Məhkəmə qərarları › İş №2(104)-896/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-896/2023

03.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-896/2023 03.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa, əmrin ləğv edilməsi, əmək haqqının tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbinə qarşı işə bərpa və əmrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(045)-1777/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Goranboy rayon Səfikürd tam orta məktəbinin direktoru Elnur Qasımov tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 145 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə uyğun olaraq sözügedən məktəbdə vakansiya olan 5 saat dərsə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır.

2. 049798 nömrəli əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “ğ” bəndinə əsasən İddiaçı ilə Goranboy rayon Səfikürd kənd tam orta məktəbi arasında həmin məktəbdə vakansiya olan 5 saat dərsə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır.

3. Goranboy rayon Səfikürd kənd tam orta məktəbinin direktoru Lamiyə Abışova tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 220 saylı çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə müddətli olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

4. 049798 nömrəli əmək kitabçasının surətindən görünür ki, müddətli müqavilə ilə işə götürülən riyaziyyat müəllimi xx.xx.2022-ci il tarixində analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə müddətli olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

5. 104344 nömrəli diplomun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2016-cı il tarxli qərarı ilə İddiaçı riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.

6. 19.10.2017-ci il tarixli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı ilə Baş idarə müdiri işəgötürən X1 arasında xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır.

7. xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin növü dəyişdirilərək müddətsiz kimi qeyd edilmişdir.

8. xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin növü müddətsiz qeyd edilmişdir.

9. Goranboy rayon Səfikürd kənd tam orta məktəbin 22 və 23 nömrəli məktəb üzrə əmr kitablarının surətlərindən görünür ki, İddiaçı ilə məktəb arasında müddətli əmək müqaviləsinin bağlanması və ayrı-ayrı vaxtlarda iki uşağı dünyaya gəldiyi üçün xx.xx.2018-ci il tarixindən etibarən uzun müddətli analıq məzuniyyətinə buraxılması barədə işəgötürən tərəfindən müxtəlif vaxtlarda əmrlər verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbinə qarşı işə bərpa və əmrin etibarsız hesab edirlməsi,əvvəlki işə bərpa və əmək haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbinin direktorunun onun barəsində qəbul etdiyi 19 avqust 2022-ci il tarixli, 220 saylı əmrin etibarsız hesab edilməsi və onun Goranboy rayon Səfikürd tam orta məktəbinə, əvvəlki işinə bərpa olunmağı və bununla əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə görə çatası əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 27 avqust 1995-ci il təvəllüdlüdür, hal-hazırda Goranboy rayonunun Səfikürd kəndində yaşayır. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmiş və riyaziyyat müəllimi ixtisasını almışdır. Bu barədə olan diplomun surətini məhkəməyə təqdim etmişdir. MİQ imtahanlarına gedərək 40 bal toplamış, 15 sentyabr 2017-ci ildə Goranboy rayonu Səfikürd kənd tam orta məktəbinin direktorunun 145 saylı əmrinə əsasən həmin məktəbə riyaziyyat müəllimi vazifəsinə təyin olunmuş və həmin işdə 19.08 2022-ci ilǝ kimi işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. 2022-ci ildə yeni dərs ili başlamağa az qalmış ona bildirilmişdir ki, guya onunla müddətli əmək müqaviləsi bağlanılmış və həmin müqavilənin müddəti bitdiyi üçün işdən azad olunmalıdır. Bundan sonra barəsində 19 avqust 2022-ci il tarixli 220 saylı işdən azad olunması ilə bağlı əmr verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin baza sisteminə daxil olarkən əmək müqaviləsində dəyişikliklər edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, onunla 15.07 2017-ci il tarixdə müddətsiz müqavilə bağlanmış və iş yeri Səfikürd kənd tam orta məktəbi göstərilmişdir (bildiriş əvvəlki sistemə xx.xx.2019-cu il tarixdə, sonrakı sistemə daxil edilmə tarixi isə xx.xx.2022-ci ildir).

12. Goranboy Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(045)-1777/2022 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddianın təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən qeyd etmişdir ki, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin qeydiyyata alınması üçün elektron sənəddir. Yəni, qanunvericiliyin tələbləri baxımından əmək müqaviləsi bildirişi tərəflər arasında əmək münasibətlərinin yaranması əsası deyil, həmin münasibətlərin qeydiyyata alınması üsuludur. Əmək münasibətlərinin yaranmasının əsasını isə yalnız fərdi qaydada bağlanan yazılı müqavilə təşkil edə bilər. Qanunvericiliyin tələbləri baxımından əmr, sərəncam kargüzarlıq işini tənzimləyir və əmək müqaviləsi qüvvəyə mindikdən sonra qəbul edilə bilər. Yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi isə yolverilməzdir. Yəni, müvafiq əmr, sərəncam yazılı əmək müqaviləsi olmadan işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasını təsdiq edə bilməz. Həmçinin, tərəflər arasında yazılı əmək müqaviləsinin bağlanmaması, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasının yalnız əmək müqaviləsi bildirişi və müvafiq əmrə əsaslanması cavabdeh tərəfindən də təkzib edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumiyyətlə tərəflər arasında əmək münasibətləri, yəni işçi və işəgötürən münasibətləri yaranmamışdır. Goranboy rayon Səfikürd tam orta məktəbi isə İddiaçı ilə yazılı formada əmək müqaviləsi bağlamadan sonrakı rəsmiləşdirmə prosedurlarına (əmək müqaviləsi bildirişi və əmr) əməl etmişdir. Yəni, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinin tələbləri baxımından işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağladıqdan sonra işçi statusuna yiyələnə bilərdi. Həmçinin də hazırkı münasibətdə cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbi də işəgötürən statusuna yalnız yazılı qaydada bağlanılmış əmək müqaviləsi ilə sahib olmalı idi.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə, 44 və 81-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(045)-1777/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması ilə qətnamə qəbul etmiş, işin hallarını araşdırmamışdır. Belə ki, məhkəmə cavabdehin işdən çxıarma əmrini imzalayarkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarının pozulmasını diqqətə almamışdır. Belə ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam versə də həmin gün, yəni son iş günü əmrdən çıxarış, əmək kitabçası, son haqq-hesabı verilməmiş, yalnız iddiaçının tələbi ilə əmrdən çıxarış, əmək kitabçası xx.xx.2022-ci ildə yəni 15 gün sonra vermiş, son haqq-hesabını isə xx.xx.2022-ci ildə almışdır. Məhkəmə əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa diqqət etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əmək müqaviləsi işəgötürən tərəfindən müddətsiz bağlanmışdır. Məhkəmə elektron sistemdə müqavilənin müddətsiz olmasını da nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək izahatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən əmri verilərək o, Goranboy rayon Səfikürd kənd tam orta məktəbində riyaziyyat müəlliməsi vəzifəsində işləməyə başlamışdır. Məktəblə onun arasında yazılı əmək müqaviləsi bağlanmışdır. O, müddətsiz olaraq işə götürülmüş, hətta elektron sistemdə onun adına əvvəl müddətli, daha sonra müddətsiz əmək müqaviləsi qeydə alınmışdır. Onun iki azyaşlı uşagı var, birinci övladına görə 2018-ci ilin fevral ayından analıq məzuniyyətinə çıxmış, daha sonra ikinci övladı dünyaya gəldiyi üçün analıq məzuniyyət dövrü 2022-ci ilin avqust ayınadək davam etmişdir. Analıq məzuniyyəti xx.xx.2022-ci il tarixdə bitmiş və həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddətli olduğu əsası ilə əmək münasibətlərinə xitam verilmişdir. Əmrin surətini xx.xx.2022-ci il tarixdə, son haqqhesabını isə xx.xx.2022-ci il tarixdə almışdır. O, bu əmri qanunsuz və əsassız hesab edir, çünki onunla əmək müqaviləsinin statusu müddətsiz olmuş və elektron sistemdə yerləşdirilmişdir. Sistemə xx.xx.2022-ci ildə daxil edilmiş əmək müqaviləsinin bildirişindən də görünür ki, onunla bağlanılmış əmək müqaviləsinin növü müddətsiz olmuşdur. Bundan başqa o, BDU-nun riyaziyyat fakultəsini bitirmiş, imtahan verərək işə qəbul olunmuşdur. Hazırda öhdəsində iki azyaşlı uşağı olmaqla ağır maddi ehtiyac içində yaşayır. Riyaziyyat müəllimidir, başqa peşəsi yoxdur. O, iddia ərizəsində əmrin etibarsızlığını qeyd etsədə, əslində əmrin ləğv olunmasını, əvvəlki işinə bərpa olunmaqla əmək haqqının cavabdehdən alınaraq ona ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

20. Maddə 3. 2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.

3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd.

21. Maddə 44. 1. Əmək müqaviləsi yazılı formada bağlanır.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

22. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

23. Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir.

24. Maddə 49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

25. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;

26. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

27. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

28. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

36. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edildyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmiş, həmçinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir.

41. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Goranboy rayon Səfikürd kənd tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işəgötürənin yazılı əmri ilə təyin edilmiş, daha sonra elektron sistemdə müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən - əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Bununla bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh Goranboy rayon Səfikürd kənd tam orta məktəbinin nümayəndəsi X2 birinci instansiya məhkəməsinin iclasında təqdim etdiyi sənədlərlə iddiaçı ilə məktəb arasında əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixində bitdiyi üçün xitam verildiyini bildirmişdir. İddianın təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, tərəflər arasında yazılı əmək müqaviləsinin bağlanmaması, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranmasının yalnız əmək müqaviləsi bildirişi və müvafiq əmrə əsaslanması cavabdeh tərəfindən də təkzib edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumiyyətlə tərəflər arasında əmək münasibətləri, yəni işçi və işəgötürən münasibətləri yaranmamışdır. Goranboy rayon Səfikürd tam orta məktəbi isə İddiaçı ilə yazılı formada əmək müqaviləsi bağlamadan sonrakı rəsmiləşdirmə prosedurlarına (əmək müqaviləsi bildirişi və əmr) əməl etmişdir. Yəni, İddiaçı işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağladıqdan sonra işçi statusuna yiyələnə bilərdi, cavabdeh Goranboy rayon Səfikürd tam orta məktəbi də işəgötürən statusuna yalnız yazılı qaydada bağlanılmış əmək müqaviləsi ilə sahib olmalı idi.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi üçün istinad etdiyi hallarla razılaşmayaraq əvvəla onu qeyd edir ki, qanunvericiliyin tələbinə görə əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Başqa cür desək, tərəflər arasında əmək münasibətlərinin qeydiyyata alınması üsuludur. Əmək müqaviləsi olmadığından əmək münasibətlərinin yaranmaması nəticəsinə gəlmək düzgün nəticə deyil. Belə ki, işdə olan xx.xx.2022-ci ildə (əvvəlki xx.xx.2019) sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi tərəflər arasında artıq yaranmış əmək münasibətləri üzrə aparılmış rəsmi sənəddər. Bildiriş əmək müqaviləsinin bağlanılmasının elektron qeydiyyatının aparılmasına dair elektron sənəd olduğundan, dolayısı ilə əmək müqaviləsinin məhkəməyə təqdim edilməməsi onun mövcud olmasını istisna edən hal deyildir. Həmin bildirişdən görünür ki, əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Belə olan təqdirdə müqaviləyə müddətinin bitməsinə görə xitam verilməsi qanunvericiliyin tələbinə ziddir. İddiaçı izahatında onunla məktəb arasında yazılı müqavilənin mövcud olmasını bildirmişdir. Başqa cür desək, xx.xx.2022-ci ildə (əvvəlki xx.xx.2019) sistemə daxil edilmiş əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi tərəflər arasında artıq yaranmış əmək münasibətləridir və sistemə daxil edildiyi an qüvvəyə minmişdir. Yəni işəgötürən Goranboy rayon Səfikürd tam orta məktəbi (sistemə daxil edilən şəxs X2) İddiaçı əmək müqaviləsi üzrə riyaziyyat müəllimi kimi müddətsiz işə götürmüşdür. Bu işin mübahisəsiz halıdır.

43. Başqa cür desək, Məhkəmə Kollegiyası hesab edir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Baxılan işdə, Dövlət Attestasiya Komissiyasının xx.xx.2016-cı il tarxli qərarı ilə İddiaçı riyaziyyat müəllimliyi ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir ki, İddiaçı riyaziyyat müəllimi ( həmin iş daimi xarakterə malik olduğu qabaqcadan bəlli) olduğu üçün əmək qanunvericiliyin tələbinə görə onunla işəgötürən arasında əmək müqaviləsi müddətli bağlana bilməz.

44. Həmçinin, qanunvericiliyin tələbinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Yəni baxılan işdə “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” xx.xx.2022-ci il tarixdə imzalanmaqla sistemə daxil olmuş və qüvvədədir.

45. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, gəlinən nəticə işin hallarına uyğun olmamışdır. Bundan başqa, İddiaçı izahatında göstərmişdir ki, o, iddia ərizəsində əmrin etibarsızlığını qeyd etcədə əslində həmin əmrin ləğv edilməsini istəyir. Ona görə də Goranboy Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(045)-1777/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, Goranboy Rayon Səfikürd tam orta məktəbinin direktorunun 19 avqust 2022-ci il tarixli 220 saylı əmri ləğv edilməli, İddiaçı məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməlidir.

46. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsaslıdır və təmin edilməlidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Goranboy Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(045)-1777/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Goranboy Rayon Səfikürd tam orta məktəbinin direktorunun 19 avqust 2022-ci il tarixli 220 saylı əmri ləğv edilsin. İddiaçı məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilsin və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar