Məhkəmə qərarları › İş №2(105)-1264/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1264/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1264/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh2 MMC-dən 9279,07 manatın, Cavabdeh1 19000 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 55000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və direktoru Cavabdeh1 ilə onun arasında 24 avqust 2020-ci il tarixdə 24081144 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 307,6 kv.metr olan iki mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasını öz üzərinə götürmüşlər. Cavabdeh2 və direktoru Cavabdeh1 həmin müqavilənin şərtlərini yerinə yetirməmişlər. 24 avqust 2020-ci il tarixli, 24081144 saylı xidmət müqaviləsinin 01 nömrəli əlavəsinin qiymət razılaşma protokolunda xidmətin ümumi dəyəri 50000 manat olduğu qeyd edilmiş, onun tərəfindən cavabdehlərə ümumilikdə 55000 manat pul ödənilmişdir. Belə ki, onun tərəfindən Cavabdeh2nə və direktoru Cavabdeh1 25 avqust 2020-ci il tarixli, GÖQ seriyalı, 481187 nömrəli kassa mədaxil orderinin qəbzi ilə 8500 manat, 27 avqust 2020-ci il tarixli, GÖQ seriyalı, 481188 nömrəli kassa mədaxil orderinin qəbzi ilə 8500 manat, 29 sentyabr 2020-ci il tarixli, GÖQ seriyalı, ******* nömrəli kassa mədaxil orderinin qəbzi ilə 19000 manat olmaqla, cəmi 36000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan sonra hovuz üçün işlərin də görülməsi məqsəd ilə onun tərəfindən əlavə olaraq 19000 manat ödənilmiş, lakin Cavabdeh2 və Cavabdeh1 ona kassa mədaxil orderinin qəbzini verməmişlər. Dəfələrlə həmin pulları tələb etsə də, cavabdehlər pulları qaytarmamışlar. O, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, həmin orqanda araşdırma aparılarkən Cavabdeh1 ondan 55000 manat pul aldığını etiraf etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və direktoru Cavabdeh1 ilə arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 nömrəli müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 56000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə işə baxılmasında onun iştirakının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməmişdir. O, Sumqayıt şəhəri, M.F.Axundov 95 (Sumqayıt ŞPİ-nin inzibati binası) qeydiyyatda olsa da, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 5, mənzil 16-da yaşayır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsində onun iştirakı təmin edilməmiş və nəticədə görülən bütün tikinti işləri ekspertin rəyində öz əksini tapmamışdır. Ekspert rəyində yalnız beton işləri və hovuzun tikintisi göstərilmişdir. Halbuki orada beton işlərindən başqa da işlər görülmüşdür. Görülən işin dəyəri 63.000 manat təşkil edir. Eyni zamanda iddiaçı tərəfindən pulun Cavabdeh2 xəzinəsinə ödənilməsini təsdiq edən bütün kassa mədaxil orderləri məhkəməyə təqdim olunmamışdır. Belə ki, İddiaçı tərəfindən Cavabdeh2 hesabına 25 avqust 2020-ci il tarixli, 481187 nömrəli kassa mədaxil orderi ilə 8500 manat, 27 avqust 2020-ci il tarixli, 481188 nömrəli kassa mədaxil orderi ilə 8500 manat, 12 sentyabr 2020-ci il tarixli, 481191 nömrəli kassa mədaxil orderi ilə 17.000 manat, 29 sentyabr 2020-ci il tarixli 481192 nömrəli kassa mədaxil orderi ilə 19.000 manat pul ödənilmişdir. Eləcə də Abşeron rayonu, Novxanı kəndində yerləşən İddiaçı məxsus ümumi sahəsi 307,6 kv.metr olan 2 mərtəbəli evin tikintisində işləyən bütün fəhlələrin izahatları alınmamış, yalnız İddiaçı işlətdiyi işçilərin izahatları alınmışdır. Mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan işə kommersiya məhkəməsində baxılmalı idi. Məhkəmə nəzərə almamışdır ki, o, cavabdeh kimi Cavabdeh2 direktorudur. Məhkəmə mübahisəyə aid işdə iştirak edən bütün şəxsləri dindirməmiş, iddiaçının öz tələblərini əsaslandırdığı dəlillər, sübutlar və hüquqi nəticələr barədə ona məlumat verməmiş, nəticədə o, bunlara qarşı özünün müdafiəsini təşkil edə bilməmişdir. Eyni zamanda İddiaçı tərəfindən nə qədər pul ödənilməsini öyrənmək üçün MMC-nin hesab nömrəsinin olduğu banka sorğu göndərilməmiş, yalnız iddiaçının verdiyi məlumatlara və sənədlərə əsaslanmaqla qətnamə çıxarılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmamış 17.000 manat pulun Cavabdeh2 xəzinəsinə ödənilməsi barədə 12 sentyabr 2020-ci il tarixli, 481191 nömrəli kassa mədaxil orderi nəzərə alınmamış, evin tikilməsində iştirak etmiş fəhlələrin izahatları alınmamışdır. Verilmiş ekspert rəyi işin bütün hallarını əhatə etmir, iş üzrə əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli, tikintidə iştirak etmiş digər fəhlələrin izahatı alınmalı, 12 sentyabr 2020-ci il tarixli, 481191 nömrəli kassa mədaxil orderi sübut kimi tanınaraq araşdırılması üçün iş materiallarına əlavə olunmalıdır. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunaraq yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh1 məhkəmə iclasına gəlmədiklərindən, Cavabdeh2 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq ona aid hissədə ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 qanuni təmsilçisi Cavabdeh1dur. İş materiallarında olan icraçı kimi Cavabdeh2 ilə sifarişçi kimi İddiaçı arasında bağlanmış 24 avqust 2020-ci il tarixli, 24081144 saylı müqavilədən görünür ki, Cavabdeh2 İddiaçı Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 307,6 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasını öz üzərinə götürmüş və texniki çertyojlardan irəli gələn şərtlərlə tamamilə razıdır. İş materiallarında olan 24 avqust 2020-ci il tarixli, 24081144 saylı xidmət müqaviləsinə 01 saylı əlavə olan qiymət razılaşma protokolundan görünür ki, işin icra müddəti 3 ay və göstəriləcək xidmətin ümumi dəyəri (vergilər və digər icbari tutulmalar daxildir) 50000 manat müəyyən edilmişdir. İş materiallarında olan 25 avqust 2020-ci il tarixli, 481187, 27 avqust 2020-ci il tarixli, 481188, 29 sentyabr 2020-ci il tarixli, 481192 saylı kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə Abşeron rayonu, Novxanı kəndində yerləşən 2 mərtəbəli yaşayış evinin tikintisi üçün müvafiq olaraq 8500 manat, 8500 manat və 19000 manat, ümumilikdə 36000 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatının surətindən görünür ki, İddiaçı ona ümumilikdə 55000 manat pul vermişdir. İş materiallarında olan pretenziyadan görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 müraciət edərək müqavilənin ləğv edilməsini və pulun qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə 19 yanvar 2021-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin özül, beton işləri və 1-ci mərtəbəsində görülən işlərin dəyəri 21685,03 manat, hovuzun tikintisi üçün görülən işlərin dəyəri 5035,90 manat təşkil edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 göstərmişdir ki, iddiaçını sifarişçi kimi tanıyır, onun evində tikinti işləri aparmışdır. Cavabdeh1 2015-ci ildən tanıyır. O, usta olaraq işləyir və bununla əlaqədar Emil ona tikinti işləri tapıb verirdi. Cavabdeh1 dəfələrlə onu pis vəziyyətdə qoymuş, yəni pulu gecikdirmiş, pulu verəndə yarısını kəsmiş, yalan danışmışdır. Bir il bundan öncə o, Masazır qəsəbəsində tikintidə işləyərkən Cavabdeh1 onu beton tökülməsinə görə Novxanıya aparmışdı. O, 3 nəfəri- Nurəddin, Rəşid, Tərlan adlı ustaları da işə cəlb etmişdir. Onlar həmin tikintidə beton tökdükdən sonra, divarı hörməyə başlamış və buna görə də Cavabdeh1 pul tələb etmişlər. Emil pulu axşam sifarişçidən götürüb onlarla hesablaşacağını bildirmiş, lakin gəlməmişdir. Onlar 1-ci mərtəbəni arakəsmələrə qədər tikmiş və pulu verməsə, Emilə tikinti işlərini dayandıracaqlarını demişlər. Bundan sonra 10-15 gün gözləmiş, lakin Emil nə pul gətirmiş, nə də özü gəlmişdir. Bundan sonra İddiaçı onlara təklif etmişdir ki, beton işlərini qurtarsınlar, özü onlarla hesablaşacaqdır. Onlar da razılaşmış, 2-ci mərtəbənin də betonunu tökmüşlər və İddiaçı onlarla hesablaşaraq pullarını vermişdir. Cavabdeh1 hazırda onlara 4000 manat borcludur, pullarını vermir və onlar Emili tapa bilmirlər. Birinci mərtəbənin monolitin xərcləri ustaları ilə birlikdə təqribən 18000-19000 manat tutur, lakin Cavabdeh1 artıq, yəni təqribən 22000 manat hesablamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 göstərmişdir ki, iddiaçı Eyvazı sifarişçi kimi tanıyır, onun Novxanıdakı evində tikinti işlərində fəhlə kimi işləmişdir. Onu həmin işlərə tanışı Firdovsi cəlb etmişdir. Həmin tikintiyə bir il bundan əvvəl, 2020-ci ilin avqust ayında cəlb edilmişdi. Onunla birlikdə Nurəddin və Tərlan da işləmişdilər. Tikintiyə və onlara Emil adlı iş icraçısı rəhbərlik etmişdir. Tikinti iki mərtəbədən ibarət olmalı, həm də hovuz tikilməli idi. Birinci mərtəbənin beton və arakəsmə işləri, hovuzda bünövrə işləri qurtardıqdan sonra Emil tikintiyə gəlməmiş və onlara 4000 manat borclu qalmışdı. Bundan sonra onun həyət yoldaşı dünyasını dəyişdiyi üçün rayona getmiş, rayondan qayıtdıqdan sonra onların pullarını vermək üçün bir neçə dəfə Emilə zəng etmiş, lakin Emil zənglərə cavab verməmişdir. Ev sahibi Eyvaz ona zəng edərək gəlib tikintidə işlərini davam etdirməsini, bundan sonra görəcəyi işlərin pulunu özü verəcəyini demişdir. O, Eyvazla razılaşmış və orada işləməyə davam etmişdir. Eyvaz da dediyi kimi onun işinin pulunu vermişdir. Emili sonuncu dəfə 2020-ci ilin payız aylarında görmüşdür. Emilin rəhbərliyi altında onlar tikintinin yalnız birinci mərtəbəsinin beton-arakəsmə işlərini və hovuzun bünövrə işlərini görmüşlər. Tikintinin qalan hissəsinin material və işçi pulunu Eyvaz ödəmişdir. Hazırda da tikinti Eyvazın vəsaiti ilə davam edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 24 avqust 2020-ci il tarixli, 24081144 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 iddiaçıya Abşeron rayonu, Novxanı kəndində ümumi sahəsi 307,6 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin tikinti işlərinin inşasını öz üzərinə götürmüş, müqaviləyə 01 saylı əlavə olan qiymət razılaşma protokoluna əsasən işin icra müddəti 3 ay və göstəriləcək xidmətin ümumi dəyəri 50000 manat müəyyən edilmişdir. Lakin Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə 19 yanvar 2021-ci il tarixli hesabatına əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin özülü və beton işləri üçün çəkilmiş xərc 21685,03 manat, hovuzunun tikintisi isə 5035,90 manat təşkil edir. Cavabdeh2 direktoru Cavabdeh1 iddiaçıdan aldığı 55000 manatın 36000 manatını Cavabdeh2 xəzinəsinə mədaxil etmiş, 19000 manatını isə mədaxil etməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarından görünür ki, Cavabdeh2 24 avqust 2020-ci il tarixli, 24081144 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd edilən hal müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən cavadehlərə ödənilən vəsait 55000 manat təşkil etmiş, iddiaçı ilk tələbində də həmin məbləğin 55000 manat olduğunu qeyd etmiş, həmçinin Cavabdeh1 Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatında İddiaçı ona ümumilikdə 55000 manat verdiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərində məbləğin 36000 manat olmasını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, qalan 19000 manat Cavabdeh1 də qalmış, bununla da Cavabdeh1 əsassız varlanmışdır. Azərbaycan Respublikası 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə Cavabdeh1 münasibətdə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. Cavabdeh1 apellyasiya şikayətində məhkəmənin işə onun iştirakı olmadan baxdığını göstərmişdir. İşdən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır və məhkəmə bildirişləri də həmin ünvana göndərilmişdir. Cavabdeh1 apellyasiya şikayətində 12 sentyabr 2020-ci il tarixli, 481191 nömrəli kassa mədaxil orderi ilə 17.000 manatın Cavabdeh2nə ödənildiyini göstərmişdir Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin izahatından görünür ki, Cavabdeh1 tərəfindən 12 sentyabr 2020-ci il tarixli, 481191 nömrəli kassa mədaxil orderi iddiaçıya təqdim edilməmişdir. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi digər dəlillər iş üzrə dindirilmiş şahidlərin ifadələri və "xxxx" MMC-nin tikinti-təmir xərclərinin müəyyən edilməsi barədə 19 yanvar 2021-ci il tarixli hesabatı ilə təkzib edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Belə ki, 24 avqust 2020-ci il tarixli, 24081144 saylı müqaviləni İddiaçı Cavabdeh2 ilə fiziki şəxs kimi bağlamış və İddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(060)-4978/2021 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar