Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-918/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, xüsusi iş rejimi ilə bağlı işlədiyi günlərə görə əmək haqqı və ödənilməmiş ezamiyyə xərclərin verilməsi tələbinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(015)-172/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, müraciətlərinə baxılmamasına hüquqi qiymət verilməsi, 07 iyul 2020-ci il tarixli **********0 nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə uyğun işə bərpa olunması, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, xüsusi iş rejimi ilə bağlı işlədiyi qeyri iş günlərə görə əmək haqqı və ezamiyyə xərclərin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(015)-172/2023 nömrəli (hakim N.Abbasov) qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və X1rşı 07 iyul 2020-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi, xüsusi iş rejimi ilə bağlı işlədiyi iş günlərinə görə əmək haqqının və ödənilməmiş ezamiyyə xərclərinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş; İddiaçı aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(015)-172/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 04 nömrəli Qərarının 2 bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1. bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmçinin həmin Qərarın 12 bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın 15.4. bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşə əlavə olunmuş 07 iyul 2020-ci il tarixli **********0 nömrəli əmrin surətindən görünür ki, İddiaçı dövlət qulluqçusu olmuş və onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1 maddəsi ilə xitam verilmişdir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən xitam verilməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(015)-172/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400 və 402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(015)-172/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-918/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-918/2023
06.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver