Məhkəmə qərarları › İş №2(104)-962/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-962/2024

30.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-962/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızının, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) X10 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6065/2023 saylı qətnaməsindən iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013- cü il tarixdə anadan olmuş X8 ilə birlikdə Cavabdeh1 adına olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 saylı evə köçürülməsinə və həmin yaşayış sahəsindən onlara istifadə hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6065/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mustafa Mustafayev) iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququ tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6065/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2010-cu ildə özbaşına tikiliyə gəloin kimi köçmüş, həmin evin hüquqmüəyyənedici sənədləri olmamışdır. Ona görə də, müqavilə bağlamaqla, həmin evdən istifadə hüququ əldə etməsi mümkün olmamışdır. Cavabdeh sonradan, yəni 2018-ci ildə evə dair sənədlər alınmış və 2019-cu ildə iddiaçı uşaqları ilə birlikdə həmin evə qeydiyyata düşmüşdür. İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehlərdən Cavabdeh1 oğlu Cavabdeh2 ilə xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat Şöbəsində 233 №-li akt qeydi ilə nikahlarını qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh2 ilə olan nikahları Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-307/2022 saylı qətnaməsi ilə pozulmuş və uşaqlarının onun yanında saxlanılması qərara alınmışdır. 2010-cu il noyabrın 10-da həmin evə gəlin köçürülmüşdür. Toy vaxtı onun cehiz əşyaları həmin evə yığılmışdır və bu gün də, əşyaları sözügedən evdədir. Onun uşaqları da, həmin evdə yaşayarkən doğulmuşlar. O, gəlin gələrkən evin sənədi qaydasında olmamışdır. O, xx.xx.2021-ci ildən həmin evdən çıxmış, hazırda ata evində yaşayır. Onun bütün cehiz əşyaları da həmin evdədir. Ona görə də, onların həmin evdə istifadə hüquqları tanınmalıdır. Odur ki, himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X8 ilə birlikdə Cavabdeh1 adına olan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 saylı evə köçürülməsinə və həmin yaşayış sahəsindən onlara istifadə hüququ verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızının nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək,onun təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6065/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil X17 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı ilə Cavabdeh2 xx.xx.2011-ci il tarixdə nikahlarını qeyd etdirmiş və iddiaçı qeydə alınmayan mübahisəli evə gəlin köçmüşdür. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.20 kv.m olan həmin bağ evi Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********85-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə cavabdehin atası Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçının həmin evə dair istifadə hüququ yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6065/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 6065/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-307/2022 saylı qətnaməsinə əsasən Cavabdeh2 ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları X2 yanında saxlanılması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh2 X2 xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X4 arasında nikah 15 mart 2023-cü ildə pozulmuşdur. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli 6745367, 6745368, ******* saylı arayışlardan görünür ki, X4, X5, X1 şəhəri, Kəpəz rayonu, Rəşid Allahverdiyev küçəsi, ev 17 ünvanda qeydiyyatdadırlar. hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.20 kv.m olan bağ evi **********85-11301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmışdır. 10 noyabr 2009-cu il tarixli AR-№ 084334 saylı etibarnamənin surətindən görünür ki, Gəncə şəhəri 5-ci dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2008-ci il tarixli 7E-10- 2712 №-li etibarnamə əsasında Gəncə şəhəri, S.İ.Xətai pr, ev 90, mən.93-də yaşayan X15 tərəfindən etibar edilmiş Gəncə şəhəri, Bayan küç, 1-dön, ev 14-də yaşayan Gəncə ŞPİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZE No 00337425 No-li şəxsiyyət vəsiqəsi olan X6 həmin etibarnamə ilə “Daşkəsən şəhəri, S. Vurğun küç, ev 14A, mən.5-də yaşayan (- Cavabdeh1 DT və XK-nin Gəncə şəhər şöbəsinin verdiyi xx.xx.2008-ci il tarixli 1064 qeydiyyat nömrəli -Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən - Məmmədov N.İ oğluna məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsində - yerləşən 400 0 kv.m torpaq sahəsinin və orada tikilmiş evin DƏDRX-nin Gəncə şəhər Ərazi İdarəsindən Reyestrdən Çıxarışını, Forma 1-ni almağı həmin sənədləri aldıqdan sonra torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Həmin etibarnamə 12 oktyabr 2018-ci ilədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 6119/2023 nömrəli arayışdan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, məhəllə-8, sahə 23 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-290 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X15 tərəfindən Cavabdeh1 satılmış, sonuncunun adına xx.xx.2018-ci il tarixli, **********85 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən çıxarışa və razılaşdırılmış layihəyə əsasən torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 93.2 kv.m (tikili “A”-da ümumi sahəsi 93.2 kv,m, yaşayış sahəsi 43.7 kv.m, köməkçi sahəsi 49.5 kv.m, üç yaşayış otağı) olan bağ evinə dair ünvanı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 göstərilməklə xx.xx.2019-cu il tarixli, **********85-11301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan X9 06.12 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə xx.xx.2021-ci il tarixdə gəlini Sədaqət İsmayılovanın və onun atası Çərkəzin onun evinə daxil olub özünə məxsus qızıl-zinət əşyalarını, 5000 manat pulunu oğurlayıb aparmaları barədə məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1ci(cinayət hadisəsi olmadıqda) maddəsi ilə rədd edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin 2013-cü ildə, yəni 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığı üçün, hazırkı mübahisənin həlli zamanı xx.xx.2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisə edilən evin mülkiyyətçisi olan Cavabdeh1 ailə üzvləri sırasına aid deyidlir və həmin mənzildən istifadə hüququ olmadığından , bu mənzilə köçürülə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı Cavabdeh2 ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmaqla, evlənmiş və mübahisə edilən Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Rəşid Allahverdiyev küçəsi, 17 saylı fərdi yaşayış evinə gəlin köçərək, 2021-ci ilin dekabr ayının əvvəllərinə kimi həmin evdə yaşamışdır. Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-307/2022 saylı qətnaməsi ilə Cavabdeh2 ilə X4 arasında xx.xx.2011-ci il tarixdə Samux rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 233 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yaranmış olduğundan, həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Plenumun ifadə etdiyi hüquqi mövqeyə görə: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur... Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir... Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.” Ailə Məcəlləsinin 13-cü fəslində valideynlərin və uşaqların aliment öhdəlikləri, 15-ci fəslində isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, eyni zamanda nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi təsbit edilib göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, hesab edir ki, iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı gəlin statusunda olmaqla, mübahisəli evin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü dairəsinə daxil deyildir. O, 2010-cu il tarixdə mübahisəli evə köçürülsə də, bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq, onun hazırda həmin mənzildən istifadə etmək səlahiyyətini təmin edən hüquq, yəni mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirən məhdud əşya hüququna malik olması anlamını vermir. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin iş materiallarından görünür ki, iddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızı Cavabdeh1 ailə üzvü deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X7 mübahisə edilən yaşayış evininin mülkiyyətçisi Cavabdeh1 ailə üzvü deyildir və o, mülkiyyətçi olmayan Cavabdeh2 ailə üzvü olmuşdur ki, hazırda isə onların ailə münasibətlərinə xitam verilmiş, yəni Gəncə Şəhər Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(125)-307/2022 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur ki, bu da hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiq edilməsini, yəni iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun müəyyən müddətə saxlanılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6065/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı İsmayılova (Əliyeva) Sədaqət Çərkəz qızının apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-6065/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar