Məhkəmə qərarları › İş №2(104)-920/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-920/2025

06.05.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-920/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X22 iştirakı ilə, İddiaçı maraqlı şəxs Ağstafa rayon notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə ərizəsinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-900/2022 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı maraqlı şəxs Ağstafa rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X31 ilə X37, X8, X15, X38, X23, X16, X9, X10, X5, X44, X32, X24, X17, İzzətov Afraim, Ayvazova Şəfika, X11, X33, X6, X12, X13, X34, X25, X18, X3 və X7 arasında 26 dekabr 2003-cü il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X2 rayon Eynallı kənd sakinlərindən torpaq sahələri almışdır. Həmin torpaq sahələrinin anası X1 barədə həmin şəxslərlə anası arasında 26 dekabr 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. X4 vəfat etmişdir. Həmin torpaq sahələrini onlar öz adlarına sənədləşdirə bilmirlər. Məcbur olub məhkəmə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-900/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, mərhum X31 ilə X37, X8, X15, X38, X23, X16, X9, X10, X5, X44, X32, X24, X17, İzzətov Afraim, Ayvazova Şəfika, X11, X33, X6, X12, X13, X34, X25, X18, X3 və X7 arasında 26 dekabr 2003-cü il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin bağlanmış sayılması qət edilmişdir. İddiaçı 15 fevral 2023-cü il tarixdə vəfat etmişdir. Qətnamədən narazı qalan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ərizəçi mübahisəli torpaq sahələrini anası X1 barədə həmin şəxslərlə anası arasında 26 dekabr 2003-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, ərizəçinin anası vəfat etdiyinə görə həmin torpaq sahələrini alıcının adına rəsmiləşdirə bilmədiklərini qeyd etsə də, lakin müqavilə mülki qanunvericiliklə nəzərdə tutulmuş formada bağlanmış olmalıdır. O cümlədən, daşınmaz əmlak dövlət reyestrində qeydə alındıqdan sonra onun barəsində sərəncam verilə və əmlak alqı-satqı münasibətlərinin obyekti ola bilər. Məhkəmə həmçinin nəzərə almamışdır ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Eyni zamanda, ərizəçi ərizəsində alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsini xahiş etsə də, lakin nə ərizədən, nə də məhkəmə qətnaməsindən torpaq sahələrinin harada yerləşdiyini müəyyən etmək mümkün deyildir. Həmçinin baza məlumatlarında da əmlak və alqı-satqı müqavilələri barədə məlumat yoxdur. Apellyasiya baxışı zamanı mərhum İddiaçı oğlu İltifat Əliyev onun prosessual hüquq varisi qismində işə cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquq varisi X45 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 26 dekabr 2003-cü il tarixli alqı-satqı müqavilələrindən görünür ki, X31 ilə X37, X8, X15, X38, X26, X16, X9, X10, X5, X44, X32, X24, X20, İzzətov Afraim, Ayvazova Şəfika, X11, X33, X6, X12, X14, X34, X25, X18, X3 və X7 arasında torpaq sahələrinin alq-satqısı ilə bağlı müqavilə bağlanmışdır (müqavilələr notariat qaydada təsdiq edilmişdir) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. MPM-nin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu kontekstdə hüquqi dəyərləndirmə aparıldıqda müəyyən olunur ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılması üçün qanuni əsaslar mövcud deyildir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin redaksiyadan çıxarılmış 335.2-ci maddəsində deyilirdi ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar müəyyən edilməlidir. -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı, - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı işdən müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərək 26 dekabr 2003cü il tarixli alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Lakin, həmin müqavilələrə istinad edildikdə müəyyən olunur ki, sözü gedən müqavilələr (əqd) onun iştirakçıları tərəfindən imzalanmış və notariat ofisinin möhürü ilə müvafiq qaydada təsdiq edilmişdir. Kollegiya qeyd edir ki, bağlanmış hesab edilməsi tələb olunan alqı-satqı müqavilələləri notarial qaydada təsdiq olunduğundan və hazırda qanuni qüvvəsini itirmədiyindən həmin tələbə məhkəmədə baxılması yolverilməzdir. Nəzərə alınmalıdır ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-nin 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə qaydasında baxıla bilməsinin müəyyən edilməsidir. MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi işin bu mərhələsində ərizəyə məhkəmə qaydasında baxılmalı olmamasını müəyyən etməmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. MPM-nin 261.0.1-ci maddəsində göstərilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. MPM-nin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-nin 261.0.1, 263-264, 384, 402.2 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(015)-900/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar