Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-91/2025 20.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma; mülkiyyət hüququna qanunsuz müdaxilə Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-1745/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 20 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 08 dekabr 2022-ci il qeydiyyat tarixli **********49 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı, X8, X9, X10, X11, X2 ümumi birgə mülkiyyətinə Bərdə rayonu Çələbilər kəndində 3.5604 ha torpaq sahəsi qeydiyyata alınmışdır.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 16 may 2023-cü il qeydiyyat tarixli **********48 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Çələbilər kəndində yerləşən 4.343 ha torpaq sahəsi Cavabdeh və qeyrilərinin ümumi birgə mülkiyyətindədir;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli 10/768 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 08 dekabr 2022-ci il qeydiyyat tarixli **********49 reyestr nömrəli çıxarış əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Çələbilər kəndində yerləşən 3.5604 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli 16 may 2023-cü il qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Çələbilər kəndində yerləşən 4.343 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilmişdir. Tekuis məlumat bazasına əsasən daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli 16 may 2023-cü il qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu Çələbilər kəndində yerləşən 3,5604 ha torpaq sahəsinin koordinatları ilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli 16 may 2023-cü il tarixli qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu Çələbilər kəndində yerləşən 4,343 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Tekuis məlumat bazasına əsasən daşınmaz Əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli 16 may 2023-cü il qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu Çələbilər ləndində yerləşən 3,5604 ha torpaq sahəsi bütövlüklə Cavabdeh ərəfindən istifadə olunur (rəyə əlavə edilmiş sxematik planla təsdiq edilir).
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu Çələbilər kəndində yerləşən onların mülkiyyətinə verilmiş 3.5604 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması, onların həmin torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Bərdə rayonu Çələbilər kəndində 3,5604 ha torpaq sahəsi ayrılmış, həmin torpağa dair adlarına qeydiyyat nömrəsi ********* qeydiyyat tarixli 08 dekabr 2022-ci il olan çıxarış verilmişdir. Bir neçə illərdir ki, torpaq sahəsi qardaşı X5 tərəfindən istifadə edilir. Yaşayışlarını və güzəranlarını təmin etmək üçün torpaq sahəsindən istifadə etmək istəsələr də, lakin müsbət nəticə olmamışdır.
6. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-1745/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia təmin edilərək, Cavabdeh Bərdə rayonu, Çələbilər kəndində, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 3.56 ha torpaq sahəsindən çıxarılması və İddiaçı həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi; İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 60-cı maddələrinə, habelə Mülki Məcəllənin 152-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 dekabr 1997-ci il tarixli qərarı ilə o, X15, X6, X7 və X1 4,343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin verilməsi JN-52 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Həmçinin Dövlət aktına əsasən Əmlak Məsələri Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,**********48 reyesrr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 4,343 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onların adına sənədləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7saylı Bərdə Ərazi idarəsindən həmin pay torpaq sahəsinə A seriyalı 999173 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi almışlar. 19 dekabr 1977-ci il tarixdən bu günə qədər torpaqdan istifadə edir və torpaq sahəsi onların sahiblik, istifadə və sərəncamındadır. Uzun müddət istifadə etdiyi dövrdə ona qarşı heç bir mübahisə olmamışdır. Hətta xx.xx.2023-cü il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış eyni zamanda torpaq sahəsinin planı və ölçüsü də verilərkən mülkiyyətində olan torpaq sahəsinin ona aid olması qeyd edilmişdir. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə torpaq islahatı zamanı pay torpaq sahəsi verilmiş və onlar həmin pay torpaq sahəsindən istifadə edirlər. Həmin torpaq sahəsi onların torpaq sahəsi ilə qonşu deyil, aralarında başqa torpaq sahələri vardır. Məhkəmə yalnız mütəxəssis rəyinə əsaslanmışdır. Mütəxəssis tərəfindən verilmiş həmin rəy ziddiyyətli və şübhəlidir. Məhkəmə isə buna baxmayaraq ekspertiza təyin etməmişdir. Lakin mütəxəssis rəyini sübut kimi qəbul etmir. Məhkəmə baxışı zamanı izahatı nəzərə alınmamış və sübüt kimi qiymət verilməmişdir. Nə faktiti olaraq iddiaçının torpaq sahəsindən istifadə etmir, nə də mülkiyyəti olan 4,343 hektar pay torpaq sahəsinə tərtib edilmiş A999173 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən torpaq sahəsi İddiaçı torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə mülki işə baxılarkən yerində baxış keçirib, onun hansı torpaq sahəsindən istifadə etdiyini, torpaq sahəsinin plan və ölçüsü sənədindəki koordinatlara əsasən torpaq sahəsinin iddiaçının və ailə üzvlərinin pay torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
18. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
19. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 08 dekabr 2022-ci il qeydiyyat tarixli çıxarış əsasında Bərdə rayonu Çələbilər kəndində 3.5604 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Bundan əlavə, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 16 may 2023-cü il qeydiyyat tarixli çıxarış əsasında Bərdə rayonu Çələbilər kəndində yerləşən 4.343 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
34. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
35. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
36. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.
37. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2025-ci il tarixli 10/768 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Tekuis məlumat bazasına əsasən daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli 16 may 2023-cü il qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu Çələbilər kəndində yerləşən 3,5604 ha torpaq sahəsinin koordinatları ilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********* qeydiyyat nömrəli 16 may 2023-cü il tarixli qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu Çələbilər kəndində yerləşən 4,343 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Tekuis məlumat bazasına əsasən daşınmaz Əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli 16 may 2023-cü il qeydiyyat tarixli **********48 reyestr nömrəli çıxarış əsasında Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Bərdə rayonu Çələbilər ləndində yerləşən 3,5604 ha torpaq sahəsi bütövlüklə Cavabdeh ərəfindən istifadə olunur (rəyə əlavə edilmiş sxematik planla təsdiq edilir).
38. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
39. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahələrindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır. İş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır.
41. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi bütövlükdə (3.5604 ha) cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilir. Bu hal isə, iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.
42. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinin 3.56 ha hissəsindən çıxarılması müəyyən edilmiş, hazırkı alınmış ekspert rəyinə əsasən isə cavabdehin həmin torpaq sahəsindən bütövlükdə (3.5604 ha), yəni birinci instansiya məhkəməsinin müəyyən etdiyi ölçüdən 4 kv.m artıq hissəni də zəbt etdiyi məlum olmuşdur.
43. Kollegiyanın bu məsələ ilə bağlı qənaəti ondan ibarətdir ki, apellyasiya baxışı zamanı alınmış tikinti-texniki ekspertizası rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin cavabdehin çıxarılmalı olduğu (zəbt edilən) torpaq sahəsinin ölçüsü həmin rəyə əsasən dəyişdirilə bilməz. Çünki, iddiaçı hazırkı tələblə məhkəmə müraciət edərək cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən də cavabdehin torpaq sahəsinin 3.56 ha hissəsindən çıxarılması qət edilmişdir. İddiaçı (torpağın mülkiyyətçisi) qətnamədən apellyasiya şikayəti verərək qətnaməni iddianın təmin edilməmiş hissəsində (4 kv.m hissə) mübahisələndirməmişdir. Cavabdeh İddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyinə əsaslanaraq qətnamədən apellyasiya şikayəti vermişdir. Yəni, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsinin (torpağın 3.56 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi) araşdırılması təşkil etmişdir. Başqa sözlə, iddianın təmin edilməyən hissəsi (torpağın 4 kv.m hissəsi) hazırkı apellyasiya baxışının predmetini təşkil etməmişdir. Bu halda apellyasiya baxışının predmeti olmayan məsələ üzrə araşdırma aparılması istisnadır. Məhkəmə kollegiyasının bu mövqeyi dispozitivlik prinsipindən qaynaqlanır.
44. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi isə, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.
45. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
46. MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.
47. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yoxlanılan hissədə iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətinin dəlilləri də birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Bundan əlavə, işdən müəyyən edilir ki, apellyasiya baxışı zamanı aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(021)-1745/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.