Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-950/2024 23.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə maddi və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-1260/2023 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Vəkil Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-1260/2023 saylı qətnaməsi ilə (hakim N.Abbasov) İddiaçı Cavabdehnə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil Müşafiq oğlu apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-1260/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, ona 60 ay üçün ödənilməmiş 20700 manat əmək haqqının, həmçinin maddi və mənəvi zərərə görə 10000 manatın Cavabdeh sədrindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, əvvəllər Cavabdehndə işləmiş, 2017-ci ildə Cavabdeh sədri X1 onun əmək haqqını vaxtında ödəmədiyindən işdən çıxmışdır. Əmək haqqının ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət etmişdir. Cavabdehlə həmkəndli olduğundan 2017-ci ildən hal-hazıradək əmək haqqının ödənilməsi barədə məhkəməyə ərizə verməmişdir. Cavabdeh isə hər dəfə ona əmək haqqının ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. Bu səbəbdən o, məcbur olub 2023-cü ildə X2, daha sonra isə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, həmin iş üzrə haqlı olmağına baxmayaraq, haqsız duruma düşməklə iddia tələbimin təmin olunmaması barədə qətnamə qəte dilmişdir. Çünki o, ümumiyyətlə işləmiş olduğu Ağstafa rayonu Köçvəlili Bələdiyyəsindən nə son haqq-hesabı, nə də ki, ona məxsus olan əmək kitabçasını götürməmişdir. Amma ki, Ağstafa Rayon Məhkəməsinin çıxarmış olduğu qətnamədə sanki onun tərəfindən bütün prosessual normalar həyata keçirildiyi kimi qiymətləndirilmiş və iddia müddəti ötmüş kimi hüquqi qiymət verilmişdir. İddiaçının işdən çıxma barədə əmrdən çıxarışı 2023-cü ilin iyul ayında aldığı barədə rəsmi əmrdən çıxarışın surətini də işin içərisində görmək mümkündür. Həmin hissə ilə bağlı olaraq tam araşdırma aparılsa o zaman onun haqlı olduğu, yəni iddia müddətinin ötürülmədiyi ortaya çıxar. Hesab edir ki, hakimin qəbul etdiyi qətnamə ləğv edilməli, iddiaçının iddia tələbi təmin edilməlidir. İddiaçının iddia tələbi haqlı tələb olmağı ilə yanaşı, şəxsin hüquqlarının pozulması ilə nəticələnən hallara gətirib çıxarılmasına zəmin yaratmışdır. Belə ki, iddiaçının işləmiş olduğu Cavabdeh tərəfindən iddiaçıya qanuni əmək haqqının ödənilməməsi və özünün işdən çıxma barədə əmrin surətinin 6 il sonra özünün təkidi ilə əldə etməsi, cavabdeh tərəfindən qəsdən iddiaçının haqqı olan aylıq maaşının verilməməsi, bu barədə Əmək Müfəttişliyinə müraciətin olunması və oradan da müvafiq qərarın qəbul edilməsi, müddətin axımı məhz işçinin əmək kitabçasının və son haqq hesabın verildiyi vaxtdan hesablanması halına qiymət verilməmiş, iddiaçının onkoloji xəstə olması, Milli Qəhrəman Rafiq Alıcanovun bacısı olaraq öz qururunu qorumaqla Bələdiyyə sədrinin onu aldatmasını gözləməklə məhkəməyə iddia verilməsi halını bu günədək uzatması halına hüquqi qiymət verilməmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdsehin nümayıəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil Müşafiq oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1194/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.2007-ci ildə Cavabdehnə baş mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə öz ərizəsi ilə həmin vəzifədən azad olunmuşdur. İşin halları ondan ibarətdir ki, o, əvvəllər Cavabdehndə işləmiş, 2017-ci ildə Cavabdeh sədri X1 onun əmək haqqını vaxtında ödəmədiyindən işdən çıxmışdır. Əmək haqqının ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət etmişdir. Cavabdehlə həmkəndli olduğundan 2017-ci ildən hal-hazıradək əmək haqqının ödənilməsi barədə məhkəməyə ərizə verməmişdir. Cavabdeh isə hər dəfə ona əmək haqqının ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir. Bu səbəbdən o, məcbur olub 2023-cü ildə X2, daha sonra isə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən orqanın nümayəndəsi iddia müddətinin keçməsini bildirərək iddianın müddətinin tətbiqi barədə ərizə vermişdir. Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, iddiaçı ən geci xx.xx.2018-ci tarixədək ona işlədiyi dövrdə əmək haqqı ödənilməməsi tələbi ilə məhkəməyə (mediasiyaya) müraciət etməli olduğu halda, xx.xx.2023-cü il tarixdə mediasiyaya təşkilatına, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının fərdi əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar tələbin irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Eyni zamanda cavabdeh iddia müddətinin keçməsini bildirərək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin izahatı nəzərə alınaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin və Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının fərdi əmək mübahisəsi üzrə pul və digər əmlak tələbləri ilə əlaqədar tələbinə iddia müddəti tətbiq edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmək haqqının və ödənişinin gecikdirilməsinə görə maddi və mənəvi zərərin tutulması tələbinə dair iddiası təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iləı razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır, müvafiq olaraq həmin ifadənin əksi, yəni mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli qərarında qərarında qeyd edilmişdir ki, eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə kollegiyası İddiaçı xx.xx.2017-ci il tarixdə öz ərizəsi ilə Cavabdehndə baş mühasib vəzifəsindən azad olunduğunu, qanunvericilikdə fərdi əmək münasibətləri üzrə işçiyə ödənilməmiş pul mübahisəsi olmaqla həmin mübahisələr üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddia üzrə iddia müddəti öturuldüyündən və cavabdeh iddia müddətinin tətbiqinə dair birinci instansiya məhkəməsinə ərizə verdiyindən, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq təmin edilməmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı ona həm də maddi və mənəvi zərərə görə haqqın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulduğu müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə də təmin etməməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, ümumiyyətlə işləmiş olduğu Ağstafa rayonu Köçvəlili Bələdiyyəsindən nə son haqq-hesabı, nə də ki, ona məxsus olan əmək kitabçasını götürməmiş, işdən çıxma barədə əmrdən çıxarışı 2023-cü ilin iyul ayında aldığını işdən görmək mümkündür. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşdən də göründüyü kimi iddiaçı tutduğu vəzifədən xx.xx.2017-ci il tarixdə, həm də öz ərizəsinə əsasən azad olunmuş, həmin vaxtdan altı ildən artıq müddət keçdikdən sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, yəni bu kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-1260/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-1260/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-950/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-950/2024
23.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver