Məhkəmə qərarları › İş №2(104)-932/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-932/2024

01.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-932/2024 01.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı akt tərtib olunması, şəhadətnamənin etibarsız hesab olunması, ölçü işlərinin aparılıb yeni sənədlərin verilməsi tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(021)-1414/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, onların 595 nömrəli texniki pasport və qeydiyyat vəsiqəsində təsdiq edilmiş layihə smetasında olan İddiaçı1 0,07 ha, X1 0,32 ha olmaqla cəmi 0,39 ha həyətyani torpaq sahələrinin mütəxəssisləri tərəfindən ölçülərək akt yazılıb təhvil verilməsi, ikinci ilkin sənədlər nəzərə alınmadan tərtib edilmiş Bərdə Aqrar islahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-130A KOD 61015018 nömrəli və JN-084A KOD 61015018 nömrəli şəhadətnamələrin etibarsız hesab olunması və həmin sahələrin ölçülüb tanınaraq yeni şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(021)-1414/2023 nömrəli (hakim E.Əhmədov) qərardadı ilə iddiaçılar İddiaçı1 və X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsin qarşı Bərdə rayon Yerqurulu Şöbəsinin təkim aktına əsasən İddiaçı1 0,07 ha və X1 0,32 ha cəmi 0,39 ha həyətyani torpaq sahələrinə aid Bərdə rayon Texniki İnvertarizasiya Bürosu tərəfindən birgə hazırlanmış 595 nömrəli texpasportun və qeydiyyat vəsiqəsinin təsdiq edilmiş layihə smetasına əsasən, xüsusi mülkiyyətləri olan həyətyani torpaq sahələri ölçülüb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi idarəsi tərəfindən akt tərtib edilərək onlara verilməsinə dair, o, sübut edəndən sonra 2011-ci ilin 06 may tarixində 100 faiz pay torpağı almağına baxmayaraq, ilkin sənədlər nəzərə alınmadan onun saxta tərtib edilmiş 0,67 ha həyətyani torpaq sahəsinin JN-130A şəhadətnamənin, qızının 0,40 ha həyətyani torpaq sahəsinin JN-084A şəhadətnaməsinin etibarsız sayılaraq ləğv edilib ilkin sənədlərə əsasən tərtib edilməklə sənədləşdirilib onlara verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(021)-1414/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 2 bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1. bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmçinin həmin Qərarın 3.2. bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 4 bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 6.1. bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin hallarından görünüdüyü kimi, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarı ilə iddiaçılara torpaq sahəsi vermiş və buna dair Torpağın mülkiyyətə verilməsinə dair JN-084A KOD61015018 və JN-130A KOD61015018 nömrəli şəhadətnamələr tərtib olunmuşdur. Hazırkı iddia tələbinin əsasını həmin qərar əsasında verilmiş şəhadətnamələrin etibarsızlığı və yenidən ölçmə işləri aparılmaqla yeni sənədlərin verilməsi təşkil edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən xitam verilməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(021)-1414/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(021)-1414/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar