Məhkəmə qərarları › İş №2(104)-972/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-972/2025

07.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-972/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsinin cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 qarşı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-362/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-362/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 ünvan 1 ünvanından çıxarılmaları qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın təmin edilməməsini və iş üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Gəncə rayon Mənzil İstismar Hissəsi Cavabdeh1, X8 və Cavabdeh3 qarşı iddia ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yaşayan vətəndaşlar Cavabdeh1, X8 və Cavabdeh3 xidməti mənzili boşaldıb balans saxlayıcısı olan Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fondudur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, Müdafiə Nazirinin müvafiq əmr, qərar və sərəncamlarına əsasən Gəncə rayon Mənzil-İstismar hissəsi şəhərciklərin qorunub saxlanılmasına və təyinatı üzrə istifadəsinə cavabdehdir. xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 1 saylı Mənzil-İstismar sahəsinin rəisi Bəhman Daşdəmirov hissə rəhbərliyinə raportla müraciət edərək ünvan 1 ünvanında yerləşən xidməti mənzildə yaşayan ehtiyatda olan polkovnik-leytenant Cavabdeh1 Azərbaycan Respublikası Dövlət proqramına əsasən ünvan 2 ünvanında özəl mənzillə təmin olunduğunu bildirmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, əvvəllər ehtiyyatda olan polkovnik-leytenant Cavabdeh1, vəfat etmiş valideyinləri atası X6 və anası X5 yaşadığı və Gəncə rayon Mənzil-İstismar hissəsinin balansında olan ünvan 1 ünvanında xidməti mənzildə yaşayib və vəfat etmiş valideyinlərinin ondan başqa övladları olmayib. Sonradan Cavabdeh1 Ordu Sıralarında xidmətə başlamış və uzun müddət qüsursuz xidmət etdiyindən sonra ailə üzvlərinin say tərkibi nəzərə alinmaqla Azərbaycan Respublikası Dövlət proqramina əsasən hərbi qulluqcuların sosial vəziyyətinin yaxşılaşdırması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********50-05301-093026 qeydiyyat nömrəsi ********** olan texniki pasport əsasında ünvan 2 ünvanında özəl mənzillə təmin olunmuşdur. Bununla əlaqədar olaraq ona dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmuş və ailə üzvləri ilə birlikdə mənzilin boşaldılması xahiş olunmuşdur. Buna baxmayaraq vətəndaş Cavabdeh1 ailə üzvləri ilə birlikdə xidməti mənzildə yaşamağa davam edir və bu günə kimi mənzili boşaltmaqdan imtina edir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Belə ki, atası mərhum X6 1973-1992-ci illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmişdir. 25 may 1999-cuil tarixli, 14 saylı Xidməti Order əsasında X6 və ailə üzvlərinə ünvan 3 ünvanında yerləşən xidməti mənzil verilmişdir. 29 may 2006-cı il tarixdə Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin 2-483/06 saylı qətnaməsi ilə 25 may1999-cu il tarixli, 14 saylı Xidməti Order daimi hesab edilmişdir. 25 may1999-cu il tarixdə, 14 saylı Xidməti Orderdən və bu order əsasında çıxarılmış 29 may 2006-cı il tarixli, 2-483/06 saylı Gəncə şəhər, Kəpəz Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, mənzildən daimi istifadə hüquqları X4 və onun ailə üzvləri - mərhum arvadı X10 və oğlu, hazırki iş üzrə Cavabdeh1 verilmişdir. Qeyd edilən məhkəmə qərarının icra edilməsi ilə bağlı 10.11 2008-ci il tarixli İddiaçı məktubundan görünür ki, məhkəmə qətnaməsi icra edilərək X2 daimi istifadə hüququ tanınmışdır. İddiaçı tərəf öz ərizəsində Cavabdeh1 ünvan 5 ünvanında özəl mənzillə təmin olunduğunu bildirmiş, lakin həmin mənzilin hansı əsasla verilməsini qeyd etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə mülki işçi olaraq kargüzar vəzifəsində fəaliyyətini davam etdirir. Xüsusi ilə qeyd etmişdir ki, ünvan 5 ünvanında göstərilən yaşayış sahəsi ona Azərbaycan Respublikası Dövlət Proqramına əsasən onun 1994-2015-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində göstərmiş olduğu 21 illik xidmətlərinə görə verilmişdir. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi və onlardan istifadə edilməsinə dair münasibətlər 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməkdədir. 01 oktyabr 2009-cu il tarixə kimi xidməti yaşayış sahəsindən istifadə edilməsinə dair münasibətlər 08 iyul 1982-ci il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənirdi. Azərbaycan Respublikasının qüvvədə olan mənzil məcəlləsini və Azərbaycan SSR Mənzil Məcəlləsini qarşılıqlı şəkildə təhlil etdikdə onun ataslna daimi istifadəyə verilmiş mənzil sahəsindən daimi istifadə hüququnun olması birmənalı şəkildə qeyd edilmişdir. O, öz xüsusi xidmətlərinə görə verilmiş mənzil sahəsinin atasının xidmətlərinə görə verilmiş mənzil sahəsinə aidiyyəti olmamalıdır. Çünki mülki hüquqlar və vəzifələr ailə münasibətlərindən və qohumluq dərəcəsindən asılı olmayaraq subyektiv xarakter daşıyır. X1 verilmiş mənzil sahəsindən istifadə etməyi Mənzil Məcəlləsi ilə ailə üzvü kimi əldə etdiyi hüququndan irəli gəlir. Bundan başqa iş üzrə o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylıhərbi hissəsi ilə əmək müqaviləsi bağlayaraq hazırda mülki işçi qismində fəaliyyətimi davam etdirir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunmaqaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən mülki işçilər və onlarla birlikdə yaşayan ailə üzvləri bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Nəticə etibarı ilə məhkəməyə təqdim edilən iddia ərizəsinin əsassız olmasına dair iki hüquqü fakt mövcuddur. Bunlardan birincisi mübahisə edilən mənzil sahəsi atasının xidmətlərinə görə verildiyi nəzərə alaraq onun həmin mənzildən atasının ailə üzvü qismində istifadə hüququnun olması, ikincisi isə onun mülki isçi qismində Azərbaycan RespublikasıMüdafiə Nazirliyi ilə əmək münasibətlərini davam etdirməyi və xidmət yeri üzrə yaşayış yerinin olmamasıdır. Lakin məhkəmə bu xüsusatları araşdırmadan, iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, iddiaçının qeyd olunan iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur. Balansa vermək mülkiyyət hüququ demək deyil. Mülki iş materiallarında iddiaçı tərəfin adına mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur, yəni mübahisə olunan mənzilin dövlət və ya ictmai mənzil fonduna aid olmasına dair mülki iş materiallarında hər hansı sənəd yoxdur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 25 may 1999-cu il tarixli, 14 saylı Xidməti Order daimi hesab edilmiş və onlar 1999-cu ildən həmin mənzildə yaşayırlar. Lakin məhkəmə bu halları, həmçinin onların həmin mənzilə istifadə hüquqlarının olmasını nəzərə almayaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respubilkası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 19 saylı xidməti orderin surətindən görünür ki, həmin order 3 nəfər ailə tərkibində (arvadı Bəyaz, oğlu Mehman) X4 Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, bina 396, 37 nömrəli mənzil verilmişdir,. İşdə olan Kəpəz rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X2 iddiası təmin edilərək ünvan 1-yə dair 25 may 1999-cu il tarixli 14 saylı xidməti orderin daimi hesab edilməsi qət edilmişdir. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 711101 saylı xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İşdə olan Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 241737 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İşdə olan Cavabdeh1 hərbi biletinin surətindən görünür ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xx.xx.2015-ci ildə ehtiyata buraxılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh1 **********50-05301-093026 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus olan ünvan 5 Yeni qaydalarla: AZ 1089, ünvan 6 ünvanında yerləşən mənzili 80000 manat məbləğində X7 satmışdır. İşdə olan Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 1378 saylı məktubda göstərilmişdir: Azərbaycan Respublikasının Dövlət proqramına əsasən hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə ailə üzvlərinizin say tərkibi nəzərə alınmaqla ünvan 8 ünvanında özəl mənzillə təmin olunmusunuz. Bu səbəbdən qanunla müəyyən olunmuş qaydada Müdafiə Nazirliyinin müddətsiz istifadəsində olan xüsusi təyinatlı ərazidə yerləşən və balansında olan əvvəllər mərhum vlideynləriniz və hal-hazırda ailə üzvlərinizlə yaşadığınız Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, bina 396, 37 nömrəli xidməti mənzili təhvil verməyinizi sizdən xahiş edirik, əks halda tərəfimizdən qanunla müəyyən olunmuş qaydada tədbir görüləcəyini nəzərinizə çatdırırıq. İşdə olan xx.xx.2024-cü il tarixli 663 saylı xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsi Cavabdeh1 Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, bina 396, 37 nömrəli mənzili təhvil verməsi, əks təqdirdə isə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 N saylı hərbi hissəsdə kargüzar kimi işə qəbul olunmuş və onunla xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri, 38 nömrəli hərbi şəhərcik, 396 saylı evin 37 nömrəli mənzili xx.xx.1999-cu il tarixli 19 saylı xidməti order əsasında 3 nəfər ailə tərkibində (arvadı Bəyaz, oğlu Mehman və özü) X4 verilmiş, X10 isə xx.xx.2012ci il tarixdə, X6 isə xx.xx.2014-cü il tarixdə ölmüşdür. Valideynlərinin ölümündən sonra Cavabdeh1 ailə üzvləri - X8 və Cavabdeh3 ilə həmin mənzildə yaşamaqda davam etmiş, Azərbaycan Respublikasının Dövlət proqramına əsasən hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Cavabdeh1 ailə üzvlərinin say tərkibi nəzərə alınmaqla ünvan 5 ünvanda özəl mənzillə təmin olunmuş, lakin sonuncu həmin mənzili alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirərək və edilmiş xəbərdarlıqlara baxmayaraq mübahisəli ünvandakı mənzildə yaşamaqda davam edir, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən hərbi hissəsdə mülki şəxs kimi çalışdığını bildirərək mübahisəli ünvandakı mənzildən çıxmaqdan imtina edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 ailəsi Dövlət tərəfindən Bakı şəhərində verilən mənzillə təmin olunduğu andan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin balansında olan ünvan 1 ünvanında yerləşən xidməti yaşayış sahəsindən istifadəyə olan ehtiyacları aradan qalxmışdır və həmin andan da onlar həmin xidməti yaşayış sahəsini boşaltmalıdırlar. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, X8 və Cavabdeh3 ünvan 1 ünvanından çıxarılmalıdırlar. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17-ci maddəsinə əsasən, mənzil fondu-Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3-cü bəndinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu” haqqında qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında yerləşən xidməti mənzil Gəncə şəhəri ərazisində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Mənzil fonduna aiddir. Cavabdeh1 Ordu Sıralarında xidmətə başlamış və uzun müddət qüsursuz xidmət etdiyindən ailə üzvlərinin say tərkibi nəzərə alinmaqla Azərbaycan Respublikası Dövlət proqramina əsasən hərbi qulluqcularin sosial vəziyyətinin yaxşılaşdırması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********50-05301- 093026 qeydiyyat nömrəsi **********-olan çıxarış əsasında ünvan 2 ünvanında özəl mənzillə təmin olunduğundan və hərbi xidmətdən ehtiyata buraxılmaqla hazırda hərbi qulluqçu olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, öz xüsusi xidmətlərinə görə verilmiş mənzil sahəsinin atasının xidmətlərinə görə verilmiş mənzil sahəsinə aidiyyəti olmamalıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehin atasının ona digər mənzil verilənədək həmin mənzildə yaşamaq hüququ olmuşdur və o, həmin mənzildən çıxarılmamış və həmin mənzildə yaşamışdır. Lakin onun həmin mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Ona görə ki, həmin mənzil cavabdehin mülkiyyətində olmamışdır, həmn mənzil Müdafiə Nazirliyinin balansındadır. Apellyasiya şikayətinin mənzilin xidməti orderinin daimi order hesab edilməsinə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin mənzilə dair orderin daimi hesab edilməsi cavabdehin mərhum atasına həmin mənzilə mülkiyyət hüququ verməmişdir. Apellyasiya şikayətinin iddiaçının qeyd olunan iddia tələbini qaldırmaq üçün subyektiv hüquqa malik olmaması dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin həmin dəlili də əsassızdır. Ona görə ki, Müdafiə Nazirliyinə aid evlər (mənzillər) Müdafiə Nazirliyinin Mənzil-İstismar hissələri tərəfindən idarə olunur. Həm də iş materallarında olan orderdən də göründüyü kimi “ünvan 11 ünvanda yerləşən mənzilə dair order Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi tərəfindən verilmişdir. Ona görə də Mənzil-İstismar Hissəsinin hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-362/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar