Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1011/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-842/2023 nömrəli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahları dövründə əldə edilmiş ünvan 1 tərəflər arasında bərabər paylara bölünməklə, mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir.
2. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mübahisəli mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-490/2021 nömrəli qətnaməsinə əsasən bərabər paylara bölünməklə tərəflərə məxsusdur. Həmin məhkəmə qətnaməsi əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən 17 mart 2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarışa əsasən ½ hissədə pay iddiaçıya və ½ hissədə pay cavabdehə məxsusdur. Lakin buna baxmayaraq, cavabdeh mənzilin giriş qapısının açarını dəyişərək iddiaçıya mənzilə daxil olmağa imkan vermir və əngəl yaradır.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-842/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilərək, İddiaçı ünvan 1-ə köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tərəflərin hər birinin ½ hissədə payı müəyyən olunmaqla tərəflərin paylı mülkiyyətindədir. Yəni, tərəflərin hər ikisi əmlakdan bərabər səviyyədə istifadə etmək hüququna malikdirlər. Cavabdehin həmin mənzildə yaşamaq hüququ olduğu qədər iddiaçı da bu hüquqa sahibdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 213.1, 215.1, 215.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mənzilə köçürülmə ilə bağlı iddia tələbi formal xarakter daşıyır. Ona görə ki, İddiaçı mübahisəli mənzilin, yəni ünvan 1 ünvanında yerləşən mənzilin hərracda satılması ilə bağlı da iddia qaldırmışdır. Həmin mənzilin hərracda satılmasını tələb edərək eyni zamanda mənzilə köçmək üçün də iddia qaldırır. Açıq-aydın görünür ki, İddiaçı məqsədi Cavabdeh həmin evdə yaşamasına maneə törətmək, ona mənəvi iztirablar verməkdən ibarətdir. Digər tərəfdən İddiaçı adına bir neçə daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ona məxsus olan digər yaşayış evində yaşaya biləcəyi halda məhz mübahisəli mənzilə köçürülməsi üçün iddia qaldırır. Buradan bir daha aydın olurki, onun məqsədi qərəzli hərəkətlər edərək Cavabdeh çətinliklər yaratmaqdan ibarətdir. Buna görə də, İddiaçı sözügedən mənzilə köçürülməsi cavabdehin hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdir və məhkəmə tərəfindən qərar qəbul edilərkən bu hallar nəzərə alınmalı idi. Bundan başqa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkiledə bilsin. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Bu isə öz növbəsində cavabdehin özünü müdafiəsini təşkil edə bilməməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (...)
Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. (...)
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarından müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-490/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahları dövründə əldə edilmiş ünvan 1 tərəflər arasında bərabər paylara bölünməklə, mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir.
17. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mübahisəli mənzil üzərində tərəflərin hər birinin ½ hissədə payı olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
18. Göründüyü kimi mübahisəli mənzil üzərində iddiaçının ½ hissə payı olmaqla mülkiyyət hüququ var.
19. Hazırkı halda iddiaçı mənzil üzərində mülkiyyət hüququna malik olsa da, öz payına münasibətdə sahiblik və istifadə hüququnu həyata keçirə bilmir. Halbuki, paylı mülkiyyətin mülkiyyətçiləri öz paylarına münasibətdə bərabər hüquqlara malikdirlər. İddiaçının tərəflərin ümumi mülkiyyətində olan mənzilə köçüb, həmin mənzildə yaşamaq hüququ vardır.
20. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil üzərində iddiaçının ½ hissə payı olmaqla mülkiyyət hüququ olduğundan həmin mənzilə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
21. Apellyasiya şikayətinin iddiaçının mənzilin hərracda satılması, iddiaçının başqa daşınmaz əmlaklarının olması ilə bağlı dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin mülkiyyətində bir neçə əmlak ola bilər və həmin əmlak üzərində istifadə hüququnu sərbəst şəkildə həyata keçirə bilər.
22. İddiaçının paylı mülkiyyətində olan əmlak üzərində hüququnun məhdudlaşdırılması mülkiyyətçi kimi onun əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar.
23. Mülkiyyət hüququ dövlət tərəfindən müdafiə olunur və bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mənzilin hərracda satılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi, hazırda iddiaçının üzərində payı müəyyən edilmiş mənzil üzərində mülkiyyət hüququnun, həmin hüquqdan irəli gələn istifadə hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz.
24. İşə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, o isə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
26. Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyini göstərsə də, həmin halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, həmin sübutlar təqdim edilsə belə, qeyd edilən hal işə baxılmasına mane olan hal deyil. Belə ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır və işdə iştirak edən şəxslərin üzürlü səbəblərdən məhkəmə iclasına gəlmədiyi hallarda işin baxılmasının təxirə salınması məhkəmənin hüququdur. Cavabdeh məhkəmə müdafəsini məhkəyə iddia ərizəsinə etiraz, iddianın rədd edilməsinə əsas ola biləcək sübutları yazılı şəkildə təqdim edə bilər, nümayəndəsinin və ya vəkilinin məhkəmə iclasında iştirakını təmin edə bilərdi.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
29. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-842/2023 nömrəli qətnaməs dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.