Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1011/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əldən çıxmış gəlirin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, iddiaçı X19, Cavabdeh2 nümayəndəsi və vəkili X31 oğlunun iştirakı ilə Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 nömrəli qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil Alerksandr oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X19 iddia ərizəsi ilə məhkəməyə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona və ailə üzvlərinə məxsus Şabran rayonu, Aygünlü kəndində yerləşən torpaq sahəsinin zəbt edilmiş 2,00 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt edilmiş 13 il müddətində ailə büdcəsinə vurulmuş ümumilikdə 62.000 manat məbləğində maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 noyabr 1998-ci ildə Dəvəçi (Şabran) rayon Aqrar İslahat Komissiyasının 08 saylı qərarı ilə ailə üzvlərinin mülkiyyətinə JN0056, KOD 30404028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında 5,06 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla da mülkiyyətlərində 3,7622 ha torpaq sahəsinin olması tam təsdiq olunur. Cavabdehlərin təqsiri üzündən 2007-ci ildən bəri dövlət tərəfindən onlara verilmiş pay torpaq sahələrindən istifadə edə bilmirlər. Belə ki, Cavabdeh1 Nemətulla oğlu 2007-ci ildə ona müraciət edib, onlara məxsus 3,7622 ha torpaq sahəsinin əlverişli yerdə yerləşdiyini bildirərək həmin torpaq sahəsini almaq istədiyini bildirmişdir. Onlar isə torpaq sahəsini satmaq fikirlərinin olmadığını, lakin başqa torpaq sahəsi ilə dəyişdirə biləcəklərini bildirmişlər. Həmin il onun ailəsinə 1.70 ha həcmində başqa yedən torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin onlara verilməsi barədə heç bir sənədləşmə aparılmamışdır. Lakin buna baxmayaraq onlar bu təkliflə razılaşmışlar. Torpaq sahəsinin qalan 2,00 ha hissəsi isə bu günə kimi cavabdehlərin istifadəsində olmaqla bunun müqabilində onlara heç bir şey verilməmişdir. Belə ki, torpaq sahəsində Cavabdeh2 heyva bağı salmış, oranı dəmir setkaya almış və onları öz torpaq sahəsinə buraxmırlar. Faktiki olaraq mülkiyyətlərində olan torpaq sahəsi qanunsuz olaraq onların iradələrinin əleyhinə zidd olaraq cavabdehlər tərəfindən zəbt edilmişdir. Dəfələrlə Cavabdeh1 torpaq sahəsini boşaltmağı, yaxud bir razılığa gəlməyi təklif etsə də sonuncu müxtəlif bəhanələr göstərərək danışığa girməkdən qaçmışdır. Cavabdeh1 13 ildir ki, onları aldatmışdır. Onun yalan danışdığını görəndən sonra o, Cavabdeh2la torpaq sahəsi barədə danışmaq istəyərkən sonuncu bildirmişdir ki, guya onda olan hansısa siyahıda adının qarşısında 8000,00 (səkkiz min) manat pul göstərilib və həmin pulu almışdır. Cavabdeh1 torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar sənədlərin hazırlaması üçün onlara cəmi 750 manat pul vermiş, ona və ya ailə üzvlərinə başqa pul verməmişdir. Əgər həqiqətən cavabdehlər onlara torpaq sahəsinə görə pul veriblərsə, niyə alqı-satqı müqaviləsi bağlanmamış və torpaq sahəsi bu günə kimi iddiaçının mülkiyyətindədir? Yaxud ona pul verilibsə niyə bu barədə bir qəbz alınmamışdır? Ona görə də onlara torpağa görə pulun verilməsi barədə cavadeh tərəfin göstərdikləri yalandan başqa bir şey deyildir. Torpaq sahəsinin yerləşdiyi ərazidə torpağın bir hektarının icarə haqqı ildə 1000,00 (bir min) manatdır, yəni hər il əkmədən - biçmədən iddiaçı o torpaqdan 2000,00 manat gəlir götürə bilərdi ki, bu da torpaq sahəsinin 13 il cvabdehlərin istifadəsində olduğu müddət ərzində 26000,00 (iyirmi altı min) manat pul təşkil edir. Bundan başqa torpaq sahəsində payı olan insanlariddiaçının uşaqları mülkiyyətlərində torpaq sahəsi olduğuna görə dövlətdən sosial yardım hüququndan məhrum olublar. Hansı ki, 10 uşaq üçün hər ay ödənilən 100 manat sosial müavinət bir ildə 12000,00 (on iki min) manat, 3 təqvim ilində isə 36000,00 (otuz altı min) manat təşkil edir. Ümumilikdə cavabdehlər tərəfindən qanunsuz olaraq torpaq sahələri zəbt edildiyi 13 il ərzində ailələrinə ən azından 62000,00 (altmış iki min )manat zərər dəymişdir. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşıyazılı etiraz daxil olmamışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45 saylı çıxarışdan görünür ki, Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən 3.7622 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-0056, kod 30404028 saylı Dövlət aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 5.06 ha pay torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X12 ünvanlanmış 14 may 2020-ci il tarixli məktubdan görünür ki, onun və ailə üzvlərinin adına olan 5.06 ha torpaq sahəsinə verilmiş JN-0056 KOD 30404028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 1.2959 ha hissəsi Şabran rayon notariat kontorunun 21 oktyabr 2017-ci il tarixli, 4Ə-767 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Şabran Rayon İcra Hakimiyyəti başçısının Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 162 saylı arayışdan görünür ki, X1 rayonu Aygünlü kəndində ailə üzvləri X14 və X33 ilə birlikdə yaşayır. Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 163 saylı arayışdan görünür ki, X2 rayonu Aygünlü kəndində ailə üzvləri X25, X34, X26 və X27 ilə birlikdə yaşayır. Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 164 saylı arayışdan görünür ki, X3 rayonu Aygünlü kəndində ailə üzvləri - X5, X29 və X35 ilə birlikdə yaşayır. Gəndov İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 158 saylı arayışdan görünür ki, İddiaçı Şabran rayonu Aygünlü kəndində ailə üzvləri - X10, X13, X15, X21, X11 və X16 ilə birlikdə yaşayır. Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi ilə müəyyən edilir ki, “Torpağa mülkiyyət hüququna dair” JN 0056 kod 30404028 saylı Dövlət aktı və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 11,09.2020-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********45 olan çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan mübahisəli 2.00 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 nömrəli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və əldən çıxmış gəlirin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Torpağa mülkiyyət hüququna dair” JN-0056, kod 30404028 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus qanunsuz olaraq zəbt etdikləri 2,00 ha torpaq sahəsindən çıxarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Çingiz İsgəndərov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iş üzrə mütəxəssis rəyinin alınıb işə əlavə edilməsi mümkün olmasa da, Cavabdeh1 ifadəsi və işin buna uyğun olan digər faktiki halları belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının mülkiyyətində olan 2,00 ha torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Torpağa mülkiyyət hüququna dair” JN-0056, kod 30404028 saylı Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə məxsus qanunsuz olaraq zəbt etdikləri 2,00 ha torpaq sahəsindən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 11, 21.1, 21.2, 21.3, 139, 157.2, 157.4-cü maddələri, Torpaq Məcəlləsinin 68, 84.1, 103.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 106, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil Alerksandr oğlu apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 nömrəli qətnaməsinin ona aid hissədə ləğv edilib, iddia tələbinin həmin hissədə rədd olunmasını xahiş etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 aid hissəsində araşdırılır. Şikayətin dəlilləri: Məhkəmə mübahisələndirilən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunmamasına, iddiaçının həmin torpaq sahəsini digər Cavabdeh1 direktoru olduğu dövrdə "xxxx" MMC-yə əvəzli şəkildə satmasına, Cavabdeh2 hazırki iddia tələbi ilə bağlı cavabdeh olmayan şəxs olmasına hüquqi qiymət verməmiş, mübahisəli torpaq sahəsinin kim tərəfindən zəbt edilməsi barədə mütəxəssis və ya ekspert rəyi alınmadan yekun qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X31 oğlu apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X19 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh1, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X28, X13, X9, X17 və X6 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq qismən təmin edilmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil Alerksandr oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(031)-86/2021 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1011/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1011/2022
11.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver