Məhkəmə qərarları › İş №2(104)-910/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-910/2025

10.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-910/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdehlər Cavabdeh1 və digərinə qarşı çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-47/2025 saylı qətnaməsindən iddiaçılar və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n e t d i : İddiaçı1, X5, X4, İddiaçı5 Raşael qızı, X9 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********81-10301 olan çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evi və yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdi. Qeyd edilən çıxarış cavabdehin qanunsuz hərəkətlərini qanuni formaya salmaqla, heç bir əsas olmadan verilmişdi. Qeyd edilən çıxarış ümumi istifadədə olan dalanı da cavabdehin mülkiyyəti kimi göstərmişdir. Belə ki, cavabdeh onun - Əlizadə Təranənin evinin arxasında yerləşən dalanı zəbt etmiş, orada özünə əlavə mətbəx tikdirmişdir. Qeyd edilən ərazinin dalan olması onun evimə məxsus plandan bəlli olur. Qeyd edilən plan Gəncə DTİ və MHQİ-nin rəisi, mühəndisi tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. Əiyev Cavanşir həmin dalanın iki tərəfini “r” hərfi kimi zəbt etmişdir. Hər iki zəbt ediyi hissə onun evinin arxa divarlarıdır. Hazırda o həmin hissəni zəbt etməklə ona ziyan vurur. Onun divarlarına bitişik hamam-tualet və mətbəx tikdirmişdir. ünvan 2 ünvanda yerləşən mülk mərhum X6 məxsus olmuş, Əliyev Nadir 12 avqust 1990-cı ildə vəfat etmiş, hazırda İddiaçı2 həmin evdə yaşayır. Cavabdeh tərəfindən qeyd edilən dalan tutulmaqla İddiaçı2 də mənafeyinə ziyan dəyir. İddiaçı2 və Əlizadə Təranənin evinin arxasında tikilən hamam nəticəsində Rəmziyyənin evi tamamilə ziyan görmüş, uçmaq təhlükəsi ilə qarşı-qarşıyadır. Abdullayev X1 varisidir. X11, həm də Cavabdeh1 16-dalanın, 4 saylı ümumi həyət evində yaşayırlar. Qeyd edilən həyət evi ümumi istifadədə olmaqla, orada bir neçə şəxsin yaşayış evi mövcuddur. Cavabdeh1 qeyd edilən ümumi həyətdə Abdullayevin Faxraddinin yaşayış evinə gedən yolu zəbt etmiş, Faxraddinə həmin evə girib-çıxmaq üçün 70 sm məsafə saxlamışdır. Cavabdeh1 ordakı yolu 2 metr enində zəbt etmişdir. Nəticədə, Abdullayev Faxraddinin evinə təcili tibbi yardım gələndə xərəkdə xəstəni çıxartmaq mümkün deyil, yas mərasimində cəsədi evdən çıxartmaq olmur. Evə bir əşya alanda evə aparmaq mümkün deyil. Hazırda cavabdeh zəbt etdiyi, ümumi istifadədə olmalı olan torpaq sahələrinin hər birini çıxarış qeyd etdirmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-47/2025 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanından kənar istifadəsində olan 10.0 kv.m hissəsi üzərində yerləşən fərdi yaşayış evinin, 8.9 kv.m hissəsi üzərində inşa edilmiş daş hasar tikilisinin sökülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iş üzrə iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 yaşadığı ünvan 4 ünvanda yerləşən yaşayış evi və yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd edilən çıxarış cavabdehin qanunsuz hərəkətlərini qanuni formaya salmaqla, heç bir əsas olmadan verilmişdir. Qeyd edilən çıxarış ümumi istifadədə olan dalanı da cavabdehin mülkiyyəti kimi göstərmişdir. Belə ki, cavabdeh Əlizadə Təranənin evinin arxasında yerləşən dalanı zəbt etmiş, orada özünə əlavə mətbəx tikdirmişdir. Qeyd edilən ərazinin dalan olması Əlizadə Təranənin evinə məxsus plandan bəlli olur. Qeyd edilən plan Gəncə DTİ və MHQİ-nin rəisi, mühəndisi tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. Cavabdeh1 həmin dalanın iki tərəfini “r” hərfi kimi zəbt etmişdir. Hər iki zəbt etdiyi hissə Əlizadə Təranənin evinin arxa divarlarıdır. Hazırda o həmin hissəni zəbt etməklə ona ziyan vurur. Təranənin divarlarına bitişik hamam-tualet və mətbəx tikdirmişdir. ünvan 5 ünvanda yerləşən mülk mərhum X6 məxsus olmuş, Əliyev Nadir 12 avqust 1990- cı ildə vəfat etmiş, hazırda İddiaçı2 həmin evdə yaşayır. Cavabdeh tərəfindən qeyd edilən dalan tutulmaqla İddiaçı2 də mənafeyinə ziyan dəyir. Belə ki, İddiaçı2 və Əlizadə Təranənin evinin arxasında tikilən hamam nəticəsində Rəmziyyənin evi tamamilə ziyan görmüş, uçmaq təhlükəsi ilə qarşıqarşıyadır. Abdullayev X1 varisidir. X11, həm də Cavabdeh1 16-dalanın 4 saylı ümumi həyət evində yaşayırlar. Qeyd edilən həyət evi ümumi istifadədə olmaqla, orada bir neçə şəxsin yaşayış evi mövcuddur. Cavabdeh1 qeyd edilən ümumi həyətdə Abdullayevin Faxraddinin yaşayış evinə gedən yolu zəbt etmiş, Faxraddinə həmin evə girib-çıxmaq üçün 70 sm məsafə saxlamışdır. Cavabdeh1 ordakı yolu 2 metr enində zəbt etmişdir. Nəticədə, Abdullayev Faxraddinin evinə təcili tibbi yardım gələndə xərəkdə xəstəni çıxartmaq mümkün deyil, yas mərasimində cəsədi evdən çıxartmaq olmur. Evə bir əşya alanda evə aparmaq mümkün deyil. Hazırda cavabdeh zəbt etdiyi, ümumi istifadədə olmalı olan torpaq sahələrinin hər birini çıxarışda qeyd etdirmişdir. Məhkəmə cavabdehin bütün qanunsuz tikililərinə qiymət verməmişdir. Belə ki, ekspert rəyi və müətəxəssis rəyindən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 18,90 kvm hissəsindən artıq hissədən istifadə etdiyi müəyyən olunsa da, lakin həmin zəbt olunmuş torpaq sahəsinin üzərində hamamın necə qanuni və əsaslı olmasını əsaslandırmamışdır. Belə ki, cavabdehə məxsus olan texniki pasportun surətindən görünür ki, həmin sahə zəbt edilmiş sahə kimi qeyd edilmişdir, lakin “B” tikili kimi qeyd edilən hamam həmin zəbt edilmiş sahənin üzərində yerləşməsinə baxmayaraq, həmin tikinti “qanuni”dir. Məhkəmə qeyd edilən hamamla bağlı qeydlərin əsassızlığını müəyyən etmək üçün bizin əldə edə bilmədiyimiz arxiv məlumatlarını tələb edə bilərdi. Lakin məhkəmə nəinki cavabdehin mülkiyyətində olan evlə bağlı əvvəlki texniki pasportları tələb etməmiş, eyni zamanda qonşulardan birinə məxsus olan texniki pasportun surətini məhkəməyə təqdim etdikdə bunu qəbul etməkdən də imtina etmişdir. Məhkəmə tərəfindən cavabdehin istifadəsində olan 10 kv.m yaşayış otağının sökülməsi qət edilmişdir. Lakin məhkəmənin qətnaməsində həmin yaşayış otağının texniki pasportda hansı nömrə ilə qeyd edildiyi göstərilməmişdir. Bu da qətnamənin gələcəkdə icrasına maneçilik törədəcəkdir. Onlar hesab etmişlər ki, bu tikili texniki pasportdə 3 nömrə ilə qeyd edilmişdir. Əvvəlki məhkəmə prosesləri zamanı keçirilmiş ekspertizalar nəticəsində mətbəxin - texni ki pasportda 6 saylı tikili olan yaşayış otağının cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə bütün faktiki hallar araşdırmamışdır. Yuxarıda da qeyd etdiyi kimi, cavabdehə verilmiş çıxarış və texniki pasportdakı qeydlərin etibarsızlığına səbəb olan biləcək əvvəlki texniki pasportlara baxış keçirilməmiş, işi arxiv materialları araşdırılmamışdır. Həmin qətnamədən iş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə sökülməsi nəzərdə tutulan 10.0 kv.m üzərində yerləşən tikili ( 19.9 kv.m olan mətbəxin tərkibində) onun tərəfindən 1965-ci ildə, daş hasar isə 2005-ci ildə tikilmişdir. O, ailəsi ilə birgə 1951ci il tarixdən həmin evdə yaşayır. Mübahisəli ərazi yəni mətbəx həmin vaxt tikilib və həmin vaxtdan onların istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsin xx.xx.2025-cü iltarixli 3-21-3-33/2-2684/2025 nömrəli məktubu ilə ona yaşadığı A.Əhmədov küçəsi, 16-cı dalan, 4 nömrəli evin arxiv sənədlərinin surəti təqdim edilmişdir. Həmin sənədlərə əsasən qətnamədə göstərilən A.Əhmədov küçəsi, 16-cı dalan, ev 4 ünvanında istifadəsində olan və 10.0 kv.m üzərində yerləşən fərdi yaşayış evi olan torpaq sahəsi ona məxsusdur. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 1051 saylı xx.xx.1994-cüil tarixli Sərəncamı ilə ona məxsus A.Əhmədov küçəsi, 16-cı dalan, ev 4 ünvanda yerləşən qeyri-qanuni tikililərin qanunlaşması haqqında qərar qəbul olunmuşdur. 8.9 kv.m hissəsi üzərində daş hasar inşa edilmiş torpaq sahəsi isə ümumi istifadə olan torpaq sahəsi olsa da belə, sakinlərə heç bir maneə yaratmır, eyni zamanda iddiaçıların özləri də fərdi yaşayış evlərini hasara almışlar. Lakin iddiaçılar qərəzli şəkildə onun ömür boyu tikdiyi əmlakın bir hissəsinin sökülməsini tələb edir. Qeyd etmək istəmişdir ki, digər qonşular təzə köçdüyü vaxt həmin tikili artıq var idi və evi aldıqları vaxt bu tikilini görüb, razılaşıb alıblar. Evlərə dair mülkiyyət hüquqları qeydə alınan zaman bu tikilinin olması onlara mane olmamışdır. İş üzrə araşdırılma aparılan zaman evin tərkib hissəsi olan mətbəxin digər tikililərə və mülkiyyətçilərə mane yaradıb-yaratmadığı müəyyən edilməmişdir. Bunun üçün əmlaka yerində baxış keçirilməli idi. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı1 verdiyi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlara məxsus torpaqlarda qanunsuz tikililər vardır. Onlara sonradan məlum olmuşdur ki, cavabdehin zəbt etdiyi torpaq sahəsi cavabdehə məxsus deyildir. Cavabdehə məxsus çıxarış saxtadır. Bununla bağlı iş materiallarında rəydə vardır. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı4 verdiyi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehə çıxarış qanunsuz verilmişdir. Yol onların gediş-gəliş yolu olmuşdur. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı5 verdiyi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və verdikləri apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 verdiyi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və verdiyi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evlər bitişik tikilmişdir. Sənəd üzrə 0,216 ha-dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-47/2025 saylı qətnaməsi “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissəsində ləğv olunmalı və iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçılar iddia tələbində Cavabdeh1 adına verilmiş reyestr nömrəsi **********81-10301 olan çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi barədə tələb əslində inzibati orqanla bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPMnin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də, nəzər yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi hissəsi inzibati xarakter daşıyır. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 31.1.4-cü bəndinə əsasən, zərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-47/2025 saylı qətnaməsi qismən ləğv edilməli və iddia tələbinin “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi”nə dair hissəsi üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardadlardan kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-47/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-47/2025 saylı qətnaməsi “çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” hissəsində ləğv olunsun və iddia tələbinin həmin hissəsi üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar