Məhkəmə qərarları › İş №2(105)-1018/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1018/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1018/2023 02.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(012)- 1480/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə iddiasının rədd edilməsi, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evlə bağlı vurulmuş zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı ev ona məxsusdur. 2017-ci ildə o həmin evi satmaq istədiyinə görə əvvəllər tanımadığı Xırdalan şəhərində ev alqı-satqısı ilə məşğul olan X2 müraciət etmişdir. Fərhad Əliyev bir neçə dəfə evə müştəri gətirmiş, lakin onlar razılaşmamışlar. xx.xx.2017-ci ildə Fərhad Cavabdeh ona məxsus evə baxmağa gətirmişdir. Həmin vaxt Vəfa evi bəyənmiş və onlar evin içərisində olan əşyaları ilə birlikdə 70000 manat məbləğində pul vəsaitinə satılması barədə razılaşmışlar. Həmin vaxt Vəfa və Fərhad evi kreditlə satmağı, yəni əvvəlcə 10000 manat ödəyəcəyini, qalan 60000 manat məbləğində pulu isə 12 il müddətində başqa yerdən alacağı evin aylıq kreditini ödəyəcəyini bildirmişlər. O da Vəfaya inanmış və razılaşmışdır. xx.xx.2017-ci ildə Fərhad Əliyev tərəfindən beh müqaviləsi tərtib edilmişdir. Həmin müqavilədən göründüyü kimi satılan evin ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, evi satan İddiaçı, evin satış qiyməti 70000 manat, evi alan Cavabdeh, evə verilən beh 10000 manat, beh verən Cavabdeh, beh alan o, vasitəçi X4, şahidlər X3, X6, evin boşaldılma tarixi xx.xx.2017-ci il, evin alqı-satqısı tarixi xx.xx.2017-ci il olmuş, müqavilə evi satan, alan və vasitəçi tərəfindən imzalanmışdır. Bundan sonra Vəfa və Fərhad ona bildirmişlər ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzili alaraq ona təhvil verirlər. Ona ödənilməli olan pulu isə hər ay həmin mənzilin kreditinə ödəyəcəklər. Buna görə də o, razılaşmış və Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi Cavabdeh təhvil vermiş və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən ”Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh X4 ilə ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi ələ keçirmək üçün qabaqcadan əlbir olmuşlar və onu aldadaraq evini ələ keçirmişlər. Belə ki, Vəfa Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzili öz adına sənədləşdirmiş, qabaqcadan razılaşdırdıqları kimi ödəməli olduğu həmin mənzilin pulunu ödəməmişdir. Buna görə də hazırda "Kristal Abşeron” MTK tərəfindən onun həmin mənzildən çıxmağı tələb edilir, evin kommunal xidmətləri dayandırılmışdır. Vəfa onu inandırmaq üçün Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə dair müqavilə bağlamışdır. Lakin Vəfa mənzilin ödənişini etməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin Vəfanın adına sənədləşdirilməsi, Vəfanın Fərhadla əlbir olaraq onu aldatmalarını təsdiq edir. Hazırda onun yaşamaq üçün evi yoxdur. Buna görə də hesab edir ki, o, özünə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməlidir. Hazırda o nə edəcəyini və harada yaşayacağını bilmir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən ox yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.3cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeli ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasım aradan qaldırmağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə elmək hüququ Bu məcəlləni- qüvvəyə mindiyi gündən yaranır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı ev onun faktiki sahiblik və istifadəsində olmuş cavabdehin qanunsuz müdaxiləsi nəticəsində özünə məxsus evdə yaşamaq hüquqlarından məhrum olmuşdur. Buna baxmayaraq məhkəmə tərəfindən natamam araşdırma aparılmış və formal araşdırma aparılmaqla qanunvericiliyin tələbləri pozulmuşdur. O, mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamış və həmin ev ona məxsus olmuşdur. Lakin cavabdehin onu aldadaraq evini əlindən almasına görə o, evi tərk etmək məcburiyyətində qalmışdır. Sonradan cavabdeh tərəfindən aldadıldığını bildiyi zaman cavabdehdən evdən çıxmağını və onun evə köçməyinə şərait yaratmasını tələb etsə də o, evdən çıxmamış və onun da özünə məxsus evdə yaşamağına imkan verməmişdir. Buna görə də o, evində yaşaya bilməmişdir. İşin qeyd olunan faktiki halları məhkəmə araşdırması zamanı mötəbər sübutlarla öz təsdiqini tapsa da lakin məhkəmə tərəfindən qeyd olunan sübutlar və qanunvericiliyin tələbləri nəzərə alınmamış və qanunvericiliyin qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. iş materiallarında olan və təqdim edilmiş sənədlərə və digər sübutlara obyektiv qiymət verilməmiş, ona münasibətdə qərəzli və birtərəfli yanaşmışdır. İşə baxan Abşeron Rayon Məhkəməsinin tərəfindən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməmiş, onun öz tələbini təsdiq edən və məhkəməyə təqdim etdiyi faktlara və sübutlara düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni iddiaçının qeyd etdiyi halı təsdiq edən hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan İddiaçı bu nəticəni mübahisələndirərək, qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evin lazımi icazələr almadan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi vəziyyətinə görə özbaşına tikili olması işin mübahisəsiz halıdır. İşin digər halı ondan ibarətdir ki, həmin evə dair İddiaçıyla Cavabdeh arasında 70.000 manata satılmasına dair ümumi razılaşma olmuş və həmin razılaşmaya görə ilkin olaraq cavabdeh iddiaçıya 10.000 manat ödəməklə, qalan 60.000 manatını 12 ilə hər ay 400 manat olmaqla ödənilməsi barədə beh müqaviləsi tərtib edərək, tərəflər, o cümlədən vasitəçi kimi iştirak etmiş Fərhad Əliyev tərəfindən imzalanmışdır. Bundan sonra iddiaçı evi cavabdehə verməklə sonuncunun MTK-dan aldığı 2 otaqlı mənzilə köçürmüş, lakin cavabdeh mənzilin ödənişlərini həyata keçirmədiyindən, "xxxx" MTK tərəfindən evin kommunal xidmətləri dayandırılmaqla, onun mənzildən çıxarılmasını tələb etmişdir. Baxılan iş üzrə iddia tələbi mənzilə köçürmə barədədir. İşdən görünür ki, iddiaçı özbaşına tikili olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh olmaqla, qalan 60000 manat məbləğində pulu isə cavabdeh tərəfindən 12 il müddətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin aylıq kreditini ödəmək şərtilə Cavabdeh satmış və ”Kristal ünvan 3k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Cavabdeh "xxxx" MTK-ya məxsus 8 saylı mənzili öz adına sənədləşdirmiş və həmin mənzilə görə ödənişləri verməmiş və nəticədə iddiaçı həmin mənzili boşaltmaq məcburiyyətində qalmışdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Qeyd olunmalıdır ki, analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Göründüyü kimi tərəflər arasında bağlanmış bu razılaşma iddiaçının hazırda köçmək istədiyi mübahisəli evə, yəni özbaşına tikiliyə dair olmuş və həmin evin əvvəllər iddiaçının sahiblik və istifadəsində olması barədə fikir ayrılığı mövcud deyil. Nəzərə alınmalıdır ki, sahiblik mülki-hüquqi mənada əşyaya faktiki olaraq nail olmaq, yiyələnmək və onu özündə saxlamaq kimi anlaşılır. Sahiblik konkret əmlakın real olaraq konkret şəxsdə olmasını əks etdirən hüquqi kateqoriyadır. Sahiblik mülkiyyət hüququna, istifadə hüququna, idarəetmə hüququna və təsərrüfatçılıq hüququna əsaslana bilər. Başqa sözlə sahiblik əşyanın müəyyən bir şəxsdə olması haqqında gerçəklikdir. Mülahizəyə əsaslanan sahiblik qanuni yolla tanınmasa və mübahisəli əmlak faktiki olaraq şəxsə verilməsə hüquqi əhəmiyyətə malik deyil. Sahiblik hüququ yalnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır (Mülki Məcəllənin 159-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ bəndlərinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunmalıdır ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Ona görə də mənzildən məhrum edənin mənzil hüququnun olub-olmadığı aradırılmalı, yəni əgər məhrumedənin mənzilə (evə) hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalıdır. Məlumdur ki, əşyaya sahiblik hüququ əşyanın mülkiyyətçisinə, eləcə də əşyanın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Mülkiyyətçinin sahiblik hüququnun müdafiəsi mülkiyyət hüququnun müdafiəsinin tərkib hissəsidir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları qanunda və müqavilədə nəzərdə tutulduğu əsaslarla mülkiyyətçi olmayan, əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164-cü maddəsinin mənasına görə, mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də mənsubdur. Qeyd olunduğu kimi tərəflər arasında evin (özbaşına tikilinin) satılması barədə razılaşdıqları şərt məhz cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, iddiaçı faktiki olaraq sahibliyində olmuş mənzildən məhrum olmuşdur. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəliklərini şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşayış ehtiyacını qarşılayan mövcud tikiliyə cavabdeh tərəfindən imkan verilməməsi onun sahib olduğu əmlak hüququnu məhdudlaşdırdığından, iddia tələbi təmin edilməli, iddiaçı mübahisəli yaşayış evinə köçürülməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar