Məhkəmə qərarları › İş №2(104)-876/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-876/2025

09.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-876/2025 09.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), X6 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə1 və cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ seriyalı, 487467 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Əmirova (Bayramova) Azadə Qərib qızı arasında olan nikahın pozulması haqqında akt qeydi xx.xx.2022-ci il tarixdə 225 akt qeyd nömrəsi ilə qeydə alınmışdır

2. xx.xx.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli, **********37-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.

3. «Yaşayış yeri üzrə qeydiyyat» haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, Cavabdeh, X10 və X2 şəhəri, Zərifə Əliyeva küçəsi, 2-ci döngə, ev 8A ünvanında yerləşən evdə qeydiyyatdadırlar

4. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 255 nömrəli arayışdan görünür ki, Bayramova (Əmirova) X19 şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsi, 2-ci döngə, ev 8A ünvanında yerləşən evdə yaşamır.

5. X17, X1 və X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı sabiq arvadı Bayramova X13 Əmirova məxsus ünvan 9 yerləşən evdən 2016-cı ilin yay aylarından Bakı şəhərinə köçmüş və geri qayıtmamışdır.

6. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-570/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, X12 ilə İddiaçı arasında xx.xx.1994-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində 496 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-21-3-33/2-12592/2024 nömrəli məktubunun surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622 2007 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin rəhbərliyinin İddiaçı Gəncə şəhəri, F.Əliyev küçəsi 2-ci döngə, 8 saylı binanın qarşısında yerləşən 31,0 kv.m və 13,8 kv.m iki yaşayış otağı və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evinə hüquqverici sənəd verməkdən imtinası onun hüquq və azdlığını məhdudlaşdırılan hərəkət hesab edilməklə aradan qaldırılması və həmin idarənin rəhbərliyinə göstərilən tikililərə dair İddiaçı mülkiyyət hüququna dair hüquqverici sənədlərlə təmin etmək tapşırılması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi icra olunaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

8. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 2799 nömrəli arayışından görünür ki, F.Əliyev küçəsi, 2-ci döngə 8 saylı binanın qarşısında İddiaçı istifadəsində olan 137,7 kv. m. torpaq sahəsində 1991-ci ildə aparılan inventarlaşdırma zamanı 31,6 kv. m. və 13,8 kv. m. iki yaşayış otağı, 13,1 kv. m. dəhliz olan «A» literli yaşayış binasının inşa edildiyi müəyyən edilmişdir. Həmin tikililər 1990-1991-ci illərdə inşa edildiyi aşkar edilmişdir.

9. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 622/2007 nömrəli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin rəhbərliyinin İddiaçı Gəncə şəhəri, F.Əliyev küçəsi 2-ci döngə, 8 saylı binanın qarşısında yerləşən 31,0 kv.m və 13,8 kv.m iki yaşayış otağı və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evinə hüquqverici sənəd verməkdən imtinası onun hüquq və azadlığını məhdudlaşdırılan hərəkət hesab edilməklə aradan qaldırılması qət edilmiş və həmin idarənin rəhbərliyinə göstərilən tikililərə dair İddiaçı mülkiyyət hüququna dair hüquqverici sənədlərlə təmin etmək tapşırılmışdır.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X3 ifadəsində göstərmişdir ki, İddiaçı Qərbi Azərbaycandan köç edən zaman onların qonşuluğuna köçmüş və orada yaşamağa başlamışdır. Onların evlərinin qapısı eyni həyətə açılır. İddiaçı ilk öncə ünvan 9 yerləşən fərdi yaşayış evini tikmiş, daha sonra Cavabdeh ilə evlənərək sonuncunu həmin ünvana gəlin gətirmişdir. Lakin, Cavabdeh təxminən 7-8 il bundan öncə ünvan 9 yerləşən fərdi yaşayış evindən köçərək getmiş, orada yaşamamışdır. O, Cavabdeh həmin müddətdən sonra görməmişdir. İddiaçı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş uşaqları Yasin və Samirə hərdənbir atalarının yanına gələrkən analarının Bakı şəhərində yaşadığını bildirmişlər. Cavabdeh gedərkən ona demişdir ki, həm işləyəcək, həm də oğlu Yasinin yanında qalacaqdır. Yasini isə o, təxminən 1 il bundan öncə görümüşdür. Yasinin atası İddiaçıla hansı müddətdə ərzində evdə yaşadığını bilmir, lakin təxminən bir neçə ay orada yaşadığını görmüşdür. Yasin atası Poladla mübahisələndirilən evdə qalan zaman Azadə gəlməmiş, həmin evdə yaşamamışdır. Azadə evlənən zaman cehiz gətirməmişdir. O, həmin evdə olan əşyaların kimə məxsus olmasını bilmir.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, X4 ifadəsində göstərmişdir ki, İddiaçı onunla qapı bir üzbəüz ünvanda yaşayır 2017-ci ilin sonlarında o özü həmin ünvana köçmüşdür. O, yay aylarında Göygöl rayonu, Hacıməlik qəsəbəsində, qış aylarında isə Gəncə şəhərində yaşayır. O, Cavabdeh heç vaxt görməmiş, qonşulardan onun İddiaçı arvadı olmasını eşitmişdir. İddiaçı oğlunun adı Yasin, qızının adı isə Samirədir. Samirə ona anasının uşaq baxçasında işlədiyini demişdir. Yasin təxminən 1 il öncə atasının yanına ünvan 9 yerləşən fərdi yaşayış evinə gəlmiş, 2-3 ay orada yaşamışdır. Azadə həmin vaxt da, Yasinlə birlikdə gəlməmiş, nə də ki, İddiaçıla birlikdə yaşamamışdır.

12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2884/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş ümumi əmlaklara dair payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının ½ hissədə payının müəyyən olunmasını xahiş etmiş və iddia tələbi təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 9 yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. İddia ərizəsini onun əsaslandırmışdır ki, Cavabdeh onun sabiq arvadıdır. Onlar xx.xx.1994-cü il tarixdə rəsmi olaraq evlənmiş, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli qətnaməsi ilə rəsmi olaraq boşanmışdılar. Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsi, 2 döngə, ev 8A iddiaçıya məxsusdur. O, cavabdehlə ailə həyatı quranda həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamışdır. Belə ki, evin qeydiyyat tarixi xx.xx.2011-ci ildir. Cavabdeh isə ondan 2010-cu ildən faktiki ayrılmış, 2016-cı ildə isə əşyaları ilə birlikdə evdən köçüb getmişdir. Kəpəz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən də, göründüyü kimi, cavabdeh ondan 2010-cu ildən faktiki ayrıldığını bildirmişdir. Cavabdeh hazırda iddiaçıya məxsus olan mənzildə pasport qeydiyyatında durmağına baxmayaraq, 2016-cı ildən həmin mənzildə yaşamır və daimi yaşamaq üçün başqa ünvana köçübmüşdür. Cavabdeh bu illər ərzində bir dəfə də olsun hazırda mübahisəli olan mənzilə gəlməmiş, formal olaraq qeydiyyatda durur. Lakin, bir halda ki, cavabdeh həmin mənzildə yaşamır və daimi yaşamaq üçün başqa ünvana köçmüş, onun iddiaçının yaşadığı mənzildə qeydiyyatda qalmağının mənası yoxdur və qanunla yolverilməzdir.

15. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 9 yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-188/2025 saylı, xx.xx.2025--ci il tarixli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiası təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 9 yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəflər arasındakı mübahisənin həlli ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngədə yerləşən 8A nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun yarandığı tarix müəyyən edilməli, daha sonra həmin fərdi yaşayış evinə Cavabdeh istifadə hüququnun olub-olmaması yoxlanılmalı və iddia tələbinin qanuniliyi araşdırılmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 1990-1991-ci illərdə Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngdə yerləşən 8A nömrəli torpaq sahəsini zəbt etmiş və orada fərdi yaşayış evi tikmişdir. Qeyd olunan xüsusat Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 2799 nömrəli arayışı və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 622/2007 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Lakin, Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngədə yerləşən 8A nömrəli torpaq sahəsində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, bununla əlaqədar İddiaçı mülkiyyyət hüquqlarının qeydə alınması təmin etmək məqsədi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622/2007 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin rəhbərliyinin İddiaçı Gəncə şəhəri, F.Əliyev küçəsi 2- ci döngə, 8 saylı binanın qarşısında yerləşən 31,0 kv.m və 13,8 kv.m iki yaşayış otağı və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evinə hüquqverici sənəd verməkdən imtinası onun hüquq və azadlığını məhdudlaşdırılan hərəkət hesab edilməklə aradan qaldırılması qət edilmiş və həmin idarənin rəhbərliyinə göstərilən tikililərə dair İddiaçı mülkiyyət hüququna dair hüquqverici sənədlərlə təmin etmək tapşırılmışdır. Lakin həmin məhkəmə qətnaməsi xx.xx.2011-ci il tarixdə icra olunaraq Gəncə şəhəri, Kəpəz rayonu, F.Əliyev küçəsində yerləşən 2-ci döngədə yerləşən 8A nömrəli fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi istər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi, istərsə də Mülki Məcəllənin 139-1-ci maddəsinin tələbi baxımından İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınma əsası Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622/2007 nömrəli qətnaməsi olmuşdur. Buna görə də, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Əks yanaşma, daşınmaz əmlakın dövlət reyestrinin aparılması əsası kimi məhkəmə qərarının qəbulundan sonra uzun müddət ərzində qeydiyyatın aparılmamasına istinadla hüquq münasibətinin məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla şərtləndirilməsi yalnız mülkiyyətçinin maraqlarına xidmət etməklə hüquqdan sui-istifadə halının yaranmasına və mülkiyyətçinin mənzildə yaşayan ailə üzvlərinin hüquqlarının məhdudlaşdırılmasına səbəb olar. Yəni mülkiyyətçi əmlak üzərində hüquqlarının qeydə alınma əsaslarını əldə etdiyi halda digər şəxslərin istifadə hüquqlarının yaranmaması üçün hüquqların qeydiyyatında maraqlı olmaz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci tarixli Qərarında da formalaşdırılmış hüquqi mövqeyə görə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildə istifadə hüququnun yaranması üçün notariat qaydasında təsdiq olunmuş müqavilənin bağlanması tələb olunmur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2- 622/2007 nömrəli qətnaməsi ilə ünvan 9 yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ əldə edərkən, onun arvadı Cavabdeh həmin mənzildə yaşamış və həmin mənzildən istifadə hüququ əldə etmişdir. Lakin 2016-cı ildə Cavabdeh yaşamaq üçün başqa ünvana köçmüş, özünə məxsus əşyaları ünvan 9 yerləşən fərdi yaşayış evindən aparmış, ötən 8 il müddətində ünvan 9 yerləşən fərdi yaşayış evi ilə hər hansı əlaqəsi olmamışdır. Qeyd olunan xüsusat X8 İddiaçı qarşı nikahın pozulması tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(043)- 570/2021 nömrəli mülki işin məhkəmə icraatı dövründə A.Q.Əmirova (Bayramova) tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və izahatda, habelə hazırki mülki işin məhkəmə tədqiqi zamanı dindirilmiş şahid ifadələri ilə təsbit edilmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbinə etirazının əsası kimi cavabdehin oğlunun təhsili ilə əlaqədar başqa ünvanda müvəqqəti yaşamasını, 2020-ci il tarixdə Cavabdeh atasının dəfni ilə əlaqədar, həmçinin oğlunun universiteti bitirməsi ilə əlaqədar mübahisələndirilən evə gəldiyini göstərmişdir. Lakin, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(043)- 570/2021 nömrəli mülki işin məhkəmə icraatı dövründə A.Q.Əmirova (Bayramova) tərəfindən məhkəməyə təqdim edilmiş izahatda ünvan 9 yerləşən fərdi yaşayış evinə getməsindən deyil, məcburi aparılmasından bəhs edilmişdir. Digər tərəfdən şahid ifadələrində tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ünvan 9 yerləşən fərdi yaşayış evinə gəlsələr də, Cavabdeh 2016-cı ildən sonra həmin mənzilə gəlmədiyini göstərmişlər. Göründüyü kimi Cavabdeh nümayəndəsinin iddiaya etirazının əsası kimi istinad etdiyi hallar ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Digər tərəfdən Cavabdeh ünvan 9 yerləşən fərdi yaşayış evini tərk etdiyi 2016-cı ildən ötən 8 il müddətində cavabdeh yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldılması tələbinə dair məhkəmədə iddia qaldırılmamış, eləcə də məhkəmədən kənar qaydada hər hansı hərəkət edilməmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında və yuxarıda qeyd olunmuş halları ilə Cavabdeh ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxdığı və onun mənzili könüllü tərk etdiyi müəyyən edilmişdir.

18. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Mülki Məcəllənin 139-1.1.4, 8.0.4, 228.1, 228.2, 255.8, 262.2. 77.1, 217.4-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

19. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh və onun vəkili apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarasını xahiş etmişir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Bayramova (Əmirova) Azadə Qərib qızı İddiaçı ilə xx.xx.1994-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində nikahlarını rəsmiləşdirməklə mübahisə edilən mənzilə gəlin köçmüşdür. Birgə nikah dövründə onların xx.xx.1996-cı ildə Samirə, xx.xx.1998-ci il tarixdə Yasin adlı iki övladları dünyaya gəlmişdir. Cavabdeh gəlin köçən zaman ev 1 otaqdan ibarət olmuşdur və evin sənədləri olmamışdır. 1994-cü ildən tərəflər birgə evin genişləndirilməsi məqsədili əlavə təmir-tikinti işləri aparmışlar və nəticədə bir otaqlı evi iki otaqlı, sahələri: 31,0 kv.m və 13,8 kv.m və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evi tikərək orada əsaslı təmir işləri aparmışlar. Evə dair mülkiyyət sənədləri Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622 2007 saylı qətnaməsi əsasında İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab edilir. Belə olan halda cavabdehin həmin evə istifadə hüquqlarının xitam olunması istisna olunur. Məhkəmə isə sadalan maddi hüquq normanın tələblərinə riayət etməmişdir. Məhkəmə sadalan maddi hüquq normaları tətbiq edərək hesab etmişdir ki, Cavabdeh ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxdığı və onun mənzili könüllü tərk etdiyindən onun istifadə hüququnun itiriməsi qənaətinə gəlmişdir. Lakin, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmayıb. Cavabdeh ünvan 9 yerləşən fərdi yaşayış evində uzun müddət yaşamadığını səbəblərini araşdırmamışdır. Belə ki, Cavabdeh mübahisə mənzildə 2020-ci ilin yay aylarınadək yaşamışdır. Həmin tarixdən evdən çıxması səbəbi oğlunun Bakı şəhərində Ali Məktəbə qəbul olunması olmuşdur. Bundan sonra oğlu 2021-2022-ci illər ərzində həqiqi hərbi xidmətdə olduğu zaman Cavabdeh mübahisəli evdə yaşamışdır və orada hələ də onun əşyaları qalmaqdadır. Oğlu həqiqi xidməti bitirdikdən sonra Türkiyə Cümhuriyyətinə işə qəbul olunmuş və Cavabdeh onu tək qoymamaq üçün onunla birlikdə Türkiyə Cümhuriyyətinə getmişdir. Cavabdeh ünvan 9 yerləşən evdə yaşamağa heç kim məhdudiyyət qoymadığından onun maneənin aradan qaldırılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməyə zərurəti yox olmamışdır. Hesab edir ki, bu posessual huquq normasını pozmaqla məhkəmə sübutların düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh ünvan 9 yerləşən fərdi yaşayış evinə ehtiyacları aradan qalxmışdır və o mənzili könüllü tərk etmişdir. İlk növbədə məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında nikah pozulduqdan sonra birgə nikahdan doğulan övladları Cavabdeh ilə yaşayırdılar. Cavabdehin oğlu 2016-cı ildə Bakı şəhərində Ali təhsil aldığından cavabdeh məcburiyyətdən onun yanında qalmışdır. 2020-ci ildə oğlu Yasin təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. 2020-ci ildən 2022-ci ilədək cavabdeh mübahisəli mənzildə yaşamışdır. Oğlu həqiqi hərbi xidmətdən sonra Türkiyə cümhuriyyətinə işə getdiyindən Azadə onu tək qoymayaraq onunla birlikdə getmişdir. Beləliklə, Cavabdeh, həmçinin onun oğlu Yasinin daimi yaşamağa yerləri yoxdur. Cavabdeh məcburiyyətdən mübahisəli evdən çıxmışdır. Lakin buna baxmayaraq həmin evdə onun əşyaları qalmışdır. Bu halı iddiaçının təşəbbüsü ilə dəvət olunan və məhkəmədə dindirilən şahid Sücaət Bayramovada təstiq etmişdir. Evdə cavabdehə məxsus əşyalarının olduğunu sübut etmək üçün məhkəmə şifahi vəsatət vermişdir və vəsatətdə evə baxış keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə işi tam araşdırmamış, sübutlara düzgün qiymət verməyərək yalnış qətnamə çıxarmışdır. Məhkəmə cavabdehin mübahisəli evdə 2022-ci il tarixədək yaşamasını sübut edən fotoşəkilər təqdim etmişdir. Həmin şəkilləri birinci instansiya məhkəməsinə təqdim etməməklərinin səbəbi məhkəmənin baxış iclasına qoşulmaqları və fotoşəkillərin məhkəmə zamanı cavabdehdə olması səbəbi olmuşdur.

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh 2020-2021-ci illədə həmin evdə yaşamışdır. 2021-ci ildə oğlu Türkiyə Respublikasına getdiyindən o da, oğlu ilə birlikdə getmişdir. Əgər mübahisəli fərdi yaşayış evinə baxış keçirilərsə cavabdehin əşyalarını orada görmək olar. Cavabdehin həmin evdə qab-qacaqları və geyim əşyaları qalmışdır. Cavabdeh həmin evdən 2016-cı ildə çıxmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(104)-2884/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmələrinin səbəbi Cavabdeh maddi imkanının olmaması olmuşdur.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, cavabdehlə rəsmi 2021-ci ildə nikahları pozulsa da, cavabdeh 2016-cı ildən çıxıb getmişdir. Uşaqları Bakı şəhərində ali təhsil almış və cavabdeh də Bakı şəhərinə, sonra isə Türkiyə Respublikasına getmişdir. Qızı Samirə mübahisəli evdən gəlin köçmüşdür. Lakin, xatırladığına görə oğlu hərbi xidmətə getməmişdən əvvəl qızı evlənmişdir. Cavabdehlə münasibətləri qızının toyundan sonra pisləmişdir. Həmçinin bildirmişdir ki, cavabdehin həmin evdə əşyası qalmamış, cavabdeh ümumiyyətlə cehiz əşyası gətirməmişdir. Oğlu hərbi xidmətdən gələndən sonra onlar ikisi birlikdə yaşamış və o oğlunu evləndirmək məqsədilə evi təmir etmişdir. Lakin, sonra oğlu anası ilə yaşamaq istədiyindən o da, çıxıb getmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə iclasında dindirilmiş şahidlərdən bəziləri cavabdehi ümumiyyətlə həmin evdə görmədiyini, bəziləri isə 5-6 il əvvəl gördüklərini bildirmişlər. Şahid qismində dindirilmiş qonşular oğlunun gəlib getdiyini görmüş, lakin cavabdehin həmin evə gəlib getdiyini görməmişlər. Mübahisəli fərdi yaşayış evinin isə birgə nikah dövründə əldə edilməməsi isə Gəncə Şəhər Məhkəməsinin 2(104)-2884/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.

27. 27. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

28. Maddə 123. Yaşayış evi mülkiyyətçisisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

29. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

31. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı 1990-1991-ci illərdə Gəncə şəhəri, Zərifə Əliyeva (keçmiş F.Əliyev) küçəsində 2-ci döngdə yerləşən 8A nömrəli torpaq sahəsində fərdi yaşayış evi tikmiş, xx.xx.1994-cü ildə Cavabdeh ilə nikahlarını qeydə aldırmış və həmin tarixdə Cavabdeh ünvan 9 yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh 2016-cı ilədək mübahisəli fərdi yaşayış evində yaşamış, lakin, 2016-cı ildə öz iradəsi ilə yaşamaq üçün başqa ünvana köçmüşdür. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-622/2007 nömrəli qətnaməsi ilə İddiaçı Gəncə şəhəri, F.Əliyev küçəsi 2- ci döngə, 8 saylı binanın qarşısında yerləşən 31,0 kv.m və 13,8 kv.m iki yaşayış otağı və 13, 1 kv.m dəhlizdən ibarət olan fərdi yaşayış evinə hüquqverici sənədin verilməsi qət edilmiş və İddiaçı adına xx.xx.2011-ci il tarixli, **********37-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra tərəflər arasında olan nikah Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-570/2021 nömrəli qətnaməsi əsasında pozulmuşdur. Yuxarıda qeyd edilənlər tərflərin hər ikisi tərəfindən t\sdiq edilməklə işin mübahisəsiz halıdır.

47. İddiaçı 2016-cı ildən 8 il müddət ərzində mübahisələndirilən ünvanda yaşamamadığını qeyd edərək cavabdehin mülkiyyətində olan evə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında münasibətlər 1994-cü ildə yaranmışdır. Məhkəmə kollegiyası iddiaçının mübahisəli evə 1994-cü ildə köçdüyü vaxt həmin evin qeydiyyata alınmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər.

49. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, oğlu 2016-cı ildə Bakı şəhərində Ali təhsil aldığından cavabdeh məcburiyyətdən onun yanında qalmışdır. 2020-ci ildə oğlu Yasin təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. 2020-ci ildən 2022-ci ilədək cavabdeh mübahisəli mənzildə yaşamışdır. Evdə yaşamağa heç kim məhdudiyyət qoymadığından onun maneənin aradan qaldırılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməyə zərurətin olmamışdır ki, bu da onun öz iradəsi ilə evi tərk etməsinə dəlalət edir. Cavabdeh 2020-ci ildən 2022-ci ilədək cavabdeh mübahisəli mənzildə yaşadığını qeyd etsə də, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilən şahidlər 2016-cı ildən sonra cavabdehin mübahisəli mənzilə gəlib getdiyini görmədiklərini bildirmişlər. Cavabdeh özü 2016-2020 və 2022-2024-cü illərdə mübahisəli mənzildə yaşamadığını bildirmişdir. Şahidlər ifadələrində cavabdehin oğlu Yasin təxminən 1 il öncə atasının yanına ünvan 9 yerləşən fərdi yaşayış evinə gəlməsini, 2-3 ay orada yaşamasını bildirsə lər, həmin vaxt cavabdehin mebahisəli evə gəlməyini görmədiklərini bildirmişlər. Bu fakt cavabdehin oğlunun təhsili ilə bağlı Bakı şəhərində yaşaması və 2020-2022-ci illərdə mübahisəli evdə yaşaması ilə bildirdikləri təkzib edir.

51. Apellyasiya şikayətinin dəlilində cavabdeh həmçinin evdə ona məxsus əşyalarının olduğunu sübut etmək üçən məhkəmə şifahi vəsatət vermələrini, vəsatətdə evə baxış keçirilməsini xahiş etmələrini, lakin birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməsini bildirmişdir. Cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 evdə cavabdehə məxsus hansı fərdi müəyyən əşyanın olmasını barədə məhkəmə kollegiyasının sualına cavabdehə məxsus qab qacaq və geyim əşyalarının həmin evdə olmasını bildirmişdir. Lakin, kollegiyanın həmin evdə iddiaçıya məxsus xüsusiyyətlərinə görə hər hansı fərdi müəyyən əşyanın olması və baxış keçirilərkən məhz həmin əşyanın iddiaçıya məxsusluğunu müəyyən etməyin mümkünlüyü ilə bağlı sualına cavab olaraq nümayəndə cavabdehə məxsus xüsusiyyətlərinə görə hər hansı fərdi müəyyən əşyanın olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçıya məxsus xüsusiyyətlərinə görə hər hansı fərdi müəyyən əşyanın olmadığı üçün baxış zamanı aşkar ediləcək əşyalarının iddiaçıya məxsus olub-olmamasını müəyyən etməyin mümkün olmayacağı üçün həmin vəsatəti və apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab etmişdir.

52. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evini tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Cavabdeh fərdi yaşayış evini tərk etdiyi 2016-cı ildə mübahisəli fərdi yaşayış evini könüllü tərk etmiş, ötən 8 il müddətində özünə başqa yaşayış yeri seçməklə fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxmışdır. Cavabdeh 1994-cü ildə iddiaçının razılığı ilə mübahisəli evə köçmüş, həmin evdən istifadə hüququ əldə etmişdir. 2007-ci ildə iddiaçının mübahisəli evə mülkiyyət hüququnu əldə etməsi iddiaçının istifadə hüquqnunun xitamı üçün əsas hesab edilə bilməzdi. MM-nin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

53. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

54. Kollegiya qeyd edir ki, cavabdehin istifadə hüququ hüquq mahiyyət etibarilə servitut kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına uyğun olaraq, MM-nin 255.8-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu baxımdan cavabdehin 2016-cı ildə cavabdehin mübahisəli fərdi yaşayış evini könüllü tərk etməsi, ötən 8 il müddətində özünə başqa yaşayış yeri seçməsi fərdi yaşayış evinə ehtiyacın aradan qalxması kimi qiymətləndirilməlidir ki, birinci instansiya məhkəsəməsi də, düzgün olaraq bu halı cavabdehin fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxması və onun mənzili könüllü tərk etməsi kimi qiymətləndirmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin e-2(125)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-188/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar