Məhkəmə qərarları › İş №2(105)-1016/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1016/2023

06.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1016/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: özgəsinin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(074)-770/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında 4x9 metr ölçüdə olan otağı məhkəmə qətnaməsi ilə ona və iki uşağına ayrılmış otağın boşaldılması və yenidən qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında olan məhrum Nəcibə Qazipura məxsus 4x9 m ölçüdə olan bir otağa gəlin köçmüş, 2003-cü ildə X4 ilə rəsmi nikaha girmiş, birgə nikahdan 2004-cü il təvəllüdlü qızı Lamiyə və 2007-ci il təvəllüdlü oğlu Elmir dünyaya gəlmişdir. 2003-cü ildən 2008-ci ilə kimi Qazıpur Namiqlə birlikdə həmin otaqda yaşamış, ailə mübahisəsi zamanı onu iki azyaşlı uşağı ilə 2008-ci ildə həmin evdən qovmuşlar. Bir müddət uşaqları ilə çardaqda, sonra yenidən həmin ünvanda yaşamağa qayıtmışdır. Şamaxı Rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli 2(074)-21/2011 saylı qətnaməsi ilə ünvan 2 ünvanında olan Nəcibə Qazıpura məxsus 4x9 m ölçüdə olan bir otağa köçürülməsi barədə qətnamə qəbul edilmiş və 13 iyul 2011-ci il tarixdə qətnamə icraya yönədilmiş və icra olunmuşdur. Uşaqları ilə birlikdə yaşadığı Şamaxı rayon, Nəcəfov küçəsi, döngə 1, ev 6 ünvanındakı 4x9 m ölçüdə olan otaqdan istifadə etmiş, çox vaxtı maddi problemlərə, uşaqlarının səhhətində yaranan problemlərlə əlaqədar Bakı şəhərində yaşayan anasıgildə qalmış, geyim əşyaları həmin otaqda olaraq otağın qapısını açarla bağlayıb getmişdir. Son 2 ay ərzində uşaqları ilə köçürüldüyü otağın qapısının açarı sındırılaraq dəyişdirilmiş hətta qayını (cavabdeh) Cavabdeh qaynanası vəfat etdikdən sonra onların xəbəri olmadan onlara ayrılmış 4x9 metr otaqla birlikdə evə öz adına çıxarış əldə etmişdir. Onların həmin otağa girmələrini qadağan etmişdir. Hazırda həmin Şamaxı rayon, Nəcəfov küçəsi, döngə 1, ev 6 ünvanında məhkəmə qətnaməsi ilə onlara ayrılmış 4x9 m otağa qanunsuz olaraq onları buraxmır. Onlar isə ayrılmış 4x9 m otaqdan istifadə etməkdən ondan asılı olmayan səbəbdən məhrum olmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onun və iki uşağının köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Şamaxı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(074)-770/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı qıznını iki uşağı ilə birlikdə Şamaxı rayon, Nəcəfov küçəsi, döngə 1, ev 6 (yeni qaydalarla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Ntiq İsmayılov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddaçı İddiaçı ünvan 5 ünvanında yerləşən evin 4x9 metr ölçüdə olan bir otağına köçürülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Digər tərəfdən hazırda həmin evin mülkiyyətçisi dəyişmiş və həmin evin 8/12 hissəsi Cavabdeh mülkiyyətindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının yaşamaq hüququnun tanındığı evin mülkiyyətçisinin dəyişməsi iddiaçının hüquqlarına təsir etmir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli aktdan görünür ki, iddiaçı iki azyaşlı övladı ilə ünvan 6 ünvanında yerləşən evin 4x9 metr ölçüdə olan bir otağına köçürülmüşlər. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinə, AR Mülki Məcəlləsinin 15.2, 158.3, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5, 73.6-cı madələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qətnamə ilə razı deyil. Belə ki, iddiaçı Bakı şəhərində yaşayır. 2008-ci ildə mərhum qardaşı ilə münasibətləri pozulduğundan həmin ildə ayrılmışlar sonradan 2011-ci ildə həmin evə köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onun bu evə köçürülməsi barədə qərar qəbul etmiş və o bu evin 4m x 9m ölçüdə olan bir otağına köçürülmüşdür. O evin qaz sayğacını, işıq sayğacını ayırmış və fasilələrlə 6 ay müddətinə orada yaşamışdır. Həmin müddətdə o evin bu otağını əxlaqsızlıq yuvasına çevirdiyinə görə qonşular narazılıq etmiş, hətta polis şöbəsinə də müraciət olunmuşdur. Bundan sonra o həmin otağın qapısını qıfıllayaraq birdəfəlik Baki şəhərinə gedib orada yaşamışdır, uşaqlar orada məktəbə getmişlər. 5-6 il əvvəl o həmin evdə yaşamadığından qaz və işıq sayğacı çıxarılmışdır. Əgər o bu evdə yaşayırdısa niyə qaz, işıq sayğacının çıxarılması ilə bağlı bir dəfə də olsun müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Əgər həqiqətən də o son 8-9 ildə bu mənzildə yaşamışsa həmin mənzilin qaz, işıq pulu ödənilməsi ilə bağlı müvafiq arayışları, qəbzləri məhkəməyə təqdim etməlidir. Bu müddətdə iddiaçının həmin mənzildə yaşamasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi bu qanun normasını düzgün tətbiq etməmişdir. Çünki, İddiaçı iddia etdiyi mənzildə uzun müddətdir ki, yaşamır. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və nəticədə səhv qətnamə qət edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh qaynıdır. Qaynanın evinə daxil olub və əşyalarını zirzəmiyə atıb. Yaşamağa yeri yoxdur. Əri 2015-ci ildə ölüb. Ərinə qarşı da iddia qaldırmışdı. Evlə bağlı iddiası təmin olunmuşdu. 2015-ci ildə evdən çıxmışdır. 2018-ci ildə qayıtmış. 1 il evində yaşamışdır. Amma evdəki gəlinlə yola gedə bilməyib. Oğlu 2007-ci ildə, qızı 2004-cü ildə doğulub. Qızı nikaha daxil olsa da özü də, əri də onunla yaşayır. Cavabdeh icraçıları aldadır. Qətnaməni icra edəcəyini bildirir, amma sonra qətnaməni apellyasiya qaydasında mübahisələndirir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Şamaxı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(074)-770/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Həmin Qanunun 73.6-cı maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, 2004-cü il təvəllüdlü X5 dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli, 2(074)-21/2011 saylı Şamaxı Rayon Məhkəməsinin qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X7 və X2 qarşı iddiası təmin edilmiş, iki azyaşlı uşaqları ilə birlikdə ünvan 7 ünvanında olan Nəcibə Qazipura məxsus 4x9 m ölçüdə olan bir otağa köçürülmələri qət edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(074)-21/2011 saylı icra vərəqəsinə əsasən İddiaçı iki azyaşlı uşaqları ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 8 ünvanda yerləşən X10ma məxsus 4x9m ölçüdə olan bir otağa köçürülməlidirlər. İcra vərəqəsinin icrası ilə bağlı göstərilən ünvanda olmuşlar. İddiaçı 2 (iki) azyaşlı uşaqları ilə birlikdə cavabdehlər X8 və X1 yaşadığı ünvan 9 ünvanda olan X3 məxsus 4x9m ölçüdə olan bir otağa köçürülmüşlər. Onlara birgə yaşayış qaydaları və kommunal xidmətlərdən birgə istifadə hüququ izah edilmişdir. Şamaxı rayon icra qrupunun icra məmuru, Hafiz Ədilov, Şamaxı rayon icra qrupunun icra məmuru, qrupunun icra məmuru Əlislam Allahverdiyev, tələbkar - İddiaçı, cavabdeh - X8 və X6 aktı imzalamışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* saylı çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi, ev 6A, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Mirzə Məmmədhəsən küçəsi, 45 ünvanında yerləşən fərdi yaşayış evinin 8/12 hissəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın İddiaçı və azyaşlı X9 münasibətdə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı iki azyaşlı uşağı ilə ünvan 10 ünvanında olan Nəcibə Qazipura məxsus 4x9 m ölçüdə olan bir otağa köçürülmələrınə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Hazırda mənzilin mülkiyyətçisi dəyişmiş, mülkiyyətçi onu uşaqları ilə birlikdə evə köçüb yaşamasına mane yaradır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, evin mülkiyyətçisinin dəyişməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin evdə yaşamaq hüququ olan şəxslərin orada yaşamalarına, onların hüquqlarına təsir edə bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddiaçının azyaşlı övladı olan 2007-ci il təvəllüdlü Elmir ilə mənzilə yaşamaq hüquqları olan evə köçürülməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Bunula yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının digər övladı 2004-cü il təvəllüdlü X5 dair məhkəmə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının övladı Lamiyə 2004-cü il təvəllüdldür, artıq onun 19 yaşı var, iddiaçının bildirdiyinə görə ərə gedib. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladı Lamiyə yetkinlik yaşına çatsa da iddiaçı onun adından hazırki tələblə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarında iddiaçının övladı 2004-cü il təvəllüdlü Lamiyənin adından hazırki iddianı qaldırmaq hüququ olmamış, buna dair hər hansı səlahiyyət verici etibarnamə işə əlavə edilməmişdir Bununla da müəyyən edilir ki, İddiaçı övladı 2004-cü il təvəllüdlü Ləmanın adından iddia qadlrımaq hüququ olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə qismən razılşaraq qeyd edir ki, məhkəmə tələbin 2004-cü il təvəllüdlü Ləmana dair hissədə təmin edilməsinə dair hissədə düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri qismən əsaslı hesab edərək qeyd edir ki, dəlillər qətnamənin qismən ləğvi üçünəsas hesab edilə bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qalan hissədə əsassız olduğu üçün təmin edilə bilməz. Caabdeh şikayəti həmin hissədə əsaslandıra bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(074)-770/2022 nömrəli qətnaməsi qismən, 2004-cü il təvəllüdlü X5 dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(074)-770/2022 nömrəli qətnaməsi qismən, 2004-cü il təvəllüdlü X5 dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İddia tələbi ona dair hissədə təmin edilməsin. Qətnamə hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar