Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-100/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ilə İsmayılova Ağca Şərif qızı ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İsmayılova Ağca Şərif qızı Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsini 50 000 manata iddiaçıya satmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsi xx.xx.2015-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Dəmir Yolu yük həyəti” ünvandakı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-286/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(060)-5359/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir ( hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli). Həmin qətnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(060)-5359/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və İddiaçı adına Azərbaycan Respublikası Əmlak X2 yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,07 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və evin iddiaçı tərəfindən alınmış bütün əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz vəsaiti hesabına İsmayılova Ağca Şərif qızının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən tikilini alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin torpaq sahəsinə dair iddiaçıya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş tikili iddiaçının xüsusi mülkiyyətinə çevrilmişdir. İddiaçı həmçinin həmin evi öz vəsaiti hesabına bütün zəruri məişət əşyaları ilə təmin etmişdir. Daha sonra iddiaçı nikahdan kənar münasibətdə olduğu cavabdeh ilə həmin evdə yaşamışdır. Evdə yaşayarkən cavabdehin əsl niyyəti bəlli olmuş və qəsdən iddiaçı ilə səbəbsiz, mütəmadi mübahisələr yaradaraq, onu döyərək həmin evdən qovub evə yiyələnmək fikrinə düşərək evi qanunsuz ələ keçirmişdir. Cavabdeh hətta evə dair mülkiyyətçiyə məxsus sənədləri belə ona verməkdən imtina edərək, qanunsuz olaraq özündə saxlamışdır. İddiaçı cavabdehdən xüsusi mülkiyyətində olan evdən çıxmasını dəfələrlə tələb etsə də, cavabdeh buna heç bir məhəl qoymayaraq, iddiaçının mülkiyyət hüququnu pozmaqda davam edir.
7. Cavabdeh və onun nümayəndəsi tərəfindən iddiaya yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 2017-ci il tarixində İmişli rayonunda tanış olmuşdur. Həmin rayonda yerləşən Şirinqum ərazisində cavabdehə məxsus mal-qara ferması olmuşdur. İddiaçı tibb bacısı işləmiş və cavabdeh ilə tanışlığı da cavabdehin İmişli rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra yaranmışdır. Tanışlıqları yarandıqdan sonra faktiki nikah münasibətlərində olmuşlar. Bir müddətdən sonra cavabdeh Sumqayıt şəhərinə köçmək istədikdə iddiaçı da onunla Sumqayıt şəhərinə köçmək qərarına gəlmişdir. Sumqayıt şəhərinə köçdükdən sonra yaşayacaqları bir evə sahib olmaq üçün cavabdeh maklerlər vasitəsi ilə torpaq sahəsi almaq fikrində olmuş və bu məqsəd ilə də İmişli rayonunda yerləşən mal-qara fermasını satmaq qərarına gəlmiş və həmin fermanı 90.000 manata satmışdır. Bundan sonra cavabdeh Sumqayıt şəhərində yaşayış yeri almaq üçün X3 ilə tanış olmuşdur. Belə ki, Nazimin arvadı İsmayılova Ağca Şərif qızının adına olan və Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsinin cavabdehə satılması barədə xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi imzalayaraq, müqavilə iddiaçının adına rəsmiləşdirilmişdir. Belə ki, həmin torpaq sahəsi üçün 50 000 manat məbləğində pul notariusun bank hesabına, 13 000 manat məbləğində pul isə X1 özünə ödənilmişdir. Qeyd edilən torpaq sahəsi üçün ümumilikdə 63 000 manat məbləğində pul cavabdeh tərəfindən ödənilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi üçün isə 20 000 manat məbləğində pul xərclənmişdir. İddiaçı tibb bacısı vəzifəsində işləməklə qeyd edilən daşınar və daşınmaz əmlakları almağa maddi imkanı olmamış, əmlakların hamısı cavabdeh tərəfindən təmin edilmişdir. Daşınmaz əmlakın iddiaçının adına rəsmiləşdlrlməsində məqsəd isə cavabdehə təyin edilmiş müavinətlərin kəsilməməsi olmuşdur. Belə ki, cavabdeh Laçın rayonundan məcburi köçkün olmaqla, dövlət tərəfindən ona maddi yardımlar ayrılmışdır. Həmin maddi yardımlar isə məcburi köçkün statusunda olan bir şəxsin adına daşınmaz əmlak rəsmiləşdirildiyi təqdirdə təyin edilmiş maddi yardımlar dayandırılmaqdadır. Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsinə iddiaçının adına rəmiləşdirilmiş xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi uydurma əqddir. Bundan əlavə iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0.0451 hektar olan torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, torpaq sahəsində yerləşən yaşayış sahəsi isə hazırda dövlət reyestrindən qeydiyyatdan keçməmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı məxsus olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,0451 hektar torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və həmin evin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 70 (yetmiş) manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Emin Abdullayev).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4, 240.1 və 240.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsin 58.1-ci maddəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il, 2(060)-324/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkəməsində təqdim etdiyi etirazı ilə eyni məzmunda əsaslandıraraq həmçinin qeyd etmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən, iş materiallarında olan alqı-satqı müqaviləsinə və çıxarışa istinad etmişdir. Göründüyü kimi Sumqayıt şəhəri,“Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumisahəsi 0.0451 ha olan torpaq sahəsinə İddiaçı adına rəmiləşdirilmiş xx.xx.2017-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi uydurma əqddir. Laçın Rayon İHB-nın Malıbəy kənd İƏD-nin 04 may 2023-cü il tarixli və 24 saylı arayışından görünür ki, Cavabdeh, Laçın rayonundan məcburi köçkün kimi hər ay 33 manat sosail müavinət alır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır. İlk öncə qeyd etmək istəyir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş apellyasiya şikayəti formal apellyasiya şikayətindən başqa bir şey deyildir. Belə ki, məhkəməyə cavabdeh tərəfindən heç bir əsaslandırma təqdim edilmədən sırf qanunvericiliyin maddələri qeyd olunmaqla apellyasiya şikayəti təqdim edilmişdir. Bu hala həm “maddi hüquq normalarının”, həm də “prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər)” bölümündə şahid oluna bilər. Cavabdeh tərəf Mülki Məcəllənin 337-ci maddəsini, eləcə də həmin Məcəllənin 340-cı maddəsini ön plana çəkərək “əqdin etibarsızlığını” və “uydurma və yalan əqdlərin etibarsızlığını” izah etməyə çalışmışdır. Lakin həmin maddələrin izahı təkcə maddələri ardıcıllıqla düzməklə deyil, məddələri qeyd etməklə yanaşı sübutları da məhkəməyə təqdim etməkdən ibarət olmalı idi. Görünən odur ki, cavabdeh tərəf qeyd olunan əqdin etibarsızlığını, eləcə də uydurma əqd olmasını sübut edəcək kifayət qədər sübuta malik deyildir. Bundan başqa, cavabdeh tərəf Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf məhkəməyə iddia qaldıraraq kifayət qədər sübut məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf istər iddia ərizəsinə verdiyi etirazda, istərsə də apellyasiya şikayətində bəzi məsələləri qabartmağa çalışsa da, dediklərini sübut edə biləcək əyani sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən, cavabdeh tərəf istinad etdiyi halları hələ də sübut etməmişdir. Məhkəmə isə öz növbəsində, məhkəməyə təqdim olunan sübutlar əsasında qətnamə qəbul edir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlan verilməsinə baxmayaraq o, sonuncu məhkəmə iclasına gəlməmişdir.
16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
17. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
18. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
20. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
26. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının
34. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
35. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
36. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
37. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsini iddianın təmin edilən hissədə ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2017-ci ildə qeyri-rəsmi nikah münasibətləri yaranmışdır. İddiaçı ilə İsmayılova Ağca Şərif qızı arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsini 50000 manata İddiaçı satılmışdır. Həmin torpaq sahəsi xx.xx.2015-ci il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır. İş materiallarından aydın olur ki, torpağın üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
44. Hal-hazırda İddiaçı Cavabdeh mübahisəli torpaq sahəsində inşa olunmuş evdən çıxarılmasını tələb etmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, mübahisəli torpaq sahəsinin İddiaçı adına rəmiləşdirilmiş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin uydurma əqd olduğunu iddia edərək, ona qarşı verilmiş iddianın tam rədd edilməsini xahiş etmişdir.
45. Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
46. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
47. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
48. Bu baxımdan işin halları araşdırılan zaman müəyyən edilir ki, iddiaçının hazırkı iddianı qaldırmağa hüququ olmuşdur. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 hektar olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
49. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin Maddə 135.4-cü maddəsinə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
50. Milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
51. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.
52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
53. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
54. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın və evin) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq və fərdi yaşayış evi üzərində mülkiyyət, istifadə və ya digər hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
55. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
56. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023cü il tarixli, 2(060)-5359/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli və AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və İddiaçı adına Azərbaycan Respublikası Əmlak X2 yanında DƏDRX-də **********34 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
58. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
59. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
60. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.