavabdehlərin arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini istəyir.
10. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-279/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov), ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, cavabdeh X11 qarşı torpaq sahəsi üzərində mülkiyyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Əhmməd oğlu ilə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 arasında Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,43 hektar torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 Əhmməd oğlu ilə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Bərdə rayonu Lənbəran kəndində yerləşən 1,43 hektar torpaq sahəsinə dair verilmiş ********** saylı 29 may 2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumunun onların özlərinə aid edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2 və 336.2-ci maddəsi, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4, 357, 358 və 360.2-ci maddələrinin, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-279/2023 nömrəli qətnaməsinin ləğv edilməsini ilk iddia üzrə iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Bərdə rayonu Lənbəran kəndində 3,387130 ha torpaq sahəsi 10/16 hissə İddiaçı1, 5/16 hissə İddiaçı2 və 1/16 nissə İddiaçı3 mülkiyyətindədir. Sözügedən torpaq sahəsi onlara Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş və mülkiyyət hüquqlarını 29 may 2019-cu il tarixdə **********51 saylı reyestr nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmaqla, ********** qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Həmçinin bununla bağlı, A 390610 saylı torpaq sahəsinin plan və ölçüsü də verilmişdir. Bundan başqa, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 saylı qərarı ilə iddiaçılardan İddiaçı3 mülkiyyətinə Bərdə rayonu Lənbəran kəndində 0,87 ha torpaq sahəsi də verilmişdir. Uzun illərdir hazır ki iş üzrə cavabdehlər X15 və Cavabdeh2 özbaşınalıq və qanunsuzluq edərək 24 ildən çoxdur onların ümumilikdə 4,26 ha torpaq sahəsinin 1,2 ha hissəsini qanunsuz olaraq əkib-becərərək qazanc əldə edirlər. 24 il ərzində orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərərək gəlir qazanmışlar. Özbaşınalıqlarının dayandırılması barədə haqlı tələblərimə əhəmiyyət verməyərək, hazırda mülkiyətlərində olan torpaq sahəsinə daxil olmağa, oradan istifadə etməyinə də maneə törədirlər. Belə ki, mərhum atası X6 nə oxuma nə yaza bilmirdi. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdehlər isə xx.xx.2023-cü il tarixdə yataqda xəstə vəziyyətdə olan atasına yaxınlaşaraq boş bir sənədə imza atdırmışlər. Bundan bir müddət sonra isə yəni iddia qaldırılanda bilmişlər ki, guya atası onların da iştirakı ilə “akt” tərtib edilib. Hansı ki, nə mərhum atası nə o nə yaza nə də oxuya bilmirlər. Digər bir tərəfdən isə kənd sakini olaraq həmin torpaq sahəsindən dolanışqları təmin etməli olduqları halda torpağı satmaları belə düşündükdə məntiqə uyğun deyildir. Cavabdehlərin məhkəmədə şahid qismində gətirdikləri kənd sakinlər isə biri onların kürəkəni biri isə qardaşıdır. Beləliklə şahidlərində nə formada ifadə verməyini düşünmək elədə çətin olmaz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum atası X6 nə oxuma nə yazma bilməmişdir. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cavabdehlər isə xx.xx.2023-cü il tarixdə yataqda xəstə vəziyyətdə olan atasına yaxınlaşaraq boş bir sənədə imza atdırmışlar. Bundan bir müddət sonra isə yəni iddia qaldırılanda bilmişlər ki, guya atası onlarında iştirakı ilə “akt” tərtib edilib. Hansı ki, nə mərhum atası nədə ki özü nə yaza nə də oxuya bilmirlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh X15 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 göstərmişlər ki, guya o və qardaşı Qaraş Hacıyev həmin qeyd edilən 1,2 hektar torpaq sahəsini özbaşına olaraq ələ keçirib qanunsuz əkib-becərmişlər. Əslində isə həmin 1,43 hektar sahəsini 01 avqust 2003-cü il tarixdə 1.000.000 manata ömürlük almışlar. Torpağın alınmasında qardaşı Qaraş Hacıyev, X6, qonşuları X7, mərhum anası X9, sabiq Lənbəran kənd ərazi vahidi üzrə nümayəndə X10, İddiaçı2 iştirak etmişlər. Qeyd etdiyi 1.000.000 manat pulu X6 və onun oğlu İddiaçı2 vermişdir. İddiaçılar qeyd etmişlər ki, guya onunla bərabər qardaşı Cavabdeh2 də həmin torpaqdan qanunsuz istifadə etmişdir. Əslində isə bu torpağın qardaşna heç bir aidiyyəti yoxdur. O, yalnız torpağın X6, X6 və İddiaçı2 tərəfindən ona satılmasında iştirak etmişdir. O həmin torpağı zəbt etməmiş və torpaqdan qanunsuz istifadə etməmişdir. Qeyd etdiyi kimi 1,43 hektar torpağı 1.000.000 manata X6 və onun oğlu İddiaçı2 almışdır. Bundan başqa bildirmək istəyir ki, torpağı iddiaçılardan alıb onlara 1.000.000 (bir milyon) manatı düzəldib verərkən 30 (otuz baş) baş qoyun satıb bu pulu düzəltmişik. Qeyd etdiyi pul hal-hazırda dəyərdən düşmüşdür. Həmin pul hal-hazırda 12.000 (on iki min) manata bərabərdir. Bundan başqa qeyd etdiyi 1,43 hektar sahəsində bir sıra işlər görmüş, belə ki, torpağın səthini hamarlatmış, vaxtlıvaxtında mineral kübrələrdən istifadə etməklə münbütləşdirib tam yararlı hala salmışdır. İndi cavabdehlər torpağın yararlı olduğunu görüb, fırıldaqla həmin torpağı ondan geri almaq istəyirlər, halbuki, torpağı ona özləri satıblar, dəfələrlə sənədləşmə etməyi təklif edəndə isə ona bildiriblər ki, torpağı sənə satmağımızı danmırıq, lakin hər dəfə bir bəhanə ilə sənədəşmədən yayınıblar. Onun xəbəri olmadan ona satdıqları torpaq sahəsinə Dövlət Reyestrindən çıxarış alıblar. Halbuki, torpaq bu gündə onun istifadəsindədir. O imkanı olmadığından torpağın alınmasını rəsmləşdirə, reystrdə qeydiyyata aldıra bilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
26. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsi
27. Maddə 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.
28. Maddə 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
“İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 22 mart 2006cı il tarixli qərarı
29. Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir
36. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
43. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
48. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
50. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-279/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. İş üzrə mübahisə doğuran hüquq münasibətləri 01 avqust 2003-cü il tarixində formalaşmışdır. Bu tarixdə tərəflər arasında alqı-satqı münasibəti yaranmış və bu münasibət 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənmişdir. Bu baxımdan, Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə məhz mübahisəli hüquq münasibətinin yarandığı tarixdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
54. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.
55. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə görə Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Hazırki işin halları ilə bu üç şərtin mövcudluğu öz təsdini tapmışdır.
56. Əvvəlcə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisənin predmetini təşkil edən 1.43 ha torpaq sahəsinə dair 01 avqust 2003-cü il tarixli aktı, həmin torpağın Cavabdeh2 satılmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmişdir. Həmin aktda qeyd edilən satışın hüquqi nəticələrinin qüvvədə olub-olmaması ilə bağlı tərəflər arasında ziddiyyətli mövqe formalaşmışdır.
57. Belə ki, 01 avqust 2003-cü il tarixli aktdan müəyyən olunur ki, X5 və İddiaçı2 hər birinin 0.86 ha - 0.57=1.43 ha torpaq sahəsini Cavabdeh2 satmaları aktlaşdırılmışdır.
58. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də mübahisəli torpaq sahəsinin 2003-cü ildən ilk iddia üzrə cavabdehin istifadəsində olması, dəfələrlə sənədləşmə ilə bağlı təkliflərdən ilk iddia üzrə iddiaçıların yayınması, mübahisəli torpaq sahəsi 2003-cü ildən etibarən cavabdehin istifadəsində olması və cavabdehlə həmin torpağa dair heç bir icarə müqaviləsinin mövcud olmaması, bundan başqa iddiaçının özünün cavabdehə mübahisəli torpaq sahəsinin satmasını etiraf etməsi və atası vəfat etdikdən sonra məhkəmədə torpağın qaytarılması barədə iddia qaldırmasını etiraf etməsi artıq həmin mübahisəli torpaq sahəsinin ilk iddia üzrə cavabdeh tərəfindən zəbt edilməməsinə və sonuncuya qanuni əsaslarla satılmasını bilavasitə təsdiq edən faktdır.
59. Eyni zamanda aktda bilavasitə mübahisəli torpaq sahəsinin iddiaçıya icarəyə və ya istifadəyə verilməsi deyil, satılmağı qeyd edilmiş və həmin akt iştirakçılar tərəfindən imza edilmişdir.
60. Belə ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəməyə təqdim etdiyi izahatında sözügedən aktda olan imzanın ona məxsus olmadığını bildirmiş, bu səbəbdən iş üzrə imzanın aidiyyətinin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-ekspertiza təyin edilmişdir.
61. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1134 nömrəli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, 01 avqust 2003-cü il tarixli aktın ikinci vərəqində “2.” qrafasında “Мəммəдов Гəһрəман ф.а.” yazısının qarşısında olan imza – doğrudan da İddiaçı2 əlyazması ilə icra olunmuşdur.
62. Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
63. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
64. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
65. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən, ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
66. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert tədqiqat apararkən cavabdehin sərbəst xətt nümunələrini və iş materiallarında olan sənədlərdəki imzalarını əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Həmçinin, məhkəmə baxışı zamanı iş materiallarında olan aktın tərəflər və hadisənin şahidləri tərəfindən də təsdiq edilməsi, eyni zamanda, alqı-satqı əməliyyatının həyata keçirildiyi dövrdən etibarən mübahisəli torpaq sahəsinin Cavabdeh2 uzunmüddətli, fasiləsiz və maneəsiz istifadəsində olması, onun barəsində birgə mülkiyyətçilər tərəfindən etiraz olunmaması, əksinə bu hərəkətlərin konkludent davranışla razılıq şəklində qiymətləndirilməsi zərurətini doğurmuşdur.
68. Belə olan halda, tərəflərdən birinin, konkret halda İddiaçı2, aktda olan imzanın ona aid olmadığını iddia etməsi işin ümumi hallarını və mövcud sübutları nəzərə alaraq əsassız hesab edilməli, bu iddianın hüquqi baxımdan rədd olunması zərurəti meydana çıxmışdır.
69. Həmçinin nəzərə alınmalıdır ki, bu cür imtina və etiraz yalnız əqdin hüquqi nəticələrini aradan qaldırmağa yönəlmiş sui-istifadə halı kimi qiymətləndirilə bilər və bu baxımdan hüququn vicdanlılıq və sabitlik prinsipləri ilə ziddiyyət təşkil edir.
70. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 106.1 və 217.4-cü maddələri üzrə hər bir tərəf öz iddiasını və etirazını sübut etməli və məhkəmə yalnız iş materiallarında olan sübutlara əsaslanaraq qərar qəbul etməlidir. İş materiallarına və xüsusilə də ekspertiza rəyinə əsasən, imzanın inkar olunması iddiası əsassız hesab olunmalıdır.
71. Faktiki hallara və tərəflərin izahatlarına gəldikdə, şahidlərin (Süleymanov Mahir və Mahmudov Rövşən) ifadələri, 2003-cü ildə torpaq sahəsinin satıldığını, tərəflərin və kənd nümayəndəsinin iştirakı ilə pul müqabilində alğı-satqı münasibətinin baş verdiyini təsdiqləyir. Həmçinin, mübahisəli torpaq sahəsinin uzun müddət – təxminən 20 ilə yaxın – Cavabdeh2 daimi və maneəsiz istifadəsində olması, iddiaçılar tərəfindən bu dövrdə heç bir hüquqi addım atılmaması, əksinə, özləri tərəfindən alqı-satqı faktının təsdiqlənməsi, sonradan isə geri tələb irəli sürülməsi bu mübahisənin subyektiv və qeyri-vicdanlı niyyətlərlə motivasiya olunduğunu göstərir.
72. Qanunvericiliyin tələblərinə əsasən, əgər bir əqd yazılı formada bağlanıb və faktiki icra olunubsa, əks tərəf notariat təsdiqləməsindən boyun qaçırırsa, həmin əqd məhkəmə tərəfindən etibarlı hesab edilə bilər. Bu baxımdan, 2003-cü il tarixli alqı-satqı əməliyyatı yazılı formada tərtib olunmaqla yanaşı, torpaq sahəsinin alıcı tərəfindən 20 ilə yaxın istifadə edilməsi həmin əqdin faktiki icrasını və tərəflərin bəyənməsini (razılığını) sübut edir.
73. Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən, əgər bir hüquq lazımi formada bağlanmış əqddən əmələ gəlibsə, lakin tərəflərdən biri həmin hüququ dövlət qeydiyyatına almaqdan imtina edirsə, digər tərəf məhkəmə vasitəsilə həmin hüququn qeydə alınmasına nail ola bilər. Bu norma hazırki halda bir tərəfin (Cavabdeh2) əqd üzrə hüququnun reyestrdə qeydiyyata alınmasına imkan verir və bu baxımdan torpağın 2019-cu ildə digər tərəfin adına çıxarılması həqiqi hüquqi vəziyyəti əks etdirmir.
74. Digər tərəfdən, birinci instasniya məhkəməsinin iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı3 verdiyi izahatda bildirmişdir ki, torpaq sahəsi satılsa da, hazırda özlərinin torpağa ehtiyacları olduğundan torpağı geri qaytarmaq istəyirlər.
75. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi).
76. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (Azərbaycan Respublikasının MPM-in 106.3).
77. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onların mülkiyyətində olan mübahisəli torpaq sahəsinin 2003-cü il tarixdə ilk iddia üzrə cavabdehə satıldığını, hazırda geri istədiklərini etiraf edərək, qeyd olunan halları təsdiq etmişlər.
78. Həmçinin ilk iddianın təmin edilməməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinin mülkiyyətçiləri olmadığından və işin bu halına istinadən ilk iddianın təmin edilməməsi üzrə gəlinən nəticə Mülki Məcəllənin 152 və 157.2-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
79. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 152-ci maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsi ilə təsbit olunmuş mülkiyyət hüququ və onun toxunulmazlığı prinsipi baxımından da torpaq sahəsinin qanuni alıcı tərəfindən uzunmüddətli, mübahisəsiz istifadəsinin pozulması, hüququn sui-istifadəsi və hüquqi sabitliyin pozulması kimi qiymətləndirilməlidir.
80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
81. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
84. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsinin 2003-cü ildən ilk iddia üzrə cavabdehin istifadəsində olması, dəfələrlə sənədləşmə ilə bağlı təkliflərdən ilk iddia üzrə iddiaçıların yayınması, mübahisəli torpaq sahəsi 2003-cü ildən etibarən cavabdehin istifadəsində olması və cavabdehlə həmin torpağa dair heç bir icarə müqaviləsinin mövcud olmaması, bundan başqa iddiaçının özünün cavabdehə mübahisəli torpaq sahəsinin satmasını etiraf etməsi və atası Frunze vəfat etdikdən sonra məhkəmədə torpağın qaytarılması barədə iddia qaldırmasını etiraf etməsi artıq həmin mübahisəli torpaq sahəsinin ilk iddia üzrə cavabdeh tərəfindən zəbt edilməməsinə və sonuncuya qanuni əsaslarla satılmasını bilavasitə təsdiqini tapmışdır. Həmçinin, işdə olan 01 avqust 2003-cü il tarixli aktdan görünür ki, X5 və İddiaçı2 hər birinin 0.86 ha - 0.57=1.43 ha torpaq sahəsini Cavabdeh2 satmaları aktlaşdırılmışdır. Tərəflər aktı imzaları ilə təsdiq etmişlər. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, 01 avqust 2003-cü il tarixli aktın ikinci vərəqində “2.” qrafasında “Мəммəдов Гəһрəман ф.а.” yazısının qarşısında olan imza – doğrudan da İddiaçı2 əlyazması ilə icra olunmuşdur. Məhkəmə Kollegiyası iş materiallarında olan aktın tərəflər və hadisənin şahidləri tərəfindən də təsdiq edilməsi, eyni zamanda, alqı-satqı əməliyyatının həyata keçirildiyi dövrdən etibarən mübahisəli torpaq sahəsinin Cavabdeh2 uzunmüddətli, fasiləsiz və maneəsiz istifadəsində olması, onun barəsində birgə mülkiyyətçilər tərəfindən (Frunze Məmmədov sağikən) etiraz olunmaması, 2003-cü il tarixli alqı-satqı əməliyyatı yazılı formada tərtib olunmaqla yanaşı, torpaq sahəsinin alıcı tərəfindən 20 ilə yaxın istifadə edilməsi həmin əqdin faktiki icrasını və tərəflərin bəyənməsini (razılığını) sübut edir.
85. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiriləmədən saxlanılmalıdır.
87. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçəların özünə aid edilməli, 124 (bir yüz iyirmi dörd) manat ekspertiza xərci isə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
88. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-279/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci iddiaçıya aid edilməklə, 124 (bir yüz iyirmi dörd) manat pul İddiaçı2 tululub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.