Məhkəmə qərarları › İş №2(104)-92/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-92/2025

11.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-92/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən çıxarılma və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(066)-30/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 11 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 10/9005 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********36 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.08 ha torpaq sahəsinin A-440408 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar, elektron kadastr məlumat bazasındakı koordinatlarla eynidir. Həmin koordinatlar əsasında sözügedən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********79 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində Cavabdeh mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.12 ha torpaq sahəsinin B-015518 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar, elektron kadastr məlumat bazasındakı koordinatlarla eynidir. Həmin koordinatlar əsasında sözügedən torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən edilmişdir; xx.xx.2019cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********36 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.08 ha torpaq sahəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********79 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində Cavabdeh mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.12 ha torpaq sahəsi, həmin torpaq sahələrinin plan və ölçü sənədlərindəki koordinatlara istinadən 2.58 kv.m hissədə üst-üstə düşür; Cavabdeh xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********36 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.08 ha torpaq sahəsindən, eləcə də xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********79 reyestr nömrəli çıxarışa əsasən öz mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmir; İddiaçı naturada təqdim etdiyi faktiki istifadə sahəsinin 0.0541 ha hissəsi xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********79 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0.0541 ha hissəsi üst-üstə düşür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayon Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən sökülmüş çəpərin, dəmir qapının cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və ona məxsus torpaq sahəsindən çıxarılmış yük avtomobilinin cavabdehin vəsaiti hesabına əvvəlki yerinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Cavabdeh da İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh İddiaçı zəbt etdiyi və ona məxsus olan Göygöl rayonu Aşıqlı kəndindəki 0.12 ha torpaq sahəsindən qeyd şərtsiz boşaldıb özünə qaytarmasını və ona vurduğu mənəvi zərərə görə 2000 (iki min) manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh İddiaçı qanunsuz olaraq zəbt etdiyi ona məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsindən çıxarılması, İddiaçı ona vurmuş olduğu 2000 manat mənəvi zərərin və Daşınmaz əmlaka rəy verilməsi üçün ödənilən 150 manat pulun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl rayonu Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi dəmir torlarla hasarlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsini digər torpaq sahələrindən ayıran dəmir çəpəri özbaşına sökmüş, orada qoyulmuş dəmir qapını qıraraq torpaq sahəsinin üzərində təmirə dayanmış yük maşınını ona məxsus torpaq sahəsindən çıxartmış və torpaq sahəsini zəbt etmişdir. Cavabdeh ilə mübahisənin məhkəmədənkənar həlli ilə bağlı uzun müddətli söhbət aparılmasına baxmayaraq onun torpaq sahəsindən çıxarılmasına və torpaq sahəsinin boşaldılmasına nail ola bilməmişlər. İddiaçı tərəfindən cavabdehə torpaq sahəsindən mübahisəsiz çıxması təklif olunsa da, cavabdeh torpaq sahəsinin guya ona məxsus olduğunu bildirmiş, ondan qısa zaman ərzində xüsusi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən çıxmasını tələb etmiş, əks halda iddiaçını və ailə üzvlərini öldürməklə hədələmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin yuxarıda qeyd etdiyi hüquqazidd hərəkətləri ilə bağlı özü hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Araşdırmanın nəticəsi ilə bağlı yekun qərar ala bilməmişdir. Beləliklə mülki işin faktiki halları və iddia ərizəsinə əlavə olunmuş sübutlarla təsdiq olunur ki, Göygöl rayonu Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin, həmin torpaq sahəsini cavabdeh qeyriqanuni olaraq zəbt etmişdir. Həmin torpaq sahəsi hal-hazırda cavabdehin qanunsuz sahibliyindədir. Bununla da cavabdeh həmin torpaq sahəsi üzərində onun mülkiyyət, istifadə və sərəncam vermək hüquqlarını pozur. Mülki qanunvericiliyin yuxarıda qeyd etdiyi normaların tələblərindən də görünür ki, cavabdehin hərəkətləri mülki qanunvericiliyin normalarının tələblərinə ziddir.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt etməmiş və ona qarşı hər hansısa mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Göygöl rayonu Aşıqlı kəndində özünə məxsus 12 ha torpaq sahəsi mövcuddur və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarış və B№015518 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Cavabdeh İddiaçı özü ona məxsus torpaq sahəsini zəbt edərək torpaq sahəsini özbaşına mərzləmişdir (çəpərləmişdir). Bundan başqa onu da bildirir ki, bir neçə il bundan əvvəl cavabdeh İddiaçı qonşuluq münasibəti xatirinə öz torpağından eni 3 metr uzunluğu 50 metr olmaqla torpaq sahəsi vermiş ki, evinin qarşısından sərbəst şəkildə hərəkət edə bilsin. Lakin cavadeh qonşuluq münasibətlərini gözləməyərək əksinə özü onun torpağını zəbt etmiş, həmin torpağı özbaşına çəpərləmiş, zəbt etdiyi torpaq sahəsinə arı yeşikləri qoymuş və torpaq sahəsinin giriş-çıxış yolunu qəsdən bağlamaq məqsədi ilə istifadəyə yaramayan, yəni istifadə müddəti ötmüş yük avtomobilini torpaq sahəsinin girişinə yerləşdirmişdir. O, özünə məxsus olan torpaq sahəsində ev tikmək üçün aldığı mişar daşlarını boşaltmaq üçün həmin əraziyə gəldikdə İddiaçı onun torpağını zəbt etdiyinin və zəbt edilmiş əraziyə arı yeşiklərinin qoyulduğunu, eyni zamanda da istifadə müddəti ötmüş yararsız QAZ-53 markalı avtomobilin torpağın giriş-çıxış zolağında yerləşdirildiyini görmüşdür. Bu barədə o, Könülün atası Rafaelə bildirdikdə o, bunların aradan qaldırılacağını demiş və Rəfaelin özü, torpaq sahəsini aldığı Rauf Əliyevin, Könülün xalası oğlu Qəzənfərin, Aşıqlı kənd bələdiyyəsi Nemət müəllimin iştirakları ilə Könülün özbaşına zəbt etdiyi və çəpərlədiyi ərazini Rəfaelin göstərişi ilə Rauf Əliyev açmış və avtomobilin də kənara çəkilməsini təmin etmişdir. Bundan sonra cavabdeh İddiaçı DİN-nin 102 çağrı mərkəzinə ondan şikayət etmiş və ozü də əksinə onun qanunsuz olaraq torpağını zəbt etməsi barədə müraciət etmişdir. Göygöl RPŞ-də bu barədə araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh İddiaçı onun torpağını zəbt etdiyi halda ona qarşı əsassız iddia qaldırmasından sonra səhhətində ciddi problemlər yaranmışdır. Əsəb və stress keçirmiş, nəticə etibarı ilə onun bu qanunsuz hərəkətlərinə görə ona mənəvi zərər dəymişdir.

9. Göygöl Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(066)-30/2024 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı xüsusi mülkiyyət hüququ ilə ona məxsus Göygöl rayon Aşıqlı kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi, cavabdeh tərəfindən sökülmüş çəpərin, dəmir qapının cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmış yük avtomobilinin cavabdehin vəsaiti hesabına əvvəlki yerinə qaytarılmasına dair ilkin iddiasının təmin edilməməsi; Qarşılıqlı iddianın qismən təmin edilməsi; Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılması; Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən 285 manat məbləğində vurulmuş mənəvi zərər və həmçinin Daşınmaz əmlaka rəy verilməsi üçün ödənilən 150 manat tutulub Cavabdeh verilməsi; Qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin qanuni olaraq sahibidir və qanuni olaraq da həmin torpaqdan istifadə edir. Məhkəmənin qətnaməsi onun bu hüququnu da pozur. Məhkəmədə vəsatət verərək təkrar ekspertiza təyin edilərək onun faktiki istifadəsində nə qədər torpaq sahəsinin olması, həmçinin yerli baxış keçirilməsini xahiş etsə də, məhkəmə tələm-tələsik yekun məhkəmə aktı çıxarmaqla, nəyinki hüquqlarının qorunması, əksinə hüquqlarının pozulması barədə qətnamə çıxartmışdır. Hər kəsin mülkiyyət hüququ vardır. Mülki iş materialları ilə müəyyən edilir ki, onun də mülkiyyətində qanuni və əsaslı olaraq 0.08 ha torpaq sahəsi var və həmin torpaq sahəsini qanuni olaraq əldə etmiş və orada yaşayış evi tikmişdir. Bu gündə faktiki istifadəsində 0.08 ha torpaq sahəsi var. Qətnamənin əsaslandırıcı hissəsindən göründüyü kimi məhkəmə ilkin iddianın rədd edilməsinə və qarşılıqlı iddianın təmin edilməsinə əsas kimi mütəxəssis rəyini əsas gətirmişdir ki, bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında təkrar ekspertiza keçirilməsini xahiş etmiş, lakin ümumiyyətlə vəsatətinə hüquqi qiymət verilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, verilmiş ekspertiza rəyi ilə razı deyillər. Çünki, mütəxəssis rəyi olduğu kimi ekspert rəyinə köçürülüb. Əslində, mütəxəssis rəyi ilə razı deyillər. Mütəxəssis tərəfindən qərardadda qoyulmuş suallara cavab verilməmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş plandan görünür ki, ilkin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə torpaqla mülkiyyətində olan torpaq sahəsi göstərilməmişdir. İddiaçının adına olan çıxarışda qeyd edilmiş torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsi eynidir. Çıxarışlarla verilmiş yerlər 4 sm üst-üstə düşür. Lakin, ilkin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin nə qədər olduğu barədə dəqiq məlumatı yoxdur. İlkin iddiaçıya verilmiş torpaq sahəsi naturada müəyyən olunub və göstərilib. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ekspertiza rəyi ilə razı deyillər. 2 dəfə torpağa baxış keçirilsə də, cavabdeh tərəf baxışda iştirak etməyib, dəfələrlə cavabdehlə əlaqə saxlanılsa da, lakin o, ekspertiza tədqiqatında iştirak etməmişdir. Araşdırma düzgün aparılmamışdır. Cavabdehin saxta sənədi əsasında onun həqiqi sənədi (reyestr) şübhə altına alınır. Necə ola bilər ki, 2019-cu ildə aldığı torpağı 2023-cü ildə zəbt etsin. Sədrlik edənin suallarına cavab olaraq ilkin İddiaçı bildirmişdir ki, ona məxsus torpaq sahəsi dəmir çəpərə alınmışdır. Həmin çəpərin içərisində yük maşını olmuşdur. Cavabdehin oğlu çəpərin bir hissəsini söküb, maşını da oradan çıxarıb başqa yerə qoyub. Dəmir qapı da çəpərin içərisində olmuşdur, yəni 5.41 ha hissədə. Ev qapısı idi, sökülüb ora qoyulmuşdu. Onlar çəpəri sökməyiblər, Qalib, onun oğlu və Rauf söküb çəpəri. İlkin iddia üzrə İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ekspert rəyi ilə qismən razılaşır. Çünki, iddiaçı tərəfindən mütəxəssislərə hər dəfə başqa torpaq sahələri göstərilmişdir. Bununla belə, torpaq sahələrinin koordinatlarından müəyyən olunur ki, hər iki mütəxəssis rəyi üst-üstə düşür. Əslində, zəbt olunmuş torpağın çəkilişi də onda var. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, əslində cavabdeh qarşılıqlı iddiaçıya məxsus 0.08 ha torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən mütəxəssis birinci instansiya məhkəməsində icraat zamanı belə rəy vermişdir. Apellyasiya baxışı zamanı isə iddiaçı mütəxəssisə daha az torpaq sahəsini göstərmişdir. Ona görə də mütəxəssis rəyləri arasında ziddiyyət yaranmışdır. Mənəvi zərərlə bağlı tələbə münasibət bildirə bilmir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, işə əlavə edilmiş 1-ci plandan da çıxarışların 4 sm hissədə bir-birinin üzərinə düşdüyü görünür. Sədrlik edən sualların olub-olmadığını soruşur. Cavabdeh məxsus torpaq sahəsinin 0.541 ha hissəsi faktiki İddiaçı istifadəsindədir. Torpaqların üst-üstə düşdüyü 2.58 kv.m həmin (zəbt edilən) yerlə üst-üstə düşmür. Cavabdeh torpaq sahəsinə baxışda iştirak etməyib, sadəcə idarədə bildirmişdir ki, ümumiyyətlə o torpaqdan istifadə etmir. Mütəxəssis rəylərinin fərqli olmasının səbəbi İddiaçı hər dəfə onlara fərqli torpaq sahəsi göstərməsi olmuşdur. Onlara hansı torpaq sahəsi göstərilmişdirsə, oraya baxış keçirmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin vahid elektron bazası vardır və koordinatlarda uyğunsuzluq yoxdur. Hazırkı işdə verilmiş rəylər arasındakı uyğunsuzluq iddiaçının fərqli torpaqları görtərməsinə görə yaranmışdır. Torpaq sahələrinin baza məlumatları eyni olduğundan koordinatlarda səhv ola bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 31 Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

33. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmişdir. Qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir, yalnız ilkin iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə ilkin iddiaya aid hissədə, habelə qarşılıqlı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılması; Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən 285 manat məbləğində vurulmuş mənəvi zərər tutulub Cavabdeh verilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsindən çıxarılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsi vardır. Həmçinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hər iki torpaq sahəsi bir-birinə qonşu torpaqlardır. İddiaçı ona məxsus 0,08 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh da torpaq sahəsindən çıxarılma və mənəvi zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə qarşılıqlı iddia ərizəsi vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmişdir. Bu qətnamənin 33-cü bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə, habelə qarşılıqlı iddianın təmin edilmiş hissəsində yoxlanılır.

36. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

38. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

39. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

40. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, apellyasiya instansiyasında icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli 10/9005 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Göygöl rayonu Aşıqlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.08 ha torpaq sahəsinin A-440408 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar, elektron kadastr məlumat bazasındakı koordinatlarla eynidir. Eyni zamanda, Göygöl rayonu Aşıqlı kəndi ərazisində Cavabdeh mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.12 ha torpaq sahəsinin B-015518 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlar, elektron kadastr məlumat bazasındakı koordinatlarla eynidir. Cavabdeh xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********36 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu Aşıqlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.08 ha torpaq sahəsindən istifadə etmir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadə sahəsinin 0.0541 ha hissəsi xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli **********79 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 0.0541 ha hissəsi üst-üstə düşür.

41. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

42. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

43. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilmişdir. Bundan əlavə, iş üzrə tərəflər rəyin qeyri-obyektivliyi barədə formal arqumentlər irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişlər.

44. Beləliklə, iş üzrə alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ilkin İddiaçı məxsus 0.08 ha torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilmir. Bundan əlavə, qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi faktiki olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən istifadə edilir.

45. Bununla yanaşı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Göygöl rayonu Aşıqlı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.12 ha torpaq sahəsi, həmin torpaq sahələrinin plan və ölçü sənədlərindəki koordinatlara istinadən 2.58 kv.m hissədə üst-üstə düşür.

46. Mülki Prosessual Məcəllənin 64.1-ci maddəsinə görə, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

47. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş ekspert rəyində tərəflərin mülkiyyətində olan torpaq sahələrinin 2.58 kv.m hissədə üst-üstə düşdüyü göstərilmiş olsa da, lakin bunun torpaq sahəsinin hansı hissəsində olduğu rəydə qeyd olunmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı verilmiş mütəxəssis rəyində qarşılıqlı iddiaçıya məxsus torpaq sahəsinin 0.08 ha hissəsinin cavabdeh İddiaçı faktiki istifadəsində olduğu qeyd edildiyi halda, apellyasiya baxışı zamanı alınmış mütəxəssis rəyində həmin torpağın 0.0541 ha hissəsinin faktiki olaraq İddiaçı tərəfindən istifadə edildiyi göstərilmişdir.

48. Ona görə də məhkəmə kollegiyasının təşəbbüsü ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi Elmar Aslanov məhkəmə iclasına dəvət edilmiş və rəydə olan natamam məlumatların aydınlaşdırılması məqsədilə adı qeyd olunan mütəxəssisin fikirləri öyrənilmişdir. Çünki, iş üzrə verilmiş ekspert rəyi də X3un verdiyi rəy əsasında tərtib edilmişdir.

49. X2 verilən suallara cavab olaraq bildirmişdir ki, işə əlavə edilmiş 1-ci plandan da çıxarışların 4 sm hissədə bir-birinin üzərinə düşdüyü görünür. Sədrlik edən sualların olubolmadığını soruşur. Cavabdeh məxsus torpaq sahəsinin 0.541 ha hissəsi faktiki İddiaçı istifadəsindədir. Torpaqların üst-üstə düşdüyü 2.58 kv.m həmin zəbt edilən ərazi ilə üstüstə düşmür. Cavabdeh torpaq sahəsinə baxışda iştirak etməyib, sadəcə idarədə bildirmişdir ki, ümumiyyətlə o torpaqdan istifadə etmir. Mütəxəssis rəylərinin fərqli olmasının səbəbi İddiaçı hər dəfə onlara fərqli torpaq sahəsi göstərməsi olmuşdur. Onlara hansı torpaq sahəsi göstərilmişdirsə, oraya baxış keçirmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin vahid elektron bazası vardır və koordinatlarda uyğunsuzluq yoxdur. Hazırkı işdə verilmiş rəylər arasındakı uyğunsuzluq iddiaçının fərqli torpaqları görtərməsinə görə yaranmışdır. Torpaq sahələrinin baza məlumatları eyni olduğundan koordinatlarda səhv ola bilməz.

50. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi və X3un izahatının əlaqəli tədqiqi ilə müəyyən olunmuşdur ki, qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi faktiki olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən istifadə edilir. Tərəflərə məxsus torpaqların üst-üstə düşdüyü 2.58 kv.m hissə də İddiaçı trəfindən zəbt edilmiş 0.0541 ha hissəyə daxil deyildir. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı və apellyasiya baxışı zamanı verilmiş rəylərin fərqli olmasının səbəbi mütəxəssisə göstərilmiş torpaq sahələrinin ayrı-ayrı ərazilər olması səbəbindən baş vermişdir. Lakin, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatında torpaq sahələrinin yeri naturada və baza məlumatları əsasında müəyyən edildiyindən, o cümlədən torpaqların yerləşmə yeri ilə baza məlumatları üst-üstə düşdüyündən həmin rəyin obyektivliyinə hər hansı şübhə olmamışdır.

51. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, qarşılıqlı iddiaçı Cavabdeh məxsus Göygöl rayonu Aşıqlı kəndi ərazisindəki 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsi hər hansı hüquqi əsas olmadan cavabdeh İddiaçı tərəfindən istifadə edilir. Bu isə torpağın mülkiyyətçisi Cavabdeh qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdıran haldır. Ona görə də cavabdeh K.Eyvazova qarşılıqlı iddiaçı Cavabdeh məxsus 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsindən çıxarılmalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdeh İddiaçı torpaq sahəsinin 0.08 ha hissəsindən çıxarılması qənaətinə gəlmişdir. Bununla belə, apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə ilkin İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, ilkin İddiaçı Cavabdeh ona məxsus torpaq sahəsini digər torpaq sahələrindən ayıran dəmir çəpəri özbaşına sökdüyünü, orada qoyulmuş dəmir qapını qıraraq torpaq sahəsinin üzərində təmirə dayanmış yük maşınını torpaq sahəsindən çıxartdığını iddia etsə də, lakin bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə ilkin iddiaçı tərəfindən də məhkəməyə bu barədə sübut təqdim edilməmişdir. Əksinə, işin halları əsasında müəyyıən edilmişdir ki, ilkin İddiaçı Cavabdeh məxsus torpaq sahəsinin 0.0541 ha hissəsini zəbt etmişdir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddianı təmin etməmişdir.

52. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia həmin hissədə əsassızdır. Çünki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı mənəvi zərərin əvəzini tələb etsə də, lakin iddiaçının fiziki və mənəvi sarsıntılar keçirtməsi, bunların cavabdehin hər hansısa qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət (varsa) və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması halları müəyyən olunmur. Eləcə də qarşılıqlı iddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, qarşılıqlı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinin təmin edilməsi üçün hər hansı qanuni əsas olmadığı halda, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia təmin edilməməlidir.

53. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 500 manat ilkin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2(066)-30/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində, yəni «Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus olan Göygöl rayonu Aşıqlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,08 ha hissəsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılması; Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən 285 manat məbləğində vurulmuş mənəvi zərər tutulub Cavabdeh verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Göygöl rayonu Aşıqlı kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0.12 ha torpaq sahəsinin 0.0541 ha hissəsindən çıxarılsın Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar