Məhkəmə qərarları › İş №2(104)-955/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-955/2023

06.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-955/2023 06.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-241/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları X14 və X10 ilə birlikdə paylı mülkiyyətdə olan, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-241/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia təmin edilərək, iddiaçılar X10, X14 və onların qanuni nümayəndəsi İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi ev 2 ünvanında yerləşən 24 saylı mənzilə köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-241/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşları Muradın arvadı, X14 və X11 isə qardaşı uşaqlarıdır. X13 xx.xx.2019-cu il tarixidə ölmüşdür. Şəmkir rayonu, Kür Qəsəbəsi, Məmmədhüseyn Şəhriyar küçəsi, giriş 80, M5,1 saylı mənzil iddiaçı ilə onların paylı mülkiyyətindədir. Mənzilin ümumi sahəsi 74.40 kv.m, yaşayış sahəsi 49.8 kv.m, otaqların sayı 4 olmaqla, sahələri 10.8 kv.m,17.8 kv.m və 14.2 kv.m-dir. Mənzil binanın 5-ci mərtəbəsində yerləşir.xx.xx.2019-cu ildə onlar mübahisəli mənzilə dair ********** qeydiyyat nömrəli DƏDRX-nin reyestrendən çıxarış almışlar. Çıxarış alınarkən anaları X1 idi və mənzildə 3/12 hissədə payı var olmuşdur. xx.xx.2022-ci ildə anaları X20 vəfat etmiş və onlar anadan qalan payı da vərəsəlik yolu ilə qəbul etmiş və xx.xx.2022- ci ildə mənzilə dair ********** qeydiyyat nömrəli DƏDRX-nin reyestrdən çıxarışını almışlar. Həmin çıxarışa əsasən mənzilin 36/108 hissəsi Cavabdeh1, 36/108 hissəsi Cavabdeh2, 9/108 hissəsi X7, 9/108 hissədə isə cavabdeh İddiaçı payı müəyyən edilmişdir.Göründüyü kimi, mənzilin 2/3 hissəsi onların payına düşür. İddiaçı ilə mənzilin aralarında könüllü qaydada bölünməsi mümkün olmadığından, onlar həmin mənzilin naturada bölünməsinə dair məhkəmədə iddia qaldırmışlar və həmin iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə hazırkı iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onların qohumudur. Belə ki, o, cavabdehlərin qardaşı X15 ilə 06 noyabr 2010-cu ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuş, həmin nikahdan xx.xx.2010-cu il təvəllüdlü Sinəm və xx.xx.2013-cü il təvəllüdlü Aydın adlı uşaqları doğulmuşdiur.X5 31 iyul 2019-cu ildə vəfat etmiş və vəfatından sonra ondan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışlar və mübahisə edilən Şəmkir rayonu Kür qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi ev-2 mənzil 24-də yerləşən mənzil onun və cavabdehlərin paylı mülkiyyətindədir. Lakin cavabdehlər onlara öz mülkiyyətində olan mənzildə yaşamaqlarına imkan vermirlər. Onlara aid bütün əmlakları da, həmin evdədir və başqa yaşayış evləri yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-241/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 241/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin 3/12 hissəsi X6, 3/12 hissəsi Cavabdeh1, 3/12 hissəsi Cavabdeh2, 1/12 hissəsi X14, 1/12 hissəsi X10 və 1/12 hissəsi İddiaçı birgə paylı mülkiyyətindədir. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə X15 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X15 xx.xx.1985-ci il tarixdə doğulmuşdur. DİN tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 Şəmkir rayonu, Kür qəsəbəsi, Energetiklər küçəsi, ev 2, m 24 də qeydiyyatdadır. DİN tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Şəmkir rayonu, S.Vurğun kəndində qeydiyyatdadır. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X16 xx.xx.2013-cü il tarixdə və X17 xx.xx.2010-cu il tarixdə doğulmuşdur. X2, anaları İddiaçı qeyd edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi öz nəticəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Məhəmmədhüseyn Şəhriyar küçəsi ev 2 ünvanında yerləşən 24 saylı mənzil iş üzrə tərəflərin, yəni 3/12 hissəsi X3, 3/12 hissəsi Cavabdeh1, 3/12 hissəsi Cavabdeh2, 1/12 hissəsi X7, 1/12 hissəsi X4 və 1/12 hissəsi İddiaçı birgə paylı mülkiyyətindədir. İddiaçı ilə cavabdehlər arasında narazılıq olduğundan, iddiaçı himayəsində olan uşaqları ilə birlikdə başqa ünvanda yaşamaq məcburiyyətində qalmış və cavabdehlər onların paylı mülkiyyətlərində olan mənzildən istifadə etmələrinə maneə yaratmışlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil 3/12 hissəsi X3, 3/12 hissəsi Cavabdeh1, 3/12 hissəsi Cavabdeh2, 1/12 hissəsi X7, 1/12 hissəsi X4 və 1/12 hissəsi İddiaçı mülkiyyətindədir. X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətçilər olan İddiaçı və onun himayəsində olan uşaqlarının mübahisə edilən evə köçməsinə və orada yaşamasına maneələr yaratmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-cı maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə görə, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə yanaşı, İddiaçı və qanuni nümayəndəsi kimi çıxış etdiyi yetkinlik yaşına çatmayan uşaqları X10 və X7 paylı mülkiyyətindədir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir hüquqi və fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyaının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası cavabdehlərin mübahisəli mənzilin naturada bölgüsü ilə bağlı məhkəmədə iddia qaldırması, bununla bağlı icraaatın dayandırılmalı olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlil iddianın rədd edilməsinə əsas verməməklə, iddiaçının öz mülkiyyətindən maneəsiz istifadə etməsinə mane olması üçün əsas ola bilməz. Belə ki, mübahisəli mənzil mülkiyyət hüququ üzrə 1/12 hissədə X9, 1/12 hissədə X8 və 1/12 hissəsi İddiaçı məxsus olduğundan, onların mülkiyyətçi kimi təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi qanuni və əsaslı olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən nedilmişdir. Qətnamənin ləğv edilməsinə əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-241/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-241/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar