Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1006/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağaliyeva (Ələsgərova) Adilə Sahib qızına qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağaliyeva (Ələsgərova) Adilə Sahib qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-117/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə, SSRİ Müdafiə Nazirliyi tərəfindən verilmiş 20 oktyabr 1970-ci il tarixli orderə əsasən ünvan 1 X3 verilmişdir. X9 xx.xx.2003-cü il tarixində vəfat etmişdir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil istismar hissəsinin xx.xx.2008-ci il tarixli məktubuna əsasən Sumqayıt Şəhər Məhkəməsi iddiaçının “İcarə müqaviləsinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə iddianı təmin edərək Fətəlixan küçəsi 24 saylı evin 1 saylı mənzilinin icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsini Mənzil istismar hissəsinə həvalə etmişdir. Bu barədə 2-1818 saylı, 03 oktyabr 2007-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Göndərilən icra vərəqəsinə müvafiq olaraq Tağıyev-3 hərbi şəhərciyi, Fətəlixan küçəsi, ev 24, mənzil 1 ünvanın şəxsi maliyyə hesabı iddiaçının adına dəyişdirilmişdir.
3. İddiaçı xx.xx.1985-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-2336/2010 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında qeydə alınmış nikahın pozulması, xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər cavabdehin yanında qalması, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay iddiaçında 75 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı X6 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Müdafiə Nazirliyi tərəfindən 1970-ci il tarixli order ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Fətəlixan küçəsi ev 24 mənzil 1 mərhum iddiaçının X1na verilmişdir. X1 xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Bundan sonra o, məhkəməyə icarə müqaviləsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Fətəlixan küçəsi 24 saylı evin 1 saylı mənzili iddiaçının adına rəsmiləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-2336/2010 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər cavabdehin yanında qalması, uşağın saxlanması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay iddiaçında 75 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Hazırda cavabdehlər 2010-cu il tarixdən həmin mənzildə yaşamırlar. Cavabdehlər həmin ünvanda yaşamasalar da, onların həmin mənzildə qeydiyyatda olmaları ilə əlaqədar olaraq iddiaçı əlavə komunal xərclər ödəməyə məcbur olur. Cavabdeh Məhəmməd Ələsgərov adlı şəxs ilə ailə həyatı qurmuş və halhazırda ərinə məxsus Göy-Göl rayonundakı fərdi yaşayış evində yaşayır.
7. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, o, özünün mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilməsinə razıdır. İddiaçıya qarşı heç bir tələbi yoxdur. Lakin 2009-cu il təvəllüdlü qızı Sədaqətin həmin mənzilə istifadə hüququna xitam verilməsinə etiraz edir. Hesab edir ki, qızı Sədaqətin atasına məxsus mənzildə yaşayış hüququ vardır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-117/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəməyə ünvanladığı ərizəsində iddianı qismən qəbul etdiyini bildirsə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığından iddia əsaslı sayıla və təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152-ci, 157-ci, Mənzil Məcəlləsinin 91.2, 98.1-ci, Mülki Prosessual Məcəllənin 52.2, 52.5-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan)
Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.
Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası (...) Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. (...)
Maddə 104. Xidməti yaşayış sahəsindən çıxarma Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.
16. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; (...)
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
21. Hazırkı halda mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia irəli sürmək üçün ilk növbədə iddiaçının iddia etdiyi daşınmaz əmlaka hər hansı bir hüququnun olması müəyyən edilməlidir.
22. İddiaçı X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil istismar hissəsinin xx.xx.2008-ci il tarixli 1431 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi iddiaçının “İcarə müqaviləsinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə iddianı təmin edərək Fətəlixan küçəsi 24 saylı evin 1 saylı mənzilinin icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsini Mənzil istismar hissəsinə həvalə etmişdir. Bu barədə 2-1818 saylı, 03 oktyabr 2007-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Göndərilən icra vərəqəsinə müvafiq olaraq Tağıyev-3 hərbi şəhərciyi, Fətəlixan küçəsi, ev 24, mənzil 1 ünvanının şəxsi maliyyə hesabı iddiaçının adına dəyişdirilmişdir.
24. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil istismar hissəsinin xx.xx.2022-ci il tarixli 1324 nömrəli məktubundan görünür ki, Tağıyev-3 hərbi şəhərciyi, Fətəlixan küçəsi, ev 24 mənzil 1 ünvanında xx.xx.1970-ci il tarixli 359 nömrəli order əsasında X10 yaşamışdır. Həmin şəxs xx.xx.2003-cü il tarixli AZ-1 N002681 nömrəli övladlığa götürmə haqqında şəhadətnamə əsasında İddiaçı övladlığa götürmüşdür. Evin şəxsi maliyyə hesabı onun adınadır və qeyd olunan ünvanda qeydiyyatdadır. Qeyd olunan ünvan hal-hazırda Müdafiə Nazirliyinin balansındadır.
25. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil istismar hissəsinə sorğu verilərək, xx.xx.1970-ci il tarixli, 359 nömrəli order əsasında X5 ayrılmış Tağıyev-3 hərbi şəhərciyi, Fətəlixan küçəsi, ev 24 ünvanında yerləşən 1 nömrəli mənzilin hazırkı hüquqi rejimi (daimi və ya xidməti əsaslarla ayrılması) barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur.
26. Məhkəmənin sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X5 verilmiş “Tağıyev-3” hərbi şəhərciyi, Fətəlixan küçəsi, ev 24 ünvanında yerləşən 1 nömrəli mənzil xidməti rejimlidir.
27. Göründüyü kimi Tağıyev-3 hərbi şəhərciyi, Fətəlixan küçəsi, ev 24 ünvanında yerləşən 1 nömrəli mənzil Müdafiə Nazirliyinin balansındadır və müvəqqəti verilmiş, o cümlədən özəlləşdirilməsinə yol verilməyən xidməti rejimli mənzildir. Həmin mənzilin şəxsi hesabının iddiaçının adına dəyişdirilməsi iddiaçıya hazırkı tələblə məhkəməyə müraciət etməyə əsas vermir.
28. Məhkəmə kollegiyası iddianın bir hissədə qəbul edilməsi barədə cavabdehin ərizəsinə münasibətdə qeyd edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ünvan 1 Müdafiə Nazirliyinin balansında olmaqla xidməti mənzil olduğundan, iddiaçının mövcud iddia tələbi təmin edilə bilməz. Odur ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
30. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-117/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.