Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1009/2022 09.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçılar X2 və İddiaçı2, Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(074)-1028/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(074)-1028/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) iddiaçılar X2 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçılar X2 və İddiaçı2 Şamaxı rayonu, Göylər kəndində yerləşən 1992-ci ildə tikilmiş 0,08 ha həyətyanı torpaq sahəsi olan 4 otaqdan ibarət ümumi sahəsi 110 kv.metr olan fərdi yaşayış evinə köçürülmələri qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, X6 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək onların məcburi qaydada icra nümayəndəliyinin təsərrüfatbaşına kitabına əsasən şəxsi hesablarında olan Şamaxı rayonu Göylər kəndində yerləşən, 1992-ci ildə tikilmiş, 0,08 ha həyətyanı sahəsi olan 4 otaqdan ibarət, ümumi sahəsi 110 kv metr olan yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, X6 Cavabdeh ilə xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ailə münasibətləri pozulduğu üçün Şamaxı Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Cavabdeh onu və oğlu Nemanı evdən qovmuşdur. Halbuki, 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 110 kv metr olan həmin evi birgə yaşadıqları zaman nikahları dövründə, yəni 1992-ci ildə tikdirmişlər. Onların əmlakları da həmin evdədir və cavabdeh onları evə buraxmadığından məcbur olub kirayədə qalırlar. Ona görə də evə məcburi qaydada köçürülmək istəyirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Suma Mövliyeva ilə 1987ci ildə evlənmiş, birgə nikahlarından 3 qız, 1 oğlan övladları anadan olmuşdur. Birgə nikahları dövründə, yəni 1992-ci ildə Göylər kəndində 0,08 ha həyətyanı torpaq sahəsində 9 m x 13 m ölçüdə qətnamədə göstərilən kimi 4 otaqlı yox, 3 otaqlı ev tikdirmişlər, evin mətbəx, hamam, sanitar qovşağı yoxdur. 3 qızı ərə getdikləri zaman çəkdiyi xərclərə görə 3 otaqdan biri istifadəyə tam yararsızdır, biri nisbətən yararlı, biri isə yararlı vəziyyətdədir. Nisbətən yararlı və yararlı otaqların ölçüləri 4 m x 5 m olmaqla, yaşayış sahəsi cəmi 20 kv.metrdir. Suma Mövliyeva ilə yola gedə bilsəydi, boşanmazdı. Ayrılmış ər-arvadın yararlı 20 kv.metr yaşayış sahəsində birlikdə yaşaması isə mümkün deyildir. Buna baxmayaraq o nə Suma Mövliyevanı, nə də oğlunu evdən çıxarmamış, özləri evdən getmişlər. İndi oğlunun evə köçürülməsinə etiraz etmir. Bundan başqa, məhkəmə onun ətraflı izahatını almamış, ətraflı izahat verməsinə şərait yaratmamış, verdiyi 2-3 suala onun cavabları ilə kifayətlənmişdir. Qətnamə yalnız iddiaçının izahatı və ərizəsinə əsasən çıxarılmışdır. Onun Gülnar adlı qızı Ağsu rayonu, Gəyəli kəndindən olan Zahid Əliyev adlı şəxslə ailə qurmuş, təxminən 2014-2015-ci illərdə həmin kənddə 0,10 ha həyətyanı torpaq sahəsində onların müvəqqəti yaşamaları üçün 2 otaqlı 9 m x 6 m ölçüdə ev tikdirmişdir. Bu evin həyətində sanitar qovşaq, basseyn, çörək bişirmək üçün dam da vardır. Zahidgil özlərinə başqa ev tikib oraya köçdüyündən bu ev boşdur. Boşananda razılaşmışdılar ki, Suma Mövliyeva həmin evdə qalsın. Onun 55 yaşı var, paltarlarını yumaq, ütüləmək, yemək, çörək bişirmək ona çətin idi. Ona görə də təxminən 7-8 ay əvvəl X7 ilə nikahını rəsmiləşdirmədən evlənmiş və mübahisəli evdə yaşayırlar. X14 kəndindəki evə köçürülmə tələbinin səbəbi onun Mətanətlə evlənməsidir. Keçmiş arvadı ilə indiki arvadının bir evdə yaşamaları qeyrimümkündür. O, Suma Mövliyevanın evdən özünə məxsus cehiz əşyalarını aparmasına etiraz etməmişdir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddiaçı X2 evə köçürülməsi tələbinin təmin edilməsi hissəsində ləğv olunması və bu hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin X2 evə köçürülməsi tələbinin təmin edilməsi hissəsində ləğv edilib iddia tələbinin həmin hissədə təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçılar X6 və İddiaçı2 Əqan oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi X2 evə köçürülməsinə aid hissədə dəyişdirilmədən saxlanmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin cavabdeh X2 evə köçürülməsinə aid hissədə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(074)-1003/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X5 qarşı nikahın ləğvi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X8 arasında xx.xx.1987-ci il tarixdə Şamaxı rayon Göylər kənd icra nümayəndəliyində bağlanmış, bu barədə xx.xx.1987-ci il tarixdə tərtib olunmuş 29 nömrəli nikah qeydi pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahından xx.xx.1995-ci il tarixdə İddiaçı2 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikahın ləğv edilməsi xx.xx.2019-cu il tarixdə Şamaxı rayon Qeydiyyat şöbəsində 104 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 273 saylı arayışından görünür ki, Şamaxı rayonun Göylər kənd sakini X3 Göylər kənd icra nümayəndəliyində təsərrüfatbaşına kitaba əsasən onların şəxsi hesablarında birgə nikah zamanı 1992-ci ildə tikilmiş, ümumi sahəsi 110 kv.metr olan 4 otaqdan ibarət yaşayış evinin və 0,08 ha həyətyanı torpaq sahəsinin olması qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 01 oktyabr 2021-ci il tarixli, **********33 saylı məktubundan görünür ki, Cavabdeh adına idarənin arxivində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, X6 ilə Cavabdeh xx.xx.1987-ci ildə rəsmi nikaha daxil olara ailə qurmuş, birgə nikahları dövründə-1992-ci ildə mübahisəli evi tikmiş, uzun müddət etibarlı ailə münasibətlərində olaraq həmin evdə yaşamış, sonradan aralarında yaranmış münaqişə nəticəsində X6 mübahisəli evi müvəqqəti olaraq tərk etmək məcburiyyətində qalmış və hazırda onun qanunla müəyyən edilmiş qaydada daimi yaşayış yeri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MM-nin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi X2 evə köçürülməsinə aid hissədə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi X2 evə köçürülməsinə aid hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi cavabdeh X2 evə köçürülməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(074)-1028/2021 saylı qətnaməsi cavabdeh X2 evə köçürülməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1009/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1009/2022
09.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver