Məhkəmə qərarları › İş №2(104)-910/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-910/2023

06.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-910/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 və müstəqil tələb sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anaları X1 və mərhum ataları X2 qanun üzrə vərəsəsi tanınaraq, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0,2680 ha. torpaq sahəsində tikilmiş, mərhum ataları X2 adına olan 104.0 kv.m evin olan anaları və atalarının ümumi birgə əmlakı olması, mübahisəli əmlaka dair Şəmkir rayon 1 saylı notariat kontorunda 16 noyabr 2019-cu il tarixə cavabdeh X3 adına verilmiş 2V-1211 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras əmlak üzərində bərabər paylarla qanun üzrə vərəsə kimi hüququqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə əməl edilməməsi əsası ilə geri qaytarılmışdır. Şəmkir Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar mərhum analarının mərhum atalarının qanun üzrə vərəsəsi tanınmasını, eləcə də mübahisəli əmlakın mərhum atası ilə anasının ümumi birgə əmlakı olmasını tələb etsələr də, iş materiallarından görünür ki, həmin tələblər cavabdehlərə qarşı yönəlməmişdir. Çünki cavabdehlər qeyd olunan tələblərə cavab verməli olan şəxs deyil və həmin tələblərin cavabdehlərə aidiyyəti olması müəyyən edilmir. Həmçinin, iddiaçılar mərhum analarının və atalarının qanun üzrə vərəsəsi tanınmasını tələb etmişlər. Halbuki, vərəsə tanınma qanundan irəli gələn hal olduğundan iddianın həmin hissəsinə məhkəmə qaydasında baxılması əsaslı sayıla bilməz. Şəmkir Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mülk onların ata və anasının birgə nikahdan olduğu zaman tikdikləri ümumi əmlakdır. Vərəsəlik şəhadətnaməsi verilərkən bunlar nəzərə alınmamışdır. İddia qaldırıb ata-anasının ümumi əmlakı olan mülkdən vərəsə kimi paylarını almaq istədikləri halda işə baxan məhkəmədə hakimlər Rəşad Mustafayev iddia ərizəsini iki dəfə, hakim Taleh Musayev də iki dəfə tam əsassız olaraq geri qatarılmışdır. İddianın geri qaytarılmasına dair qərardadlarda ayrı-ayrı məsələlərə toxunulur. Bu bir daha onu sübut edir ki, məhkəmə işi icraata götürüb əsassız olaraq baxmaq istəmirlər. İddianın geri qaytarılmasına dair qərardadda göstərilən məsələlərə tam aydınlıq gətirilmişdir. Qərardadda göstərilir ki, guya tələbdə qoyulan məsələ aydın deyildir. Aydın olmayana aydınlıq gətirərək qeyd edir ki, mülk ümumi əmlakdır. Ona görə də mülkün ikidə bir hissəsi atasının, ikidə bir hissəsi isə anasınındır. Onlar hər iki hissədən miras almaq istəyirlər və mirası qəbul etmişlər. Qərardadda göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur. İddia ərizəsi ilə açıq-aydın məlum olur ki, iddia ərizəsi qanunsuz geri qaytarılmış, bununla da Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur. Buna görə də şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı və həmin qəaradadla bağlı 06 fevral 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tələblərin cavabdehlərə qarşı yönəlmədiyini, çünki cavabdehlərin qeyd olunan tələblərə cavab verməli olan şəxs olmamasını əsas gətirmişdir ki, məhkəmənin qeyd olunan mövqeyi əsasız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin tələbə cavab verməli olmayan şəxs olması iddianın icraata qəbul edilməsini istisna edən hal deyil, iddianın rədd edilməsi üçün əsas olan haldır ki, bu halda məhkəmə araşdımasının predmeti hesab olunur. İş üzrə isə yalnız bir cavabdeh olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçıların mərhum analarının və atalarının qanun üzrə vərəsəsi tanınmasını tələb etdiklərini, vərəsə tanınmanın qanundan irəli gələn hal olduğunu əsas gətirərək iddia ərizəsini geri qaytarmışdır ki, bu zaman birinci instansiya məhkəməsi tələbə formal yanaşmışdır. Belə ki, iddiaçıların tələbi mərhum analarının və atalarının qanun üzrə vərəsəsi qismində miras qalmış əmlak üzərində bərabər paylarla qanun üzrə vərəsəlik hüququqlarının tanınması olmuşdur ki, həmin tələbin mahiyyəti də qanun üzrə vərəsə qismində miras qalmış əmlak üzərində payların müəyyən edilməsi olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələblərində aradan qaldırıla biləcək müəyyən qüsurların olması, iddia ərizəsinin geri qaytarılması üçün əsas hesab oluna bilməz. Hazırkı iddia ərizəsi üzrə iddiaçıların tələbi anlaşılan olmaqla, müəyyən qüsurların məhkəmə icraatı zamanı da aradan qaldırılması, tam olaraq qanunvericiliyin və ya hüququn tələbinə uyğunlaşdırılması mümkündür ki, qanunvericilik də məhz bu baxımdan məhkəməyə və tərəflərə müəyyən prosessual imkanlar vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən isə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmənin ərizəni baxılmamış saxlmaq hüququ da mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan əsaslarla görə iddia ərizəsini geri qaytarması əsassız olmuşdur. Buna görə də şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı və həmin qəaradadla bağlı 06 fevral 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı və həmin qəaradadla bağlı 06 fevral 2023-cü il tarixli, 2(076)-613/2023 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul qəbul məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar