Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1008/2025 11.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(067)-306/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 87950 manat zərərin əvəzi, 354 manat dövlət rüsumu, 325 manat hüquqi yardıma görə ödənilən pulun alınaraq onun xeyrinə tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onun əsaslandırılmışdır ki, cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən Xaçmaz Nabran yolunun kənarında yerləşən 0.20 ha torpaq sahəsini almaq üçün atasına müraciət etmiş, həmin vaxt atası əməliyyat olunmalı olduğundan onunla məsləhətləşdikdən sonra 70000 manata həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. Bundan sonra cavabdeh onlara 5000 ABŞ dolları beh vermiş və qısa zamanda qalan pulu verib torpaq sahəsini onlardan alacağına söz vermişdir. Həmin torpaq sahəsinin 0.10 ha hissəsi çıxarışlı, qalanı isə sənədləri düzəlməli idi. Bundan sonra cavabdeh həmin 0.10 ha torpaq sahəsini özü qısa müddətdə düzəldəcəyini və bunun üçün verdiyi behdən 3500 manatını ona geri qaytarmağını bildirmişdir. Onunla razılaşıb 3500 manatı ona geri qaytarmışlar. Bundan sonra cavabdeh onlarla məsləhət etmədən həmin torpaq sahəsində yerləşən tam bəhərdə olan 21 ədəd gilas ağacını, 15 ədəd alça ağacını, 23 ədəd şaftalı ağacını kökündən çıxardaraq ona 87950 manat ziyan vurmuşdur. Bu barədə mütəxəsis rəyi alınmışdır. Cavabdeh həmin ağacları məhv etdikdən sonra torpaq sahəsini imkanı olmadığı üçün ala bilməyəcəyini bildirdi. Bundan sonra tərəfindən bu barədə Xaçmaz rayon polis şöbəsinə müraciət olunmuşdur. Xaçmaz rayon polis şöbəsində cavabdeh izahat verərək guya atasından icazə aldığı üçün iddia ərizəsində göstərilən ağacları tanımadığı şəxsin ekskavatoru ilə çıxardığını, həmçinin torpaq sahəsini maddi imkanın olmadığını bəhanə gətirərək ala bilmədiyini bildirmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində ona ümumilikdə 87950 manat ziyan dəymişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçının qonşusudur. Tərəflərin heç biri ilə qohumluğu, ədavəti yoxdur. İddiaçının bağının yanından keçəndə görmüşdür ki, ekskavator işləyir, ağacları qazıb çıxarır, “Kamaz” maşınına yükləyib aparırlar. İddiaçının yaxşı bağı olmuş, 50 ağac var idi. Orada 10 illik qələmlər, ağaclar olmuşdur, onları kəsib aparmışlar. İddiaçının xəbəri olmamış, o, gedib xəbər vermişdir. Demişlər ki, yəqin ki, bağı almaq istəyən adamlardır. Orada gilas qələmləri, şaftalı ağacları, gavalı, alça ağacları var idi, 10 illik ağaclar olmuş, yaxşı baxılan bağ olmuşdur. O, Bədəl müəllimə zəng etməmiş, gedib evinə demişdir. Həmin vaxt bağın içərisində “Kamaz” və ekskavator olmuşdur. Ekskovator ağacları qırıb “Kamaz” markalı yük maşınına yükləyirdi. Ağaclar bəhərə düşmüşdür.
5. Xaçmaz rayon polis şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 avqust 2023-cü il tarixli qərarından görünür ki, X4 Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə mübahisə ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərarda Cavabdeh izahatında "xxxx"' MMC-nin direktoru vəzifəsində işlədiyini, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Xaçmaz rayonu, Nərəcan kəndində olarkən yolun kənarında torpaq sahəsinin satılması ilə bağlı elan gördüyünü, elandakı mobül nömrəyə zəng edib adının ona sonradan məlum olan Bədəl adlı şəxsə həmin torpağı neçə manat dəyərində satdığını soruşduğunu, bu zaman Bədəl adlı şəxsin ona 0,21 ha torpaq sahəsi Xaçmaz rayonu, Nərəcan kəndində yerləşdiyini və 70000 manat dəyərində satdığını, həmçinin onu oğluna məxsus olduğunu dediyini göstərmişdir. Danışıq zamanı həmin torpaq sahəsini 60000 manat dəyərində almaq istədiyini və Bədəl ilə bununla razılaşdığını göstərmişdir. Bundan bir iki gün keçdikdən sonra həmin torpaq sahəsi yerləşən kənddə Bədəl ilə görüşdüyünü, ona 5000 ABŞ dolları verdiyini, pulun qalan hissəsini 51500 manatı isə 2021-ci ilin aprel ayında ödəyəcəyinə ona söz verdiyini, Bədəldən həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün icazə aldığını, buna razılıq verdiyi üçün həmin torpaq sahəsində ekskavator ilə ağacları yerindən çıxardığını göstərmişdir.
6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutununa daxil olmuş Xaçmaz rayon Vəkil Bürosunun vəkili Vəkil1 01 oktyabr 2024-cü il tarixli dəymiş ziyanin hesablanmasına dair rəydən müəyyən olunur ki, Meyvəçilik və Çayçılıq X1 Çoxaltma Laboratoriyasının müdiri Şahid1 04 oktyabr 2024 cü il tarixində Xaçmaz rayonunun Nərəcan kəndində yerləşən İddiaçı məxsus 0.20 ha torpaq sahəsinə dəymiş ziyanın hesablanması üçün zəruri olan sənədlərə və ərazidən çıxarılmış ağacların qalıqlarına baxış keçirmişdir. Baxış zamanı aşağıda qeyd olunanlar müəyyən edilmişdir: 1. Ağacların güclü kök sistemi və inkişaf etmiş çətirə malik olmaları onların sağlam və məhsuldar olduqlarının əsas sübutu kimi diqəti cəlb etdi. 2. Ağacların əksər hissəsinin üzərlərinə qalın torpaq qatı tökülmüşdür. 3. Hadisədən 3 il keçməsinə və ağac köklərinin qurumasına baxmayaraq onlar hələ də öz əzəmətini itirməmişdir. Gilas və şaftalı ağacları xəstəlik və zərərvericilərə və ətraf mühitdə baş verən dəyişikliklərə çox həssas bir bitkilər olduğundan onların qulluğu böyük zəhmət, diqqət və xərc tələb edir, Sahibkara dəymiş zərərlə bağlı Meyvəçilik və Çayçılıq X1 Çoxaltma Laboratoriyasının müdiri Şahid1 tərtib etdiyi 04 oktyabr 2024 cü il tarixli akta əsasən 11 illik gilas ağacının böyüdülməsinə və onun müntəzəm olaraq sahibkara verə biləcəyi məhsulun maya dəyərinin hesablanması, eləcə də sahibkarın bundan sonrakı dövrlərdə itirmiş olduğu məhsulu nəzərə alaraq 1 ağac üçün 3000 azn, 1 ədəd 7 illik alça ağacı üçün 350 azn, 1 ədəd 3 illik Şaftalı Fədai ağacı üçün 400 azn hesablanmışdır. Ümumilikdə 21 ədəd gilas ağacı 61000 azn, 15 ədəd alça ağacı 15750 azn, 23 ədəd Fədai şaftalı ağacı üçün isə 9200 azn cəmi olaraq isə 87950 azn sahibkara dəymiş ziyan hesablanmışdır.
7. 29 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X9 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 315.7 kv.metr olan qeyri yaşayış binasını və həmin ünvanda mülkiyyətdə olan 0.14 ha torpaq sahəsini Cavabdeh satmışdır.
8. AN-İ № seriyalı ******* nömrəli 25 sentyabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsini X6 34.000 manata satmışdır.
9. AN-İ № seriyalı ******* nömrəli 25 sentyabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha torpaq sahəsini X6 34.000 manata satmışdır.
10. ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2ində yerləşən 0,1 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 425 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. MH seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2ində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. 2822024469 qeydiyyat nömrəli, **********16-06301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1ində 0.14 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 315.7 kv.metr olan qeyri yaşayış binası Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 70A nömrəli vərəqində qeydiyyata alınmışdır.
13. Xaçmaz rayon İHB-nın Nərəcan kənd İƏD üzrə nümayəndəsinin 162 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon Nərəcan kəndində özünə məxsus 0.10 ha həyətyanı torpaq sahəsində 21 ədəd gilas, 25 ədəd şaftalı, 15 ədəd alça və digər ağaclar olmuşdur.
14. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 18 mart 2025-ci il tarixli 03/01 saylı rəyindən görünür ki, meyvə ağacının dəyəri onun yetişdirdiyi məhsulun dəyəri ilə ölçülür. Buradan belə nəticəyə gəlmək olar ki, 11 illik 1 ədəd gilas ağacının maya dəyəri 1500 Azn, 3 illik şaftalı (1 ədədi) ağacının maya dəyəri 150 Azn və 7 illik alça ağacının göyçə sortunun maya dəyəri 100 Azn hesablanmışdır. Qeyd edilmiş meyvə ağaclarının son 3 ildə verə biləcəyi məhsul hesablanmadan tək ağacın özünün maya dəyəri aşağıdakı kimi hesablanmışıdır. Gilas 21 ədəd x 1500 azn =31500 şaftalı 23 ədəd x 150 = 3450 alça 15 ədəd x 100= 1500 cəmi 36450 azn.
15. Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 354 manat rüsum ödənilmişdir.
16. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsinə görə Xaçmaz rayon vəkil bürosunun hesabına 325 manat pul ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
17. Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(067)-306/2025 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 36450 manat məbləğində pul, ödənilmiş 354 manat dövlət rüsumunun 199.35 manatı və 325 manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndləri, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 21.1, 21.2, 152.1, 152.5, 1096.1, 1096.2 və 1097.1ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4, 88, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
19. Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(067)-306/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia ərizəsinin rədd edilməsi, habelə apellyasiya şikayətinin verilməsi üçün ödədiyi rüsumun iddiaçıdan tutulması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində torpaq satılması ilə bağlı elanı görərək həmin torpaq sahəsini almaq məqsədilə elanda qeyd olunmuş nömrə ilə əlaqə saxlamış, əlaqə saxladığı şəxs İddiaçı atası Bədəl İsrafilov olmuşdur. Bədəl ona Xaçmaz rayonunun Nərəcan kəndində oğluna məxsus 0,2 ha torpaq sahəsini 70000 manata satmaq istədiklərini bildirmişdir. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyindən fərqli olaraq Nizami və Bədəl İsrafilovlarla danışıq zamanı torpaq sahəsinin 60000 manata satılması razılaşdırılmışdır. 0,2 ha torpaq sahəsi İddiaçı faktiki sahibliyində olsa da, onun 0,1 ha hissəsinə münasibətdə sonuncunun mülkiyyəti təsdiq edən sənədləri olmamışdır. Həmin sənədlərin hazırlanması vaxt aparacağından və o vaxta qədər alqı-satqının başa çatması mümkün olmadığından, alıcı kimi niyyətinin ciddiliyini təsdiq etmək və satıcının da başqa şəxslərlə sövdələşməməsi üçün beh ödənilməsi razılaşdırılmışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə tərəfindən iddiaçının və şahid Əziz Əzizovun da iştirakı ilə iddiaçının atası Bədəl İsrafilova 5000 ABŞ dolları dəyərində pul ödənilmiş və tərəflər arasında 60000 manatın qalan 51500 manatının 2022-ci ilin 5 aprel tarixinədək ödənilməsi razılaşdırılmış və qeyd olunanlarla bağlı akt tərtib edilmişdir. Bu hallar işin mübahisəsiz hallarıdır. Daha sonra iddiaçı və onun atasının razılığı alınaraq sözü gedən torpaq sahəsi üzərində tərəfindən qazıntı işləri aparılmış və bu zaman torpaq sahəsində olan bir neçə ağac kökündən çıxarılmışdır. İddiaçının razılığı olmadan torpaq sahəsində tərəfindən hansısa işlərin görülməsini iddia etmək absurddur. Belə ki, ağacların çıxarılmasının 2021ci ilin oktyabr ayının sonlarına təsadüf etməsi nəzərə alınmaqla, iddiaçı onun mülkiyyətinə qəsd olunduğu düşüncəsində olsaydı, o, dərhal görülmüş işlərin dayandırılmasını tələb edər, ona etirazını bildirər və hüquq mühafizə orqanlarına müraciət edərdi. Lakin iddiaçı və onun atasının həm tərəfindən, həm də iddiaçı tərəfindən verilmiş iddia ərizələrinə məhkəmədə baxılması zamanı tərəfindən görülmüş işlərə həmin işlərin görüldüyünü (demələrinə görə) bildikləri vaxtdan dərhal sonra hansı etirazı etdiklərini bildirməmişlər. Bədəl İsrafilovun ona qarşı şikayətləri çox sonradan – 2023-cü ilin yay aylarından başlamışdır. İddiaçının ona dəydiyini düşündüyü ziyanla bağlı məhkəməyə müraciət etməsi isə daha sonraya, onun atasına qarşı məhkəmədə iddia qaldırmasından sonraya təsadüf edir. Hadisələrin bu ardıcıllığı bir daha onu təsdiq edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində görülən işlər onun razılığı əsasında həyata keçmişdir ki, həmin işlərin görülməsindən dərhal sonra da hər hansı etirazını bildirməməklə susması halı da razılığının əlamətidir. İddiaçı faktiki sahibliyində olan digər 0,1 ha torpaq sahəsinə mülkiyyət sənədləri əldə etməyi vəd etsə də 2022-ci ilin aprel ayının 5-dək həmin sənədləri əldə etməmiş, buna görə də həmin tarixdə tərəfindən qalan 51500 manat pulun ödənilməsi həyata keçirilməmişdir. Lakin iddiaçı və onun atası bu faktı ört-basdır edərək razılaşmanın (yəni qalan pulun ödənilməsinin) onun ödənişi etməyə maddi imkanı olmaması səbəbindən baş tutmadığını bildirmişdir. Bununla da iddiaçı alqı-satqı barədə razılaşmanın öz təqsiri ucbatından deyil, onun təqsirinə görə pozulduğunu məhkəməyə sübut etməyə çalışmışdır. Halbuki, iş materiallarında olan sənədlərə nəzər yetirdikdə vəziyyətin heç də iddiaçının bildirdiyi kimi olmadığı təsdiqini tapır. Belə ki, iş materiallarında olan 29 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, o, həmin müqavilə ilə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 315.7 kv.metr olan qeyri-yaşayış binasını və həmin ünvanda mülkiyyətdə olan 0.14 ha torpaq sahəsini satın almışdır. Lakin həmin tarixə qədər iddiaçı istifadəsində olan 0,1 ha torpaq sahəsini öz adına rəsmiləşdirməmiş və iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi həmin torpaq sahəsini öz adına rəsmiləşdirməyə aylar sonra nail olmuşdur. Beləliklə, iddiaçı satmaq istədiyi torpaq sahəsinə vaxtında mülkiyyət sənədləri əldə etmədiyindən, həmçinin torpaq sahəsini daha yüksək qiymətə satmaq istəyi ilə (nəzərə alsaq ki, iddiaçı hələ əvvəldən torpaq sahəsini 70000 manata satmaq istəmiş və onunla 60000 manata razılaşmışdır) aralarında bağlanmış xx.xx.2021-ci il tarixli aktda da qeyd edilmiş razılaşmanı pozma yönündə hərəkətlər etməyə başlamışdır. Tərəflər arasında yaranmış anlaşılmazlıq nəticəsində iddiaçının atası Xaçmaz Rayon Polis Şöbəsinə barəsində əsassız şikayətlər etməyə başlamışdır ki, nəticədə də cinayət işinin başlanması rədd edilmişdir. 2024-cü ilin iyun ayında iddiaçı və onun atasına pretenziya ilə müraciət edərək bir daha sözü gedən torpaq sahəsini almaq niyyətini davam etdirdiyini bildirsə də, qarşı tərəf onun bu müraciətini cavabsız qoymuşdur. Hərçənd, artıq 2022-ci ildə başqa torpaq sahəsi almağına baxmayaraq sözü gedən torpaq sahəsini də alaraq mübahisəni həll etmək yönündə xoş məramını davam etdirsə də, qarşı tərəfdən bu xoş məramının qarşılığını ala bilməmişdir. Qarşı tərəfin razılaşmanı tamamilə pozduğunu anladığından beh kimi ödədiyi 5000 ABŞ dolları məbləğində pul vəsaitinin iki mislinin cavabdeh Bədəl İsrafilovdan alınması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2(067)-2750/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək mübahisələndirmişdir. İddiaçı irəli sürdüyü iddia tələbini əsaslandırmaq üçün məhkəməyə bir sıra sənədlər təqdim etmişdir ki, həmin sənədlər tamamilə əsassız olmaqla heç bir sübut əhəmiyyəti yoxdur. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İHB-nin Nərəcan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 162 nömrəli, 12 mart 2025-ci il tarixli arayışına görə guya İddiaçı məxsus 0,1 ha torpaq sahəsində 21 ədəd gilas, 25 ədəd şaftalı və 15 ədəd alça ağacı və digər ağaclar olmuşdur. Sözü gedən torpaq sahəsində olmuş bir neçə ağacın kökündən çıxarılmasından 3 il yarım müddət sonra nümayəndənin hansı əsasla arayış tərtib etməsi sual doğurur. Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 5-ci hissəsi nümayəndələrin vəzifə və səlahiyyətlərini müəyyən edir ki, orada nümayəndələrin torpaq sahəsində olan ağac sayının qeydiyyatını aparma, mütəxəssis və ya ekspert kimi vəzifə və səlahiyyətləri əksini tapmamışdır. Odur ki, nümayəndənin ağacların sayını nəyə əsasən müəyyən etdiyini göstərən heç bir dəlil yoxdur ki, nümayəndənin artıq mövcud olmayan ağaclar barədə uydurma arayış verməsi iddiaçının əsassız sübutlar toplamağa çalışmasının göstəricisidir. Həmçinin mütəxəssisin 21 ədəd gilas, 23 ədəd şaftalı və 15 ədəd alça ağacının olmasını müəyyənləşdirdiyi halda nümayəndənin həmin rəyin verilməsindən aylar sonra şaftalı ağaclarının sayını artırıb 25 etməsi və əlavə ağacların da olmasını müəyyən etməsi tamamilə absurddur. Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq X1 Çoxaltma Laboratoriyasının müdiri Şahid1 iddiaçı və onun atası Bədəl İsrafilovla birlikdə 04 oktyabr 2024-cü il tarixdə iddiaçının istifadəsində olmuş torpaq sahəsinə baxış keçirmiş və bununla əlaqədar qeyd olunan üç nəfərin iştirakı ilə akt tərtib olunmuşdur. Lakin baxış zamanı nə cavabdeh tərəfdən kimsə iştirak üçün dəvət edilmiş, nə də işdə maraqlı olmayan hal şahidləri iştirak etmişlər. Bu da torpaq sahəsinə keçirilmiş baxışın obyektivliyini şübhə altına alan məqamlardan biridir. 04 oktyabr 2024-cü il tarixli aktda baxış zamanı faktla bağlı sənədlərlə, 0,20 ha ərazi ilə və ərazidən çıxarılmış ağacların qalıqları ilə tanış olunması qeyd olunmuşdur. Faktla bağlı sənədlər deyərkən söhbətin hansı sənədlərdən getməsi qeyri-müəyyəndir. Bundan başqa aktda ağacların gövdələrinin yaxşı inkişaf etmiş olması göstərilsə də, kökündən çıxarılmış ağacların gövdələrinin necə müayinə edilməsi, gövdələr, eləcə də ağacların məhsuldarlığı barədə nəticəyə hansı əsaslarla gəlinməsi qeyri-müəyyəndir. 08 oktyabr 2024-cü il tarixli mütəxəssis rəyi də məhz həmin akt əsasında verilmişdir. Belə ki, tərtib olunmuş aktda və verilmiş rəydə ağacların sayının, növünün, yaşının məhsuldarlığının, habelə dəymiş ziyanın məbləğinin necə təyin edildiyi qeyd olunmamış, ərazinin, ağac köklərinin fotoşəkilləri əlavə edilməmişdir. Rəydəki nəticəyə gəlinməsində hansı metodologiyadan və məlumat mənbələrindən istifadə olunması qeyd olunmamışdır ki, bu da rəyin əsaslılığını şübhə altına salan əsas məqamlardır. 04 oktyabr 2024-cü il tarixli aktda və 08 oktyabr 2024-cü il tarixli rəydə mütəxəssis tərəfindən 0,20 ha əraziyə baxış keçirilməsi qeyd olunmuşdur. Halbuki, ağacların çıxarıldığı dövrdə iddiaçının mülkiyyətində yalnız 0,1 ha torpaq sahəsi olmuşdur. Odur ki, akt və rəydən çıxarıldığı iddia olunan ağacların konkret olaraq 0,20 ha torpaq sahəsinin hansı hissəsində əkilmiş olduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçının 2023-cü ilin fevral ayınadək yalnız 0,1 ha torpaq sahəsinə mülkiyyət hüququnun olmasını nəzərə alsaq, onun digər 0,1 ha torpaq sahəsində olmuş ağaclara haqq iddia etməyi əsassızdır. Tərtib olunmuş aktın və verilmiş rəyin əsassızlığı açıqaydındır ki, qeyd olunan sənədlər onun məhkəmə baxışı zamanı haqlı narazılığına səbəb olmuşdur. Yaranmış zərurətlə əlaqədar məhkəməyə 08 oktyabr 2024-cü il və 18 mart 2025-ci il tarixli rəylərin verilməsində iştirak etmiş Şahid3 dəvət olunsa da, şahid qismində verdiyi ifadəsində rəylərin əsaslılığını təsdiq edəcək heç bir dəlil ortaya qoya bilməmişdir. İfadəsində torpaq sahəsinə Şahid1 və Rəşad Eldarovun baxış keçirdiklərini bildirsə də nə aktın, nə də rəylərin tərtibində Rəşad Eldarov iştirak etmişdir. İfadəsindən də başa düşüldüyü kimi Şahid3 rolu sadəcə mütəxəssis Şahid1 tərtib etdiyi aktda yazılanları təsdiq etməkdən ibarət olmuşdur. 08 oktyabr 2024-cü il və 18 mart 2025-ci il tarixli rəylərin verilməsinə əsas sadəcə 04 oktyabr 2024-cü il tarixli akt olmuşdur ki, beləliklə Şahid3 sözü gedən torpaq sahəsində hər hansı ağacın olmasının şahidi olmamışdır. Odur ki, məhkəmənin şahidlərin iddia tələbində göstərilən ağacların göstərilən sayda və keyfiyyətdə olmasını təsdiq etdiyi barədə gəldiyi nəticə xətalıdır. Məhkəmənin şahid qismində dindirdiyi digər şəxs isə iddia tərəfinin şahidi olmaqla bərabər, həm də iddiaçının qonşusudur ki, onun da tərəfsiz ifadə verməsi şübhə doğurur. Həmçinin həmin şahid də ifadəsində “iddiaçının bağı”ndan danışarkən söhbətin konkret olaraq hansı torpaq sahəsindən getdiyini bildirməməsi də bir daha iddiaçının mülkiyyətində olmuş 0,1 ha torpaq sahəsində konkret hansı sayda ağac olmasının müəyyən edilmədiyinin bariz sübutudur. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə hüquqi qiymət verərkən “iddiaçı iddia tələbində cavabdehdən ağacların dəyərinə görə 87950 manat pul tələb etsə də, bu məbləğə uyğun məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir” nəticəsinə gəlmişdir. Daha sonra isə iddiaçının ağacların dəyərinə dair məhkəməyə 36450 manat məbləğində mütəxəssis rəyi təqdim etdiyi qeyd edilmişdir. Halbuki, iddiaçı 87950 manat məbləğini təsdiq etmək üçün məhkəməyə 04 oktyabr 2024-cü il tarixli akt və 08 oktyabr 2024-cü il tarixli rəy təqdim etmişdir. Sözü gedən 36450 manat məbləğ barədə rəy isə 18 mart 2025-ci il tarixdə verilmişdir. Əsaslandırma, müəlliflər, istinadlar baxımından 08 oktyabr 2024-cü il tarixli rəy ilə 18 mart 2025-ci il tarixli rəylər eyni statusa malikdirlər. Belə ki, hər iki rəy eyni qurum və şəxslər tərəfindən verilmiş, hər iki rəy də eyni akta istinadən verilmiş və hər iki rəy də eyni qaydada heç bir əsaslandırma olmadan tərtib edilmişdir. Məhkəmənin 04 oktyabr 2024-cü il tarixli akt və 08 oktyabr 2024-cü il tarixli rəyi sübut hesab etməməsi yönündə hüquqi mövqeyini haqlı hesab edir və əslində məhkəmənin həmin mövqeyi davam etdirməklə 18 mart 2025-ci il tarixli rəyi də sübut hesab etməməli olduğu qənaətinə gəldiyini bildirir. İddiaçının razılığı əsasında və heç bir etirazı olmamaqla mülkiyyətində olan əmlak üzərində edilmiş hərəkət (ağacların çıxarılması) təqsirli və hüquqa zidd hərəkət hesab edilə bilməz. Beləliklə, hazırkı işdə təqsirli və hüquqa zidd şəkildə mülkiyyət hüququnun pozulması halı baş verməmişdir. Bundan başqa, iş materiallarından da göründüyü kimi iddiaçı sonradan 0,2 ha torpaq sahəsini 68000 manata başqa şəxsə satmışdır. Torpaq sahəsində iddiaçının iddiasına görə 36450 manat dəyərində ağacların çıxarılması nəticəsində torpaq sahəsinin dəyəri kəskin azalmalı olduğu halda bu baş verməmişdir ki, bu da nəticə olaraq iddiaçıya hər hansı ziyan dəymədiyinin göstəricisidir. Guya o qədər dəyəri olan ağaclara malik torpaq sahəsinin ona 60000 manata satmağa razı olduğu halda, boş torpaq sahəsini 68000 manata satması həqiqətdə həmin torpaq sahəsində heç də həmin dəyərə malik ağacların olmadığı faktının dolayı sübutudur. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirərək bu nəticəyə gəlmək olar ki, iddiaçıya qarşı tərəfindən hər hansı mülki hüquq pozuntusu həyata keçirilməmiş, habelə iddiaçı birinci instansiya məhkəməsinə öz iddiasını əsaslandıracaq hər hansı mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə ümumilikdə düzgün hüquqi qiymət verməmiş, odur ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və buna görə də sözü gedən qətnamə ləğv olunmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
22. Cavabdeh 17 iyul 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
23. İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
24. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1., 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(067)- 306/2025 nömrəli qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşma əsasında iddiaçı özünə məxsus torpaq sahəsini cavabdehə satmaq qərarına gəlmiş, cavabdeh isə bunun müqabilində müvafiq beh müqaviləsini bağlamadan iddiaçıya 5000 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra tərəflər arasında olan şifahi razılaşma pozulmuş və beh qismində iddiaçıya verilmiş pul məbləği məhkəmə qətnaməsi ilə cavabdehə qaytarılması qət edilmişdir. Həmin torpaq sahəsində bar verən meyvə ağacları olmuşdur. İddiaçı cavabdeh tərəfindən həmin torpaq sahəsində olan ağaclarıın onun razılığı və xəbəri olmadan kökündən çıxarıldığını, nəticədə xeyli miqdarda maddi zərərə uğradığını, torpağının dəyərinin aşağı düşdüyünü iddia edir və araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
30. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişhdir (bax bənd 17).
31. Məhkəmə gəlmiş olduğu nəticəyə dair mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh öz mülkiyyətində olmayan torpaq sahəsinin üzərində olan ağacları çıxarmaqla hüquqa zidd əmələri törətmiş və hazırda da delikt qaydasında iddiaçı qarşısında məsuliyyət daşımalıdır. İddiaçı iddia tələbində cavabdehdən ağacların dəyərinə görə 87950 manat pul tələb etsə də, bu məbləğə uyğun məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Lakin iddiaçı ağacların dəyərinə dair məhkəməyə 36450 manat məbləğində mütəxəssis rəyi təqdim etmişdir. Bundan başqa iş üzrə dindirilmiş şahidlər də, ağacların iddia tələbində göstərilən sayda və keyfiyyətdə olmasını təsdiq etmişlər. Bununla da, ağacların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmişdir. Cavabdeh isə, ağacların dəyəri ilə bağlı iddiaçının təqdim etdiyi sübutları təkzib edə bilməmişdir.
32. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddia tələbi yalnız 36450 manat hissədə təmin olunmalı, qalan hissədə isə rədd edilməlidir. İddiaçı 87950 manat pul tələbinə dair 354 manat dövlət rüsumu ödəmişdir. Lakin iddia tələbi 36450 manat hissəsində əsaslı olduğundan, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən dövlət rüsumu da iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası dövlət rüsumu haqqında Qanununa əsasən iddianın məbləği 36450 manat olduqda 199.35 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə də, iş üzrə ödənilmiş 354 manat dövlət rüsumunun 199.35 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 325 manat hissəsi də, təmin edilməlidir. Ona görə ki, iddiaçının vəkilə ödədiyi 325 manat rüsumu iş materiallarında olan qəbzlə sübuta yetirilir.
33. Cavabdeh birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq, apellyasiya şikayəti vermişdir.
34. Göründüyü kimi apellyator apellyasiya şikayətinin dəlili olaraq iddiaçı və onun atasının razılığı ilə torpaq sahəsində qazıntı işləri apardığını, bu zaman torpaq sahəsində olan bir neçə ağac kökündən çıxarıldığını mübahisələndimişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.
36. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi 2021-ci il tarixdə tərəflər arasında torpaq alqı-satqısına dair şifahi razılaşma olmuş, cavabdeh bu məqsədlə beh vermiş, lakin sonra tərəflər arasında olan şifahi razılaşma pozulmuş və beh qismində iddiaçıya verilmiş pul məbləği məhkəmə qətnaməsi ilə cavabdehə qaytarılması qət edilmişdir. Tərəflər arasında razılaşma pozulanadək olan müddətdə cavabdeh həmin torpaq sahəsində qazıntı işləri aparmış, orada olan meyvə ağaclarını kökündən çıxarmışdır.
37. Kollegiya qeyd edir ki, bu göstərilənlər işin mübahisəsiz hallarıdır.
38. İşin mübahisə doğuran halı mübahisə predmeti olan torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsi, orada aparılmış qazıntı işlərindən və ağacların çıxarılmasından iddiaçı tərəfin məlumatlı olması ilə bağlı hallardır.
39. Qeyd olunan hallar üzrə araşıdrma apararaq kollegiya müəyyən etdi ki, tərəflər arasında qeyd olunan torpaq sahəsinin alqı-satqı dəyəri 2021-ci il tarixdə 60.000 manata razılaşdırılmışdır.
40. Tərəflər arasında razılaşma pozulduqdan sonra həmin torpaq sahəsini iddiaçı 2024-cü il tarixdə 68.000 manata üçüncü bir şəxsə satmışdır.
41. Göründüyü kimi iddiaçı tərəfin torpaq sahəsindən ağacların çıxarılması nəticəsində torpaq sahəsinin dəyərinin azalması, ona zərər dəyməsi barədə göstərdikləri inandırıcı deyildir. Belə ki, iddiaçı torpaq sahəsini cavabdehlə 60.000 manata razılaşdığı halda, daha sonra 68.000 manata satmışdır.
42. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 avqust 2023-cü il tarixli Qərarının məzmununda görünür ki, iddiaçının atası Bədəl İsrafilov şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən ona zərər vurulduğunu, torpaq sahəsindən ağacların çıxarıldığını göstərmişdir.
43. Göründüyü kimi mübahisələndirilən hal 2021-ci ildə baş verdiyi halda, iddiaçı tərəf bu halla bağlı 2023-cü ildə şikayət etmiş, iki il ərzində susmuşdur. Bu xüsusat özlüyündə iddiaçının özünün razılığı və məlumatı olmadan cavabdeh tərəfindən torpaq sahəsində qazıntı işləri aparılmasına dair göstərdiklərinə əsaslı şübhə yaradır.
44. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin düzgün həlli üçün iddiaçının irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin torpaq sahəsinə qanuni və qanunsuz sahiblik etməsinə aydınlıq gətirilməsini vacib hesab edir.
45. Bu xüsusat üzrə məhkəmə tərkibi vurğulayır ki, bir şəxsin başqasının əşyasına qanunsuz sahiblik etməsi hüquq pozuntusudur. Ona görə də qanunverici Mülki Məcəllənin 157-ci maddəsində pozuntunun aradan qaldırılması üçün əşyanın geri qaytarılmasını təsbit etməklə yanaşı, qanunsuz sahiblik dövründə hüquq sahibi olan mülkiyyətçinin məhrum olduğu gəlir, bəhər və digər zərərlərin qanunsuz sahib tərəfindən ödənilməsini də nəzərdə tutmuşdur.
46. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən torpaq sahəsi mülkiyyət hüququ verən sənəd olmasa da, tərəflərin alqı-satqı barədə razılaşmalarından sonra cavabdehin sahibliyinə verilmişdir. Cavabdeh torpaq sahəsini özününki hesab edərək sahiblənmiş və orada öz istəyinə uyğun işlər görmüş, iddiaçı tərəfə bu hal dərhal məlum olsa da etirazını bildirməmiş, hər hansı qanuni tədbir görülməsi üçün hərəkət nümayiş etdirməmiş, uzun müddət ərzində bu halı mübahisələndirilməmişdir.
47. Kollegiyanın qənatincə cavabdeh əldə etmək niyyətində olduğu torpaq sahəsinə iddiaçının etirazı olmadan qanuni sahiblik etmişdir. Belə olan halda cavabdehin vicdansız sahib olaraq mülki məsuliyyət daşıması istisna olunur.
48. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
49. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;- törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
50. Göründüyü kimi əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
51. Kollegiya hesab edir ki, cavabdehin mübahisələndirilən əməli təqsirli olaraq törətməsi məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.
52. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırki iddia tələbi həm də bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
54. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinməmiş, maddi və prosessual huquq normalarının pozuntusuna yol verilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(067)-306/2025 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, e-2(067)-306/2025 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.