Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-935/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Orucəli qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Orucəli qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-58/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-58/2025 saylı qətnaməsi ilə (hakim H.Mürsəlova) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Orucəli qızına qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir. İddiaçı1 apellyasiya şikayəti verərək, Ağstafa rayon Məhkəməsinin 2(015)-58/2025saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin bütövlükdə ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Orucəli qızına qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, mərhum ataları X6 ilə Cavabdeh Orucəli qızı arasında 29 sentyabr 1999-cu il tarixdə qanunsuz bağlanılmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, mərhum valideyinləri X6 ilə anaları X5 xx.xx.1961-ci ildə rəsmi nikaha düşmüşlər, doğma anaları X5 01 noyabr 1986-cı ildə vəfat etmişdir. Mərhum ataları X6 ailə qurmuşdur və lakin atası Cavabdeh Orucəli qızı ilə ailə qurmasına və 1 uşağı olmasına baxmayaraq, onunla heç vaxt rəsmi nikaha düşmək fikri olmamışdır. 29 sentyabr 1999-cu il tarixdə atalarının ölümünə 22 gün qalmış ataları ilə cavabdeh qanunsuz nikaha düşüblər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün olmayan məhkəmə qətnaməsi çıxarılmışdır. Belə ki, mərhum atası X6 hazırkı Cavabdeh Orucəli qızı ilə ailə qurmasına və 1 uşağı olmasına baxmayaraq, onunla heç vaxt rəsmi nikaha düşmək fikiri olmamışdır. Amma 29 sentyabr 1999-cu il tarixdə atasının ölümünə 22 gün qalmış bu qanunsuz nikaha düşmüdür. İddiaçı qardaşı müharibə veteranı İddiaçı2 1999-cu ilin payız aylarında ataları çox ağır vəziyyətdə olduğu üçün Sankt-Peterburq şəhərinə aparmış və orada məşhur klinikada tanınmış professora əməliyyat etdirmişdir. Oradan da atasını Azərbaycan yola saldıqda atasının təzyiqi ölü insanın təzyiqindən çox az halda yuxarı olmuş ki, onun vətənə çatması üçün lazımi güclü sistemlər köçürülmüşdür ki, xəstə sağ salamat gəlib evinə çıxa bilsin. Hansı ki, mərhum atası ölüm ayağında olanda onun şüuru fikiri yerində deyildi, onun danışması belə əngəlliydi. Belə olan halda Cavabdeh Orucəli qızı onun ölümündən 22 gün əvvəl onu qanunsuz şəkildə qoluna girərək maşına otuzdurub nikaha sürükləyibdir, bu vəziyyətdə onun əmlaklarını ələ keçirmək üçün qeyri-rəsmi yaşadığı atasını qanunsuz şəkildə qeydiyyat şöbəsinə aparmaqla onunla rəsmi nikaha düşmüşdür. Bundan heç kimin xəbəri də olmamışdır. Nə də ki, cavabdeh deməmişdi ki, o, belə bir hərəkət etmişdir. Yas mərasimində vəsiyyətnamə söhbəti səslənmişdir, amma nikaha düşməyi bilmirdi. Çünki atasının nikaha düşməsi mümkün deyildir, onu necə aparıblar və o vəziyyəti ilə ölümündən 22 gün əvvəl necə qanunsuz nikaha salıblar bilmir. Belə ki, 31 iyul 2024-cü ildə o, başqa bir predmetlə əlaqadar məhəkəmə iclasında öyrənmişdir ki, analığı Cavabdeh Orucəli qızı saxtakarlıq edərək ölüm ayağında olan atasını qeydiyyat şöbəsinə apararaq nikaha düşmüşdür, atasının anlaqsız vəziyyətindən istifadə edən, özü şüurlu hərəkətlərinə nəzarət edə bilməyən insanla nikaha düşmək özü də bir cinayətdir. Ədalətli araşdırma nəticəsində məlum olacaqdır ki, həmin nikah özlüyündə etibarsız hesab olunan nikahdır. Hazırda isə cavabdeh həmin saxta nikahla onlara qarşı vərəsəlik barədə məhkəməyə müraciət edərək mərhum atasından onlara çatası payı tələb edir. Onun bu çirkin planları ancaq mərhum atasının əmlakını ələ keçirməkdən başqa bir şey deyildir. O, bu barədə məhkəmədə iddia qaldırmış və məhkəmə zamanı Ağstafa rayon Qeydiyyat şöbəsinin də işə cəlb olunmasını bildirmiş, amma dedikləri nəzərə alınmamışdır. Sonda məhkəmə sözü gedən qərarı onun əlehinə çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçılar məhkəmə iclasına gəlməmiş, iddiaçılardan İddiaçı1 məhkəməyə ərizə göndərərk səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, üçüncü şəxs Ağstafa rayon Qeydiyyat şöbəsi işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Orucəli qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, X6 ilə 1989-cu ildə evlənmiş, uzun illər ər-arvad kimi yaşamış, ər-arvadlıq münasibətlərindən 1991-ci ildə doğulmuş bir uşaqları vardır. X6 ilə nikahlarını sonuncunun təklifi ilə qarşılıqlı razılıq əsasında rəsmiləşdirmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağstafa rayon Qeydiyyat şöbəsinin verdiyi 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X6 ilə Cavabdeh arasında olan nikah 29 sentyabr 1999-cu il tarixdə bağlanmış, akt qeydləri kitabında 32 nömrəilə qeydə alınmış, M.O.Musayevin xx.xx.1999-cu ildə ölməsi ilə bağlı həmin nikahın dövlət qeydiyyatına xitam verilmişdir. İş materiallarında olan Ağstafa rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2014-cü il tarixli arayışdan görünür ki, X6 21 oktyabr 1999-cu ildə intoksikasiya səbəbi ilə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında işdəki sənədlər və cavabdehin izahatı ilə müəyyən olunmuşdur ki, X6 və Cavabdeh faktiki olaraq 1989-cu ildə ailə qurmuş, ər-arvadlıq münasibətlərindən xx.xx.1991-ci ildə bir uşaqları doğulmuş, tərəflər arasındakı nikah Ağstafa rayon Qeydiyyat şöbəsində 29 sentyabr 1999-cu il tarixdə rəsmiləşdirilmiş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 32 nömrə ilə qeydə alınmışdır. Həmin nikah tərəflərin könüllü razılığı əsasında bağlandığına görə Ailə Məcəlləsinin tələbləri pozulmamış və qeyd edilən nikahın etibarsızlığı nikah bağlamış X1 Gülşən Orucalı qızı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Məmməd Musayevin övladları olmaqla hazırki iddianı vermək üçün subyektiv hüquqları yoxdur. X6 ilə Cavabdeh arasında nikahın 29 sentyabr 1999-cu il tarixdə 32 nömrəli akt qeydi ilə bağlanması, qeyd edilən nikahın etibarsızlığı nikah bağlamış Cavabdeh tərəfindən mübahisələndirilməməsi, həmin nikah bağlanarkən Ailə Məcəlləsinin tələblərinin pozulmaması, həmçinin iddiaçılar hazırki iddianı vermək üçün subyektiv hüquqlarının yaranmaması sübuta yetirildiyindən, iddiaçıların istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin oluna bilməz Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi tərəflər hələ 1989-cu ildən bir ailə kimi yaşmış olsalar da aralarındakı nikah xx.xx.1989-cu il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı nikah xx.xx.1999-cu il tarixdə rəsmiləşdirildiyinə görə kollegiya hesab edir ki, mübahisəli hüquq münasibətinə xx.xx.1999-cu il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 6-cı maddəsinə əsasən Azərbaycan SSR-də nikah və ailə münasibətlərinin hüquqi tənzimi yalnız dövlət tərəfindən həyata keçirilir. Yalnız vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanmış nikah tanınır. Nikahın dini mərasimi, eləcə də digər dini mərasimlər hüquqi əhəmiyyətə malik deyildir. Bu qayda vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan sovet orqanlarının yaradılmasına və ya bərpa olunmasınadək icra edilmiş dini mərasimlərə və onların təsdiqinə dair doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında alınmış sənədlərə aid deyildir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır. Nikahın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də ərərvadın və uşaqların şəxsi və əmlak hüquqlarının və mənafeyinin mühafizəsi məqsədi ilə müəyyən edilir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Bəzi müstəsna hallarda rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi nikah yaşını bir ildən çox olmayaraq azalda bilər. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin qarşılıqlı razılğı və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən nikahın bağlanmasına aşağıdakı hallarda yol verilmir: ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaşbacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslər arasında. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən bu Məcəllənin 17-ci maddəsində göstərilən hallar olduqda, bağlanmış nikah etibarsız hesab edilə bilər. İşə baxılan vaxtadək nikahın bağlanmasına mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. Bu əsaslara görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorun tələb etməyə ixtiyarı vardır. Ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslə bağlanmış nikahı etibarsız hesab etmək haqqında işə baxılarkən qəyyumulq və himayə orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin qarşılıqlı razılğı və onların nikah yaşına çatmaları zəruridir. İşdən göründüyü kimi tərəflər hələ nikaha girməmişdən xeyli əvvəl ailə qurmuş, birgə nikahdan bir uşaqları dünyaya gəlmiş və onların öz aralarındakı nikahı qarşılıqlı razılıq əsasında rəsmiləşdirməmələrini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, qardaşı İddiaçı2 1999-cu ilin payız aylarında ataları çox ağır vəziyyətdə olduğu üçün Sankt-Peterburq şəhərinə aparmış və orada məşhur klinikada tanınmış professora əməliyyat etdirmişdir. İşdən göründüyü kimi Cavabdeh ilə X6 arasındakı nikah xx.xx.1999-cu ildə qeydə alınmışdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən nikah evlənmək arzusunda olanlar vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanına ərizə verdikdən bir ay sonra bağlandığına görə kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Kollegiya apellyasiya şikayətinin mərhum atası ölüm ayağında olanda onun şüuru fikiri yerində deyildi, onun danışması belə əngəlliydi kimi dəlili ilə də iddiaçılar tərəfindən həmin xüsusatla bağlı hər hansı sübut təqdim edilmədiyinə görə razılaşmır. Apellyasiya şikayətinin digər dəlili cavabdeh Nəbiyeva X2 Məmməd Oruc oğlunun ölümündən 22 gün əvvəl onu qanunsuz şəkildə qoluna girərək maşına otuzdurub nikaha sürükləməsi, bu vəziyyətdə onun əmlaklarını ələ keçirmək üçün qeyri-rəsmi yaşadığı atasını qanunsuz şəkildə qeydiyyat şöbəsinə aparmaqla onunla rəsmi nikaha düşməsindən ibarətdir. .... Cavabdeh Orucəli qızı saxtakarlıq edərək ölüm ayağında olan atasını qeydiyyat şöbəsinə apararaq nikaha düşmüşdür, atasının anlaqsız vəziyyətindən istifadə edən, özü şüurlu hərəkətlərinə nəzarət edə bilməyən insanla nikaha düşmək özü də bir cinayətdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərini və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mərhum atasının anlaqlılığını şübhə altına almış olsa da, həmin xüsusatı, yəni mərhum atasının anlaqlılığını şübhə altına ala biləcək hər hansı sübut, o cümlədən onun psixiatrik xəstəxanada qeydiyyatda olması, keçirdiyi xəstəlik, diaqnozu ilə bağlı məhkəməyə sübut təqdim etməmiş, apellyasiya şikayətində o kimi sübutun mövcudluğu ilə bağlı göstərilməmişdir. Belə olan halda kollegiya apellyasiya şikayətinin həmin dəlillərini iddiaçının formal mülahizəsi kimi qiymətləndirilir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırdığına görə apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-58/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-935/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-935/2025
30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver