Məhkəmə qərarları › İş №2(104)-95/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-95/2025

13.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-95/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gədəbəy Rayon AİK-nın 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş Gədəbəy rayonu, Alnabat kəndində yerləşən, JN-0070 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona məxsus olan 2087.50 kv.m əkin torpaq sahəsindən Cavabdeh çıxarılması və ona məxsus torpaq sahəsinin ətrafına çəkdiyi metal tor hasarın Cavabdeh tərəfindən sökülməsi, həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq biçilməsi nəticəsində ona əldən çıxmış fayda olaraq dəymiş maddi ziyana görə 8000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 0.1962 ha hissəsindən çıxarılması, Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ətrafına çəkdiyi metal tor hasarın sökülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat xərcin əvəzinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının torpaq sahəsini zəbt edilməmişdir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrıvə Reyestri X4 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssis rəyi ilə kifayətlənməməli aidiyyatı ekspertizanı keçirməklə, həm onun torpaq sahəsini, həm də qarşı tərəfin torpaq sahəsinin yer və koordinatını dəqiq müəyyən etməklə, onların torpaq sahələrinin faktiki yerində olması, habelə sənədlərlə üstüstə düşməməkləri tam aydınlaşdırılmalı idi. O, bu torpaq sahəsini 1987-ci ildən bu günə kimi istifadə edir. Məhkəmə işdən mübahisəni gördüyü halda tələbi tam və hərtərəfli araşdırmaq üçün hər iki torpaq sahəsini mövcudluğunu müəyyənləşdirməklə sənədlə üstüstə düşdüyünü hər iki torpaq sahəsindən yerində olub-olmamasını aydınlaşdırılmalı idi. Mütəxəssis rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin 0.1962 ha hissəsinin onun tərəfindən istifadə edilməsi müəyyən edilmiş, birinci instansiya məhkəməsi isə buna dair əlavə iddia tələbinin olmamasına baxmayaraq, mütəxəssis rəyinə istinad edərək, onun iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş 0.1962 ha hissəsindən çıxarılmasını qət etmişdir. Halbuki, iddiaçı ona qarşı iddia tələbi ilə müraciət edərək, onun iddiaçının mülkiyyətində olan 2087.50 kv.m əkin torpaq sahəsindən çıxarılmağımı xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının ona qarşı iddia tələbi onun torpaq sahəsinin 0.1962 ha hissəsindən deyil, 2087.50 kv.m hissəsindən çıxarılmağı ilə bağlı olmuşdur. Cavabdeh nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, o, əldə edilmiş ekspertiza rəyi ilə razı deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edilməsi ekspertiza rəyi ilədə, öz təsdiqini tapmışdır. Məhkəmənin qətnaməsini qanui hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin iddianın təmin edilməmiş hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş JN 0070 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İddiaçı və onun ailə üzvlərinə 1.02 ha torpaq sahəsi verilmişdir. mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin 0.1962 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur.Cavabdeh çəkdirdiyi metal tor hasar İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə əldə edilmiş 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16\2- 10/7740 nömrəli rəyindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1988-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən, JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı Əhəd oğlunun mülkiyyətində olan torpaq sahəsinin əkin üçün yaralı olan 2087.50 kv.m torpaq sahəsinin 0,1962 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1988-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən, JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı Əhəd oğlunun mülkiyyətində olan 2087.50 ha torpaq sahəsi və Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş JN 0070 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ölçülərinin və koordinatlarının hüquqmüəyyənedici sənəddəki məlumatlarına əsasən üst-üstə düşmür. Cavabdeh çəkdirdiyi metal tor hasar İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 06 dekabr 2023-cü il tarixli rəyinə istinad etməklə, iddianı qismən təmin etmiş, Cavabdeh İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən torpaq sahəsinin zəbt etdiyi 0.1962 ha hissəsindən çıxarılması, Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin ətrafına çəkdiyi metal tor hasarın sökülməsi qət etmişdir. Lakin Cavabdeh apellyasiya dəlillərində həmin rəylə razılaşmayaraq, iş üzrə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli və 29104)-1118/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və müvafiq olaraq mütəxəssis və ekspert rəyləri əldə edilmişdir. Əldə edilmiş 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16\2-10/7740 nömrəli rəyindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1988-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən, JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı Əhəd oğlunun mülkiyyətində olan torpaq sahəsinin əkin üçün yaralı olan 2087.50 kv.m torpaq sahəsinin 0,1962 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1988-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən, JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı Əhəd oğlunun mülkiyyətində olan 2087.50 ha torpaq sahəsi və Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş JN 0070 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ölçülərinin və koordinatlarının hüquqmüəyyənedici sənəddəki məlumatlarına əsasən üst-üstə düşmür. Cavabdeh çəkdirdiyi metal tor hasar İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1988-ci il tarixli, 22 nömrəli qərarı ilə verilmiş, Gədəbəy rayonu, Alnabat kəndində yerləşən, JN-0063 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında İddiaçı Əhəd oğlunun mülkiyyətində olan torpaq sahəsinin əkin üçün yaralı olan 2087.50 kv.m torpaq sahəsinin 0,1962 ha hissəsi Cavabdeh tərəfindən tutularaq istifadə edilir. Cavabdeh çəkdirdiyi metal tor hasar İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilməsi ilə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan ekspertiza xərclərinə dair xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza xərci cavabdehə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393, 402, 403-404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-38/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ********************, SFİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar