Məhkəmə qərarları › İş №2(105)-1536/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1536/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1536/2022 05.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-879/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Qarabağ Taxıl“MMC-yə məxsus olan üç vahid soyuducu anbar kamerasının müqavilə əsasında istifadəsinə görə yaranmış 52.650 (əlli iki min altı yüz əlli) manat məbləğində əsas borcun və ödənişin gecikdirilməsinə görə yaranan 900 (doqquz yüz) manat məbləğində faiz borcunun, həmçinin 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumundan ibarət olan cəmi 53.800 (əlli üç min səkkiz yüz) manat pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52.650 (əlli iki min altı yüz əlli) manat məbləğində əsas borcun və 900 manat məbləğində əldən çıxmış faydanın, həmçinin 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumundan ibarət olan cəmi 53.800 (əlli üç min səkkiz yüz) manat pul vəsaitinin iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh Arif oğlundan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh arasındakı xx.xx.2020-ci il tarixli RM-156 saylı Müqaviləyə əsasən yaranmış öhdəliyini Cavabdeh Arif oğlu icra etmədiyinə görə, artıq onun bu öhdəliyini məhkəmə qətnaməsinə əsasən məcburi qaydada icra etməsi üçün tədbir görülməsi olduqca zəruridir. Belə ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış RM- 156 saylı müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunaraq Cavabdeh üç vahid soyuducu anbar kamerası müvəqqəti istifadəyə verilmişdir. Lakin, cavabdeh öz öhdəliklərini lazımi qaydada axıra qədər yerinə yetirməmişdir və icarə haqqının ödənilməsini təmin etməmişdir. Müqavilə üzrə Cavabdeh tərəfindən ödənilməli olan, lakin, hələ də ödənilməyən borc təşkil edən icarə haqqı məbləği 52.650 manatdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, o cümlədən, qeydiyyatda olduğu ünvana borcun könüllü şəkildə ödənilməsi barədə müraciət məktubu göndərilmişdir. İddiaçının cavabdehə üç vahid soyuducu anbar sahəsini müvəqqəti istifadəyə verməsi və cavabdehin bunları qəbul etməsi iddia ərizəsinə əlavə olunmuş Üzləşmə aktı sənədi ilə sübut olunur. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-879/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 52.650 (əlli iki min altı yüz əlli) manat icarə haqqı borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 (iki yüz qırx beş) manatın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən narazı qalan cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)- 879/2022 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasında bildirilmişdir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur və icarə haqqı tam olaraq ödənilmişdir. Bu halı məhkəmə iclasında şahid qismində dindirilən Ç.Quliyev də təsdiq etmişdir. Belə ki, o, məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh onun şərikidir. Artıq 10 ildir ki, onu tanıyır. Onlar birgə qaydada tərəvəz ticarəti ilə məşğul olurlar. Malın satışı ilə o, məşğul olur. Maliyyə məsələləri isə Cavabdeh tərəfindən həyata keçirilir. Məhsullar soyuducuda saxlanılırdı. Soyuducuya görə icarə haqqı borcu sonuncu dəfə 54.000 manat qalmışdır. Cavabdeh göstərişi ilə o, 24.000, 10.000 və 10.000 manat olmaqla, cəmi 44.000 manatı əlbəəl olaraq ödəmiş, qəbz verilməmişdir. Ödənişləri iddiaçının nümayəndəsinə bazarda ödəmişdir. Yerdə qalan 10.000 manat isə Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, cavabdehin və şahidin ödənişləri əlbəəl şəkildə iddiaçının nümayəndəsinə ödəməkləri barədə göstərdikləri doğru deyil. Təmsil etdiyi təşkilatın qaydalarına görə ödənişlərin nümayəndələr vasitəsilə yığılması, əlbəəl ödənişlərin edilməsi qadağandır və heç vaxt belə bir hal olmayıb. Lakin iddiaçının nümayəndəsi təmsil etdiyi təşkilatın qaydalarına görə ödənişlərin nümayəndələr vasitəsilə yığılması, əlbəəl ödənişlərin edilməsi qadağandır desə də, ödənişlər barədə qəbzləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, onun iddiaçı təşkilata heç bir borcu yoxdur. Bunu şahid də məhkəmə iclasında təsdiq etmişdir. Lakin məhkəmə şahidi maraqlı şəxs kimi qiymətləndirmiş və onun ifadəsini sübut kimi nəzərə almamışdır. İddiaçı tərəf cavabdehin onlara nə qədər pul ödədiyinə dair qəbzləri və nə qədər borcunun qalmasına dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişlər. Əgər cavabdeh icarə haqqını iddiaçı təşkilata əlbəəl yox, hər hansı bir hesaba köçürməklə və ya ödənişi ödəyərkən hər hansı bir qəbz almaqla ödəsəydi o, həmin qəbzləri məhkəməyə təqdim edərdi. Ödənişlər iddiaçı təşkilata ələbəəl verilib. İddiaçı heç bir əsas olmadan cavabdehin hesabına əmlak (pul) əldə edib. Əgər hazırkı iş üzrə qətnamə qüvvədə qalarsa iddiaçı əsassız olaraq varlanmış olacaq. Bütün bunlar isə qanunverciliyin tələbinə ziddir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 və Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İcarəyə verən "xxxx" MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 17 iyul 2020-ci il tarixli № RM-156 nömrəli icarə müqaviləsinə əsasən “İcarəyə verən” mülkiyyətində olan 3 ədəd soyuducu anbar kamerasını bir kamera üzrə qiymət 6000 manat olmaqla (toplam 3 kamera üzrə aylıq xərc 18.000 manat) bir il müddətinə “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə həmin obyekti müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında istifadəyə qəbul etməyi və istifadə etdiyi müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzləşmə aktından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 20 aprel 2021-ci il tarixə 52650 manat borcu vardır. Xəbərdarlıq məktubundan da görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC 3 ədəd soyuducu anbar kamerasını xx.xx.2020-ci tarixdən xx.xx.2021-ci il tarixədək faktiki istifadə edilən günlərin sayına uyğun olaraq bir kamera üzrə 6000 manat olmaq şərti ilə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə 52650 manat məbləğində icarə haqqı borcu yaranmışdır. İddiaçı iddianın əsası olaraq tərəflər arasında imzalanmış üzləşmə aktına istinad etmişdir. Cavabdeh tərəfindən həmin üzləşmə aktı mübahisələndirilməmiş, «təsdiqləndi» qrafasındakı imza və sözlərin onun tərəfindən icra olunduğu etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin istinad etdiyi onun iddiaçı təşkilata heç bir borcunun olmaması və ödənişləri əlbəəl ödəməsi barədə apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, cavabdeh iddiaçının istinad etdiyi ödənişləri iddiaçının nümayəndəsinə ödəməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdehin istinad etdiyi məhkəmənin şahidin ifadəsini sübut kimi nəzərə almaması barədə apellyasiya şikayətinin dəlili barədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq şahidin cavabdehlə iş birliyi olmaqla işin nəticəsində maraqlı şəxs olmasına istinad edərək şahid ifadəsini əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən “Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh yazılı surətdə tərtib olunmuş üzləşmə aktına əsasən borclu olduğunu təsdiq etmiş, lakin Mülki Məcəllənin istinad olunan 529.3-cü maddəsinin tələbləri baxımından üzləşmə aktında göstərilən borcun qaytarılmasını sübut edə bilməmişdir. Bundan əlavə apellyasiya şikayətinin dəlillərindən fərqli olaraq cavabdeh məhkəmə kollegiyasının iclasında borcunun olmamasını, həmçinin onun icarəsinə verilmiş soyuducu kameraların yararsız olması ilə əlaqədar onun öz hesabına təmir edilməsi ilə də əsaslandırmışdır. Lakin bununla əlaqədar məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1,392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(060)-879/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar