Məhkəmə qərarları › İş №2(104)-913/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-913/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-913/2025 23.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-227/2017 nömrəli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı kredit borcunun qaytarılması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-227/2017 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X4 həmin apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin müddətin bərpa edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(62)-227/2017 qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(62)-227/2017 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra cavabdeh X4 qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilərək mülki iş materiallarının apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ilə, verilmiş şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-2161/2024 nömrəli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2027 nömrəli qərardadının ləğv edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)- 227/2027 nömrəli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işin Tovuz Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ilə, qeyd olunan şikayət geri qaytarılmışdır. Cavabdeh X4 məhkəməyə şikayət ünvanlayaraq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ilə, şikayətin təmin edilməməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(104)-485/2025 nömrəli qərardadı ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(62)-227/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra cavabdeh X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)- 227/2017 nömrəli qətnaməsindən ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təm edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı (hakim Fərid Əliyev) ilə, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-227/2017 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilməsi, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-227/2017 qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh X4 şikayət verərək, qərardadın ləğv edilməsini, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, qətnamə ona rəsmi qaydada təqdim olunmamış yalnız ərizə ilə müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixlərində rəsmi qaydada təqdim olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdəki sənədlərə əsasən Tovuz rayon Məhkəməsinin 2(062)-227/2017 saylı xx.xx.2017-ci İl tarixli qətnaməsinin xx.xx.2017-ci il tarixində ona göndərilmişdir. Halbuki, qanunverici qətnamənim rəsmi qaydada verilməsini dedikdə qətnamənin göndərilməsini deyil onun alınmasını nəzərdə tutmuşdur. Məhkəmə isə buna düzgün qiymət verməmişdir. İş materiallarında onun qətnamənin surətini rəsmi qaydada almağı barədə hər hansı sübut yoxdur. Buna baxmayaraq, məhkəmə qətnamənin rəsmi qaydada çatdırıldığını qeyd edir ki, bu da qanuni və əsaslı deyildir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-227/2017 nömrəli nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Baxılan iş üzrə qətnamənin surətinin cavabdeh X3 rəsmi qaydada verilib-verilməməsi araşdırılarkən müəyyən olunur ki, mülki işin 96-97-ci səhifələrində qətnamənin surətinin cavabdeh X3 göndərilməsi barədə məktub və reyestr vardır. Lakin, həmin qətnamənin cavabdehə çatdırılaraq verilməsi və ya ünvanlanmış poçt zərfinin geri qayıtması barədə iş materiallarında hər hansı sübut yoxdur. Yəni, qətnamənin surəti xx.xx.2017-ci il tarixli məktubla cavabdehə MPM-nin 135.5-ci maddəsində müəyyən olumuş rəsmi qaydada verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasına mübahisələndirmək üçün müəyyən olunmuş müddəti ötürməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, şikayətin təmin olunmaması barədə nəticəyə gəlmişdir ki, bu da düzgün deyildir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkəmənin 18 sentyabr 2017-ci il tarixli qətnaməsinin cavabdeh X3 çatdırılması işin hazırki halları ilə müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Odur ki, cavabdehin dəlilinin həqiqətə uyğun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən tam və ətraflı araşdırılma aparılmalıdır. Bu aspektdən məhkəmə tərəfindən zərurət olduqda bu halların düzgün araşdırılması üçün müvafiq poçt rabitə orqanına müvafiq sorğu verilməklə, həqiqətən də mübahisəli məhkəmə qətnaməsinin cavabdeh Eltəkin Mehtiyevə çatdırılıb-çatdırılmaması, həmçinin sonuncunun icra işindən məlumatının olub-olmaması öyrənilməsi üçün müvafiq icra qurumuna sorğu verilməklə müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, MPM-nin qətnamələr üçün 217.1-ci maddəsində müəyyən etdiyi qanunilik və əsaslılıq tələbi eyni zamanda bütün məhkəmə aktlarına, o cümlədən qərardadlara da şamil olunur. Qanunilik və əsaslılıq məhkəmə aktının xüsusiyyətidir. Məhkəmə aktının qanuniliyi onun qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olmasını ehtiva edir. Əsaslılıq dedikdə isə, məhkəmə aktında baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktların əks etdirilməsi, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsinin onda şərh edilməsi, göstərilən halların işin materiallarına uyğun olması nəzərdə tutulur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxarkən də heç bir əsaslandırma aparmadan şikayəti rədd etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Birinci instansiya məhkəməsinin araşdırması yarımçıq, formal xarakter daşımaqla yetərincə əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ləğv edilməli, mülki iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-227/2017 nömrəli qərardadı ləğv edilsin. Mülki iş materialları cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar