Məhkəmə qərarları › İş №2(104)-991/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-991/2025

12.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-991/2025 12.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X4 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X4 və Cavabdeh3 (bundan sonra – cavabdeh(lər)) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-2/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Ağstafa rayon Notarlat Ofisi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1994-ci il tarixdə ölmüş X2 vərəsəsi Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə, İddiaçı adına Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən 109.1 kv/m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.130020 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, X6, X1 Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən ona məxsus çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib Cavabdeh1, Cavabdeh2 ailə üzvləri ilə birlikdə və Cavabdeh3 Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən ona məxsus çıxarış əsasında mülkiyyətində olan fərdi yaşayış evindən və yaşayış sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağstafa rayonu Aşağı Kəsəmən kəndində yerləşən yaşayış evi ona məxsusdur və dövlət çıxarışına əsasən onun mülkiyyətindədir. Bir müddət əvvəl Cavabdeh1 və ailə üzvlərinin yaşamağa yeri olmadığından müvəqqəti Bakı şəhərində yaşadığı üçün onlara evi vermiş, hazırda həmin evə köçmək istəmiş, lakin cavabdeh evi ona təhvil vermək istəmir və evdən çıxmırlar. Bu barədə cavabdehə rəsmi müraciət etsə də cavabdeh onun mülkiyyətindən çıxmır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-2/2025 nömrəli qətnaməsi ilə (hakim H.Mürsəlova) iddia təmin edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlərin və onların ailə üzvlərinin hazırda yaşadığı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış əsasında İddiaçı məxsusdur. Cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə olduğu təqdirdə, cavabdehlər hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. Ona görə də iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində 0,13 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,1 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmış fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, ailə üzvləri Cavabdeh2, X6, X4 və Cavabdeh3 çıxarılmalıdır. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 124.2, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Belə ki, mübahisəli əmlak mənim ərinin nənəsi Tükəzban Şəbəyevadan miras qalmışdır. Həmin miras əmlakı ərinin mərhum əmisi Malik Şabayev və iddiaçı Şamil Şabayev qəbul etmişlər. 2011-ci ildə onlar yaşamaq üçün evləri olmayanda mərhum Malik Şabayev və İddiaçı onlara həmin evə köçməyi və orada yaşamağı təklif etdilər. Onlar həmin evin ərinin mərhum nənəsi Tükəzban Şəbəyevadan miras qaldığını, cavabdehlərin də evi olduğunu, onların özünün Bakı şəhərində evləri olduğunu həmin evə ehtiyacları olmadığını bildirdilər. Cavabdehlər də ona görə ailə üzvləri ilə birlikdə köçüb həmin evdə yaşadılar. Evə köçərkən həmin ev yaşamaq üçün çox yararsız olmuşdur. Çünki, həmin ev uzun illərdir tikilmiş ev idi, tamam yararsız hala düşmüşdü. Ona görə onlar evə köçməmiş iddiaçının və qardaşı Malikin razılığı ilə evin dam örtüyü daxil olmaqla orada əsaslı təmir işləri apardılar. Sonra isə həmin evə köçüb orada yaşayaraq, qalan təmir işlərini də apardılar. 2011-ci ildən son 3-4 ilə kimi İddiaçı onlara qarşı heç bir iddia irəli sürməmişdi. Lakin, iddiaçı evin tam yararlı, yaşayış üçün əlverişli vəziyyətdə olduğunu gördükdən sonra evə dair mülkiyyət hüququna dair Çıxarış alaraq onlara qarşı hazırki iddianı qaldırdı. Halbuki, onlar həmin evi təmir etdirib, köçüb orada yaşamaqlarına özü razılıq vermişdi. Həmin vaxt fərdi yaşayış evi heç kimin mülkiyyətində deyildi. Evdə bir çox əlavələr edilib təmir olunmuşdur. Həmin evi təmir etməyə 28000 manat xərc çəkmişlər. Bu gün də iddiaçı onların çəkdiyi xərci qəbul etsə də, ona evə çəkdiyi xərcə görə ancaq 10000 manat məbləğində pul təklif edir. Həmin məbləğ isə çox azdır. Hazırda iddiaçı öz hüquqlarından sui-istifadə edərək, onun yaşlı qayınana və övladları ilə birlikdə küçəyə atır. Məhkəmə qətnaməsində mülkiyyət hüququ ilə bağlı normalara istinad edərək, iddiaçının tam əşya hüququ olan mülkiyyət hüququnun pozulduğu qeyd edilməklə iddia tələbi təmin etmişdir. Lakin, məhkəmə tərəfindən qətnamə çıxarılarkən işin faktiki halları araşdırılmamış, mübahisəli fərdi yaşayış evində bizim tərəfimizdən iddiaçının razılığı ilə əsaslı təmir işləri aparılması, artıq 14 ildir həmin evdə yaşamağı nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək izahatında bildir ki, həmin evi əsaslı təmir etdirib, o evə xərc çəkiblər. Evdən çıxdıqları təqdirdə çəkilmiş xərcin qarşılığını istəyirlər. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Digər cavabdehlər və iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Madddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin faktiki halı odur ki, Ağstafa rayon Notarlat Ofisi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli V-428/2021 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.1994-ci il tarixdə ölmüş X2 vərəsəsi Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almış və Azərbaycan Respublikası Ərnlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə, İddiaçı adına Ağstafa rayonu Aşağı Kəsəmən kəndidə yerləşən 109.1 kv/m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.130020 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə, ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri iddiaçının mülkiyyət hüququnun müdafiəsi və cavabdehin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mülki mübahisədir və qanunvericiliyin mülkiyyət hüququna, habelə yaşayış sahəsindən istifadəyə dair aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Qeyd edilməlidir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, cavabdehlərin və onların ailə üzvlərinin hazırda yaşadığı fərdi yaşayış evi X3 məxsus olmuş və onun ölümündən sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmiş və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən könüllü olaraq çıxmaması nəticəsində iddiaçının həmin yaşayış evinə münasibətdə mülkiyyətçi kimi əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə olduğu təqdirdə, cavabdehlər hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar ki, bu hal da iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. Cavabdehin fərdi yaşayış evinə hər hansı qanuni əsasla istifadə hüququ mövcud olmamışdır. Belə ki, apellyatorun apellyasiya şikayətində olan etirafına əsasən fərdi yaşayış evi boş olmuş və onların yaşayış yeri olmadığından iddiaçının təklifi ilə 2011-ci ildə həmin fərdi yaşayış evində yaşamağa başlamılar. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yaranmış və bu səbəbdən də tərəflər arasında yaranmış hüquq münasibətlərinə və cavabdehlərin istifadə hüquqlarının yaranıb-yaranmamasına xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi əsasən qiymət verilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Cavabdehlər istinad olunan maddəyə əsasən iddiaçının ailə üzvləri deyildir, cavabdehlər iddiaçının qardaşının arvadı və onun ailə üzvləridir. Cavabdehlərin 30.1-ci maddədə göstərilən digər qohumların dairəsinə aid olubolmaması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsil ilə (Ailənin başqa üzvlərinin aliment öhdəlikləri) isə müəyyən edilən digər qohumlar qardaş, bacı, baba, nənə, nəvələr, ögey oğul və qızlar nəzərdə tutulur ki, cavabdehlər həmin kateqoriyadan olan şəxslər deyildir. Göründüyü kimi, cavabdehlər iddiaçının ailə üzvləri və digər qoyumları kateqoriyasına aid olmadıqlarından onların iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları mövcud deyildir. Cavabdehin apelyasiya şikayətinin dəlili kimi mübahisə predmeti olan fərdi yaşayış evinin əsaslı təmirinə xərc çəkməsi və bundan irəli gələrək onun iddiaçıya qarşı pul tələbinin olması halına qiymət verərkən məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin predmeti cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda cavabdeh iddia etdiyi hallarla bağlı müstəqil iddia tələbi irəli sürməlidir ki, təmir xərcinin araşdırılması məhkəmənin hazırki predmetini təşkil etməməklə cavbabdehin istinad etdiyi hallara dair sübutlarıda mövcud deyildir. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən apellyasiya şikayətini vermiş cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(015)-2/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar