Məhkəmə qərarları › İş №2(105)-306/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-306/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-306/2023 14.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh qanuni təmsilçisi Nümayəndə, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-343/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlər üçün hesablanmış 16,685 manat cərimənin, 8900 manat dəymiş ziyanın, 800 manat vəkilə ödənilmiş xidmət haqqının və 168 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1864 ünvanda yerləşən bağ evi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus bağ evində tikinti, abadlaşdırma işlərinin görülməsi üçün 26 may 2021-ci il tarixdə Cavabdeh MMC ilə 02 saylı xidmət müqaviləsi bağlamışdır. Həmin Müqavilə tərəflərin imzası və Cavabdeh möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndi əsasında icraçı tərəfindən sifarişçiyə göstərilən xidmətlərə görə bu müqavilənin 1.3-cü bəndi üzrə tərtib olunmuş akta əsasən aylıq 38000 (otuz səkkiz min) manat məbləğində, ilkin ödəniş 20000 manat, material əraziyə gətiriləndə 5000 manat, işin 60%-i görüldükdə 4000 manat və iş bitdikdə 9000 manat olmaqla xidmət haqqını icraçı ödəməlidir. Sonradan aralarında yazılı razılaşma əsasında müqavilənin ümumi qiyməti 35.500 (otuz beş min beş yüz) manat məbləğində razılaşdırılmışdır. Bunu təsdiq edən yazışmalar mövcuddur. Müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 35.400 manat məbləğində ödəniş edilmişdir. Bu ödənişləri cavabdehlə aralarında olan yazışmalar təsdiq edir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı, qeyd olunan müqavilə üzrə sifarişçi olaraq İddiaçı üzərinə düşən öhdəlikləri lazımi qaydada və yüksək səviyyədə yerinə yetirmişdir. Lakin Cavabdeh MMC tərəfindən müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Bundan başqa bildirilir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən sifarişin təhvili 40 gün ərzində həyata keçirilməlidir. Gecikdirilmiş hər gün üçün icraçı 0.5% cərimə ödəyəcəkdir. Müqavilənin imzalandığı tarixdən hesabladıqda 40 gün 05 iyul 2021-ci il tarixdə yekunlaşır. Pretenziya məktubu göndərilən tarixədək müqavilənin icrası 94 gündür ki, gecikdirilir. Belə ki, gecikdirilmiş günlər üçün hesablanmış cərimə 16.685 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam şəkildə yerinə yetirilmədiyindən, yerinə yetirilmiş hissədə isə yanlışlıqlar (yanlış tikili, şüşəyə dəymiş zərər və s.) olduğundan, habelə cavabdeh tərəfindən görülməli olan, lakin görülməmiş işlər nəticəsində iddiaçıya 8900 (səkkiz min doqquz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, cavabdeh tərəfindən görülməli olan, lakin görülməmiş qarajda yarımçıq işlər üçün 4500 manat, şüşəyə vurulan zərərə görə 700 manat, yanlış və yarımçıq tikilmiş söhbətgah və dəmir arakəsmələr üçün 3700 manat olmaqla cəmi 8900 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı ilə Cavabdeh MMC arasında 26 may 2021-ci il tarixli xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlər üçün hesablanmış 16.685 manat məbləğində cərimənin, 9829.29 manat məbləğində dəymiş ziyanın, 300 manat məbləğində "xxxx" MMC-yə ödənilmiş pul vəsaitinin, 800 manat məbləğində vəkilə ödənilmiş xidmət haqqının və 168 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi tam icra etməməsi səbəbindən vurulmuş maddi ziyanın əvəzi olaraq 9829.29 manat, gecikdirilmiş günlər üçün hesablanmış 500 manat məbləğində cərimə, cəmi 10329.29 (on min üç yüz iyirmi doqquz manat, iyirmi doqquz qəpik) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 494.52 (dörd yüz doxsan dörd manat, əlli iki qəpik) manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 39 (otuz doqquz) manat, Cavabdehndən 61 (altmış bir) manat pulun tutuluraq X1 ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 467, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 763.1, 764.1, 765, 773, 776.1-ci maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli,e-2(060)-343/2022 saylı qətnaməsi qismən-iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələblərinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin mübahisələndirilən qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının qeyd edilən 127-ci maddəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Hal-hazırki işdə bütün bu prinsiplər və normalar nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qanuni tələbləri və dəlilləri diqqətə alınmayaraq konstitusion hüquqlarının aşkar pozuntularına yol verilmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi istinad etdiyi səbəblərə görə hüquqi cəhətdən əsassız olmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, hal-hazırki işə baxarkən məhkəmə bu normanın tələblərini pozmuşdur. İş materiallarında mübahisələndirilən işlərlə əlaqədar guya uğradıldığı ziyanla bağlı iddiaçı tərəfindən bildirilən hallarla əlaqədar, eləcə də mütəxəssis və ekspert rəylərində kifayət qədər ziddiyyətli məqamlar olduğu və sözügedən rəylərin istinad olunduğu müqavildə görülməli olan işlərin konkret həcmi və istifadə edilməli olan materialların sayı, şeşidi və ölçüləri barədə məlumatlar göstərilmədiyi, həmçinin müqavilənin dəyərinin 38.000 manat olduğu və iddiaçının bildirdiklərinin ziddinə olaraq 35500 manat deyil, cəmi 31.900 manat ödəniş etdiyini təsdiq edən sübutlar və faktlar olduğu halda, məhkəmə bu ziddiyyətləri aradan qaldırmadan, obyektiv və hərtərəfli araşdırma həyata keçirmədən, sübut kimi qəbul etdiyi qeyri-mötəbər mütəxəssis və ekspert rəylərini müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmədən sübutlara düzgün qiymət verməyərək iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. İş materiallarında olan ekspert rəyi kimi təqdim olunan sənəddən görünür ki, həmin rəyin sözdə guya xidmət müqaviləsinin müddəlarına söykənərək hazırlandığı bildirilsə də əslində hər hansı hüquq müəyyənedici sənədə, o cümlədən tərəflər arasında bağlanılmış xidmət müqaviləsinə istinad edilmədən tərtib edilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza zamanı elkspertizanın keçirilməsində iştirakı təmin edilməmiş, tərəfinidən məhkəmədə mütəxəssis rəyinin qərəzli şəkildə hazırlanması ilə bağlı bildirdikləri nəzərə alınmamış, ziddiyyətli məqamlar aradan qaldırılmadan ekspert tərəfindən məhkəmənin qoyduğu suallar əsassız şəkildə yanlış olaraq cavablandırılmışdır. Belə ki, məhkəmə ekspert rəyində tikililərin sahələrinin və istifadə edilməli olan materialların ölçü və sayının hansı sənədlər əsasında müəyyən edildiyini aydınlaşdırmamış, bu ölçü və həcmlərin xidmət müqaviləsində qeyd edilmədiyini nəzərə almamış, ekspertin iddiaçıya vurulmuş ziyanla bağlı gəldiyi nəticəsinin hər hansı hüquq müəyyənedici sənədlərlə əsaslandırılmadığına əhəmiyyət verməmişdir. Bu hallar da həmin ekspertin obyektivliyinə və qərəzsizliyinə ciddi şəkildə şübhə yaratmaqla onun tərtib etdiyi rəyin də mötəbərliyini sual altına qoyur. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla təkrar ekspertiza təyin edə bilər. İşdə olan ekspert rəyindəki aşkar ziddiyyətlər və çatışmazlıqlar göz qabağındadır. Ekspert rəyində bu cür aşkar ziddiyyət olduğu və ekspertin rəyi natamam olduğu halda, məhkəmənin təkrar ekspertizanın keçirilməsini təmin etməməsini sözügedən prosessual hüquq normasının aşkar pozuntusu kimi qəbul edir və hesab edir ki, məhz bu pozuntu iş üzrə məhkəmənin düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh qanuni təmsilçisi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının evində iş görüblər və onun öz səhvlərinə görə əlavə xərclər çəkiblər. Orada cəmi 2870 manatlıq iş qalmışdı. Amma buna baxmayaraq onlar həmin yerə iddiaçının səhv aldığı ləvazimata görə 4000 manat əlavə xərc çəkmişlər. Bu jesti etməkdə məqsəd isə müştəri ilə münasibətlərin korlanmaması olmuşdur. Çünki müştəri vəd edirdi ki, başqa bir malikanəsinin də təmirini onlara həvalə edəcək. Sonra iş alınmadı. O, iddiaçıya bildirdi ki, qalan 2870 manatın əvəzinə 4000 manatlıq işi görərək ona jest ediblər. Hətta borcu olmadığı halda o, vaxt itirməmək üçün birinci instansiya məhkəməsində iddiaçıya 3000 manat təklif etdi, amma o, razılaşmadı. Daha sonra qeyd etdi ki, iddiaçı ilə müqavilə bağlasalar da təklif əsasında nağd ödənişlə işlədilər. Pul köçürülməsi olmadığı üçün müqaviləni ləğv olunmuş hesab etdilər. İddiaçı nağd olaraq ilk dəfə 20000 manat pul ödədi. Üzeyir iş icraçısı idi. Üzeyirlə iddiaçını o tanış etmişdi. Üzeyirin üzərində öhdəlik yox idi. Öhdəlik onda qalırdı. İddiaçı təklif etdi ki, müqaviləni kənara qoyaraq nağd işləsinlər. İddiaçı pulu rəsmi köçürmə şəklində etməkdən boyun qaçırdı və nağd ödəniş etdi. Bununla da müqaviləni kənara qoyub şifahi razılaşma əsasında işləməyə başladılar. Şifahi razılaşmaya əsasən də iddiaçı onlara 38000 manat pul verməli idi. Onlar 31000 manatlıq işi gördülər, əlavə 4000 manat da pul xərclədilər. Şifahi razılaşmada yazılı smeta tərtib olunmamışdı. İddiaçı ilk dəfə 20000 manatı ona ödədi. Qalan məbləğlər Üzeyirə ödənilib. O, vasitəçi olduğu üçün prosesə nəzarət edirdi. Üzeyirə verilən pul ona verilməyib. Ona verilən pul hamısı tikintiyə sərf olunub. Layihəni başqa şirkət vermişdi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarına ziddir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsi bağlanmışdır. Sonradan iddiaçı öz təşəbbüsü ilə həmin işin müqavilədənkənar görülməsini xahiş etmişdir. Lakin cavabdehin rəhbəri razılaşmamışdır. Çünki ödəniş nağdsız olunmalı idi. Bu zaman iddiaçı başqa şəxsin həmin işi müqavilədənkənar görməsini cavabdehin rəhbərindən xahiş etmişdir. Bu zaman cavabdehin rəhbəri Nümayəndə Üzeyir adlı şəxs vasitəsilə həmin işlərin görülməsinə kömək edib. Sadəcə iddiaçı Nümayəndə etibar etdiyindən pulun əksər hissəsini ona verib ki, işləri aparsın. Nümayəndə də həmin işlərə nəzarət edib. Sonradan tərəflər arasında narazılıq yaranıb. Bunun əsas səbəbi dam örtüyünün materialı ilə bağlı olmuşdur. Amma həmin keyfiyyətsiz materialı iddiaçı özü almışdı. Bütün bunlara baxmayaraq Nümayəndə yenidən öz vəsaiti hesabına 4000 manat xərc çəkərək təkrar dam örtüyünü təmir etdirib. İş materiallarından da görünür ki, müqavilənin qiyməti 38000 manatdır. İddiaçı bildirir ki, 35500 manat pul ödəyib. Amma cəmi 31900 manat pul ödənilib. Bu barədə telefon danışığı var. İddiaçı özü etiraf edir ki, 3500 manatlıq iş qalıb. O, Nümayəndə 32000 manata yaxın pul verib. Müqavilə üzrə göstərilən 6900 manatlıq iş görülməyib. Müqavilənin qiymətinin aşağı salınmasından söhbət gedə bilməz. Əgər iddia tələbi müqaviləyə əsaslanırsa, onda qiymətin aşağı salınmasına dair razılaşma da yazılı şəkildə olmalı idi. Cavabdehin rəhbəri iddiaçı ilə münasibətləri yaxşı olduğu üçün bildirib ki, işin sonunda hər hansı razılaşmaya gələrlər. Amma rəsmi yazılı razılıq olmayıb. İddiaçı da bundan narazıdır. Ekspert MMC-nin rəyində qiymətlər şişirdilib. Jaluz hazır satılan bir əşyadır, ona 4850 manat pul hesablanıb. Jaluzi iddiaçı alıb verməli idi ki, quraşdırılsın. Cavabdeh şirkət xidmət müqaviləsinə əsasən ancaq metal quraşdırılma işlərini öz öhdəsinə götürüb. Şüşənin cavabdeh şirkət tərəfindən zədələnməsi absurddur. Şüşə hələ də yerindədir və istifadə olunur. Yarasız olsa idi, onu dəyişərdilər. Cavabdehin rəhbəri şəhid qardaşıdır, məhşur markalarla işləyir. Nümayəndə hətta razılıq olsun deyə birinci instansiya məhkəməsində iddiaçıya 3000 manat təklif etdi. Çünki bu mübahisə uzandıqca Nümayəndə bağlaya biləcəyi digər müqavilələri itirmiş olur. Amma bu addımı iddiaçı cavabdehin səhvini etiraf etməsi kimi qiymətləndirdi. Ona görə bu gün barışığı da istəmirlər. İşlərin aparılmasında Nümayəndə şirkət rəhbəri kimi yox, tanış kimi nəzarət aparıb. Pulun bir hissəsi elə Nümayəndə işləri üzrə də subpodrat müqavilələri əsasında xidmət göstərən Üzeyir adlı şəxs tərəfindən, əksər hissəsi isə Nümayəndə tərəfindən ustalara verilib. Daha sonra göstrərdi ki, dam örtüyünün materialını iddiaçı özü düz almamışdı. Buna görə Nümayəndə öz vəsaiti hesabına 4000 manat xərc çəkib. Xərc çəkməyinin səbəbi də münasibətlərinin yaxşı olmasıdır. Bu iş Nümayəndə üçün xırda iş olub. Amma bildirilib ki, bu işdən sonra yeni böyük layihələr olacaq. Bu səbəbdən Nümayəndə iddiaçıya kömək edib. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, qarşı tərəflə 38000 manatlıq işə dair müqavilə bağlamışdılar. Müqavilənin əsasını layihələr təşkil edir. Onun üçün bağında olan qaraj, söhbətgah, hin hissəsinə dair və müəyyən dəmir konstruksiyası işləri görülməli idi. Dizayna dair bütün şəkillər mövcud idi. Həmin şəkillərdən əlavə ölçülərə dair çertyojlar da var idi. İlkin çertyojda qarajın uzunluğu 17 metr göstərilirdi. Müqavilə imzalandıqdan təxminən 4-5 gün sonra Nümayəndələ görüşmüş və ona bildirmişdir ki, müəyyən səbəblərdən qarajın uzunluğunu 13,40 metrə endirmək lazımdır. Bu barədə telefonunda videoçəkiliş var. Nümayəndə həmin videoçəkilişdə qeyd edir ki, qarajın ölçüsü azaldığı üçün müqaviləyə 2500 manat endirim olacaq və 35500 manat məbləğlə müqaviləyə davam edirlər. Qaraj hazırda yerindədir və ölçüsü 13,40 metrdir. Amma layihədə 17 metr görünür. Bütün layihələrdə hər ikisinin imzası var. 4000 manatlıq əlavə işə münasibətdə bildirir ki, layihədə şəkil və ölçü olaraq söhbətgahın dizaynı fərqli dəmirlərdən idi. Onların aldığı dəmir isə əyilmirdi. O, bildirdi ki, layihəylə eynilik təşkil edən dəmir alınmayıb. Bu da cavabdehin ustalarının səhvi idi. Onlar razılaşdılar və yararlı dəmiri alıb gətirib yığdılar. Yəni bunu jest kimi qeyd edə bilməzlər. Səhv ləvazimatı gətirmişdilər və səhvlərini düzəltdilər. Bütün ödənişlərə dair yazışmalar var. 35500 manatdan cavabdehə cəmi 200 manat borcu qalıb. Axırda onlara güvənmədiyindən təxminən 2000 manata yaxın məbləği pul şəklində vermədi. Qohumu gedib tikinti ləvazımatlarını onların təsdiqi əsasında alırdı və o da onlara veriləsi puldan həmin məbləği çıxırdı. Üzeyir Nümayəndə işçisi olub. Nümayəndə şirkət sahibi idi. Hər gün gəlib tikintiyə nəzarət edə bilməzdi. Bu səbəbdən onun işçisi kimi nəzarəti Üzeyir həyata keçirirdi. Birinci instansiya məhkəməsində də Üzeyir etiraf etdi ki, aldığı pulu Nümayəndə verib. O, hər dəfə işi tələb edəndə cavabdeh 5 günə təhvil verəcəyini deyərək məsələni yubadırdı, bu da aylarla çəkdi. Daha sonra göstərdi ki, o, artıq 20000 manat ödəməklə aldadılmışdı. İşi təhvil ala bilmək üçün məcbur olub işi davam etdirdi. 20000 manatı ondan tikinti ləvazimatı almaq üçün aldılar. Amma 10000 manatlıq material aldılar. Müqavilənin şərtlərinə görə növbəti ödənişlərin nə vaxt olacağı göstərilmişdi. Amma müqaviləyə əməl etmədikləri üçün razılaşma pozuldu. Onlar pullarının olmadığını bildirdilər və aralarındakı tanışlığa görə onlara əlavə 5000 manat verməyini istədilər. O, inanmasa da işi davam etdirməyə məcbur idi. Sonra ondan 3000 manat da istədilər, onu da verdi. Cavabdeh tərəfin istinad etdiyi səsdə bildirib ki, onun cavabdehə 3500 manat verəcəyi qalıb. Səsyazma avqustda olub. Onun sonradan ödənişləri olub. Jalüz isə qarajın layihəsində var idi. Jalüzü gəlib yerində yığmalı idilər. Müqavilədə jalüzü Nümayəndə almasına dair bənd var. Eləcə də göstərdi ki, o ilk dəfə idi tikinti ilə məşğul idi, öz evi idi. Onun hansı hissə üçün hansı ləvazimatı almalı olduğundan xəbəri yox idi. Sadəcə layihəni göstərirdi və işi tələb edirdi. Anlayışı olan şeyləri müqavilə əlavəsində yazdırmışdı. Qalan məsələlərə dair isə çəkilişlər var. Artıq görülməmiş iş qalmayıb, iki il gözləyə bilməzdi, tikintini tamamlayıb. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya aid istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəyə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəyə əsasən ekspertlərə, mütəxəssislərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 384.0.1-ci maddəyə əsasən apellyasiya insiansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır və mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegğyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarını tım, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Üzeyir Əliyev ifadə verərək bildirdi ki, o, Nümayəndələ öncədən tanışdır, əvvəllər də Seymur ona müəyyən işlərin görülməsini tapşırmışdır. İddiaçı mübahisələndirilən işlərin görülməsi ilə bağlı tanımışdır, görüləcək işlər və onların dəyəri barədə Seymur özü Rövşənlə danışıb, onunla Rövşən arasında bu barədə heç bir söhbət olmayıb və işlərin dəyəri barədə də heç bir məlumatı yoxdur. Seymur ona bildirmişdir ki, Rövşənə məxsus bağ evində görülməli olan işlər var və ona fotoşəkillər təqdim olunaraq həmin fotoşəkilə uyğun qaraj, söhbətgah, hin və metal konstruksiya işlərinin görülməsini tapşırmışdır. O digər işçilərlə birlikdə işi yerinə yetirməyə başladıqda smeta, layihə olmadığı üçün işlərin görülməsində müəyyən problemlər yaşamışlar, müştəri işlərini bəyənməmişdir. Buna görə də aralarında narazılıq yaranmışdır. İşlərin görülməsi ilə bağlı danışıqları Seymur danışmış, o, işləri Seymur bəyin tapşırığı ilə yerinə yetirmişdir. Rövşən bəy onlara Seymur bəyə çatdırmaq üçün bir dəfə 3000 ABŞ dolları, sonra isə 5000 manat vermişdi və o, həmin pulu Seymura vermişdi. İşlərin yerinə yetirilməsinin sonuna yaxın Rövşənin onlara 3900 manat borcu qalmışdı, amma Rövşən həmin məbləği onlara verməmiş və bildirmişdir ki, onlara etibarı yoxdur, materialları özü alacaqdır. Əsas mübahisəli məqam boya işlərində yaranmışdır. Onlara yalnız fotoşəkil təqdim olunduğu üçün fotoşəkillərlə işləmək çətinlik yaratmışdır. Hətta onların gördüyü söhbətgahın dam işini bəyənmədiyi üçün onlar onu sökmüşdür və bu səbəbdən onlara ziyan dəymişdir. Həmçinin orada onlar əlavə izalyasiya işləri də görmüşlər. Gördükləri işi Rövşən bəyənmədiyi üçün işləri tam başa çatdırmamışlar. Qeyd edir ki, söhbətgahda yalnız boya işləri qalıb. Divarda olan metalkonstruksiya işlərindən isə işlər tamamlanıb, yalnız boya işləri qalıb. Qarajda da işlər yerinə yetirilib, boya işləri və jalüz qalıb. Hində işlər başa çatmışdı, yalnız boya işləri qalmışdı. Görülməli olan işlərin çoxunu etmişlər, yalnız malyar işləri qalmış, bir də qaraja jalüz vurulmalı idi. Eyni zamanda göstərdi ki, evin şüşəsinə zərər dəymişdi, lakin onun onların ustaları tərəfindən yetirilməsini dəqiq bilmir. Belə ki, orada onlardan başqa digər ustalar da işləyirdi. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında 26 may 2021-ci il tarixdə bağlanmış Xidmət müqaviləsindən görünür ki, 1.1 İcraçı bu Müqavilənin 1.2-ci maddəsində qeyd olunan xidmətləri Sifarişçiyə göstərməyi, Sifarişçi isə bunun əvəzi olaraq bu Müqavilənin 2.1. maddəsində razılaşdırılmış xidmət haqqını İcraçıya ödəməyi öhdəsinə götürür. 1.2 İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmətlər aşağıdakılardan ibarətdir. Qaraj, hin, istirahət zonası və divarda metal konstruksiya daxil digər işlərin görülməsi. 2.1 Bu Müqavilənin 1.2-ci maddəsi əsasında İcraçı tərəfindən Sifarişçiyə göstərilən xidmətlərə görə Sifarişçi bu müqavilənin 1.3-cü maddəsi üzrə tərtib olunmuş akta əsasən aylıq 38000 manat məbləğində, ilkin ödəniş 20000 manat, material əraziyə gətiriləndə 5000 manat, işin 60%-i görüldükdə 4000 manat və iş bitdikdə 9000 manat olmaqla xidmət haqqını İcraçıya ödəməlidir. İşin gedişatında əlavə icrası tələb olunan işlər üçün əlavə vəsait tələb olunacaq. Sifarişin təhvili 40 gün ərzində həyata keçirilməlidir. Gecikdirilmiş hər gün üçün icraçı 0.5% cərimə ödəyəcəkdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1864 ünvanda yerləşən bağ evində görülməli olan, lakin yarımçıq qalmış təmir-tikinti xərclərinin işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 9829,29 manat təşkil edir. 03 iyun 2022-ci il tarixli, 10/1531 nömrəli məhkəmə tikinti-texniki ekspertizanın rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1864 ünvanında yerləşən bağ evində 26 may 2021-ci il tarixli müqaviləyə əsasən görülməli olan işlərin, söhbətgahın eni 4,0 m uzunluğu 7,40 m olmaqla ümümi sahəsi 29,6m2 (4,0x7,4), avto dayanacaq üçün nəzərdə tutulmuş bağlı dayanacağın eni 4,30 m, uzunluğu 13,4m olmaqla ümümi sahəsi 57,6m2 (4,3x13,4), iki qat şüşənin eni 2,05m, hündürlüyü 2,90m olmaqla ümümi sahəsi 6,0m2 (2,05x2,90) təşkil etdiy müəyyən edilmişdir. Qeyd olunur ki, iki qat şüşənin üzərində qığılçımların izləri (dəliklər) olduğundan, şüşədə yaranmış qüsurun aradan qaldırılması mümkün deyildir. Həmin tikililərdə görülməmiş yarımçıq qalmış işlərin tamamlanması üçün təqribən (material usta haqqı və s.) nəzərə alınmaqla 9829,29 manat vəsaitin tələb olunduğu müəyyən edilir. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 26 may 2021-ci il tarixli, 02 nömrəli xidmət müqaviləsi bağlanmış, iddiaçı müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, cavabdeh isə müqavilədə müəyyən edilmiş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyini, öhdəliyin icrasının lazımı qaydada və vaxtında icra edilmədiyini iddia edir və öhdəliyin pozulması nəticəsində vurulmuş zərərin əvəzin ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, iddiaçı işlərin yerinə yetirilməsini cavabdehə tapşırmış və həmin işlərin yerinə yetirilməsi üçün muzd ödənilməsi razılaşdırılmışdır. Bu qeyd olunanlar işin mübahisəsiz halları olmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapdı. Məhkəmə Üzeyir Əliyevin izahatından, həmçinin tədiqq edilmiş audiodiskdəki məlumatlarla bağlı qeyd etmişdir ki, (səs yazısında Seymur tərəfindən işlərin görülməsi üçün Üzeyirə tapşırıq verildiyi, eləcə də evin şüşə divarının təmirini öz üzərinə götürdüyü, işlərin görülməsi və təhvil verilməsi, materialların seçilməsi, işçilərin göndərilməsi ilə bağlı Seymurla iddiaçı arasında olan söhbətlər öz əksini tapmış, Seymur həmin səs yazısının ona məxsus olduğunu təsdiq etdi) X4 Quliyev tərəfindən işlərin görülməsini icra edən işçi olmuşdur, öhdəliyin icra edilməsi müqavilə tərəfi olaraq Cavabdeh qanuni nümayəndəsi Nümayəndə tərəfindən həyata keçirilmiş, ödənişlər sonuncuya ödənilmişdir. Ona görə də Nümayəndə araşdırılan mübahisə üzrə cavabdehin iddiaya cavab verməli olmayan şəxs olması barədə göstərdikləri əsaslı deyildir və işin faktiki halları ilə təkzib olunur. İşin mübahisə yaradan birinci halı - işlərin qüsurlu görülməsi və tam həcmdə, vaxtında yerinə yetirilməsi ilə bağlıdır. Müəyyən edilmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən sifarişin təhvili 40 gün müddətinə həyata keçirilməlidir (Müqavilə 2.2-ci bənd). Tərəflərin izahatından, eləcə də şahid ifadələrindən göründüyü kimi sifariş verilmiş işlər razılaşdırılmış müddətdə podratçı tərəfindən təhvil verilməmişdir. İş materiallarından görünür ki, sifarişçi İddiaçı tərəfindən 08 oktyabr 2021-ci il tarixdə işlərin vaxtından görülməməsi, görülmüş işlərin isə qüsurlu olması ilə bağlı podratçıya qarşı pretenziya irəli sürülmüşdır. Məhkəmə kollegiyası hesab edir ki, toplanmış sübutlarla cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilmədiyi, görülmüş işlərin qüsurlu olması və bunun nəticəsində iddiaçıya maddi zərər dəyməsi iş materialları ilə sübuta yetirilir. Odur ki, vurulmuş maddi zərərin əvəzi olaraq 9829.29 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı 26 may 2021-ci il tarixli 02 nömrəli Xidmət Müqaviləsinin 2.2-ci bəndinə əsasən 16.685 manat cərimə ödənilməsini tələb edir. Həmin müqavilənin 5-ci bəndinə əsasən tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün bir-biri qarşısında məsuliyyət daşıyırlar. Məhkəmə haqlı olaraq Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Ona görə də 16.685 manat cərimə azaldılaraq 500 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Bundan başqa iddiaçı ekspetizanın rəyi ilə razı olmadığını bildirsə də ekspert rəyini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh iddiaçıya hər hansı bir borcu olmadığını bildirsə də bu, materialları ilə o cümlədən şahidi ifadəsi ilə təkzib olunur. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Yekun olaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-343/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar