Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-977/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X3 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum edilmiş müddət üçün bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(125)-441/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək kitabçasından görünür ki, İddiaçı 24 noyabr 2017-ci il tarixdə Körpələr evinə 1.0 ştat vahidi ilə tibb bacısı vəzifəsinə qəbul edilmişdir. 01 avqust 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
2. AT 076278 nömrəli praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı 12 sentyabr 2022-ci il tarixində orta tibb işçilərinin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində tibb bacısı ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış 03 fevral 2023-cü il tarixli məktubdan görünür ki, istehsalat zərurəti və sertifikasiyadan keçdiyi nəzərə alınaraq tibb bacısı İddiaçı çalışma müddətinin 1 il uzadılmasına etiraz edilməmişdir.
4. Cavabdeh 10 fevral 2023-cü il tarixli, 2-K nömrəli əmrindən görünür ki, İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 10 fevral 2023-cü il tarixdən 6 ay 01 iyul 2023-cü il tarixədək uzadılmışdır.
5. Cavabdeh 01 avqust 2023-cü il tarixli, 28-K nömrəli əmrdən görünür ki, Gəncə Şəhər Körpələr X2 tibb bacısı İddiaçı ilə bağlanmış xxxxxxx00030 nömrəli əmək müqaviləsinə İddiaçı ərizəsi və son yaş həddinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə xitam verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və qanunsuz olaraq işləməkdən məhrum edilmiş müddət üçün bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 01 avqust 2023-cü il tarixli, 29-K nömrəli əmrin ləğv olunmasını, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdehndə 30 ildən çox tibb bacısı işləmişdir. 04 fevral 2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sertifikasiyadan keçməsini nəzərə alaraq tibb bacısı işində işləməsinin 1 (bir) il müddətinə uzadılmasına 03 fevral 2023-cü il tarixli, 3-28/2-658/2023 nömrəli məktubla etiraz etməmişdir. Həmin məktub əsasında 04 fevral 2023-cü il tarixdən 1 (bir) il müddətinə onunla əmək müqaviləsi bağlamışlar. Müəssisə bağlı olduğundan işə getməmişlər. 25 sentyabr 2023-cü il tarixdə əmək haqqı kartından pul çəkmək istədikdə kartında pul olmadığını görmüş və gecikmə olduğunu düşünmüşdür. 29 sentyabr 2023-cü il tarixdə isə bilmişdir ki, onu işdən çıxarmışlar və 01 avqust 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi dövlət büdcəsindən maliyyələşən müəssisələrinnin işçisi çalışmanın yaş həddinə çatması göstərilmişdir. İşdən çıxarılması qanunsuz və əsassızdır. Belə ki, 12 sentyabr 2022-ci il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmiş və 5 il müddətində Azərbaycan Respublikasının ərazisində tibb bacısı fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmişdir. Sertifikasiyadan keçərkən 65 yaşı tamam olmamışdır. 04 fevral 2023-cü il tarixdə 65 yaşı tamam olmuş və onunla 1 il müddətinə yenidən əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 1 il müddətinə uzadılmasının hüquqi əsası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03 fevral 2023-cü il tarixli, 3-28/2- 658/2023 nömrəli məktubu olmuşdur. Həmin məktubda göstərilmişdir ki, tibb bacısı İddiaçı sertifikasiyadan keçməsini nəzərə alaraq çalışma müddətinin 1 il müddətinə uzadılmasına etiraz edilmir. Lakin əmək müqaviləsinin bitməsinə 6 ay qalmış, bir tərəfli qaydada onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və əmək kitabçası ona verilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq 28 oktyabr 2023-cü il tarixdə keçirilən ilkin mediasiya zamanı mediator cavabdeh orqanın nümayəndəsindən əmək müqaviləsini tələb etsədə verməkdən imtina etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(125)-441/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2, 70, 83 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 217.3, 217.4, 358, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, əmək kitabçası tədqiq edilməmiş, eləcədə cavabdehdən əmək müqaviləsinin 06 ay və ya 1 il müddətinə bağlanılmasına dair hər hansı sənəd təqdim olunmamışdır. Halbu ki, onunla əmək müqaviləsinə işləməsinin son yaş həddinə çatması deyil, əmək müqaviləsinin bitməsi ilə xitam verilməliydi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, artıq 65 yaşı tamam olmuşdur. Sertifikasıyadan keçdiyi üçün onunla bağlanmış əmək müqaviləsinin vaxtı 1 il müddətə uzadılmışdır. Buna baxmayaraq vaxtından əvvəl, yəni 6 ay sonra işdən azad olunmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh əsaslı təmirdə olduğu üçün artıq 3 ildir fəaliyyət göstərmir. İddiaçı 65 yaşı tamam olsada, lakin onunla bağlanmış əmək müqaviləsinin müddəti 10 fevral 2023-cü il tarixli, 2-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 10 fevral 2023-cü il tarixdən 6 ay, yəni 01 iyul 2023-cü il tarixədək uzadılmışdır. 6 ay müddət tamam olduğundan əmək müqaviləsinə xitam verilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 70 Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
16. Maddə 71
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 24 noyabr 2017-ci il tarixdə Cavabdehnə 1.0 ştat vahidi ilə tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Cavabdeh 10 fevral 2023-cü il tarixli, 2-K nömrəli əmri ilə İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 10 fevral 2023-cü il tarixdən 6 ay, yəni 01 iyul 2023-cü il tarixədək uzadılmışdır. Çalışmanın yaş həddinə çatdığına görə 01 avqust 2023-cü il tarixli, 28-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə 10 fevral 2023-cü il tarixli, 2-K nömrəli əmrlə əmək müqaviləsinin müdətinin 1 il müddətinə uzadılmasını və həmin müddət tamam olmadan vaxtından əvvəl birtərəfli qaydada əmək müqaviləsinə xitam verilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
27. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin “qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, əmək kitabçasının tədqiq edilməməsi, eləcədə cavabdeh tərəfdən əmək müqaviləsinin 06 ay və ya 1 il müddətinə bağlanılmasına dair hər hansı sənəd təqdim olunmaması” dəlilləri qətnamənin ləğvü üçün əsas deyil.
28. Belə ki, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin hər dəfə 1 ilədək, 5 ildən artıq olmamaqla uzadılması üçün konkret meyarlar müəyyən edilməsə də, belə meyarlara işçinin tam əmək qabiliyyətinə, dərin nəzəri biliyə, böyük iş və həyat təcrübəsinə malik olması, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməsi, həmin müəssisədə və tutduğu vəzifədə uzun illər qüsursuz işləməsi, mədəni, əxlaqi keyfiyyətləri və sair aid edilə bilər.
29. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı 65 yaşına çatdığından işəgötürən onun çalışma müddətini 6 ay uzatmış və həmin müddət başa çatdığından sonuncunun çalışma müddəti uzadılmamışdır. İddiaçı çalışma müddətinin 1 il müddətinə uzadıldığını iddia etsədə, lakin onun bu dəlili iş materialları ilə sübut olunmur. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi işəgötürənin 10 fevral 2023cü il tarixli, 2-K nömrəli əmri ilə İddiaçı çalışma müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 10 fevral 2023-cü il tarixdən 6 ay, yəni 01 iyul 2023-cü il tarixədək uzadılmışdır.
30. Kollegiya qeyd edir ki, İddiaçı 65 yaşı tamam olduğundan, çalışma müddətinin bir dəfə 6 ay uzadılması və həmin müddət başa çatdığından onunla yenidən əmək münasibətlərinin davam edib-etməməsinə dair iradə sərbəstliyini qanunverici işəgötürənin mülahizəsinə buraxmışdır. Hazırkı iş üzrə çalışma müddətinin işəgötürən tərəfindən yenidən uzadılmaması özlüyündə onu deməyə əsas verir ki, işəgötürən artıq iddiaçı ilə əmək münasibətini davam etdirmək istəmir. Deməli işəgötürən bu davranışıyla öz iradəsini açıq-aşkar ifadə etmiş və onun bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan əmək müqaviləsinə xitam verməsi üçün əsasdır.
31. Göründüyü kimi İddiaçı Cavabdehndə çalışma müddəti 01 iyul 2023-cü il tarixədək uzadılmış və həmin müddıət başa çatdıqdan sonra tərəflər arasında faktiki əmək münasibətləri əmələ gəlməmişdir. Belə olan təqdirdə işəgötürənin iradəsinə zidd olaraq onun əvvəlki işinə bərpa olunması istisna olunur. Çünki, həmin şəxslə yeni əmək müqaviləsinin bağlanması və işə bərpa olunduğu bütün müddət üçün ona məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi düzgün yanaşma olmaz və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olar.
32. Kollegiya qeyd olunanlarla yanaşı həmçinin qeyd edir ki, cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 09 iyun 2021-ci il tarixli 42 nömrəli əmri ilə Cavabdeh 10 iyun 2021-ci il tarixdən əsaslı təmirə bağlanmışdır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(125)-441/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.