Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-901/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və plan və ölçü sənədinin verilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 22 avqust 2011-ci il tarixli 2(61)-518/2011 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X4 adına verilmiş A№ 091526 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və Tərtər rayonu Qapanlı kəndində yerləşən onun istifadəsində olan 0.37 ha həyatyanı torpaq sahəsinə görə adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 22 avqust 2011-ci il tarixli 2(61)-518/2011 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia təmin edilərək, İddiaçı Tərtər ryonunun qaöanlı kəndində adambaşına düşən norma daxilində pay torpağından ççıxılmış və hazırda istifadəsində olan lakin səvən nənəsnin adına yazılmış torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi; Həmin torpaq sahəsinə görə iddiaçının nənəsi və özü üçün yenidən ayrılıqla torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinin təmin edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi torpaq üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün deyil, yalnız plan və ölçü sənədinin verilməsi üçün qət edilmişdir. Elektron baza məlumatlarına əsasən siyahıda torpaq sahəsi X12 ilə bərabər təsərrüfatın digər üzvləri, yəni onun ailə üzvləri İddiaçı, X2, X7, X8, X3 və X1 verilmişdir. İddiaçının təsərrüfatı digər şəxslərin təsərrüfatından ayrı olmamışdır. Torpaq sahəsi X12 və qeyrilərinin ümumi birgə mülkiyyəti olmuşdur. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair təsərrüfatın digər üzvlərinin də payı olmasına baxmayaraq, torpaq sahəsinə bölgü yalnız iddiaçının və onun nənəsi X5 adına aparılmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 091526 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X5 adına Tərtər rayonu Qapanlı kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün ayrılmış 3905.09 kv.m torpaq sahəsinə dair plan və ölçü sənədi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 aprel 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17, № 5, maddə 323; 2002, № 5, maddə 236; 2003, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005, № 4, maddələr 277, 278; 2006, № 2, maddə 64, № 12, maddə 1006; 2007, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009, № 6, maddə 402; 2010, № 2, maddə 75, № 4, maddə 276; 2011, № 6, maddələr 471, 476, № 7, maddələr 583, 619, № 12, maddələr 1096, 1105) aşağıdakı dəyişikliklər edillmişdir;
1. 34-cü maddənin ikinci cümləsi çıxarılsın.
2. ikinci bölmənin ikinci yarımbölməsi ləğv edilsin. İddia tələbindən görünür ki, cavabdehə qarşı olan hazırki iddia A№ 091526 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və yeni plan və ölçü sənədinin hazırlanmasından ibarətdir. Göründüyü kimi iddiaçı tərəfindən müraciət düzgün edilməmiş, birinci instansiya məhkəməsi tərəfindən isə işin bu halları nəzərə alınmamış, mübahisəyə mülki mühakimə icraatı qaydasında baxaraq, iş üzrə qətnamə çıxarmaqla prosessual pozuntuya yol vermişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş və həmin tarixdən inzibati məhkəmələr fəaliyyətə başlamışdır. Məhkəmə qətnaməsi isə inzibati məhkəmələr yarandıqdan sonra, yəni xx.xx.2011-ci il tarixdə qəbul edilmişdir. Ona görə də, hazırkı işə mülki icraat qaydasında baxılması mümkünsüz olmuşdur. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Azərbaycan Respublikasının İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası bu normaya əsasən hesab edir ki, iddiaçıya A№ 091526 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və yeni plan və ölçü sənədinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq Ərazi İdarəsinə müraciət etməsi, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən (qərarından) yerləşdiyi ərazi üzrə müvafiq İnzibati məhkəməyə müraciət etməli olması izah olunmalıdır. MPM-nin 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 26, 44, 261, 263-264, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 22 avqust 2011-ci il tarixli 2(61)-518/2011 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, A№ 091526 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və yeni plan və ölçü sənədinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq Ərazi İdarəsinə müraciət etməsi, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən (Qərarından) onun yerləşdiyi ərazi üzrə müvafiq İnzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.