Məhkəmə qərarları › İş №2(105)-1003/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1003/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1003/2024 13.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi və tikiliyə vərəsəlik payı da daxil olmaqla sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-410/2018 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) ərizənin təmin edilməsi, 20 oktyabr 2007-ci il tarixdə mərhum əri X3 ilə X4 arasında bağlanaraq Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 4-Ə-360 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikilinin ½ hissəsinə Ərizəçi payı ilə X2 qalmış ½ hissə miras payı birləşdirilməklə Quba rayonu, Əskiİqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən tikiliyə Ərizəçi sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən olunması qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadı ilə (hakim R.Həsənov) Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(027)-410/2018 nömrəli qətnaməsindən iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin 2(027)-410/2018 saylı, 19 mart 2024-cü il tarixli qərardadından iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 2007-ci il tarixdə mərhum əri X3 ilə X4 arasında bağlanaraq Quba rayon Notariat Kontorunda təsdiq edilmiş 4-Ə360 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Əski-İqriq kəndində yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin aidiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin hansısa hallarda başqa cür hesablanmasına dair (məs: əgər prosesdə şikayət verən tərəfin nümayəndəsi iştirak etmişsə yaxud proses iştirakçılarına qətnamə elan olunmuşsa, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi və s.) qanunvericilikdə başqa göstəriş yoxdur. Əksinə, apellyasiya şikayəti vermə müddətinin qətnamənin rəsmi qaydada verildiyi andan hesablanmasına dair qanunda düzünə göstəriş vardır. Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(027)- 410/2018 nömrəli qətnaməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə 21 fevral 2024-cü il tarixində Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(027)-410/2018 nömrəli məktubu ilə poçt zərfi ilə daxil olmuşdur. Həmin müddətədək qətnamənin mövcudluğundan məlumatı olmamış və apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) aylıq prosessual müddət buraxılmamışdır. Apellyasiya şikayəti isə 18 mart 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi ilə verilmişdir. Qərardadda qeyd edilir ki, Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(027)-410/2018 nömrəli qətnaməsi xx.xx.2018-ci il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(027)-410/2018 nömrəli qətnaməsinin göstərilən qaydada 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsi (rəsmi qaydada verilməsini) və alınmasını sübut edən heç bir məlumat yoxdur. Quba Rayon Məhkəməsinin qərardadında göstərilənlərin tam əksinə olaraq bu işdə apellyasiya şikayətinin müddəti nəinki hansısa səbəbdən buraxılmış, əksinə ümumiyyətlə müddətin buraxılması halı mövcud deyildir, apellyasiya şikayəti vaxtında verilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli və onunla bağlı 18 aprel 2024-cü il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması, lakin apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Bir aylıq prosessual müddətdən sonra apellyasiya şikayəti verilərsə, apellyasiya şikayəti ilə yanaşı prosessual müddətin bərpasına dair ərizə də verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Quba Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli, 2(027)-410/2018 nömrəli qətnaməsinin xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə mindiyini və icra edilməsi üçün xx.xx.2018-ci il tarixdə 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərildiyini əsas gətirərək müddətin ötürüldüyünü qeyd etmişdir. Göründüyü kimi qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün maraqlı şəxsə göndərilməsinə əhəmiyyət verməmiş, qətnamənin maraqlı şəxs tərəfindən hansı tarixdə alınması barədə məsələni ətraflı araşdırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli və onunla bağlı 18 aprel 2024-cü il tarixli qərardadları ləğv edilməli, apellyasiya şikayətinin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli və onunla bağlı 18 aprel 2024cü il tarixli qərardadları ləğv edilsin. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddət daxilində verilib-verilməməsinin aydınlaşdırılması məsələsinə yenidən baxılması və məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar