Məhkəmə qərarları › İş №2(104)-88/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-88/2024

13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-88/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Tağıyeva (Zeynalova) Dilarə Dilən qızına, Cavabdeh2 və üçüncü şəxs X13 qarşı mülki iş üzrə Açar sözlər: “mərhum valideynləri X10 və X2 qanun üzrə vərəsəsi tanıyıb, atasından miras qalmış, Samux rayonu, Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 105.2 kv.m olan yaşayış evinə, həmin evin yerləşdiyi 0.2 ha həyətyanı torpaq sahəsindən anasının payına düşən 1/3 hissəyə vərəsə olaraq tanımaqla miras əmlak üzərində onun tam mülkiyyət hüququnun tanınması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X19 qqızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi Vəkil Fəhrad oğlunun iştirakı ilə, Samux Rayon Məhkəməsinin 2(058)-1089/2021 saylı iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 307 nömrə ilə qeyd edilmişdir. X5, anası X3r. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki,X17 ilə X2 birgə nikahından xx.xx.1960-cı ildə anadan olmuş X14, xx.xx.1961-ci ildə anadan olmuş Cavabdeh2 və xx.xx.1969-cu ildə anadan olmuş X18 adlarında daha üç uşaqları vardır. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X17 xx.xx.1988-ci il tarixdə, X6 isə 20 aprel 2019-cu il tarixdə ölmüşlər İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Samux rayonu, Qovlarsarı kəndində 0.2 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 105.2 kv.m olan fərdi yaşayış evi hüquq sahibi X10 adına, 0.2 ha torpaq sahəsi hər birinin payı 1/3 hissədə olmaqla hüquq sahibləri X11, X2 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan torpaqğın mülkiyyətə verilməsinə dair JN 053A (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Samux rayonu, Qovlarsarı kəndində yerləşən 0.2 ha həyətyanı torpaq sahəsiX2, X11 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Samux rayon İHB Qovlarsarı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 382 nömrəli arayışından görünür ki, X17 xx.xx.1988-ci il tarixdə vəfat etmiş, vəfatından sonra onun yoldaşı X6, oğlu İddiaçı, qızı X14, qızı Cavabdeh2 və oğlu X8 ibarət vərəsələri qalmışdır. Mülki işin materiallarında olan ərizədən görünür ki, işə məhkəmədə baxılarkən 08 dekabr 2021-ci il tarixdə Tağıyeva (Zeynalova) Dilarə Dilən qızı mərhum valideynlərindən qalmış mirası qəbul etmədiyi barədə Samux Rayon Məhkəməsinə ərizə vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Tağıyeva (Zeynalova) Dilarə Dilan qızına, Cavabdeh2, üçüncü şəxs X15 qarşı onu mərhum valideynləri X10 X2 qanun üzrə vərəsəsi tanıyıb, onlardan miras qalmış, Samux rayon Qovlarsarı kəndində yerləşən 0.20 ha torpaq sahəsindəki miras payın onun tərəfindən qəbul edilməsi və mirasa tam mülkiyyət hüququnun tanınması tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə verərək, iddia tələbini dəqiqləşdirməklə onu mərhum valideynləri X10 və X2 qanun üzrə vərəsə tanıyıb, atasından miras qalmış, Samux rayonQovlarsarı kəndində yerləşən, ümumi sahəsi 105. kv.m olan yaşayış evinə, həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsindən anasının payına düşən 1/3 hissəyə vərəsə olaraq tanımaqla mirasa əmlak üzərində onun tam mülkiyyət hüququnun tanınması tələbinin təmin edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(058)-1089/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Samux rayonu Qovlarsarı kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X10 mülkiyyətində olan, ümumi sahəsi 105.2 kv.m fərdi yaşayış evinə hər birinin payı ½ hissədə olmaqla İddiaçı D ilən oğlunun və 3-cü şəxs X11 vərəsəlik hüququnun tanınması, onların mülkiyyətinə verilməsi və qeydə alınması, 0.20 ha həyətyanı torpaq sahəsinin X2 payına düşən 1/3 hissəsinə hər birinin payı ½ hissədə olmaqla İddiaçı və 3-cü şəxs X11 vərəsəlik hüququnun tanınması, hər birinin payı ümumi birgə mülkiyyətin 1/6 hissəsində olmaqla müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması, 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və miras əmlakda onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmə miras qalan mülkdən ona pay tanımamaqla onun hüquqlarını pozmuşdur. İddiaçı və üçüncü şəxs miras əmlakı qəbul etmələri barədə məhkəməyə heç bir sübut təqdim etməməyinə baxmayaraq məhkəmə əsassız olaraq miras paya iddiaçı və üçüncü şəxsin payını tanımışdır.Halbuki onun miras qəbul etməyi işin təkzibedilməz halıdır. Bundan başqa o xəstə olduğu üçün növbəti məhkəmə iclasında iştirak edə bilməmiş və məhkəmə ona xəbər etmədən məhkəmə onun sübutlarını təqdim etmək hüququndan məhrum etməklə onun miras qalan əmlakdan payını tanımamışdır. Bununla da məhkəmə çəkişmə prinsipini pozmaqla ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil Fəhrad oğlu apellyasiya şikayətində qeyd edilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, mərhum atasının ölümündən sonra bacıları və qardaşı, həmçinin o özü də həmin evdə yaşamışlar. Hazırda mərhum valideynlərindən qalmış mirası əmlakda mirası qəbul etmiş vərəsələrin (bacı və qardaşının) paylarının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. Digər vərəsələr-X14 və X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1243. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ; Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Maddə 8.3. Bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya baxışının hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır: Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və proses iştirakçılarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 2(058)- 1089/2021 saylı iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, X17 və X2 birgə nikahından xx.xx.1958-ci il tarixdə İddiaçı, xx.xx.1960-cı il tarixdə X14, xx.xx.1961-ci il tarixdə Cavabdeh2 və xx.xx.1969-cu il tarixdə X18 adlarında 4 uşaqları doğulmuşdur: X17 xx.xx.1988-ci il tarixdə, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Valideynlərindən miras qalmış əmlak vərəslik qaydasında heç kəsin adına qeydə alınmamışdır. Hazırda iddiaçı qeyd edilən mirası adına keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir və məhkəmə tərəfindən yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X17 xx.xx.1988-ci il tarixdə öldüyündən, ondan miras qalmış əmlakla bağlı tərəflər arasında hüquq münasibətləri xx.xx.2000-ci ildən əvvəl yarandığından mirasın həmin hissəsi üzrə mübahisə Azərbaycan Respublikasının həmin dövrdə qüvvədə olan (1964-cü ildə qəbul edilmiş) Mülki Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 527 və 552-ci maddələrinin tələblərinə əsasən vərəsə mirası iki üsulla, mirasın qəbulu barədə notariat orqanına ərizə verməklə və mirasa faktiki yiyələnməklə qəbul edə bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkmədə izahat verərəkən İddiaçı özü də izahatında göstərmişdir ki, mərhum atasının ölümündən sonra bacıları və qardaşı, həmçinin o özü də həmin evdə yaşamışlar. Hazırda mərhum valideynlərindən qalmış mirası əmlakda mirası qəbul etmiş vərəsələrin (bacı və qardaşının) paylarının müəyyən olunmasına etiraz etmir. Ona görə də kollegiya hesab edir ki, X9 miras qalmış əmlakda onu qəbul etmiş vərəsələrin payları müəyyən edilməlidir. 20 aprel 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakla bağlı kollegiya göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki, belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X12 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik həyata keçirilmədiyindən və sorğuda da qeyd olunduğu kimi, Mülki Məcəllədə mirasın həm qəbulu, həm də ondan imtina müddətinin nəzərdə tutulması, birincinin digərindən daha uzun olması hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticədə şəxslərin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Qeyd olunanları önəçəkən məhkəmə kollegiyası göstərir ki, birinci instansiya məhkəməsi miras qalmış əmlakın birinci dərəcə vərəsə olan iddiaçı tərəfindən faktiki olaraq qəbul etməsinə əsaslanaraq iddia tələbini qismən təmin etsə də, mirasın İddiaçı, Cavabdeh2 və X18 tərəfindən faktiki qəbul edilməsinə düzgün hüquqi qiymət verməmiş, Cavabdeh2 mirasdan pay müəyyən etməməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelnumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyinə əsasən əgər vərəsə miras qoymuş şəxsin öldüyü və ya ölmüş elan edildiyi vaxtdan 3 ay ərzində miras qalmış əmlakdan imtina etməmişdirsə, hesab olunur ki, o, həmin miras əmlakı qəbul etmişdir. Hazırki işin hallarından da görünür ki, İddiaçı, Cavabdeh2 və X18 atalarından qalmış mirası həmin evdə yaşamaqla faktiki qəbul etmişlər. Analarının ölümündən sonra isə ondan miras qalmış əmlakdan imtina etdikləri barədə notariat orqanına müraciət etməmiş, bununla da mirası qəbul etmiş hesab olunurlar. Tağıyeva (Zeynalova) Dilarə Dilən qızı mərhum valideynlərindən qalmış mirası qəbul etmədiyi barədə Samux Rayon Məhkəməsinə ərizə verdiyindən və ona miras payın müəyyən edilmədiyi qətnaməni mübahisələndirmədiyindən valideynlərindən miras qalmış əmlakdan ona pay müəyyən edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, xx.xx.1988-ci il tarixdə vəfat etmiş X9 və 20 aprel 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində Cavabdeh2 və 1/3 hissəsi üzərində X11 payları müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-1089/2021 saylı iş üzrə 08 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. xx.xx.1988-ci il tarixdə vəfat etmiş X9 miras qalmış Samux rayonu, Qovlarsarı kəndində 0.2 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 105.2 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində Cavabdeh2 və 1/3 hissəsi üzərində X11 vərəsə payları müəyyən edilsin. X11, X4 və (mərhum) X2 ümumi paylı mülkiyyətində olan Samux rayonu, Qovlarsarı kəndində yerləşən 0.2 ha həyətyanı torpaq sahəsinin 20 aprel 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış 1/3 hissəsinin 1/3 hissəsi (0.2 ha həyətyanı torpaq sahəsinin 1/9 hissəsi) üzərində İddiaçı, 1/3 hissəsi (0.2 ha həyətyanı torpaq sahəsinin 1/9 hissəsi) üzərində Cavabdeh2 və 1/3 hissəsi (0.2 ha həyətyanı torpaq sahəsinin 1/9 hissəsi) üzərində X11 payları müəyyən edilsin. Qalan hissədə iddia təmin olunmasın. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə ondan şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar