Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-871/2023 08.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və üçüncü şəxs Cavabdeh3 və Cavabdeh2 iştirakları ilə, İddiaçı, Cavabdeh2, üçüncü şəxslər Cavabdeh3, Cavabdeh4 və Gəncə şəhər 1 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, eləcə də çıxarışın ləğv olunması və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(030)–98/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2, üçüncü şəxslər Cavabdeh3, Cavabdeh4 və Gəncə şəhər 1 saylı notariat ofisinin notariusuna qarşı Daşkəsən Rayon Məhkəməsində iddia qaldıraraq, Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu X8 tərəfindən Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ½ hissəsinə dair Cavabdeh2 adına verilmiş 03 oktyabr 2019-cu il tarixli, 2V-270 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ½ hissəsinə və həmin torpaq sahəsində olan ümumi sahəsi 81,3 kv.metr təşkil edən fərdi yaşayış evinə dair onunla qızı Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 4Ə-120 nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Cavabdeh2 adına verilmiş 01 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, 24 yanvar 2019-cu il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsəsi tanınıb, ondan qalmış həmin mirasda payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(030)–98/2021 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia təmin edilərək, Daşkəsən rayonu Güneykənd kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu X8 tərəfindən Cavabdeh2 adına verilmiş 03 oktyabr 2019-cu il tarixli, 2V-270 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı mülkiyyətində olmuş Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ½ hissəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 81,3 kv.metr olan fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 4Ə-120 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində olan ümumi sahəsi 81,3 kv.metr təşkil edən fərdi yaşayış evinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış 01 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 01 noyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(104)- 3697/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(030)–98/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazə qalan İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)- 1636/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(104)-3697/2021 nömrəli qətnaməsinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli 2(104)- 1637/2022 nömrəli qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(030)–98/2021 saylı qətnaməsinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin təmin olunması hissədə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Cavabdeh2 adına tərtib olunmuş 01 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın 0,25 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə ləğv edilməsi; Qətnamənin Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu X8 tərəfindən Cavabdeh2 adına verilmiş 03 oktyabr 2019-cu il tarixli, 2V- 270 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(102)-5749/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1637/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 24 iyul 1959-cu il tarixdən rəsmi nikahda olduğu X4 24 yanvar 2019-cu il tarixdə vəfat etmiş və dörd nəfər qanun üzrə vərəsəsi qalmışdır. Miras əmlak 0.25 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Həmin torpaq sahəsi Daşkəsən rayonu, Güney kəndindədir. Ev və onun yerləşdiyi 0.25 ha torpaq sahəsi daimi olaraq onunla oğlu Sahil İbrahimovun sahibliyində olmuşdur. Buna baxmayaraq, Cavabdeh2 Gəncə şəhəri 1 saylı notariat ofisində miras torpaq sahəsini təkbaşına ələ keçirərək, 03 oktyabr 2019-cu il tarixli, 2V-270 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Daşkəsən rayonu Güneykənd kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi 1\2 hissədə mərhum anasına, 1\2 hissədə isə atasına məxsus olsa da, əmlak naturada bölünməmiş, eləcə də giriş-çıxış yolu müəyyən olunmamışdır. Torpaq sahəsi vahid əmlak şəklində mövcud olmuşdur. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində təmir-bərpa işləri aparmışdır. Təmir-bərpa işlərinin aparılmasını təsdiq edən foto şəkillər mövcuddur. Məhkəmə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, izahatlarına tənqidi yanaşmış, yerli baxış keçirməklə həqiqətə nail olmaq əvəzinə naməlum səbəblərdən iddianı təmin etmişdir. Sərhədləri məlum olmayan və demək olar ki, vahid əmlak şəklində mövcud olmuş əmlakın bir hissəsinin vəziyyətinin yaxşılaşdırılması və bir hissəsinin nəzarətsiz qoyulması sadəcə olaraq absurddur. Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evini atası övladları arasında pay bölgüsü edərkən də ona verdiyini bildirmiş və iradə ifadəsi də elə həmin səpkidə olmuşdur. Bunun təsdiqi hazırkı iş üzrə iddia tələbinin artırılmasına dair ərizədə öz əksini tapmışdır. Məhkəmə tərəfindən əsassız olaraq etibarsız hesab edilmiş 04 oktyabr 2019-cu il tarixli, 4Ə-120 reyestr nömrəli bağışlama müqaviləsi isə tamamilə atasının iradəsinə yönəlik şəkildə baş tutmuş bir müqavilədir. Belə ki, atası tərəfindən ona bağışlanan Daşkəsən rayonu Güneykənd kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/2 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,3 kv.metr olan fərdi yaşayış evinin ona veriləcəyinə (bağışlanacağına) dair iradə ifadəsi hələ çox əvvəl mövcud olmuş və sözügedən müqavilə də həmin iradə ifadəsinin məntiqi sonluğudur. Anasından miras qalmış ½ hissə torpaqda onun tərəfindən qəbul edilmış və torpaq sahəsi tam olaraq mülkiyyətinə keçmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinə dair vergi ödəmişdir. Həmçinin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini təmir etdirmişdir. Bundan əlavə, mərhum anası öləndən sonra atası ilə birlikdə bir il Kəsəmənlidəki evdə yaşamışlar. Qardaşı Sahil isə özünün mülkiyyətində olan evdə yaşamışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh3 (eləcə də İddiaçı etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, anasından miras qalmış ½ hissə torpaq atası İsə və onun tərəfindən qəbul edilmişdir. Anası öləndən sonra Ülviyyə atasını yanına aparmış, mübahisəli mülkü öz adına keçirtdikdən sonra isə atasını evdən qovmuşdur. Ülviyyə miras əmlaka dair vergi ödəməmişdir. Anası ğləndən sonra miras qalmış evə ara-sıra baş çəkməyə gəlmişdir. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin 03 oktyabr 2019-cu il tarixli “V-270 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər Cavabdeh4 və Gəncə şəhər 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(104)-3697/2021 nömrəli qətnaməsi ilə Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(030)–98/2021 saylı qətnaməsi ləğv edilərək, iddia tələbi tam rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(102)-1636/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(104)-3697/2021 nömrəli qətnaməsinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinin təmin edilməməsi hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən mübahisələndirilən hissədə işə mahiyyəti üzrə baxılaraq 20 iyun 2022-ci il tarixli 2(104)-1637/2022 nömrəli qətnamə ilə Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(030)–98/2021 saylı qətnaməsi 01 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın 0,25 ha torpaq sahəsinin ½ hissəsinə münasibətdə ləğv edilməsi; Qətnamənin Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu X8 tərəfindən Cavabdeh2 adına verilmiş 03 oktyabr 2019-cu il tarixli, 2V-270 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 iyul 2019cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(102)- 5749/2022 nömrəli qərarı ilə həmin qətnamə tamamilə ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və miras əmlakda payların müəyyən edilməsi hissələrində yoxlanlmalıdır. («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qətnamə yoxlanılan hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(030)-98/2021 saylı qətnaməsi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi və Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində olan ümumi sahəsi 81,3 kv.metr təşkil edən fərdi yaşayış evinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış 01 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 01 noyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” hissədə ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan: 04 dekabr 2008-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilə X3 nikahları 24 iyul 1959-cu ildə qeydə alınmışdır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 yanvar 2019-cu ildə olmüşdür; X1 ½ hissədə miras qalmış Daşkəsən rayonu, Güneykənd kəndinə yerləşən torpaq sahəsinə dair Cavabdeh2 adına 03 oktyabr 2019-cu il tarixli 2V-270 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən görünür ki, Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1. madddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.2. maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.2. maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3. maddəsinə görə isə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu normaların təhlili deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Məhkəmə kollegiyasının iclasında qətnamənin yoxlanılan hissəsi araşdırılaraq müəyyən olunur ki, miras kütləsi X1 miras qalmış Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən 0,25 ha həyatyanı torpaq sahəsinin ½ hissəsidir. Miras qoyan 24 yanvar 2019-cu il tarixdə ölmüş və sonuncunun birinci növbə vərəsələri olan əri və üç uşağı olmuşdur. Vərəsələrdən biri, yəni Cavabdeh2 03 oktyabr 2019-cu il tarixdə notariat orqanına ərizə verib mirasın onun tərəfindən qəbul edildiyini bildirərək, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və sonuncunun adına Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Elşən Əliyev tərəfindən üç oktyabr 2019-cu il tarixdə 2V-270 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 0,25 ha torpaq sahəsinin ½ hissəsi (fərdi yaşayış evi ilə birlikdə) İddiaçı tərəfindən Cavabdeh2 bağışlandıgı üçün torpaq sahəsi də bütövlükdə sonuncunun adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin faktiki halları ilə müəyyən edilir ki, miras qoyan X2 birinci növbəli vərəsələri əri İddiaçı, övladları Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh2dır. Miras qoyanın vərəsələrindən heç biri qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı notariat ofisinə rəsmi surətdə müraciət etməmişlər. Cavabdeh2 isə miras açılandan 8 aydan çox müddət keçdikdən sonra notariat orqanına müraciət etmişdir. Notariat ofisi tərəfindən sonuncunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda kollegiya hesab edir ki, mübahisənin hərtərəfli, tam və obyektiv həlli üçün mirasın faktiki qəbulu müəyyən edilməli və mirası faktki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. İş materiallarında olan Gəncə şəhər Kəpəz rayonu İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 2442 nömrəli arayışından görünür ki, mərhum Dursun İbrahimova, onun vəfat etdiyi 24 yanvar 2019-cu il tarixədək ünvan 1 ünvanında ailə üzvləri, o cümlədən qızı Cavabdeh2 ilə birgə yaşamışdır, sonuncu mərhumun sağlığından arayışın verildiyi vaxtadək miras qoyan (anası) Dursun İbrahimovaya məxsus həmin ünvanda yaşayır, əmlakı idarə və istifadə edir, kommunal xərcləri ödəyir. Qeyd olunan arayışda göstərilən məlumatlar ünvan 1 ünvanında yaşadığı qeyd olunan Cavabdeh2 qonşularının tərtib etdikləri aktda da öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş əmlak və şəxsi torpaq vergisi üzrə 14 iyun 2022-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, ünvan 1 ünvanının vergi ödəyicisi Cavabdeh2 2016- 2022-ci illər ərzində müxtəlif tarixlərdə torpaq və əmlak vergisi üzrə ödəmələrinə dair məlumatlar yer almışdır. Həmçinin bundan əvvəlki apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının 20 iyun 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclas protokolundan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi (həmçinin iş üzrə üçüncü şəxs) Cavabdeh3 izahatında bildirmişdir ki, “anası öləndən sonra Ülviyyə atasını yanına aparmış, mübahisəli mülkü öz adına keçirtdikdən sonra isə atasını evdən qovmuşdur. Atası hazırda onun evində yaşayır, əvvəl isə öz evində yaşayıb. Atası təxmini 14-15 ay qızının yanında qalıb”. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 miras qoyanın ölümündən sonra miras qalmış evdə yaşayaraq mirasa faktiki sahiblik və istifadə etmiş, habelə miras əmlaka dair torpaq və əmlak vergisi ödəməklə mirasın qəbulunu şəksiz şəkildə nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda, mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirak və razılığını tələb etmir. Həmçinin, mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağrılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, miras qoyan Dursun İbrahimovanın ölümündən sonra miras qalmış fərdi yaşayış evində onun əri, yəni İddiaçı da yaşamış və miras onun tərəfindən də qəbul edilmişdir. Belə ki, qeyd olunan hal iş materialları ilə sübut olunur, habelə digər vərəsələr tərəfindən mübahisələndirilmir. Beləliklə işin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, mirasqoyan X4 öləndən sonra birinci növbə vərəsələr miras qalmış Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən 0,25 ha həyatyanı torpaq sahəsinin ½ hissəsi miras qoyanın əri İddiaçı və qızı Cavabdeh2 tərəfindən faktiki qəbul edilmişdir. Miras qoyanın ölümündən sonra digər vərəsələr mirasa faktiki sahiblik etmək üçün həmin əmlakı faktiki cəhətdən ələ keçirib ona sahib durmamışlar. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir. Bundan əvvəldə qeyd edildiyi kimi miras əmlak Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən 0,25 ha həyatyanı torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən 0,25 ha həyatyanı torpaq sahəsinin ½ hissəsinə, yəni mirasa ½ hissədə İddiaçı, ½ hissə də Cavabdeh2 payı müəyyən edilməlidir. İddiaçı qeyd olunan əmlakın ½ hissəsini qızı Cavabdeh2 bağışladığından və həmin bağışlama müqaviləsi hazırda qüvvədə olduğuna görə Cavabdeh2 ümumi əmlakda payı ¾ hissədə, İddiaçı oğlunun payı isə ¼ hissə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin adına verilmiş qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməsinin etibarsız sayılması barədə gəldiyi nəticə əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Bu normaların hazırki işə tətbiqi yolu ilə qəti olaraq demək olar ki, İddiaçı mərhum həyat yoldaşı Dursun Pundəlidən miras qalmış torpaq sahəsinin ½ hissəsini miras olaraq qəbul etdiyi andan Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən həmin əmlakların mülkiyyətçisi sayılır və onun bu əmlaklar üzərində olan mülkiyyət hüququ Konstitusiyanın 13-cü maddəsinin qorumasına altına düşür. Bu halda İddiaçı miras olaraq əldə etdiyi həmin əmlaklar üzərində mülkiyyət hüququ yalnız məhkəmə qərarı ilə məhdudlaşdırıla bilərdi ki, notarius tərəfindən cavabdehə yuxarıda göstərilən vərəsəlik şəhadətnaməsi verilərkən bu cür məhkəmə qərarı olmamışdır. Notarius tərəfindən cavabdehə verilmiş vərəsəlik hüququna dair şəhadətnamə iddiaçının mülkiyyət hüququna müdaxilə xarakterlidir və qanunilik prinsipinə cavab vermir. Azərbaycan Respublikası Mülki Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Bu baxımdan cavabdeh Ülviyyə İbrahimova, anası Dursun Pundəlidən miras qalmış torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna müraciət etdikdə, digər vərəsələrin olması barədə notariusa məlumat verməyə borclu idi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsinin ½ hissəsinə dair Cavabdeh2 adına verilmiş 03 oktyabr 2019-cu il tarixli, 2V-270 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, 01 noyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin iddiaçının ümumi əmlakdakı payına aid ¼ hissəsinə münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(030)-98/2021 saylı qətnaməsi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09 iyul 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli Çıxarışa əsasən Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi və Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində olan ümumi sahəsi 81,3 kv.metr təşkil edən fərdi yaşayış evinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış 01 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 01 noyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və həmin hissədə iddia tələbi qismən təmin edilsin. Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin X2 ölümündən sonra miras qalmış ½ hissədən ibarət olan miras əmlaka ½ hissədədə iddiaçı X5, ½ hissə Cavabdeh2 payı müəyyən edilsin. Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi üzərində ümumi əmlakda İddiaçı ¼ hissə, Cavabdeh2 ¾ hissə payları müəyyən edilsin. Cavabdeh2 adına qeydə alınmış ********** qeydiyyat nömrəli, 01 noyabr 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Daşkəsən rayonu Güneykənd kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə münasibətdə ləğv edilsin. Qətnamə Daşkəsən rayonu, Güneykənd kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin X1 miras qalmış ½ hissəsinə dair Gəncə şəhər 1 saylı notariat ofisinin notariusu X8 tərəfindən Cavabdeh2 adına verilmiş 03 oktyabr 2019-cu il tarixli, 2V-270 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-871/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-871/2023
08.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver