Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-89/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Firuddin oğlunun Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma və menelərə son qoyulması. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Firuddin oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, yaradılmış manelərin aradan qaldırılması və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(058)-1057/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın və AA 007410 saylı, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədin surətindən görünür ki, Samux rayonu Nəbiağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisinin xx.xx.2015-ci il tarixli, 49-1445 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə hüquq sahibi İddiaçı Firuddin oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı hagqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və AA 006358 saylı, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədin surətindən görünür ki, Samux şəhərində yerləşən 0,11 ha yaşayış məntəqəsi tayinatlı torpaq sahəsi Samux rayon Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 40-08 reyestr nömrəli alqı-satqı müqaviləsi, DTXK Samux rayonu şöbəsi, xx.xx.2006-cı il tarixli, JN865F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2015-ci il tarixdə hüquq sahibləri Cavabdeh, X6, X7, X8 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi, koordinatları və ölçüləri yerində müəyyən edildikdən sonra kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materialları üzərində dəqiqləşdirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə dair tərtib olunmuş, AA 007410 saylı, xx.xx.2015-ci il tarixli planı və ölçüsü sənədində göstərilən koordinatlara istinadən iddiaçıya məxsus 0,04 ha torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli 3-16-16/2-10/621 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Firuddin oğlu xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsini, xx.xx.2021 -ci il tarixli alqısatqı müqaviləsi əsasında X1 alınmışdır. İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmadığından, qərardad suallarının cavablandırılması üçün, X3 adına tərtib olunmuş AA007410 nömrəli plan və ölçü sənədinə istinad edilmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********25 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi 4.0 (dörd) kv.m hissədə üst-üstə düşür. xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0.04 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Firuddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsindən çıxarılması, yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin sərhədlərini müəyyən edilməklə ölçülüb naturada ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı Firuddin oğlu tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən 0.04 ha həyatyanı torpaq sahəsi xüsusi mülkiyyətindədir və bu barədə adına verilmiş müvafiq çıxarış və torpaq sahəsinin plan və ölçü sənədi mövcuddur. Cavabdeh həmin torpaq sahəsini zəbt edir. Dəfələrlə cavabdehdən bu hərəkətlərə son qoymasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır. 2022-ci ilin əvvəlində eyni iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmənin müvafiq qərardadına əsasən ekspertiza təyin edilmişdir. Alınmış ekspert rəyi ilə cavabdehin ona məxsus torpaq sahəsindən istifadə etdiyi müəyyən olunmuşdur. Lakin həmin iş üzrə keçirilmiş məhkəmə iclasında iştirak etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır.
7. Samux Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(058)-1057/2022 nömrəli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin edilərək, Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsindən çıxarılması, maneələr aradan qaldırılmaqla torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, 158.2 və 158.4-cü maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mütəxəssis düzgün rəy verməmişdir. Çünki, həmin mürəxəssis ümumiyyətlə heç bir texniki, elmi üsullardan istifadə etmədən, araşdırma aparmadan, ayaqüstə formal şəkildə onun danışaraq iddiaçının maraqlarına uyğun rəy tərtib etmiş və məhkəməyə təqdim etmişdir. Məhkəmə isə öz növbəsində qətnamədə həmin rəyə istinad etmişdir. Ümumiyyətlə, mülki işin ədalətli araşdırılmasının təmin edilməsi üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tikinti-texniki ekspertizsı təyin edilməli və araşdırılma peşəkar ekspertlərə həvalə edilməli idi. Lakin, bunların heç biri baş verməmişdir. Torpaq sahəsinə dair çıxarışı vardır və mütəxəssis çıxarışın hansı torpaq sahəsini əhatə etdiyini müəyyən etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsindən çıxarılması” hissədə dəyişdirilməli, Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsinin 0.0396 ha hissəsindən çıxarılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux rayonu Nəbiağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı hagqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında Samux şəhərində yerləşən 0,11 ha yaşayış məntəqəsi tayinatlı torpaq sahəsi Cavabdeh, X9, X10, X11 və X5 mülkiyyətindədir. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
31. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
32. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
33. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2024-cü il tarixli 3-16-16/2-10/621 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı Firuddin oğlu xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən mülkiyyətində olan 0.04 ha torpaq sahəsini, xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 alınmışdır. İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmadığından, qərardad suallarının cavablandırılması üçün, X3 adına tərtib olunmuş AA007410 nömrəli plan və ölçü sənədinə istinad edilmişdir. Müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********25 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyyətində olan 0.11 ha torpaq sahəsi 4.0 (dörd) kv.m hissədə üst-üstə düşür. xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli **********13 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan 0.04 ha torpaq sahəsi Cavabdeh faktiki istifadəsindədir.
34. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
35. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
36. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
37. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Samux rayonu Nəbiağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilir. Eləcə də müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0,04 ha həyatyanı torpaq sahəsinin koordinatları ilə Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.11 ha torpaq sahəsi 4 (dörd) kv.m hissədə üst-üstə düşür.
38. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinin ümumi mülkiyətində olan 0,11 ha torpaq sahəsinin koordinatlarının 4 kv.m hissədə üst-üstə düşməsi müəyyən olunur. Nəzərə almaq lazımdır ki, tərəflərə məxsus qeyd olunan torpaqlara dair hüquqmüəyyənedici sənədlər hazırkı məqamda hüquqi qüvvədədir. Belə olduqda isə, tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşən 4 kv.m hissəsinin, əslində, tərəflərdən hansının mülkiyyətində olmasını, habelə hansı biri tərəfindən zəbt edilməsini müəyyənləşdirmək mümkün deyildir.
39. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan 0,04 ha həyatyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən 4 kv.m hissəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyi kimi qiymətləndirilə bilməz.
40. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan 0,04 ha həyatyanı torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki istifadə edilən digər hissəsi, yəni (0.04 ha - 4 kv.m=0.0396 ha) 0.0396 kv.m hər hansı hüquqi əsas olmadan Cavabdeh tərəfindən zəbt edilməklə iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də Cavabdeh İddiaçı məxsus Samux rayonu Nəbiağalı qəsəbəsi Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən 0,04 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin zəbt edilən 0.0396 ha hissəsindən çıxarılmalıdır.
41. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları hərtərəfli, tam və obyektiv araşdırmadan cavabdehin 0.04 ha torpaq sahəsindən bütövlükdə çıxarılması qənaətinə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməlidir.
42. Bundan başqa, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(058)-1057/2022 nömrəli qətnaməsi “Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsindən çıxarılması” hissədə dəyişdirilsin. Cavabdeh Samux rayonu Nəbiağalı qəsəbəsi, Tofiq İsmayılov küçəsi ilə Arif Nəbiyev küçəsinin kəsişməsində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı Firuddin oğlunun mülkiyyətində olan, yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,04 ha torpaq sahəsinin 0.0396 ha hissəsindən çıxarılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.