Məhkəmə qərarları › İş №2(104)-999/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-999/2024

24.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-999/2024 24.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(125)-2079/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Ağamalıoğlu küçəsi ev 27A-nın miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka tam hissədə qanun üzrə vərəslik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış Gəncə şəhəri Şıxzamanlı qəsəbəsi Ağamalıoğlu küçəsi ev 27 A-da doğulduğu tarixdən bu günədək yaşamaqla faktiki cəhətdən qəbul etmişdir. Atasının birinci növbə vərəsəsi yalnız odur. X2 xx.xx.2012-ci ildə vəfat edibdir. Əlavə olaraq qeyd edir ki, atasıyla anasının nikahları pozulmuşdur. X1 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum atasının birinci növbə vərəsəsi olaraq 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə miras əmlakla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi almaqla bağlı müraciət etmişdir. 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli qərarı ilə ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X6 ölüm haqqında şəhadətnaməsi xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası, Krım Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı departamentinin Simferopol şəhəri Ölümün qeydiyyatı şöbəsi tərəfindən verilmişdir. Həmin ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmır. Ona görə də, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalır. Gəncə Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(125)-2079/2024 nömrəli qərardadı ilə (hakim Xədicə Səfərli) İddiaçı cavabdeh X3 qarşı “hüquqi faktın müəyyən edilməsi və şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayaraq İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, vərəsəliklə bağlı işlər o halda məhkəmə müstəvisində araşdırılır ki, vətəndaş birinci olaraq müvafiq notariat orqanına müraciət etsin, notariat orqanı müraciətin həllindən imtina etsin və bu fakt notariusun imtina qərarı və ya imtina məktubu ilə öz təsdiqini tapmış olsun. İddia ərizəsi və ona əlavə edilmiş 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli imtina qərarından açıq-aşkar görünür ki, iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən ona görə imtina edilir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş miras qoyan X6 ölüm haqqında şəhadətnaməsi xx.xx.2018- ci il tarixdə Rusiya Federasiyası, Krım Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı departamentinin Simferopol şəhəri ölümün qeydiyyatı şöbəsi tərəfindən verilmişdir. Həmin ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikası tərəfindən tanınmır. Birinci instansiya məhkəməsi bildirir ki, xüsusi icraat qaydasında miras əmlakın faktiki qəbuluna dair məhkəmədə iddia qaldırmalıdır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarmaqla onun məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə maneçilik törədir. Gəncə Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(125)-2079/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-nin 306.1-cı maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübahisəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması (məsələn miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Nəzərə alınmalıdır ki, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıda sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. MPM-nin yuxarıda sadalanan müddəalarına əsasən, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və eyni zamanda kollegiya qeyd edir ki, şikayətdə göstərilən dəlillər qərardanın ləğvi üçün əsas deyil. Belə ki, MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulun imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmçinin həmin Məcəllənin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. İşin hallarından göründüyü kimi iddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmiş və notariat orqanı miras qoyan X6 ölüm haqqında şəhadətnaməsinin Azərbaycan Respublikası tərəfindən tanınmadığını əsas göstərərək iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Başqa sözlə, notariat ofisi miras əmlakın bölüşdürülməsi ilə bağlı miras şərikləri arasında ixtilaf (mübahisə) olması əsası vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın qəbul edilməsinə dair iddiaçı ilə başqa şəxslər arasında mübahisə olması müəyyən edilmir. Həmçinin iddia ərizəsinin məzmununda da bu barədə hər hansı qeyd göstərilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə əsasında xüsusi icraat qaydasında baxılması yolveriləndir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə ərizə təmin edildiyi halda və bu barədə məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra, ərizəçi həmin şəhadətnamənin verilməsi üçün müvafiq notariat orqanına müraciət etmək hüququna malikdir. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-nin 153, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(125)-2079/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar