Məhkəmə qərarları › İş №2(104)-93/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-93/2024

26.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-93/2024 26.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(066)-06/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarış və 05 avqust 2010-cu il tarixli AA seriyalı 006631 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətlərindən görünür ki, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2023-cü il tarixli, 10/8299 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, cavabdeh tərəf ekspertiza baxışında iştirak etmədiyindən, aparılan araşdırma iddiaçının vəkili olaraq özünü təqdim edən, X1 mübahisələndirdiyi torpaq sahəsinə istinadən aparılmışdır. İddiaçının vəkili olaraq özünü təqdim edən, X1 mübahisələndirdiyi torpaq sahəsi, faktiki olaraq daş hasarla hasarlanmışdır. Daş hasarla hasarlanmış torpaq sahəsinə giriş qapı isə bağlı olduğundan, torpaq sahəsinə keçmək mümkün olmamışdır. Cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən, daş hasarla hasarlanmış mübahisələndirilən sahənin kimin faktiki istifadəsində olduğunu müyyən etmək mümkün deyildir. Araşdırma nəticəsində, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 avqust 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,10 ha (1000.0 kv.m) həyətyanı torpaq sahəsinin 920,0 kv.m hissəsi, iddiaçının vəkili olaraq özünü təqdim edən, X1 mübahisələndirdiyi, daş hasarla hasarlanmış torpaq sahəsində yerləşir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin hasarlanmış torpaq sahəsində yerləşir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 80,0 kv.m hissəsi isə mübahisəli torpaq sahəsində deyil, ərazidə mövcud olan yol ilə üst-üstə düşür. Yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən daş hasarla hasarlanmış mübahisələndirilən sahənin kimin faktiki istifadəsində olduğu müəyyən etmək və eləcədə torpaq sahəsinə keçmək mümkün olmadığından sualın cavablandırılması mümkün deyildir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən daş hasarla hasarlanmış mübahisələndirilən sahənin kimin faktiki istifadəsində olduğunu müəyyən etmək və eləcədə, torpaq sahəsinə keçmək mümkün olmadığında, daş hasarla hasarlanmış sahədə tikili və qurğunu əhatə edən daş hasarın 17,0 metr hissəsi 05 avqust 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı oğılunun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən, daş hasarla hasarlanmış sahədə tikili və qurğunun mövcud olub olmadığını müəyyən etmək mümkün deyildir. Mübahisəli sahəni əhatə edən daş hasarın 17,0 metr hissəsi 05 avqust 2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Cavabdeh tərəfin ekspertiza baxışında iştirak etməməsi səbəbindən daş hasarın kim tərəfindən inşa edildiyini müəyyən etmək mümkün deyildir. a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, mülkiyyətində olan Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin sonuncun şəxsi vəsaiti hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* nömrəli çıxarış verilmişdir. Bir neçə müddət əvvəl həmin torpaq sahəsi tanımadığı şəxslər tərəfindən zəbt edilmiş və orada tikinti işləri aparılmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Cavabdeh1dur. Dəfələrlə Cavabdeh1 zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsədə, sonuncu bundan imtina etmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Göygöl Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(066)-06/2023 nömrəli (hakim Ə.Kərimov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MA seriyalı, ******* nömrəli çıxarış üzrə İddiaçı məxsus Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 920 kv.m hissəsindən çıxarılması və zəbt edilmiş 920 kv.m torpaq sahəsinində inşa edilmiş daş hasarın 17 metr hissəsi cavabdehin öz vəsaiti hesabına sökülməsi; İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu və mütəxəssis rəyinə görə ödənilmiş 215 (iki yüz on beş) manat pul vəsaiti də Cavabdeh1 alınaraq İddiaçı verilməsi; İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1 tutulаrаq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 560.1, 560.2 maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49, 55, 66, 82, 84, 111 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5, 107, 119.1, 216-220, 227, 233, 357, 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinı və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, ekspertiza tətqiqatı keçirilən zaman Torpaq sahəsinin plan və ölçüsünə istinad olunmamış, eləcədə bu hal məhkəmə qətnaməsində əks olunmamamışdır. Halbu ki, torpaq sahəsinin koordinatları əks olunan sənədlər nəzərə alınmalı, eləcədə daş hasara alınmış sahənin nə qədər təşkil olunduğu müəyyən olunmalıydı. Eksper rəyindən belə nəticəyə gəlmək olur ki, reyestr xidməti tərəfindən iddiaçıya məxsus çəxarış səhvən, yəni həm mübahisəli torpaq sahəsinə, həmdə yolun üzərinə işlənmişdir. Ona görədə çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlər məhkəməyə təqdim olunmalı və ekspertiza tətqiqatı həmin sənədlər əsasında aparılmalıdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, istər birinci instansiya, istərsə də apellyasiya icraatı zamanı alınmış ekspert rəyi ilə razı deyil. Belə ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. Yenidən ekspertiza keçirilməsi zəruridir. X2 məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil edilmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

18. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

19. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Hazırkı işin hallarından müəyyən olunur ki, Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair sonuncuya hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarış, eləcə də 05 avqust 2010-cu il tarixli AA seriyalı 006631 nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 yanvar 2023-cü il tarixli, 10/8299 nömrəli ekspert rəyi əsasında iddianı qismən təmin etmişdir.

32. Kollegiya hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsaslar yoxdur.

33. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı ekspert mübahisəli torpaq sahəsinə iddiaçının nümayəndəsinin göstərdiyi torpaq sahəsi üzrə tədqiqat aparıb müvafiq rəy verdiyindən, apellyasiya icraatı zamanı yenidən iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizaları təyin edilmişdir.

34. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9698 nömrəli ekspert rəyində də qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Sevindik Həsənovun tərtib etdiyi 16 noyabr 2023-cü il tarixli 3-21-3-33/2- 10754/2023 nömrəli mütəxəssis rəyinə əsasən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarış və 05 avqust 2010-cu il tarixli AA seriyalı 006631 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsindən mülkiyyətçi (iddiaçı) İddiaçı faktiki olaraq istifadə etmədiyi müəyyən olunmuş; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarış və 05 avqust 2010-cu il tarixli AA seriyalı 006631 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Göygöl rayonu Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsinin müəyən hissəsinin faktiki olaraq cavabdehin istifadəsində olduğu; 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10 (1000,0 kv.m) həyətyanı torpaq sahəsinin 920,0 kv.m hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə, 80,0 kv.m hissəsi isə mübahisəli torpaq sahəsində deyil ərazidə mövcud olan yol ilə üst-üstə düşür. Cavabdeh tərəfindən faktiki istifadə sahəsinin ətrafında inşa edilmiş daş hasarın 17,0 metr hissəsi, 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10 (1000,0 kv.m) həyətyanı torpaq sahəsində yerləşir. Cavabdeh tərəfindən 05 avqust 2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,10 (1000,0 kv.m) həyətyanı torpaq sahəsində daş hasardan əlavə tikinti müəyyən olunmamışdır.

35. Göründüyü kimi hər iki ekspert rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 920,0 kv.m hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, eləcə də cavabdeh tərəfindən inşa edilmiş 17 metr daş hasarın iddiaçının mülkiyyətində olan torpaqda yerləşdiyi təsdiq olunur.

36. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya apellyasiya şikayətinin ekspertiza tədqiqatı keçirilən zaman Torpaq sahəsinin plan və ölçüsünə istinad olunmaması, reyestr xidməti tərəfindən iddiaçıya məxsus çıxarışın səhvən, yəni həm mübahisəli torpaq sahəsinə, həm də yolun üzərinə işlənmişdir barədə dəlillərini əsassız sayır və hesab edir ki, şikayətin dəlilləri iddianın qismən təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

37. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

39. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh1 MA seriyalı, ******* nömrəli çıxarış üzrə İddiaçı məxsus Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 920 kv.m hissəsindən çıxarılması və zəbt edilmiş 920 kv.m torpaq sahəsinində inşa edilmiş daş hasarın 17 metr hissəsi cavabdehin öz vəsaiti hesabına sökülməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(066)-06/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh1 MA seriyalı, ******* nömrəli çıxarış üzrə İddiaçı məxsus Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 920 kv.m hissəsindən çıxarılması və zəbt edilmiş 920 kv.m torpaq sahəsinində inşa edilmiş daş hasarın 17 metr hissəsi cavabdehin öz vəsaiti hesabına sökülməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ ******************** SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar