Məhkəmə qərarları › İş №2(104)-959/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-959/2023

04.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-959/2023 04.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 və mərhum anası X6 miras qalmış, Tərtər Şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası Hüseyn Suxandani və mərhum anası Roza Qurbanova vəfat edənə kimi Tərtər şəhəri N.Nərimanov küçəsində 22 saylı evdə yaşamışlar. Ailədə 7 övlad olmuş, onlardan 4-ü vəfat etmiş, 3 övlad isə hazırda yaşayırlar. Özü uzun illər Ukrayna Respublikasında yaşamış, hazırda Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasında yaşamağa başqa yeri olmadığından ata evinə sığınmışdır. Lakin vəfat etmiş qardaşı X2 arvadı, iş üzrə Cavabdeh onu evə qoymur, bildirir ki, ev şəxsi ev olaraq özünündür. O, küçələrdə yaşayır, başqa yaşayış yeri yoxdur. Hesab edir ki, 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə onun vərəsəliyi tanınmalı və həmin hissə onun mülkiyyətinə verilməlidir. Atadan miras qalmış mülkü faktiki olaraq qəbul etməmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsi ilə (hakim Elşad Bayramov) İddiaçı Cavabdeh qarşı atası X4 və mərhum anası X6 miras qalmış, Tərtər Şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsi və ya onun təklif etdiyi 4000 manat pulu qəbul etmədiyi halda, cavabdehin evdən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Tərtər şəhəri N.Nərimanov küçəsində anadan olmuş, 1979-cu ildən isə Ukrayna Respublikasına getmiş, yay aylarında hər il gəlib ata yurdunda qalmışdır.Onun və bacı, qardaşlarının həmin evdə məcburi payı vardır. Hazırda Tərtər şəhərində yaşayır, lakin cavabdeh onu evə buraxmır. İş üzrə İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X18 Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı hər iki məhkəmə iclası zamanı məhkəmə kollegiyasına eyni məzmunlu teleqrama ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, ona görə də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin hər iki halda, o, xəstələnməsi barədə sübut təqdim etmədiyi üçün, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının və üçüncü şəxsin mnümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, 30 iyul 2013-cü il tarixdə X8 ilə nikahlarını Tərtər Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə rəsmi nikaha daxil olmuş və həmin vaxtdan mübahisələndirilən evə gəlin gəlib, hazırkı vaxtadək də həmin evdə yaşayır. Birgə nikahlarından Rövşanə adlı uşaqları doğulmuşdur. Əri 07 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh onun qaynı, yəni ərinin qardaşıdır. Ərinin vəfatından sonra həmin evdə qızı Rövşanə ilə birlikdə yaşayır. Evin bütün xərclərini 2013-cü ildən hazırkı vaxtadək vaxtlı-vaxtında özü ödəyir, bütün ödəniş sənədləri öz adındandır. Evi bütövlükdə yenidən qurub, əsaslı təmir etdirmiş, həmin xərclər təxminən 25.000 manat edir. Hətta evin təmiri, yenidən qurulması üçün özlərinə məxsus VAZ-2107 markalı avtomaşınlarını da satmışlar və evə xərcləmişlər. Cavabdeh Ukrayna Respublikasının vətəndaşıdır. Belə ki, cavabdeh 1970-ci illərdə hərbi xidmətə getmiş, sonra isə Azərbaycan Respublikasına qayıtmamış, başqa ölkədə yaşamış, 1979-cu ildən Ukrayna Respublikasında yaşayır. Cavabdeh valideynlərindən qalmış mirası qəbul etməmiş və hətta onların yasına belə gəlməmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı Doğum Haqqında Şəhadətnaməsinin surətindən görünür ki, o, 06 iyun 1958-ci il tarixdə anadan olmuş, atası X5, anası isə X11r. X3 görünür ki, X5 xx.xx.1985-ci ildə, X15 isə xx.xx.2011-ci ildə vəfat etmişlər. 466 saylı inventar İşi əsasında verilmiş xx.xx.1987-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tərtər Şəhəri N.Nərimanov küçəsində 2 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan fərdi yaşayış evi 06 avqust 1957-ci il tarixli müqavilənamə əsasında mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 3622 saylı, 16 may 2022-ci il tarixli məktubundan görünür ki, Tərtər Rayon N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evi keçmiş rayonlararası texniki inventarlaşdırma bürosu tərəfindən X1 adına qeydə alınmışdır. Tərtər Rayon Xüsusi Notariat Ofisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X18 Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə ünvanladığı 04 iyul 2022-ci il tarixli, 584 və 585 saylı məktublarla X4 və X6 miras qalmış əmlakların mülkiyyət hüquqlarına dair sənədlərin hazırlanması xahiş olunmuşdur. Mübahisələndirilən evə dair Cavabdeh adından ödənilmiş kommunal xərcləri ilə bağlı /işıq, qaz, telefon və s./ təqdim edilmiş ödəniş qəbzləri, təmir işlərinin video çəkilişi, tikinti materiallarının alınmasını əks etdirən qaimələr işə əlavə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının valideynləri olan X5 xx.xx.1985-ci ildə, X15 isə xx.xx.2011-ci ildə vəfat etmiş və onların vəfatından sonra Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61.8 kvadrat metr olan 22 saylı fərdi yaşayış evi miras qalmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandılrmışdır ki, İddiaçı keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə getmiş, 1979cu ildən Ukrayna Respublikasında yaşamış, həmin ölkənin vətəndaşlığını almış, hazırda da Azərbaycan Respublikasında, o cümlədən də mübahisələndirilən evdə qeydiyyatda deyildir. O, valideynlərindən miras qalmış mülkdə yaşamamış və mirası qəbul etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətləri ilk növbədə mərhum İddiaçı xx.xx.1985-ci il tarixdə vəfat etməsi ilə yarandığından mübahisəyə ona münasibətdə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normaları, xx.xx.2011-ci ildə vəfat etmiş X12 münasibətdə isə, xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə, hər iki miras qoyan şəxsə münasibətdə xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını tətbiq etməklə, maddi hüquq normalarının pozuntusuna yol vermişdir ki, bu hal da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğvi üçün əsasdır. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 və mərhum anası X6 miras qalmış, Tərtər Şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsini xahiş etməsinə baxmayaraq, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(061)-1650/2022 saylı qətnaməsi ilə həmin iddia ilə birgə, həm də, onun təklif etdiyi 4000 manat pulu qəbul etmədiyi halda, cavabdehin evdən çıxarılması tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Halbu ki, işdə iddiaçının təklif etdiyi 4000 manat pulu qəbul etmədiyi halda, cavabdehin evdən çıxarılması tələbi olmamışdır. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin 30-cu vərəqəsində olan “Cavabdeh evdən çıxması üçün 4000 manat pul təklif edirəm. Cavabdeh pulu götürmürsə, evdən çıxmasını tələb edirəm” məzmunlu ərizə isə, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olmamış, həmçinin həmin ərizənin icraata qəbul edilməsi, cavabdehə təqdim edilməsi iş materialları və məhkəmə iclas protokolu ilə müəyyən edilmir. Məhkəmə öz qətnaməsində cavabdeh tərəfindən təqdim edilən sənədlərin siyahısını göstərsə də, lakin işdə Cavabdeh adından ödənilmiş kommunal xərcləri ilə bağlı /işıq, qaz, telefon və s./ təqdim edilmiş ödəniş qəbzləri, təmir işlərinin video çəkilişi, tikinti materiallarının alınmasını əks etdirən qaimələrdən başqa, digər sənədlər əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilən halları maddi və prosessual hüquq normalarının pozuntusu kimi qəbul edərək, Azərbaycan Respublikası MPM-nin 385-386-cı maddələrinə əsasən, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi üçün əsas kimi qəbul edir.Ona görə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır... Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1 Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyanlar X1 və X9 ölümündən sonra iddiaçı miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1979-cu ildən Ukayna Respublikasında yaşamış və hazırda da həmin ölkənin vətəndaşıdır. Göründüyü kimi, iddiaçı miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüququnu itirmişdir. İddiaçının valideynləri olan X1 xx.xx.1985-ci ildə, anası X9 isə xx.xx.2011-ci ildə vəfat etməsindən sonra, Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61.8 kvadrat metr olan 22 saylı miras fərdi yaşayış evini birinci növbə vərəsələrindən olan oğlu X7, onun 07 fevral 2021-ci il tarixdə vəfatından sonra isə, arvadı Cavabdeh həmin miras evdə yaşamaqla, onu idarə və sahiblik edərək, faktiki qəbul etmişlər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı mərhum atası X4 və mərhum anası X6 miras qalmış, Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsi tələblərinə dair iddiası təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-1650/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mərhum atası X4 və mərhum anası X6 miras qalmış, Tərtər şəhəri N.Nərimanov küçəsində 0.1 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 61.8 kvadrat metr ümumi sahəsi olan 22 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə və 0.01 ha torpaq sahəsinin 1/3 hissəsinə vərəsəliyinin tanınması və həmin miras payın naturada bölünməsi tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar