Məhkəmə qərarları › İş №2(104)-923/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-923/2023

07.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-923/2023 07.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ərizəçi İddiaçı nümayəndəsi X4 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Əliyeva Kəmalə Valeh qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı şəxslər Maraqlı şəxs1nə və Bərdə “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1948-ci ildə Bərdə şəhərində doğulmuş X1 onun bacı olmasına dair qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhərində yaşayır, onun bacısı X5 20 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Bacısı vəfat etdikdən sonra ondan miras qalmış əmlakı qəbul etmək üçün “Asan-Xidmət” Mərkəzinə getmiş, sənədləşdirmə işləri aparılan zaman ondan bacısının doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Bacısının doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Bundan sonra “ASAN Xidmət” Mərkəzi tərəfindən ondan X1 onun bacısı olmasına dair qohumluq faktını təsdiq edən sənəd tələb etmişlər. Odur ki, xx.xx.1948-ci ildə Bərdə şəhərində anadan olmuş X1 onun bacısı olmasına dair qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1594/2020 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) ərizənin təmin edilməsi, 28 may 1948-ci ildə anadan olmuş X1 İddiaçı bacısı olması faktının müəyyən edillməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-1594/2020 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Əliyeva Kəmalə Valeh qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Əliyeva Kəmalə Valeh qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflərin və maraqlı şəxsin qohumu olan X5 xx.xx.2019-cu ildə vəfat etmiş, Enfiranın ölümü ilə onun Bakı şəhərində yerləşən əmlakına miras açılmışdır. Enfira ailəli olmamış, valideynləri ondan əvvəl vəfat etdiyindən birinci dərəcəli vərəsəsi qalmamışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixl,i 2(043)-2384/2019 saylı qətnaməsi ilə o mərhum X1 qardaşı qızı olması faktı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı şəhər notariat kontorunda xx.xx.2019-cu il tarixli vərəsəlik açılmışdır. Budan xeyli əvvəl isə xx.xx.2019-cu il tarixdə hazırki iş üzrə İddiaçı X13 Xidmət Mərkəzinin notariat ofisinə mərhumun qardaşı qismində vərəsəlik işi açılması üçün müraciət etmişdir. Lakin İddiaçı mərhum X1 qardaşı olmasını təsdiq edən sənədlər olmadığına görə xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işinə xitam verilmişdir. Bundan sonra özünü Enfiranın bacısı kimi iddia edən, X2 məhkəmədə notariusdan vərəsəliyinə xitam verilmiş İddiaçı qarşı “cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması və qohumluq faktının təsdiq edilməsi” barədə qondarama iddia qaldırmışdır. Bərdə Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə 2(021)-825/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxs Əliyeva Kəmalə Valeh qızı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilərək, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilmişdir. Ali Məhkmənin xx.xx.2021-ci il tarixli 2(102)-2623/2021 saylı qərarı ilə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2019cu il tarixdə yeni vərəsəlik işinə xitam verildikdən altı ay sonra, Bərdə Rayon Məhkəməsinə müraciət edərək X3 onun bacısı olması faktının təsdiq olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəçinin öz xahişi ilə iş baxılmamış saxlanılmışdır. Bundan 8 ay sonra o, yenidən iddia qaldırmış, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun ərizəsi təmin edilmiş, Hümbətov Enfiranın onun bacısı olması faktı təsdiq edilmişdir. Bundan iki il keçdikdən sonra X10 Rayon Məhkəməsində ona qarşı Enfiranın miras əmlakından pay iddiası qaldırmışdır. Binəqədi Rayon Məhkəməsindən bildiriş aldıqdan sonra hazırki qətnamədən xəbər tutmuşdur. Bundan sonra o, qətnaməni rəsmi alaraq apellyasiya qaydasında mübahisələndirmək məcburiyyətində qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(104)-1525/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən narazı qalan Əliyeva Kəmalə Valeh qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-60/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2(104)-1525/2022 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə birldirmişdir ki, hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində İddiaçı cavavbdehlər Əliyeva Kəmalə Valeh qızına və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “vərəsəlik mübahisəsi” tələbinə dair mülki iş vardır. Həmin mülki işin icraatı isə hazırki işin qanuni qüvvəyə minməsinədək dayandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada Əliyeva Kəmalə Valeh qızına, maraqlı şəxslər Maraqlı şəxs1nə və Bərdə “ASAN Xidmət” Mərkəzi notariat ofisinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlilərini və materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)- 1594/2020 saylı qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Mülki prosessual qanunvericiliyin tələbindən göründüyü kimi xüsusi icraat qaydasında baxılan işlərdə tərəflər arasında mübahisə olmur. Bu səbəbdən xüsusi icraat qaydasında baxılan işlərdə cavabdehə qarşı iddia tələbi irəli sürülmür, yalnız maraqlı şəxslərin iştirakı ilə ərizəçinin mübahisə olunmayan məsələlərə dair xahişinə baxır. Əgər xüsusi icraat qaydasında işə baxılarkən hüquq haqqında mübahisə müəyyən edilərsə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Hazırki işin hallarından isə görünür ki, ərizəçi vərəsəlik qaydasında Enfira Hümbətovadan miras qalmış əmlakdan pay almaq məqsədilə hazırkı iddianı qaldırmış, eyni zamanda cavabdehlər Əliyeva Kəmalə Valeh qızına və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1076/2022 saylı qərardadı ilə həmin mülki işin icraatı hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə minənədək dayandırılmışdır. Beləliklə, tərəflər arasında Enfira Hümbətovadan miras qalmış əmlakla bağlı vərəsəlik mübahisəsi olmaqla yanaşı, hazırkı iş üzrə müəyyən olunması tələb olunan fakt da mirasın qəbul edilməsi ilə bağlı mübahisədən yaranmış hesab olunur. Həmçinin, Əliyeva Kəmalə Valeh qızı məhkəmənin istinad etdiyi sübutıarın mötəbər olmasını iddia etmişdir ki, bununla da məhkəməyə aid hüquq haqqında mübahisənin olması müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(021)-1594/2020 saylı qətnaməsindən maraqlı şəxs Əliyeva Kəmalə Valeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi ləğv edilərək ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə kollegiyası ərizəçiyə izah edir ki, ümumi əsaslarla iddia icraatı qaydasında hazırkı tələblə məhkəməyə müraicət etmək hüququna malikdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunduğu kimi hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında hazırkı iş üzrə ərizəçinin Əliyeva Kəmalə Valeh qızına və Bakı şəhəri 11 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və s.” tələbinə dair mülki iş vardır ki, ərizəçi həmin iş üzrə iddia həcmini artırmaqla, hazırkı tələbini həmin iş üzrə də irəli sürmək hüququna malikdir. Azərnbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1 və 387.2.8-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Əliyeva Kəmalə Valeh qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2(021)-1594/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarılsın. Ərizə baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar