Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1006/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(074)-48/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11088 manat əsas borc, 3326,40 manat cərimə pulu və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 2000-ci il buraxılışlı WMAT32ZZZYM295096 şassi nömrəli, 99-0M413 dövlət nömrə nişanlı “Man Yük” markalı avtomobilin 16632 manata satılması barədə razılığa gəlmişlər. Həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 02-si günü ayda 1386 manat ödənilməsi barədə aralarında razılaşma əldə olunmuş və avtomobil texniki saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və ödənişləri vaxtlı-vaxtında icra etməmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı tərəfindən aylıq ödənişlərin gecikdirilməsi halları baş verərsə, hər gecikdirilən gün üçün satıcıya aylıq ödənişin 1 faizi məbləğində cərimə ödəyəcəkdir. Cavadeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Şamaxı Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(074)-48/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilib, Cavabdeh 11088 manat əsas borc, 3326,40 manat cərimə pulu və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Natiq İsmayılov) Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, İddiaçı və Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdeh avtomobili iddiaçıya qaytarmasını bildirsə də bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçı cavabdehə verilmiş əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. 386.1. 442, 448.1, 600.1, 600.4, 601.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(074)-48/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, 2020-ci ilin son aylarında ona təcili pul lazım olduğuna görə yaxın tanışının vasitəsi ilə İddiaçı adlı şəxslə tanış olmuş və İddiaçı 10.000 (on min) manat borca pul verilməsinə dair şifahi razılaşma əldə etmişlər. Həmin şifahi razılığa əsasən alacağı pula görə illik 50 faiz ödəməyə razılaşmışdır. İddiaçıla danışıqları əsasında belə qərara gəlmişlər ki, ona lazım olan pulu, yəni 10.000 (on min) manat pulu ondan nəğd qaydada almaq üçün, həmin borcun təminatı olaraq , dostuna məxsus “Man Yük” markalı, 2000-ci il buraxılışlı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobili onun adına keçirək. Beləliklə, maddi aslılığı və pula olan ehtiyacı razılaşdıqları həmin şərtlə borca pul almağa onu məcbur etdi. İddiaçı razılaşdıqları kimi dostuna məxsus həmin nəqliyyat vasitəsi dostu tərəfindən onun adına rəsmiləşdirildi və texniki pasport onun adına keçdikdən sonra xx.xx.2020-ci il tarixdə onunla İddiaçı arasında həmin nəqliyyat vasitəsinin ilkin alqı-satqısına dair müqavilə imzalandı. Müqavilə imzalanan günü İddiaçı tərəfindən ona 10.000 manat pul nağd qaydada ödənildi və bu barədə ikisi arasında hər hansı bir yazılı razılaşma olmadı. Ancaq nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilənin şərtlərinə görə həmin nəqliyyat vasitəsi iddiaçı tərəfindən ona nisyə satılmış və nəqliyyat vasitəsinin satış qiyməti isə ümumilikdə 16632 manat məbləğində razılaşdırıldığı qeyd edilmişdir. Müqavilənin digər şərtlərinə görə isə həmin məbləğ 12 ay müddətində, hər ayın 02-si olmaqla 1386 manat ödəməyə razılaşdırılmışdır. Beləliklə müqavilə şərtlərinə əsasən İddiaçı adında olan (faktiki olaraq dostuna məxsus olmuş) nəqliyyat vasitəsinə dair 02 dekabr 2020-ci ildə ilkin alqı-satqı müqaviləsi bağlandıqdan sonra nəqliyyat vasitəsi ona rəsmi qaydada, nə də faktiki olaraq təhvil verilmədi. Qarşlıqlı razılıq əsasında həmin nəqliyyat vasitəsi iddiaçının adından onun adına etibarnamə verilənədək iddiaçının və onun tanıdığı dayanacağda saxlanıldı. İddiaçı onunla müqavilə bağladıqdan sonra nəqliyyat vasitəsinin onun tərəfindən idarə olunması üçün etibarnamə verilməsi süni qaydada uzadıldı və dəfələrlə tələb etməyinə baxmayaraq nəqliyyat vasitəsinə dair onun adına etibarnamə verilmədi və nəqliyyat vasitəsinin ona təhvil-təslim edilməsi təmin edilmədi. 19 dekabr 2020-ci il tarixdə həmin nəqliyyat vasitəsi İddiaçı tərəfindən həmin avtomobillər üçün nəzərdə tutulmuş ümumi dayanacaqdan götürülərək sürülmüş və həmin tarixdə də avtomobil idarə olunan zaman iddiaçı barəsində İXM-nın 469.3-cü maddəsi əsasında cərimə olunmasına dair qərar qəbul olunmuşdur. Həmin günün səhərisi, yəni 20 dekabr 2020-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək həmin nəqliyyat vasitəsi ümumi dayancaqda saxlanılmışdır. Nəqliyyat vasitəsinə dair nisyə alqısatqı müqaviləyə görə hər ayın 02-də ödəməyə borclu olduğu 1386 manat pulu qaytara bilmək imkanları tükəndiyinə və ehtimal etdiyi işlər alınmadığına görə, 02 dekabr 2020-ci il tarixdən guya onun sahibliyində və istifadəsində olmuş, lakin etibarnamə verilmədiyinə görə iddiaçı tərəfindən dayancaqda saxlanılmış və rəsmi qaydada təhvil-təslim edilməmiş nəqliyyat vasitəsi İddiaçı faktiki olaraq sahibliyində və istifadəsində olmuşdur. “Man Yük” markalı, 2000-ci il buraxılışlı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobil ümumi dayanacağda olduğu müddət, yəni 02 dekabr 2020-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək müqavilə üzrə iddiaçıya ödəməli olduğu puldan İddiaçı istəyi və tələbi əsasında onun tanışı X1 adına olan hesaba xx.xx.2021-ci il tarixdə 600 manat, 15 yanvar 2021-ci il tarixdə isə 150 manat ödəmişdir. İddiaçı tərəfindən həmin avtomobil istismar edildiyi müddətə həmin nəqliyyat vasitəsinə dair 16 iyun 2021-ci il tarixdə X2 adına etibarnamə verilmşdir. Yuxarıda qeyd etdikləri faktlar konkret və mübahisəsiz olaraq belə nəticəyə gəlməyə əsas verir ki, “Man Yük” markalı, 2000-ci il buraxılışlı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobil 15 yanvar 2021-ci il tarixdən İddiaçı sahibliyində və istifadəsində olmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron qaydada ərizə ilə məhkəmə kollegiyasına müraciət edib, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 425.1 və 425.2. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 441. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Maddə 600.1, 600.3 və 600.4. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 02 dekabr 2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 2000-ci il buraxılışlı WMAT32ZZZYM295096 şassi nömrəli, 990M413 dövlət nömrə nişanlı “MAN YÜK” markalı avtomobilin 16632 manata satılması barədə razılığa gəlmişlər. Həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 02-si günü ayda 1386 manat ödənilməklə, tam şəkildə ödənildikdən sonra həmin avtomobili müvafiq QİŞ-də Cavabdeh adına nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında keçirməyi, Cavabdeh isə həmin məbləği 12 ay müddətinə kimi, hər ayın 02-si günü ayda 1386 manat ödənilməklə, tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Pretenziya məktubundan görünür ki, Cavabdeh 02 dekabr 2020-ci il tarixli öhdəlik müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi, əks halda barəsində qanunvericiliyə uyğun olaraq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin Pretenziya məktubunun göndərilməsi və cavabdeh tərəfindən alınmasını təsdiq edən iş materiallarında heç bir sübut mövcud deyildir. “Azerkarqo” MMŞ-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ** OM *** dövlət nömrə nişanlı “Man Yük” markalı avtonəqliyyat vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Şirkətin ərazisinə təxminən 2021-ci il fevral ayında təmirə daxil olmuşdur. Təmiri müəssisənin ərazisində icarəyə götürülmüş emalatxanada fiziki şəxs tərəfindən aparılmışdır. Şirkətin ərazisindən avtonəqliyyat vasitəsinin çıxmasından məlumatları yoxdur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, 136218- 1221 saylı məktubundan görünür ki, “Man Yük” markalı, **-OM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vsitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X2 istifadəsində olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin 12 yanvar 2022-ci il tarixli, 3796- 1222 nömrəli məktubundan görünür ki, “Man Yük” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mürkiyyətçisi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeyd olunan nəqliyyat vasitəsinin idarə olunması üçün X3 8886 reyestr nömrəli etibarnamənin verilməsinə dair Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminə məlumat daxil olmuşdur. xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə İddiaçı Əlliyar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən EQ ******* və EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. İnzibati tənbeh vermə haqqında 19 dekabr 2020-ci il tarixli, ******* nömrəli elektron qərardan görünür ki, “Man Yük” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mürkiyyətçisi İddiaçı barəsində Salyan yolu 29-cu kilometr Xıdırlı kəndinin girişi Salyan istiqamətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) tələblərinin pozulması ilə əlaqədar olaraq protokol tərtib olunmuşdur. İnzibati tənbeh vermə haqqında 16 yanvar 2021-ci il tarixli, ******* nömrəli elektron qərardan görünür ki, “Man Yük” markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mürkiyyətçisi İddiaçı barəsində Bakı-Quba yolunun 17-ci kilometrliyində Bakı İstiqamətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) tələblərinin pozulması halı üçün protokol tərtib olunmuşdur. Bakı şəhəri 19 saylı notariat ofisinin 28 aprel 2022-ci il tarixli, 305 nömrəli məktubundan görünür ki, 02 dekabr 2020-ci il tarixdə 19 saylı notariat ofisində İddiaçı və Cavabdeh arasında 3M-1418 reyestrlə təsdiq olunmuş 9**-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair öhdəlik müqaviləsi rəsmiləşdirilmişdir. Öhdəlik müqaviləsi tərəflərin razılığı əsasında və onların istəklərinə uyğun tərtib edilmişdir. Notariat ofisində 9**-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hər hansı texniki baxış aktı və ya təhvil-təslim aktı tərtib edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, İddiaçı və Cavabdeh arasında nəqliyyat vasitəsinə dair 02 dekabr 2020-ci il tarixdə bağlanılmış müqavilədən sonra həmin nəqliyyat vasitəsi sonuncuya təhvil-təslim edilməmiş, bu barədə hər hansı bir rəsmi sənəd tərtib edilməmiş və iddiaçının adından cavabdehin adına etibarnamə verilməmişdir. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən sonra nəqliyyat vasitəsi dayanacağa qoyulmuş, həmin nəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilməmiş və sonuncu tərəfindən idarə olunmamışdır. Bütün bunlara baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçının adından onun mülkiyyəti hesab edilən “Man Yük” markalı, 2000-ci il buraxılışlı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin cavadehə təhvil-təslim edilməsi barədə hər hansı bir sübutun iş materiallarına əlavə edilməməsinə və nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən cavabdehin adına etibarnamə verilməməsinə dair mühüm əhməyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Bundan əlavə iş materialları ilə müəyyən olur ki, mübahisə predmeti olan avtomobil tərəflər arasında nəqliyyat vasitəsinə dair 02 dekabr 2020-ci il tarixdə bağlanılmış müqavilədən sonra faktiki olaraq iddiaçının sahiblik, istifadə və sərəncamında olmuş, onun tərəfindən xx.xx.2021-ci il tarixdə X2 adına etibarnamə verilmiş və sonuncunun istifadəsində olmuçdur. Həmin hal da məhkəmə tərəfindən araşdırılmamış və digər sübutlarla birlikdə müqayisəli surətdə tədqiq edilərək qanuni qiymət verilməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər ( Mülki Məcəllənin 600-cü maddəsi). Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər (Mülki Məcəllənin 441-ci maddəsi). İşin faktiki halları ilə tam sübuta yetirilir ki, tərəflər arasında olan müqavilə şərtləri iddiaçı tərəfindən icra olunmamış və satıcı əşyanı alıcıya təhvil vermək vəzifəsini icra etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmayıb, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq düzgün tətbiq edilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayəti qanuni və əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığına görə iddia ərizəsinin veriməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli, 2(074)-48/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin veriməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1006/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1006/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver