Məhkəmə qərarları › İş №2(104)-990/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-990/2025

27.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-990/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X6 İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X6 İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əməkhaqqının və son haqq-hesabın, o cümlədən 5000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)- 1403/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə X6 İdarəsi arasında xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən İddiaçı fəhlə vəzifəsinə təyin edilmişdir;

2. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X6 İdarəsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir;

3. X6 İdarəsinin xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir;

4. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, İddiaçı ilə X6 İdarəsi arasında olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 68.2. a) tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir;

5. Kapital Bankın ödəniş kart üzrə çıxarışından görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi İddiaçı hesabına 615 manat mədaxil olmuşdur;

6. xx.xx.2024-cü il tarixli X7 Xidmətinin məktubundan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma zamanı “X10” MMC-nin rəhbərliyinə İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədilə müvafiq sorğu məktubu ünvanlanmışdır. “X10” MMC-nin və X6 İdarəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərə baxış keçirilərkən İddiaçılə X6 İdarəsi arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə öz ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi, lakin həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172-ci madəsinin 4-cü hissəsinin (işçiyə ödənilməli son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) tam məbləğdə işdən çıxdığı gün işçiyə verilməlidir) tələbləri pozularaq son haqq-hesabının işəgötürən tərəfindən İddiaçı ödənilmədiyi müəyyən edilmişdir. Bununla da X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü (işçinin əmək və əmək məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) və 198.1.5-ci (normal əmək və istirahət rejiminə riayət edilməməsinə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəticəsində aparılan araşdırma zamanı aşkarlanmışdır. Lakin xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməsi nəzərdə tutulduğundan Qazax Suvarma İdarəsinin vəzifəli şəxsinin əməlində inzibati xəta tərkibi olmasına baxmayaraq məsuliyyətə cəlb etmək mümkün olmamışdır. Son haqq-hesabınının 1 ay müddətində hesablanıb ödənilməməsinin təmin edilməsi məqsədilə X6 İdarəsinin rəhbərliyinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir) xx.xx.2024-cü il tarixli 3-17-5/2-34886/2024 nömrəli məktubla icrası məcburi göstəriş verilmişdir. X6 İdarəsinin rəhbərliyi tərəfindən təqdim edilmiş məktub və əlavə edilmiş ödəniş tapşırığından icrası məcburi göstəriş icra olunaraq son haqq-hesabının bir hissəsinin xx.xx.2024cü il tarixdə, yerdə qalan hissəsinin isə xx.xx.2024-cü tarixdə hesablanıb ödənildiyi məlum olmuşdur;

7. xx.xx.2024-cü il tarixli 2/58 nömrəli məktubdan görünür ki, İddiaçı düşən son haqqı-hesabı 13 iyun 2024-cü il tarixində X6 İdarəsi tərəfindən tam ödənilmiş və idarənin borcu qalmamışdır; Ödəniş tapşırığından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 95,96 manat pul ödənilmişdir.

8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X6 İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X6 İdarəsində işlədiyi dövr ərzində işdən azad olunmaya görə son haqq-hesabın (isitifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələrin) hesablanaraq ona ödənilməsi, gecikdirilmiş əmək haqqının 1 faiz miqdarında əmək haqqının 1 (bir) faizi miqdarında bu günədək ödənc məbləğinin hesablanaraq ödənilməsi və mənəvi ziyana görə 5000 (beş min manat) məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini tam müdafiə edir, eyni zamanda həmin tələb ilə yanaşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə də çıxış edərək iddia tələbinin həcmini artırır. Çünki, cavabdehin ona qarşı işdən əmək müqaviləsiniə xitam verilməyə dair müvafiq əmri qanunsuzdur və həmin əmrin ləğv olunması, habelə əmrin ləğv edilməsi halında onun yenidən əvvəlki işinə bərpa olması və indiyədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hüququ yaranır. Onu da xüsusi olaraq bildirir ki, işdən çıxma barədə əmri ona son iş günündə son haqq-hesabı ilə birlikdə verilməli olduğu halda, indiyədək verilməmişdir. Ona işdən çıxmamağının hüquqi əsası yalnız ona təqdim olunan əmək kitabçasının bu barədə məzmunundan məlumatlıdır. Halbuki, işdən çıxma barədə əmr işəgötürən tərəfindən ona son iş günü təqdim edilməlidir. Bu hal əmək qanunvericiliyi ilə əmək hüquq münasibətlərinə xitam verməsi əmək qaydalarına ziddir. Odur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh "xxxx" ASC-nin X6 İdarəsinin müvafiq əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, cavabdeh "xxxx" ASC-nin X6 İdarəsində işlədiyi dövr ərzində işdən azad olunmaya görə son haqq-hesabın (istifadə edilməmiş məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələrin) hesablanaraq ona ödənilməsi, gecikdirilmiş əmək haqqının 1 (bir) faizi miqdarında bu günədək ödənən məbləğinin hesablanaraq ona ödənilməsi və mənəvi ziyana görə 5000 məbləğində pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsalandırmışdır ki, o xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cavabdeh "xxxx" ASC-nin X6 İdarəsində əmək müqaviləsi əsasında işləmişdir. Cavabdeh tərəfindən işdən çıxmağı ilə bağlı ərizə yazmağa məcbur edilərək nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən işdən azad edilmişdir. Çünki, onun əlil vəziyyəti və az təminatlı olmağı nəzərə alınaraq, kim öz təşəbbüsü ilə işdən çıxmağa razı olardı. Məlum məsələdir ki, o işəgötürən (cavabdeh) tərəfindən bu addımı atmağa məcbur qalmışdır. Halbuki, bu hal, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə ziddir. Həmin normanın tələbi onu deməyə əsas verir ki, işəgötürən tərəfindən işçinin iradəsi əleyhinə (zor işlətmək, hədə-qorxu və ya başqa üsüllarla) əmək müqaviləsinə xitam verilə bilməz. Lakin, onunla əmək müqaviləsinə xitam verilərkən, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir çox digər tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, əmək kitabçası, işdən çıxma barədə əmri və son haqq-hesabı son iş günü ona təqdim edilməmişdir. Əmək kitabçası işdən çıxandan bir neçə həftə sonra əldə edə bilmişdir. İşdən çıxma barədə əmr bu günədək ona təqdim edilməmişdir. Son haqq-hesabı isə bu günədək hesablanaraq ona tam ödənilməmişdir. Hazırki iddia tələbinin əsasını, məhz cavabdeh tərəfindən son haqq-hesabın doğru hesablanaraq ona ödənilməsi, qeyriiş günləri (bayram, hüzn günü) artıq iş saatına görə əmək haqqının, əmək məzuniyyətinə görə pul əvəzinin və gecikdirilmiş əmək haqqına görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında ödənişin hesablanaraq öna ödənilməsi, habelə bunula bağlı çəkdiyi mənəvi sarsıntıya görə uğradığı mənəvi zərər qismində 5000 (beş min) manat miqdarında cavabdehdən pul tutulmasından ibarədir. Onu da xüsusi olaraq məhkəmənin diqqətinə çatdırır ki, qanunsuz işdən çıxarılmağı ilə bağlı, habelə son haqq-hesabının doğru hesablanmaması, qeyri-iş günləri işə cəlb olunmağı, lakin buna görə əlavə ödəniş almamağı ilə bağlı, ən əsası isə bu günədək işdən çıxma barədə əmrin ona rəsmi olaraq təqdim edilməməsi və digər əmək-hüquq pozuntuları ilə bağlı X5 müraciət ünvanlamışdır. Çünki, zamanında işə götürən tərəfindən müraciətlərinə baxılmamışdır. Nəticədə uzun zamandır ki, müraciətinin araşdırmasının nəticəsi olaraq X3 aparılmış araşdırmanın nəticəsi olaraq sonda ona xx.xx.2024-cü il tarixli cavab məktubu gəlmişdir. Həmin məktub ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Həmin məktubda cavabdehin ona qarşı yol verdiyi və iddia tələbində əks olunan əmək-hüquq pozuntuları X7 tərəfindən aparılmış araşdırma nəticəsində təsdiq olunur. Beləliklə, məhz həmin vaxtdan (qeyd olunan araşdırma məktubunu aldığı andan) etibarən ona iddia tələbində qeyd olunan məsələlərlə bağlı hüquqlarının pozulması rəsmi məlum olmuşdur. Qeyd olunan X4 məktubunda təsdiq olunan fakt odur ki, həqiqətən cavabdeh təşkilatın vəzifəli şəxsi tərəfindən ona qarşı qanun pozuntusuna yol verilmiş və nəticədə Elşən Məmmədov adlı şəxs və İdarənin digər vəzifəli şəxsləri tərəfindən onun müraciətlərinə doğru baxılmadığına və cavablandırmadığına görə məsuliyyətə cəlb olunmuşlar. Bundan əlavə, son haqq- hesabının doğru hesablanmaması (əlavə iş saatlarına görə ödəmələr, ödənilməyən məzuniyyət pulları və sair), əmək müqaviləsinin, əmək kitabçasının, işdən çıxma barədə əmrin ona son iş günü təqdim edilməməsi kimi cavabdehin yol verdiyi kobud qanun pozuntuları bir daha X4 qeyd olunan xx.xx.2024-cü il tarixli məktubunda təsdiq olunur. Bu hallara yol verdiyinə görə cavabdeh təşkilatın vəzifəli şəxsinin İXM-nin 192-ci maddəsinə əsasən məsuliyyət daşıması da qeyd olunur. Eyni zamanda həmin məktubda X7 qeyd edir ki, işə götürən tərəfindən son haqq-hesabın bir hissəsi ona xx.xx.2024-cü il tarixdə, digər hissəsi isə xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Bu hal ilə tam razı deyil və həmin hissədə ona son haqq-hesabının cavabdeh tərəfindən tam ödənilməməsi qənaətindədir və həmin hissəni hazırda məhkəmə qaydasında mübahisələndirir. Belə ki, son haqq-hesab deyəndə işçiyə ödənilməyən məzuniyyət pulları, əlavə iş saatlarına görə ödəmələr və sair nəzərdə tutulur. Bunların heç biri ona qeyd olunan tarixlərdə hesablanaraq doğru ödənilməmişdir. Bundan əlavə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndindən irəli gələrək ona vaxtında ödənilməyən əmək haqlarına görə 2021-ci il tarixdən indiyədək əmək haqlarının 1 faizi miqdarında cavabdehdən xeyrinə ödənişin hesablanaraq ödənilməsini tələb edir. Göstərilən məktubda ona ödənilən son haqq-hesab məbləğlərində bu hal əks olunmayıb. Beləliklə, həmin əmək haqqının gecikdirildiyinə görə hər gecikdirilən gün üçün əmək haqqının 1 faizi miqdarında cavabdehdən əlavə ödəniş almaq hüququ vardır. Həmin məbləğin hesablanaraq ona ödənilməsini tələb edir. Bundan əlavə, 2021-ci ildən indiyədək Bakı şəhərində hazırkı məsələ ilə bağlı müxtəlif dövlət qurumlarında olmuşdur. X1muş bu məsələlərin həllinə nail olmaq üçün mənəvi sarsıntı, stres keçirmiş, həmçinin əlavə olaraq maddi xərcləri də olmuşdur. Hesab edir ki, indiyə kimi keçirdiyi bu mənəvi gərginliyin əvəzi olaraq cavabdehdən xeyrinə 5000 manat mənəvi ziyana görə pul tutulmalıdır.

12. Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)-1403/2024 nömrəli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X6 İdarəsinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının,işdən azad olunmaya görə son haqqhesabın və 5000 manat mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1, 68.2, 288, 296.2 və 300.1-ci maddələrinə, həmçinin Mülki Məcəllənin 372.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək cavabdeh "xxxx" ASC-nin X6 İdarəsində əmək müqaviləsi əsasında işləmişdir. Cavabdeh tərəfindən işdən çıxmağı ilə bağlı ərizə yazmağa məcbur edilərək nəticədə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Çünki, əlil vəziyyəti və aztəminatlı olmağı nəzərə alınaraq, kim öz təşəbbüsü ilə işdən çıxmağa razı olardı. Məlum məsələdir ki, işəgötürən (cavabdeh) tərəfindən bu addımı atmağa məcbur qalmışdır. Halbuki, bu hal Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə ziddir. Həmin normanın tələbi onu deməyə əsas verir ki, işəgötürən tərəfindən işçinin iradəsi əleyhinə (zor işlətmək, hədə-qorxu və ya başqa üsüllarla) əmək müqaviləsinə xitam verilə bilməz. Lakin, onunla əmək müqaviləsinə xitam verilərkən, cavabdeh tərəfindən Əmək Məcəlləsinin bir çox digər tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, əmək kitabçası, işdən çıxma barədə əmri və son haqq-hesabı son iş günü ona təqdim edilməmişdir. Əmək kitabçasını işdən çıxandan bir neçə həftə sonra əldə edə bilmişdir. İşdən çıxma barədə əmr bu günədək ona təqdim edilməmişdir. Həmçinin son haqq-hesabı işdən çıxdıqdan bir neçə il sonra yəni xx.xx.2024-cü il tarixdə ödənilsə də, bu günədək doğru hesablanaraq tam ödənilməmişdir. Onu da xüsusi olaraq məhkəmənin diqqətinə çatdırır ki, bu əmək-hüquq pozuntuları ilə bağlı X5 müraciət ünvanlamışdır. Çünki zamanında işə götürən tərəfindən müraciətlərinə baxılmamışdır. Nəticədə uzun zamandır ki, müraciətinin araşdırmasının nəticəsi olaraq X3 aparılmış araşdırmanın nəticəsi olaraq sonda ona xx.xx.2024-cü il tarixli cavab məktubu gəlmişdir. Həmin məktub ona poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Həmin məktubda cavabdehin ona qarşı yol verdiyi və iddia tələbində əks olunan əmək-hüquq pozuntuları X7 tərəfindən aparılmış araşdırma nəticəsində təsdiq olunmuşdur. Bununla bağlı ona münasibətdə əmək qanunvericiliyinin tələblərini pozmasına görə cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhz həmin vaxtdan (qeyd olunan araşdırma məktubunu aldığı andan) etibarən ona iddia tələbində qeyd olunan məsələlərlə bağlı hüquqlarının pozulması rəsmi qaydada məlum olmuşdur. Hüquqlarının pozulmasını bildiyi andan etibarən 1 təqvim ayı ərzində mediasiya təşkilatına və məhkəməyə müraciət etmişdir. Birinci insansiya məhkəməsi iddia tələbininin təmin olunmaması ilə bağlı gəldiyi nəticəni Əmək Məcəlləsinin 296.2-ci maddəsindən irəli gələrək əsaslandıraraq, onun 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyinə görə, iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Məhkəmənin bu qənaəti kökündən yanlışdır. İşin faktiki hallarından habelə iş materiallarında olan təkzib olunmaz sübutlar (son haqq hesabın verilmə tarixinə dair sənədlər, əmək kitabçasının ona vaxtında təqdim edilməməsi, ona münasibətdə əmək qanunvericiliyinin pozulması ilə cavabdeh qurumda araşdırma aparılması bağlı iznibati məsuliyyətinə dair hallar) onu deməyə əsas verir ki, hüquqlarının pozulmasını rəsmən bildiyi andan qanunla müəyyən edilmiş müddətdi ötürmədən mediasiya və məhkəmə prosesinə başlamışdır. Qətnamədən də bəlli olduğu kimi, X5 ünvanlanan şikayəti əsasında aparılmış apaşdırmanın və cavabdeh qurumun inzibati məsuliyyətə cəlb edilməsindən sonra 2024-cü ilin iyul ayıda ona son haqq-hesab verildikdən sonra məhkəmə mübahisəsinə başlamışdır və müddəti ötürməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, heç bir siyasi partiyaya üzv olmadığı halda, cavabdeh təşkilat guya onun Yeni Azərbaycan Partiyasına üzv olduğunu əsas göstərərək əməkhaqqından faizlər tutmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilsə də, lakin məcburiyyət qarşısında qalaraq həmin ərizəni yazmışdır. Son haqq-hesab ona ödənilmişdir, lakin yetəri məbləğdə deyildir. Məruz qaldığı mənəvi zərər ondan ibarətdir ki, cavabdeh təşkilatın qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verməsi nəticəsində iztirab və sarsıntı keçirtmişdir. O cümlədən, hazırkı məsələnin həlli ilə bağlı Bakı, Gəncə, Tovuz və s. şəhərlərə getməyə görə əlavə xərc çəkmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

19. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

20. Maddə 68. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

21. Maddə 69. Hissə 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

22. Maddə 69. Hissə 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

23. Maddə 69. Hissə 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

24. Maddə 69. Hissə 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

25. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

26. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına əmək qanunvericiliyinə və əlaqəli hüquq normalarına əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, işçi İddiaçı ilə işə götürən X6 İdarəsi arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı fəhlə vəzifəsində işə təyin edilmişdir. İşçi İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edərək ərizə verilən tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. X6 İdarəsinin xx.xx.2021-ci il tarixli 16 nömrəli əmri ilə işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilmişdir. İşçi İddiaçı işdən azad edilərkən ona son haqq-hesab ödənilməmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə ona son haqq-hesab ödənilmişdir. İddiaçı cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmağa məcbur edildiyini və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

39. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

40. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

41. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.

42. İşin mübahisəsiz hallarıdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh təşkilata müraciət edərək, ərizə verilən tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, təşkilatın xx.xx.2021-ci il tarixli 16 nömrəli əmri ilə də onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir.

43. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndi göstərilmişdir. Həmin norma, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi hüququnu verir.

44. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni işçi öz şəxsi imzası ilə təsdiqləmişdir. Hansı ki, həmin hal işçi tərəfindən mübahisələndirilməmişdir.

45. Bununla belə, İddiaçı cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmağa məcbur edildiyini iddia etsə də, lakin lakin bununla bağlı sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

47. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

48. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi bu hissədə sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

50. İşin yuxarıda göstərilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur. Əmrin qanunvericiliyin tələblərinə zidd olması barədə hazırkı iddia tələbi əsassızdır, mübahisələndirilən əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Kollegiya həmçinin qeyd edir ki, əmrin ləğv edilməsi hissədə iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından kollegiya iddia tələbinin digər hissələri (işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və mənəvi zərər) ilə bağlı hüquqi dəyərləndirilmə aparılmasını zəruri hesab etmir.

51. Son haqq-hesabın ödənilməsi barədə iddiaçının tələbinə münasibətdə kollegiya qeyd edir ki, X7 Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan göründüyü kimi cavabdeh təşkilat tərəfindən son haqq-hesabın bir hissəsi xx.xx.2024-cü il tarixdə, qalan hissəsi isə xx.xx.2024-cü tarixdə hesablanıb iddiaçıya ödənilmişdir.

52. Göründüyü kimi iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdükləri faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)-1403/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar