Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-877/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi haqqında Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)-1727/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)-1727/2022 nömrəli qərardadı ilə (hakim Taleh Mustafayev) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi onun mülkiyyətində olduğu üçün və cavabdehin onun bacısı və nümayəndəsi X1 xəsarət yetirdiyi və bunun üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunduğu üçün iddia icraata qəbul edilməlidir. Goranboy Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(045)-1727/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, bu iş üzrə Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)-1727/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış 27 yanvar 2023-cü il tarixli 2(045)-1727/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə icraata xitam verilməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(045)-469/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüqqunun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 sentyabr 2020-ci il tarixli 2(104)-2830/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Goranboy Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(045)-469/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, tərəflər arasında hazırki mübahisəyə dair artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq İddiaçı cavabdehə qarşı eyni predmet barəsində və eyni əsaslarla təkrar məhkəməyə müraciət etmişdir. İş üzrə icraata xitam verilməsini qərara alan birinci instansiya məhkəməsi haqlı olaraq ona istinad etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmə qətnaməsi olduğu halda iddiaçı yenə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətin dəlili isə ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu üçün və cavabdehin onun bacısı və nümayəndəsi X1 xəsarət yetirdiyi və bunun üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyətə cəlb olunduğu üçün iddia icraata qəbul edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibətdə əvvəla qeyd edir ki, hazırki iş icraata qəbul edilərək məhkəmə baxışı zamanı iş üzrə icraata xitam verilməsi əsası müəyyən edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, Mülki prosessual qanunvericilikdə mülki işlər üzrə fərqli icraatlar (iddia, xüsusi, əmr, kiçik iddialara dair işlər üzrə icraat) müəyyən edilmişdir. Həmçinin məhkəmələr tərəfindən xüsusi icraat işlərinə qanunvericiliklə müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. İşin hallarından görünür ki, eyni predmet barəsində eyni əsaslar üzrə mübahisəyə dair qətnamə vardır. Həmin işin xüsusi icraat qaydasında olması isə eyni predmet barəsində eyni əsaslarla eyni tərəflər arasında iddia qaldırılmasına əsas deyildir. Odur ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iş üzrə icraata qanunun tələbləri çərçivəsində xitam vermişdir. Ona görə də, kollegiya şikayətin təmin edilməməsi, Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)-1727/2022 nömrəli qərardadı və onun əsasında verilmiş 27 yanvar 2023-cü il tarixli 2(045)-1727/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə konkret müəyyənləşdirilmişdir. Ona görə də, hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldi: Şikayət təmin edilməsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(045)-1727/2022 nömrəli qərardadı və onun əsasında çıxarılmış 27 yanvar 2023-cü il tarixli 2(045)- 1727/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-877/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-877/2023
02.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver