Məhkəmə qərarları › İş №2(104)-94/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-94/2023

20.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-94/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili X20, Cavabdeh1, onun vəkili X2 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 qarşı mülkdən və torpaq sahəsindən cavabdehin çıxarılması, torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrə son qoyulması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(042)-568/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 mülkdən və torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun doğma atasıdır. Onlar iki qardaş və iki bacı olmuşlar. Atası ilə anasının arasında olan narazılığa görə Gədəbəy rayon Xalq Məhkəməsinin 13 iyul 1967-ci il tarixli qətnaməsi əsasında boşanmışlar. Boşanmadan sonra onlar analarının yanında qalmışlar və hal-hazırda mübahisə predmeti olan ev və torpaq sahəsi anasına və onlara verilmişdir. Cavabdeh 1967-ci il tarixdən daimi yaşayış üçün Sumqayıt şəhərinə getmiş, 1970-ci ilin iyununda digər şəxslə - 1951-ci il təvəllüdlü X23 ilə ailə qurmuş və hal-hazırda qeyd olunan ünvanda yaşayır. Anası isə başqa bir şəxslə ailə quraraq Şəmkir şəhərində yaşamışdır. Onlar çətinliklə yaşamışlar. Qardaş və bacıları ailə quraraq başqa ünvanlarda yaşayırlar. O, isə mübahisəli mülkdə qalmaqla özünə məxsus fərdi yaşayış evi inşa etdirmişdir. Mərhum anası X21 xx.xx.2016cı il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra atası gəlib ondan sözügedən evdən və həyətyanı torpaq sahəsindən pay tələb etmişdir. Bir sözlə, cavabdeh ona və ailəsinə rahat yaşamağa imkan vermir. Cavabdeh Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq onun adına verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və X5 miras qalmış, Gədəbəy rayonunun Gərgər kəndində yerləşən 0,16 ha həyətyani torpaq sahəsinə və 82 kv.m olan fərdi yaşayış evinin yarısının onun mülkiyyətinə verilməsinə, digər yarısına vərəsəliyin müəyyən edilməsi və miras əmlakının vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki işə Gədəbəy Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə baxılaraq iddia əsasız olduğu üçün rədd edilmişdir. Bununla kifayətlənməyən cavabdeh Gəncə İnzibati-İqtisadi Məhkəməsində onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə yenidən iddia qaldırmış və həmin mülki işə xx.xx.2018-ci il tarixdə baxılaraq iddia ərizəsi mümkünsüz sayılmışdır. Bildirir ki, sözügedən ev Gədəbəy rayon Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 36 nömrəli arayışa əsasən, 1969-1971-ci illərə aid Gərgər kənd XDSİK-nin 03 saylı təsərrüfatbaşına kitabın 208-ci şəxsi hesabında X9 adına təsərrüfat açılmış və aşağıda göstərilən ailə üzvləri qeyd edilmişdir: ailə başçısı-X24, oğlu-X25, oğlu-İddiaçı1, qızı-X14 və qızı-X22. Həmçinin, X9 adına 1964-cü ildə tikilmiş kirəmit yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. Həmin mülkün adına rəsimləşdirilməsinə dair ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Həmçinin, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququ üzrə ona məxsus olan Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evinə və ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin texniki göstəriciləri tərtib edilmiş, həmin texniki pasportda onun və ailə üzvlərinin birgə mülkiyyətində 0.16 ha torpaq sahəsi və sahəsi 82 kv.m olan A liter fərdi yaşayış evinin mülkiyyət sənədi ilə olması, onun sahibliyində 0.6489 ha zəbt torpaq sahəsi, həmin torpaq sahəsində isə “S” liter yaşayış evinin olduğu göstərilmişdir. Əlində hüquq müəyyənedici sənədləri olmasına baxmayaraq, Cavabdeh1 onun torpaq sahəsində əkin-səpin işlərinin aparılmasına, eləcədə əlavə yardımçı tikli olan tövlədən istifadə etməsinə imkan vermir. Bununla da onun hüquqları cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. Ona görə də birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyətindən olan Gədəbəy rayonunun Gərgər kəndində yerləşən mülkdən və torpaq sahəsindən Cavabdeh1 çıxarılması və həmin torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrə aradan qaldırılması və həmin hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Gədəbəy Rayon Məhkəməsinin (hakim M.Kazımov) 27 iyun 2018-ci il tarixli, 2(042)- 568/2018 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 Gədəbəy rayonunun Gərgər kəndində yerləşən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış əsasında İddiaçı1 tam məxsus olan, ümumi sahəsi 82 kv.m olan fərdi yaşayış evindən və birgə mülkiyyət hüququ ilə İddiaçı1 və onun ailə üzvlərinə məxsus olan 0.16 ha torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən həmin fərdi yaşayış evinə və torpaq sahəsinə edilən maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat pul vəsaitinin Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.V.Bayramov, İ.Ə.Şəfiyev və L.S.Süleymanovdan ibarət tərkibdə), apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin (hakim M.Kazımov) 27 iyun 2018-ci il tarixli, 2(042)-568/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəf kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli 2(102)- 3492/2019 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi M.T.Əhmədova, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə), kassasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: sədrlik edən və məruzəçi X10, X6 və X7 ibarət tərkibdə) 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(042)-568/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Vəliyeva, Q.Əsgərov və S.Hacıyevdən ibarət tərkibdə), kassasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(104)-2886/2019 saylı qətnaməsi ləğv edilərək, işin yeni baxışa qaytarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli 2(104)-387/2021 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi A.Hüseynzadə, Ə.Məmmədov və R.Muradovdan ibarət tərkibdə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(042)-568/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı1 ümumi mülkiyyətində olan, Gədəbəy rayonunun Gər- Gər kəndində yerləşən 0,16 ha torpaq sahəsinin 0,0506 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərci qismində iş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manatın Cavabdeh1 tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5544/2021 saylı qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi V.Həsənov, Ə.Əhmədov və A.Abbasovdan ibarət tərkibdə), İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 387/2021 saylı qətnaməsi qismən mülkdən çıxarılma və manelərin aradan qaldırılmasına dair iddia tələbi rədd edilmiş hissəsində ləğv olunmuş və yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüququ normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Ona görə də həmin qətnamə ləğv edilməlidir. Belə ki, o, birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu, Gərgər kəndində yerləşən ev və torpaq sahəsi ilə onun yaşadığı ev və istifadəsində olan torpaq sahəsi başqa-başqa yerlərdədir. Ona görə də məhkəmədən həmin yerə baxış keçirilməsini və ekspertiza təyin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Halbu ki, iddiaçının evi dörd otaqdan ibarət olmaqla ona məxsus 0,16 ha torpaq sahəsində yerləşir. Onların arasında çəpər vardır. Onun evi isə həmçinin dörd otaqlı olmaqla başqa evdir. Məhkəmə tərəfindən baxış keçiriləcəyi təqdirdə bu fakt öz təsdiqini tapardı. Onun istifadə etdiyi 0,25 ha torpaq sahəsi və ev arxiv sənədlərində öz təsdiqini tapır. O,dəfələrlə DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət edərək istifadəsində olan torpaq sahəsini almaq istəsə də, DƏDRX-nin 11 saylı Ərazi İdarəsi bundan imtina etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, o, Sumqayıt şəhərində qeydiyyatda olsa da hazırda iddiaçının mübahisələndirdiyi tikilidə yaşayır. X24 ilə nikahları pozulanadək onunla və ailə üzvləri ilə birlikdə 1964-cü ildə inşa edilmiş həmin evdə yaşamışlar. X24 ilə nikahları pozulduqdan sonra Sumqayıt şəhərinə köçmüş və oprada qeydiyyata düşmüşdür. Sonra Gədəbəy rayonunun Gərgər kəndinə köçərək mübahisəli evdə yaşamağa başlamışdır. Həmin tikilinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun ayrıca evi var. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X15 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək izahat verib göstədi ki, Cavabdeh1 onun mülkiyyətində olan fərdi yaşayış evindən sərbəst istifadə edilməsinə maneələr göstərir. 1967-ci ildə Cavabdeh1 onun anası Xanım Aslanova ilə rəsmi qaydada boşanaraq başqa qadınla ailə qurmuş və Sumqayıt şəhərində yaşayırdı. Hazırda da Sumqayıtda qeydiyyatdadır. 2018-ci ildə cavabdeh onun texniki pasportunda “S” literli tikili kimi göstərilmiş tikiliyə qanunsuz olaraq girmiş və çıxmaq istəmir. Həmin tikiliyə başqa qadınlar gətirərək onların dinc yaşamasına imkan vermir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X30 apellyasiya şikayətinə etiraz edərək izahat verib göstədi ki, Cavabdeh1 iddiaçının texniki pasportunda “S” literli tikili kimi göstərilmiş tikilidə qanunsuz olaraq yaşayır. Cavabdehin həmin tikiliyə heç bir aidiyyəti yoxdur. 50 ildən çoxdur ki, cavabdeh Gədəbəydən çıxıb getmişdir. Həmin tikili isə iddiaçının anası Xanım Aslanovanın və ailə üzvlərinin adına təsərrüfatbaşına kitabda qeydə alınmışdır. Sonradan həmin tikili iddiaçının texniki pasportuna salınmış və onun təsərrüfatında saxlanılmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, Cavabdeh1 İddiaçı1 adına reyestr nömrəsi **********56-10301 ilə qeydə alınmış 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsindən və həmin hissədə yerləşən 56.81 kv.m tikilidən (tövlə), həmçinin İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunmuş “S” literli tikilidən çıxarılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gədəbəy rayonu İHB-nin Gərgər kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Aslanov X18 rayonu, Gərgər kəndində qeydiyyatdadır və hal-hazırda ərazidə yaşayır; Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 304 nömrə ilə qeyd edilmişdir; Gədəbəy rayon Xalq Məhkəməsinin 13 iyul 1967-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1963-cü ildə qeydə alınmış Cavabdeh1 ilə X24 arasında bağlanmış nikahın pozulması, X13 soyadı daşımaq hüququnun verilməsi Cavabdeh1 rüsumun ödənilməsi, 1967-ci ildən başlayaraq Cavabdeh1 ümumi aylıq qazancının 50%-i miqdarında alimentin, 1959-cu ildə anadan olmuş Valehin, 1961-ci ildə anadan olmuş Vidadinin, 1963-cü ildə anadan olmuş Vaqifin, 1966-cı ildə anadan olmuş Şəhlanın həddi-buluğa çatana kimi saxlanması üçün X16 verilməsi qət edilmişdir; Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(042)-85/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, X3, X8 və X4 qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras qalmış həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin yarısının onun mülkiyyətinə verilməsi, digər yarısına vərəsəliyin müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir; Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-341/2018 saylı qərardadının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı1, X11, X17 və X4) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır; ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən, ümumi sahəsi 82 kv.m fərdi yaşayış evinə İddiaçı1 tam, 0,16 ha torpaq sahəsinə isə onun ailə üzvləri olan X17, X12 və X1 birgə mülkiyyət hüququ qeydə alınmış və onun adına xx.xx.2017-ci il tarixdə **********56-10301 reyestr nömrəli çıxarış verilmişdir; Gərgər kənd XDSİK-in 1969-1971-ci illərin 03 saylı təsərrüfatbaşına kitabının 208-ci şəxsi hesabından görünür ki, həmin kitabda X9 adına təsərrüfat açılmış və göstərilən ailə üzvləri kimi, Ailə başçısı Xanım Aslanova, oğlanları X25, İddiaçı1, qızları X14 və X22 qeyd edilmişdir. Həmçinin 1964-cü ildə tikilmiş kiramit yaşayış evi və 0.25 ha torpaq sahəsi qeyd edilmişdir; Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısıın Gərgər Kənd İƏD Üzrə Nümayəndəliyin 06 avqust 2019-cu il tarixli 84 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhər sakini Cavabdeh1 2 (iki) ildi Gərgər kəndində oğlu İddiaçı1 məxsus 0.64 ha zəbt torpaq sahəsində 1962-ci ildə tikilmiş yardımçı tikilidə yaşayır; Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli 10/2877 nömrəli rəyindən görünür ki, cavabdeh faktiki olaraq yaşadığı Gədəbəy rayonu, Gərgər kəndindəki fərdi yaşayış evi A seriyalı, 443704 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənəddə qeyd olunan 0,25 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi göstərilmişdir. Cavabdeh iddiaçıya məxsus 505-09-877 inventar nömrəsi texniki pasportda qeyd olunmuş 0,16 ha torpaq sahəsinin 0,0506 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh iddiaçıya məxsus 505-09-877 inventar nömrəli texniki pasportda iddiaçı tərəfindən zəbt edilməsi kimi qeyd olunmuş 0,6489 ha torpaq sahəsinin A seriyalı, 443704 nömrəli torpaq sahəsinin plan və ölçü adlı sənədində qeyd olunan 0,25 ha torpaq sahəsindən kənar 0,1190 ha torpaq sahəsini istifadə etdiyini göstərmişdir; Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli 10/7144 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mübahisəli tikili, yəni Cavabdeh1 faktiki olaraq yaşadığı Gədəbəy rayonunun Gər-Gər kəndindəki fərdi yaşayış evi İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunmuşdur və “Texniki Pasportda” göstərilən “S” literli tikili ilə eynilik təşkil edir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli tikili Cavabdeh1 verilmiş reyestr nömrəsi **********70 saylı Çıxarışın sərhədləri daxilində yerləşir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli sahə kimi göstərilən tikiliyə dair “Texniki Pasportun” xüsusi qeydlərində hüquq müəyyənedici sənədin olmadığı qeyd olunmuşdur; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mübahisəli tikili “Texniki Pasportda” qeyd olunan “S” literli sahə kimi qeyd edilmiş tikilidir və həmin “S” literli tikili iddiaçının mülkiyyətində olan o cümlədən cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin hüdudları daxilində yerləşmir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən hal-hazırda İddiaçı1 mülkiyyətində olan 0.0486 ha-dək torpaq sahəsi və həmin torpaqda yerləşən 56.81 kv.m tikili (tövlə) Cavabdeh1 tərəfindən metal torla çəpərlənmişdir və cavabdehin istifadəsindədir; Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyətinin Gədəbəy rayon Dövlət arxivinin 02 fevral 2023-cü il tarxli 09 nömrəli məktubuna əsasən, X9 adına 1969-1971-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X19 Təsərrüfatbaşına kitabda 208-ci şəxsi hesabda qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib. Həmçinin bildirilir ki, 1972-1985-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X19 Təsərrüfatbaşına kitablarının ardıcıl izlənməsi zamanı X9 adlarına təsərrüfat aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı1 1986-1995-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X19 və 1996-2005-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabda qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib; Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyətinin Gədəbəy rayon Dövlət arxivinin 02 fevral 2023-cü il tarxli 09 nömrəli məktubuna əsasən, Gədəbəy rayonu, Dəyirman kənd X19 1969-1990-cı illərə dair və Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabının ardıcıl izlənməsi zamanı Cavabdeh1 adına təsərrüfat aşkar olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 16.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcələnin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların, torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsında olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi-kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar icarəyə götürdükləri ölçüdə əvəzsiz olaraq hər bir icarəçinin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaq Məcəlləsinin 111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-in 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunauyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarında göstərmişdir ki, “....sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur Azərbaycan Respublikası Ali Məhkəməsi əvvəlki apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edib yeni baxışa qaytararkən göstərmişdir ki, “iddiaçı iddia edir ki, ona məxsus təsərrüfatbaşına kitabda və texniki pasportda «S» literli sahəsi onun sahibliyindədir, lakin tikili cavabdeh tərəfindən qanunsuz istifadə edilməkdədir. Apelyasiya instansiyası məhkəməsi əvvəlki kassasiya icraatı zamanı aydınlaşdırılmasının zəruri olması müəyyən edilmiş göstərişlərin araşdırılması zamanı ekspertiza təyin edərkən digər halların aydınlaşdırılması ilə yanaşı mübahisəli tikilinin iddiaçının mülkiyyət hüququnu müəyyən edən reyestrdə qeyd edilməsi (köməkçi və ya yardımçı sahə kimi), qeydin texniki göstəricilərini özündə təsbit edən texniki pasportda əks etdirilən hər hansı tikili hissəsi ilə eynilik təşkil edib-etməməsini, həmin tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (o cümlədən qaytarılması qət edilmiş 0,0509 ha) hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etməli idi”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilən məsələlərin aydınlaşdırılması məqsədi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Yuxarıda qeyd olunan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli tikili, yəni Cavabdeh1 faktiki olaraq yaşadığı Gədəbəy rayonunun Gər-Gər kəndindəki fərdi yaşayış evi İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunmuşdur və “Texniki Pasportda” göstərilən “S” literli tikili ilə eynilik təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli tikili Cavabdeh1 verilmiş reyestr nömrəsi **********70 saylı Çıxarışın sərhədləri daxilində yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli sahə kimi göstərilən tikiliyə dair “Texniki Pasportun” xüsusi qeydlərində hüquq müəyyənedici sənədin olmadığı qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mübahisəli tikili “Texniki Pasportda” qeyd olunan “S” literli sahə kimi qeyd edilmiş tikilidir və həmin “S” literli tikili iddiaçının mülkiyyətində olan o cümlədən cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən hal-hazırda İddiaçı1 mülkiyyətində olan 0.0486 ha-dək torpaq sahəsi və həmin torpaqda yerləşən 56.81 kv.m tikili (tövlə) Cavabdeh1 tərəfindən metal torla çəpərlənmişdir və cavabdehin istifadəsindədir. Beləliklə də iddiaçının mülkiyyətində olan 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsinin və həmin hissədə yerləşən 56.81 kv.m olan tikilinin (tövlə) həqiqətən də Cavabdeh1 tərəfindən zəbt edildiyi və onun faktiki istifadəsində olduğu öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının onun sahibiyində olan, ona məxsus təsərrüfatbaşına kitabda göstərilən və texniki pasportda qeyd edilən «S» literli tikilinin Cavabdeh1 tərəfindən zəbt edilməsinə gəldikdə kollegiya qeyd edir ki, Cavabdeh1 faktiki olaraq yaşadığı Gədəbəy rayonunun Gər-Gər kəndindəki fərdi yaşayış evi İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunması və “Texniki Pasportda” göstərilən “S” literli tikili ilə eynilik təşkil etməsi ekspert rəyi ilə müəyyən olunmuşdur. Həmin tikiliyə hazırda İddiaçı1 mülkiyyət sənədi olmasa da iddiaçının həmin əmlakı öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, hüquqları maddi dəyərə malik olan hüquqlardır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3 bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.8. bəndinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın 7.1 bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Həmin Təlimatın 7.2. bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Göründüyü kimi analoji evlərin, torpaq sahələrinin dövlət qeydiyyatına alınmasının qanunla nəzərdə tutulan qaydaları müəyyən edilmişdir. Ona görə pozulmuş belə hüquqlar da qorunmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, ekspert rəyində İddiaçı1 məxsus “Texniki Pasportda” qeyd olunan “S” literli tikilinin Cavabdeh1 verilmiş reyestr nömrəsi **********70 saylı Çıxarışın sərhədləri daxilində yerləşməsinin göstərilməsində səhvə yol verilmişdir. Belə ki, Cavabdeh1 mübahisəli “S” literli tikilinin altında olan ümumilikdə 0.25 ha torpaq sahəsini Gəncə İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2-1(114)-754/2020 saylı qərarı əsasında əldə etsə də, həmin qərardan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli, 2-1(104)-698/202 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21-(102)-690/2021 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa məhkəmə kollegiyası tərəfindən verilmiş sorğular nəticəsində Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyətini Gədəbəy rayon Dövlət arxivininin verdiyi cavablarla müəyyən olunmuşdur ki, İddiaçı1 1986-1995-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd X19 və 1996-2005-ci illərə dair Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabda qeydiyyatda olmaqla onun adına təsərrüfat qeyd edilib. Gədəbəy rayonu, Dəyirman kənd X19 1969-1990-cı illərə dair və Gədəbəy rayonu Gər-Gər kənd İƏD üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitabının ardıcıl izlənməsi zamanı Cavabdeh1 adına təsərrüfat aşkar olunmamışdır. Yəni bu da onun göstərir ki, İddiaçı1 sahibliyində olan “S” literli tikili ona aidiyyəti olmayan bir şəxs (Cavabdeh1) tərəfindən qanunsuz və əsassız olaraq zəbt edilmişdir. Yuxarıda sadalanan normaların tələblərinə əsasən isə həmin tikili İddiaçı1 qanuni sahibliyində və istifadəsində olmaqla onun həmin tikiliyə maddi dəyərə malik olan hüquqları mövcüddur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən zəbt edilmiş həmin tikili zəbtdən azad edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən ediləcək maneələrin aradan qaldırılması və həmin hərəkətlərə son qoyulması barədə irəli sürdüyü tələb konkret olmamaqla anlaşılan deyildir. Digər tərəfdən cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması mahiyyət etibarı ilə torpaq sahəsinə ediləcək maneələrin aradan qaldırılmasını özündə ehtiva edir. Buna görə də qeyd olunan tələbin təmin edilməsinə lüzum yoxdur və iddiaçının həmin tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2. maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan qismən təmin edilməli, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(042)-568/2018 saylı qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi və Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan və adına reyestr nömrəsi **********56-10301 ilə qeydə alınmış 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsindən və həmin hissədə yerləşən 56.81 kv.m tikilidən (tövlə), həmçinin İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunmuş “S” literli tikilidən çıxarılması barədə yeni qətnamə qəbul edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməlidir. Bundan başqa, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə eksperizalarının xərcinin dəyəri olaraq 150 (yüz əlli) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(042)-568/2018 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan və adına reyestr nömrəsi **********56-10301 ilə qeydə alınmış 0.16 ha torpaq sahəsinin 0.0486 ha hissəsindən və həmin hissədə yerləşən 56.81 kv.m tikilidən (tövlə), həmçinin İddiaçı1 adına qeyd olunmuş inventar nömrəsi 50509877 olan, reyestr nömrəsi **********56-10301 saylı “Texniki Pasportda” qeyd olunmuş “S” literli tikilidən çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat Cavabdeh1 tutularaq İddiaçı1 ödənilsin. Məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə eksperizalarının xərcinin dəyəri olaraq 150 (yüz əlli) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar