Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-894/2025 26.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-10/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları JN 0454 kod 60922018 olan dövlət aktına əsasən Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı 2,55 ha torpaq sahəsi verilmişdir. Ağdam rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu tərəfindən tərtib edilən və aktda qeyd edilənlərin imzası ilə təsdiq edilən xx.xx.2024cü il tarixli aktda Cavabdeh qətnamədə qeyd olunan torpaq sahəsində tikilmiş tikilinin ona deyil, Pənah Məmmədova məxsus olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı onların mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsində tikilmiş olan tikilinin, çəkil ağaclarının cavabdehin hesabına sökülərək çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumu və müqavilə üçün vəkilə ödənilmiş 100 manat vəsaitin cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha pay torpaq sahəsi onun, mərhum əri X2, övladları İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətindədir. X6 xx.xx.2004-cü ildə vəfat etmişdir. Cavabdeh Ağdam Rayonu Çəmənli Bələdiyyəsinin sədri olmaqla qanunsuz olaraq onlara məxsus torpaq sahəsini zəbt etmiş, orada çəkil ağacları əkmiş, həmçinin ərazinin bir hissəsini şəhid ailəsinə verərək orada tikinti inşa etmişdir. Dəfələrlə cavabdehdən torpaq sahəsini boşaltmasını tələb etsələr də, Loğman ərazini boşaltmamışdır. Göstərilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək o, 2021-ci ildən Ağdam rayonu Çəmənli kənd bələdiyyəsinin sədri işləyir, islahat isə 1999-cu ildə keçirilmişdir. O, heç kimə torpaq sahəsi verməmiş, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmiş və orada tikili tikməmişdir. O, öz torpaq sahəsindən istifadə edir və onun torpağı iddiaçılarla qonşu deyildir. O, cavabdeh şəxs deyildir və iddia tələbi düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-10/2024 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia qismən təmin edilmiş, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,275 ha hissəsindən Cavabdeh çıxarılması, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,151 ha hissəsində əkdiyi ağaclar Cavabdeh hesabına çıxarılması, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 90,1 kv.metr və 2,6 kv.metr hissəsində inşa etdiyi tikililər Cavabdeh hesabına sökülməsi, ödənilmiş dövlət rüsümü əvəzində Cavabdeh 100 (yüz) manat alınaraq İddiaçı1 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlardan məlum olduğu kimi Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,55 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,2750 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Sözügedən torpaq sahəsinin 0,275 ha hissəsinin Cavabdeh istifadə etməklə 0,151 ha hissəsində ağaclar əkmiş, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində isə tikili inşa etmişdir. Belə olan halda Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin 0,275 ha hissəsindən çıxarılmalı, 0,151 ha hissəsində əkdiyi ağaclar cavabdehin hesabına çıxarılmalı, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində inşa etdiyi tikililər isə cavabdehin hesabına sökülməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinin üçüncü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.9, 157.4, 180-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-10/2024 nömrəli qətnaməsi ilə razılaşmamış, apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv olunmasını iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2- 1685/2024 saylı mütəxəssis rəyindən görünür ki, JN 0454 kod 60922018 olan dövlət aktına əsasən X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,2750 ha hissəsi başqa şəxs tərəfindən istifadə edilir. Daha sonra həmin rəydə “TEKUİS” məlumat bazasına əsasən JN 0454 kod 60922018 olan dövlət aktına əsasən X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,275 ha hissəsindən başqa şəxs istifadə etməklə 0,151 ha hissəsində ağaclar əkmiş, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində tikili inşa etmişdir. Birinci instansiya məhkəməsinin də qətnamənin əsaslandırıcı hissəsində istinad etdiyi mütəxəsis rəyinin nəticə hissəsindən də göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 Krim qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonu Çəmənli kəndində yerləşən 2.55 ha torpaq sahəsinin sahəsinin 0,275 ha hissəsindən başqa şəxs istifadə edir, 0,151 ha hissəsində başqa şəxs ağaclar əkmiş, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində başqa şəxs tikili inşa etmişdir. Bu başqa şəxs kimdir? Birinci instansiya məhkəməsi hansı əsasla başqa şəxsin o olduğunu müəyyən edib? O, başqa şəxs deyil, adım Loğman, soyadı Bəxtiyarov, atamın adı isə Rəşiddir. Bundan başqa qətnamədə qeyd edilən 2,55 ha torpaq sahəsinin 0,51 ha hissəindəki ağaclar keçmiş Azərbaycan Sovet Sosialist Respublikası zamanıəkilmiş ağaclardır. Qeyd edilən torpaq sahəsi isə iddiaçılara Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli Qərarına əsasən verilmişdir. O ki qaldı həmin torpaq sahəsinin 90,1 kv.metr və 2,6 kv.metr hissəsində tikilmiş tikililərə həmin tikili Qarabağ qazisi X3 məxsus olmaqla iddiaçılara heç bir aiddiyəti yoxdur. İşin hallarından görünür ki, o, məhkəmə iclasında yalnız bir dəfə, işirak etmiş və iddia tələbinə qarşı öz etirazını bildirmişdir. Bundan sonra elə hesab etmişdir ki, iş bağlanıb.Yalnız Ağdam rayon İcra və Probasiya Şöbəsinə çağrılarkən bilmişdir ki, iş üzrə qətnamə çıxıb. Qətnamə ilə tanış olarkən məlum olub ki, iş üzrə ekspertiza təyin edilib və işin icraatı dayandırılıb. Mütəxəssis rəyi daxil olduqdan sonra iş üzrə icraat təzələnib və məhkəmə icası təyin edilib. Ancaq həmin məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməyib. Mütəxəssis rəyi ilə də xx.xx.2025-ci ildə qətnaməni məhkəmədən götürdükdən sonra tanış olmuşdur. İşin hallarından da göründüyü kimi iş üzrə ekspertiza təyin olunsa da işdə hər hansı ekspert rəyi yoxdur. İşin hallarından görünür ki,birinci instansiya məhkəməsi iş üzrə sübutları aid edərkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3- 46/2-1685/2024 saylı mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, həmin mütəxəssis rəyinin nəticə hissəsindən görünüyü kimi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş bu mütəxəsiss rəyinin ona heç bir aidiyyəti yoxdur. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsinin şikayət olunan qətnaməsi mülki prosessual qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinin pozulması ilə çıxarılmaqla qanunsuz və əsassız olmuşdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıların pay torpağında X1 adlı şəxs obyekt tikmiş və ona da torpağı həmin vaxt bələdiyyə deyil İcra Hakimiyyəti tərəfindən verilmişdir. Həmin ərazidə dövlət torpağı olmuş, Pənaha dövlət torpağından Qarabağ qazısı olduğu üçün İcra hakimiyyəti torpaq ayılmış, lakin sonradan torpaqlarda sürüşmə olduğundan iddiaçıların torpaq sahəsinə düşmüşdür. O, son 5 il ərzində bələdiyyə sədri omuş və hazırda bələdiyyə sədri deyildir. İddiaçılara məxsus torpaq sahəsində ağacları o bələdiyyə sədri olmamışdan öncə bələdiyyə tərəfindən əkilmişdir. Ağdam məhkəməsində bir iclasda iştirak etmiş, iş üzrə yekun akt olaraq xitam veriləcəyini zənn etdiyindən sonradan iştirak etməmişdir. O, iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. İddiaçı3 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh icra məmurunun iştirakı ilə akta imza etmiş, tikilini sökmək, ağacların çıxarılmasını tərəfindən həyata keçiriləcəyini bildirmişdir. Ağdam Rayon icra başçısının göstərişi ilə bələdiyyə torpaq sahəsini Məmmədov Pənaha ayırmışdır. Həmin obyekt Məmmədov Pənahındır. İddianı Cavabdeh qarşı irəli sürmələrinin səbəbi odur ki, torpağı Pənaha o ayırmışdır. İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, əgər cavabdehin təqsiri olmasa idi, o, qətnamənin icra mərhələsində tikilinin öz vəsaiti hesabına sökülməsinə vəd verməzdi. İddiaçı5 izahatında bildirdi ki, torpaq sahəsi cavabdeh tərəfindən ölçülüb və Pənaha verilib. Digər iddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də əslində o, qətnamənin təmin edilən hissələrdə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin edilən hissəsinə münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün nəticəyə gəlinməmişdir. İşin mübahisəsiz halıdır ki, JN 0454 kod 60922018 olan dövlət aktına əsasən Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 5 saylı qərarı ilə X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,55 ha torpaq sahəsi verilmişdir. Hazırki tələb ilə iddiaçılar məhkəməyə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin tökülməsi, ağacların köçürülməsi və ərazinin boşalması iddiasını irəli sürmüşlər. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki iş materiallarından və tərəflərin izahatlarından hazırki cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsində hər hansı tikilinin aparılması və bilavasitə onların mülkiyyətlərinə müdaxilənin edilməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilən və məhkəmənin əsaslandığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1685/2024 saylı mütəxəssis rəyində isə qeyd edilir ki, JN 0454 kod 60922018 olan dövlət aktına əsasən X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,2750 ha hissəsi başqa şəxs tərəfindən istifadə edilir. “TEKUİS” məlumat bazasına əsasən JN 0454 kod 60922018 olan dövlət aktına əsasən X2, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 mülkiyyətinə verilmiş Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,275 ha hissəsindən başqa şəxs istifadə etməklə 0,151 ha hissəsində ağaclar əkmiş, 90,1 kv.metr və 2,6 kv.metr hissəsində tikili inşa etmişdir. Göründüyü kimi mütəxəssis rəyində iddiaçılara məxsus torpaq sahəsində tikilinin olması öz əksini tapsa da məhz tikilinin cavabdehə məxsusluğu qeyd edilməmişdir. İş üzrə qanuni əsas kimi qeyd edilən Mülki Məcəllənin 157-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Hazırki halda “Qəsd edən” subyektin Cavabdeh olması mülki iş materiallarında əksini tapmamış və sübut olunmur. Belə ki, cavabdeh istər birinci, istərsə də apellyasiya məhkəməsində icraat zamanı iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyini, orada tikinti işləri aparmadığını, torpaq sahəsində əkilən ağacların isə onun bələdiyyə sədrliyindən öncə bələdiyyə tərəfindən əkildiyiini bildirmişdir. İddiaçılar isə əslində torpaq sahəsində tikilmiş qeyri-yaşayış sahəsinin Məmmədov Pənah tərəfindən inşa edildiyindən məlumatlıdır və iddianı cavabdehə qarşı irəli sürmələrinin səbəbi isə torpağın Məmmədov Pənaha cavabdeh tərəfindən ayrılması əsası ilə irəli sürdüklərini bildirirlər. Məhkəmə qeyd edir ki, torpaq sahəsində tikilini inşa edən şəxsin cavabdeh deyil Məmmədov Pənah olması tərəflərə aşkardır. İddiaçılar torpaq sahəsinin Məmmədov Pənaha cavabdeh tərəfindən ayrıldığını iddia etsələr də bunu təsdiq edən sübutlar mövcud deyildir. Torpaq sahəsi cavabdeh trəfindən ayrılmış olsa belə hazırki iddianın cavabdehə qarşı irəli sürülməsinin qanuni əsası mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi buna cavab verməli olmayan cavabdehə qaerşı irəli sürüldüyündən apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia rədd eddilməlidir. Bundan başqa cavabdehdən iddiaçının xeyrinə tutulmuş dövlət rüsumu hissədə də qətnamə ləğv edilməli və iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaşçılara aid edilməlidir . Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçılar tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-10/2024 nömrəli qətnaməsi iddianın təmin olunan “İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,275 ha hissəsindən Cavabdeh çıxarılması, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 0,151 ha hissəsində əkdiyi ağaclar Cavabdeh hesabına çıxarılması, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Ağdam rayonunun Çəmənli kəndində yerləşən 2,55 ha torpaq sahəsinin 90,1 kv.metr və 2,6 kv.metr hissəsində inşa etdiyi tikililər Cavabdeh hesabına sökülməsi” hissəsində ləğv edilsin və həmin hissələrdə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-894/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-894/2025
26.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver