Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1019/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi, subsidiar məsuliyyət) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və İlqar Kamal oğlu Dəmirovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-186/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh4 və K.S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "mənzil-tikinti kooperativinin ləğv edilməsi, zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK-nın ləğv olunması, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada maddi zərərin əvəzi kimi 87400 manat məbləğində pulun, hüquqi yardıma çəkilmiş 220 manat xərcin, o cümlədən dövlət büdcəsinə ödənilmiş 352,20 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 87.972,20 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12- ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilə ləğv edilmiş, həmin müqavilə üzrə iddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumuna görə pulun Cavabdeh2 MTK-dan alınıb iddiaçıya verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçünə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin Cavabdeh2 MTK-nın əmlak və gəlirləri müəyyən edilmədiyinə görə icra məmuru tərəfindən arayış verilmişdir. İddia ərizəsinə əlavə olunmuş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergiləri Baş İdarəsinin 22 fevral 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X7 Cavabdeh2 MTK-nın üzvləridir. Göründüyü kimi Cavabdeh2 MTK-nın iddiaçıya münasibətdə 87.400 manat pul öhdəliyi olduğu halda, kooperativin vəzifəli şəxsləri icra məmuru tərəfindən qətnamənin könüllü icrası üçün xəbərdarlığın verilməsinə baxmayaraq, imperativ norma ilə müəyyən edilmiş 2 ay ərzində qətnamənin icra edilməsi üçün qanunda nəzərdə tutulmuş tədbirləri görməmişlər. Digər tərəfdən qətnamənin məcburi icra edilməsi üçün kooperativin əmlak və vəsaiti aşkar edilməmiş, bununla da Mülki Məcəllənin 110.4-cü maddəsinə müvafiq olaraq, kooperativin məhkəmə qaydasında ləğv olunması və kooperativin bütün üzvlərinin subsidiar məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yaranmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilə dair bağlanmış 670 a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumuna görə pulun Cavabdeh2 MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir.
5. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmışdır. Borcluya verilmiş könüllü icra müddətində tələb təmin edilmədiyindən “EİİS” vasitəsiylə borclunun əmlak və gəlirləri yoxlanılmış lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmişdir. Bununla belə, "xxxx" MTK-nın borclu olduğu müxtəlif tələblərlə bağlı icra sənədləri olduğundan icra sənədləri icra məmurunun müvafiq qərarı ilə “İcra haqqında” AR qanunun 54-cü maddəsinə əsasən bir icraatda birləşdirilmişdir. Məlumat üçün bildirilir ki, daha öncə cavabdeh hüquqi şəxsin direktoru X9 barəsində inzibati protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 3(012)-1066/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə inzibati protokol geri qaytarılmışdır. Görülmüş məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmayan X6 barəsində xx.xx.2018-ci il tarixdə təkrarən İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, Abşeron Rayon Məhkəməsinin 3(012)-972/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Cavabdeh2 MTK-nın sədri X6 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. xx.xx.2018-ci il tarixdə borclu hüquqi şəxsə Cavabdeh3 sədr təyin olunmuşdur. Həmçinin xx.xx.2019-cu il tarixdə borclu hüquqi şəxsin bank hesabına təkrarən inkasso sərəncamı göndərilmiş, lakin müsbət nəticə olmamışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 MTK-da şəxsən Cavabdeh3la danışıqlar aparılmış izahat verməsi tələb olunmuşdur. Sonuncu izahat verməkdən, barəsində tərtib olunan protokolun surətini qəbul etməkdən, həmçinin imzalamaqdan imtina etmişdir. Bununla bağlı müvafiq akt tərtib edərək icra sənədlərinə əlavə olunmuşdur. Cavabdeh3 barəsində tərtib olunmuş MN № ******* saylı protokol xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim olunmuş məhkəmə xx.xx.2019-cu il tarixdə inzibati protokola xitam vermişdir. Qeyd olunan qərardan Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilmiş və məhkəmənin 3(105)- 166/2020 saylı, xx.xx.2020-cı il tarixli qərarı ilə Abşeron Rayon məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ləğv edilərək Cavabdeh3 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" MTKnın rəhbəri Cavabdeh3 bütün bunlardan nəticə çıxartmadığı və icra şöbəsinə gəlməkdən yayındığı üçün onun barəsində axtarış qərarı qəbul edilərək polis orqanlarına göndərilmiş, yalnız polis əməkdaşlarının müdaxiləsindən sonra Cavabdeh3 şöbəyə gətirilmiş barəsində xx.xx.2021-ci il tarixdə yenidən AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati protokol təmin edilərək Cavabdeh3 2000 (iki min) manat cərimə olunmuşdur. Bundan sonra aparılmış tədbirlər bir nəticə vermədiyi üçün, həmçinin hüquqi şəxsin rəhbəri Cavabdeh3 qətnamələrin icrası üçün heç bir əməli hərəkət etmədiyindən xx.xx.2022-ci il tarixdə sonuncunun AR CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi üçün AR ƏN İcra Baş İdarəsinə müvafiq təqdimatla müraciət edilmişdir. Cavabdeh3 2022-ci ilin dekabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbs olunmuşdur.
6. 05.12.2019-cu il tarixli, **********972500 nömrəli kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 MTK-nın təsisçiləri Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dur.
7. 21.09.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 220 manat pul köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-186/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh2ndən tutularaq İddiaçı verilməsi qət edilmiş – 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaitinin subsidiar qaydada Cavabdeh2 MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 352,2 (üç yüz əlli iki manat, iyirmi qəpik) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat pulun əvəzinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.1, 110-3.4, 110.4, 109.1-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 82.3, 121.1, 119.1, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 119, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-186/2024 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh6, Cavabdeh4 və K.S.Əliyev apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın həll edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 Safa oğlu və Cavabdeh6 qarşı “pul tələbi barədə” iddiasının rədd edilməsini xahiş etmişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi özünün mövqeyini onunla əsaslandırmışdır ki, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Hesab edir ki, Məhkəmənin bu mövqeyi əsassız və qanunsuzdur. Belə ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını Mülki Məcəllənin 110.4 və 110-3.4-cü maddələri təşkil edir. Həmin maddələrin dispozitiv tələblərinə görə kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmaması şərtinə bağlıdır. Başqa sözlə desək, kooperativ üzvlərinin subsidiar məsuliyyətinin yaranması üçün, kooperativin özünün yetərincə vəsaitinin olmaması tələb olunur. Həm də nəzərə alınmalıdır ki, bu hal, yəni kooperativin öz öhdəlilklərini yerinə yetirmək üçün imkanının (vəsaitlərinin) olmaması hansısa subyektiv fikir və mülahizələrinə əsasən deyil, mütləq qaydada məhkəmə qərarlarının icrasını həyata keçirən icra qurumunun qərarı ilə müəyyən edilməlidir. Göründüyü kimi, kooperativin öhdəliyinə görə kooperativ üzvlərinin o zaman subsidiar məsuliyyəti yaranır ki, kooperativin özünün kifayət qədər vəsaiti olmamış olsun. Yuxarıda artıq qeyd olunduğu kimi, 87.972,20 manat məbləğində pulun Cavabdeh2 MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qanuni qüvvəsini almış və icraya yönəldilmiş Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi mövcuddur. Həmin qətnamə üzrə icra sənədi (icra vərəqəsi) Abşeron Rayon İcra Şöbəsinin icraatındadır. İcra sənədi üzrə icra hərəkətləri davam etdirilir. İcra sənədi üzrə icraata xitam verilməmiş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci və 23.1.3-cü maddələrinə əsasən məhkəməyə qaytarılmamışdır. Məhkəmə işə baxarkən icra sənədi üzrə icra işini Abşeron Rayon İcra Şöbəsindən tələb etməmiş, Abşeron Rayon İcra Şöbəsini 3-cü şəxs qismində işə cəlb etməmiş, icra işinin hansı mərhələdə olduğunu MTKnın maliyyə və maddi vəziyyətinə aydınlıq gətirməmişdir. Həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 554.2.4-cü madəsinə görə, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi icraatda ola-ola, məhkəmə qətnaməsi ilə Cavabdeh2 MTK-dan tutulması qət edilmiş pulun təkrarən və paralel olaraq MTK-nın təsisçiləri olan cavabdehlərdən tələb edilməsi qanusuzdur, əsassızdır, absurddur. Yəni 1 pul 2 dəfə ayrı-ayrı qətnamələrlə ayrı-ayrı şəxslərdən tələb edilə və ya tutula bilməz. Belə ki, həm məhkəmə qətnaməsi ilə 87.100 manat məbləğində pulun MTK-dan tutulması qət edilib, həm də paralel olaraq kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi eyni məbləğin hazırkı iş üzrə cavabdehlər olan MTK-nın təsisçilərindən tutulması barədə əsassız qətnamə çıxarılıb. Əgər hər iki qətnamə icra edilən zaman İddiaçı xeyrinə 87.100 manat yox, 174.200 manat tutulacaq ki, bu da qanunsuz və ədalətsizlikdir. Əvvəlki qətnamə üzrə bütün icra hərəkətləri həyata keçirilməyib. Həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 MTK müflis elan edilməmişdir. MTK bu gün də fəaliyyət göstərir. Belə olan halda hesab edilməlidir ki, MTK-nın üzvləri olan cavabdehlərin MTK-nın öhdəliklərinə görə subsidiar məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsas yoxdur. Digər tərəfdən qeyd olunmalıdır ki, Cavabdeh2 MTKnın icra edilməmiş öhdəliklərinə görə hazırkı iddia irəli sürən İddiaçı tərəfindən Mülki Məcəllənin 110-3.4-cü və 110.4-cü maddələrinin tələblərinə əməl olunmamışdır. Çünki, Mülki Məcəllənin 110.4-cü maddəsinin mənasına görə isə koopretiv üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Göründüyü kimi, kooperativin zərərinə görə kooperativ üzvlərinin məsuliyyəti yalınz hüquqi şəxsin illik balans təsdiq edildikdən sonra iki ay ərzində əmələ gəlmiş olur. Yəni, ilk öncə illik balans təsdiq edilməli, həmin balansla kooperativin gəliri və zərəri müəyyən edilməli, bundan sonra zərəri aradan qaldırmaq mümkün olmadıqda, iki ay ərzində kooperativ üzvləri əlavə haqq ödəmək yolu ilə zərəri qarşılamalıdırlar. Lakin iddia ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsi 2023-cü ilin noyabr ayında Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Başqa sözlə, iddiaçı, maliyyə ili başa çatmadan, illik balansın təsdiqini gözləmədən və bunlara, habelə bu prosedurlara riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 110.4-cü madəsinin tələbləri məhkəmə tərəfindən pozulmuş, araşdırılmamışdır. MTK üzvlərinin əlavə haqq verib-vermədiyinə, illik balans tərtib edilibedilmədiyi və s. araşdırılıb həqiqət müəyyən edilməmişdir. İşə baxan Sumqayıt Şəhər Məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almadan, əsassız olan iddia tələbini qismən də olsa təmin etmiş, bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Sumqayıt Şəhər Məhkəməsi tətbiq edilməli olduğu maddi hüquq normalarını tətbiq etməmiş, maddi hüquq normalarını səhv təfsir etmişdir. Məhkəmə nəzərə almamışdır ki, ümumiyyətlə cavabdeh olan 4 nəfərin MTK-ya heç bir aidiyyatı yoxdur. Onlar MTK-da fəhlə işləyiblər. MTK-nın sədri Cavabdeh3 onların xəbəri olmadan onları MTK-ya üzv kimi sənədləşdirmişdir. Onlar MTK-nı idarə etməmişlər, divident almamışlar, əmlakın satışında iştirak etməmişlər. Hazırda 4 nəfər cavabdehlər – Cavabdeh6, Zöhrab Yusifov, Cavabdeh7 və Cavabdeh5 bu məsələ ilə bağlı Hüquq mühafizə orqanlarına ərizələr də veriblər. Sumqayıt Şəhər Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, MPM-in 4-cü, 9-cu, 76-cı, 77-ci, 217-ci maddələrinin tələblərini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. 01.07.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.
15. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər Cavabdeh6, Cavabdeh4 və K.S.Əliyev apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilmiş hissəsini mübahisləndirərək İddiaçı cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 Safa oğlu və Cavabdeh6 qarşı “pul tələbi barədə” iddiasının rədd edilməsini xahiş etmişdir.
17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.
18. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
19. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
20. Bu göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərədə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Maddə 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Maddə 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Maddə 110-3.4. Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. Maddə 110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, İddiaçı ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3 bloku, 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 134 kv.m. olan, izolə olunmuş 4 otaqdan ibarət 66 saylı mənzilinə dair bağlanmış 670 a saylı, 07 dekabr 2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş olan 87.100 manat pul və 300 manat dövlət rüsumuna görə pulun Cavabdeh2 MTK-dan alınıb İddiaçı verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5642023 saylı, 25 yanvar 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, borcluya verilmiş könüllü icra müddətində tələb təmin edilmədiyindən “EİİS” vasitəsi ilə borclunun əmlak və gəlirləri yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilməmişdir.
26. İddiaçı məhkəmə aktının tələbin yönəldilə biləcəyi heç bir əmlak və gəlir aşkar edilmədiyindən icrasız qaldığını, bu səbəbdən Mülki Məcəllənin 110-3.4-cü maddəsinin əsaslarının yarandığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
27. Mübahisələndirilən - Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-186/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh2ndən tutularaq İddiaçı verilməsi qət edilmiş – 87.100 manat pul vəsaiti və 300 manat dövlət rüsumu, cəmi 87400 (səksən yeddi min dörd yüz) manat məbləğində pul vəsaitinin subsidiar qaydada Cavabdeh2 MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
28. Məhkəmə qətnaməsindən narazı qalan cavabdehlərdən Cavabdeh6, Cavabdeh4 və K.S.Əliyev apellyasiya şikayəti verərək qətnaməni qismən, yəni iddianın təmin edilən hissəsində mübahisələndirmişlər.
29. Apellyator şikayətinin dəlilləri olaraq eyni tələb üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktının olduğunu, məhkəmə aktının icra mərhələsində olduğunu, icra işi üzrə icraata xitam verilmədiyini və ya icra sənədinin geri qaytarılmadığını, eyni pul məbləğinin təkrarən MTK üzvlərindən tutulmasının qanunsuz olduğunu, MTK-nın fəaliyyət göstərdiyini, müflis elan edilmədiyini, MTK-nın malliyyə vəziyyətinin araşdırılmadığını, kooperativin zərərinə görə kooperativ üzvlərinin məsuliyyətinin yalınz hüquqi şəxsin illik balans təsdiq edildikdən sonra iki ay ərzində kooperativ üzvləri qarşılamadıqları halda yarandığını, hazırkı halda bu prosedura əməl olunmadığını və bu hala aydınlıq gətirilmədiyni, cavabdehlərin kooperativ üzvləri olmamasını göstərmişdir.
30. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanmaqla, əsassızdır. Apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün qərar qəbul edilmişdir.
32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
33. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
34. Kollegiya şikayətin eyni tələb üzrə artıq qanuni qüvvəyə minmiş və icra mərhələsində məhkəmə aktının olması, icra işi üzrə icraata xitam verilməməsi və ya icra sənədinin geri qaytarılmaması barədə dəililini əsassız hesab edir.
35. Belə ki, göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən, Kooperativdən iddiaçının xeyrinə 87.100 manat pul tutulması qət edilmiş, məhkəmə aktı qanuni qüvvəyə minərək icraya yönəldilsə də, icra sənədinin icrası qaydasında görülmüş tədbirlər nəticə verməmişdir.
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 17/75 94505 2V nömrəli cavabından görünür ki, Abşeron rayon icra və probasiya şöbəsinin icraatında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023cü il tarixdə icraata başlanılmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin adına gəlir və ya əmlak aşkar edilməmişdir. "xxxx" MTK-nın borclu olduğu müxtəlif tələblərlə bağlı icra sənədləri olduğundan icra sənədləri icra məmurunun müvafiq qərarı ilə “İcra haqqında” AR qanunun 54-cü maddəsinə əsasən bir icraatda birləşdirilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-166/2020 saylı, xx.xx.2020-cı il tarixli qərarı ilə "xxxx" MTK-nın rəhbəri Cavabdeh3 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh3 2022-ci ilin dekabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbs olunmuşdur. Hazırda "xxxx" MTK fəaliyyət göstərmir.
37. Göründüyü kimi icra sənədinin israsını təmin etmək üçün MTK-nın əmlakı, gəlirləri aşkar edilmədiyindən məhkəmə aktı icrasız qalmışdır.
38. Kollegiya hesab edir ki, sözügedən məhkəmə aktının icra mərhələsində olması, icra sənədinin geri qaytarılmaması hazırkı iddia tələbi üzrə işə baxılıb yekun məhkəmə aktı qəbul edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz.
39. Kollegiya şikayətin - eyni pul məbləğinin təkrarən MTK üzvlərindən tutulmasının qanunsuz olması barədə dəlilini də əsaslı hesab etmir.
40. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi kooperativ üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar.
41. Mülki qanunvericiliyə görə subsidiar məsuliyyət əlavə məsuliyyət növü olmaqla, kreditor subsidiar məsuliyyət daşıyan şəxsə qarşı eyni tələbi yönəldə bilər. Bu mövqe Mülki Məcəllənin 453.1-ci maddəsinə ifadə olunmuş hüquq normasının mahiyyətindən irəli gəlir.
42. Mülki Məcəllənin 453.1-ci maddəsinə əsasən Kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir.
43. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarnda öz əksini tapmışdır.
44. Həmin qərarda qeyd olunmuşdur ki, Subsidiar (latınca “subsidiarius” ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
45. Kollegiya şikayətin MTK-nın fəaliyyət göstərməsi, müflis elan edilməməsi, MTK-nın maliyyə vəziyyətinin araşdırılmaması, kooperativin zərərinə görə kooperativ üzvlərinin məsuliyyətinin yalınz hüquqi şəxsin illik balans təsdiq edildikdən sonra iki ay ərzində kooperativ üzvləri qarşılamadıqları halda yarandığını, hazırkı halda bu prosedura əməl olunmaması və bu hala aydınlıq gətirilməməsi barədə dəillərini də əsassız hesab edir.
46. İş üzrə toplanmış sübutlarla və işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, hazırda "xxxx" MTK fəaliyyət göstərmir, belə olan halda MTK-nın illik balansının təsdiq edilməsi və bununla bağlı qeyd olunan prosedurların keçirilməsi mümkünsüzdür.
47. Həmçinin qeyd edildiyi kimi icra məmuru tərəfindən Kooperativin əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin adına gəlir və ya əmlak aşkar edilməmişdir.
48. Bu göstərilənlərlə yanaşı kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda şikayətin qeyd olunan dəlillərini - kooperativin öhdəliyi icra etmək üçün vəsaitə malik olması, gəlirləri, əmlakı olmasını sübuta yetirmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Cavabdehlər tərəfindən isə bu barədə sübutlar təqdim edilməmişdir.
49. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Kollegiya şikayətin Kooperativin müflis elan edilməməsi barədə dəlilini də əsassız hesab edir.
51. Belə ki, mülki qanunvericilikdə kooperativin müflis elan edilməsi kooperativ üzvlərinin sübusidar məsuliyyətinin yaranması əsası kimi müəyyən edilməmişdir.
52. Kollegiya eyni zamanda vurğulayır ki, Mülki Məcəllənin 110.4-cü maddəsi kooperativin fəaliyyəti nəticəsində üçüncü şəxslərə vurulmuş zərər üzvlər tərəfindən ödənilmədiyi halda kreditorun tələbi ilə kooperativin məhkəmə qaydasında ləğvini mümkün saysa da, həmin tələbi kooperativin ləğvi üçün birmənalı əsas kimi müəyyən etməmişdir. Yəni ki, bu əsasın olması imperativ xarakter daşımır. Bu baxımdan kooperativ üzvlərinin subsidiar məsuliyyətinin yaranması kooperativin ləğvindən və ya müflis elan edilməsindən asılı edilə bilməz.
53. Məhkəmə kollegiyası cavabdehlərin MTK-ya heç bir aidiyyatı, üzv olmaması barədə dəlilini də əsassız hesab edir.
54. Kollegiya qeyd edir ki, kooperativ üzvləri olmamalarına dair etiraz bildirilsə də, cavabdeh tərəf bununla bağlı heç bir sübut təqdim etməmiş, işə əlavə edilmiş hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda isə cavabdehlərin Kooperativin təsisçiləri - üzvləri olduğu müəyyən edilir.
55. Məhkəmə kollegiyası həmçinin aşağıda şərh olunan qiymətləndirmənin aparılmasına zərurət görür:
56. Qanunvericiliyin tələbindən göründüyü kimi kooperativ üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar.
57. Məhkəmə hazırkı halda tələbin kooperativ üzvlərindən yalnız beş nəfərinə qarşı yönəlməsinin qanuniliyi ilə bağlı bildirir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi kooperativ üzvləri hüquqi şəxsin öhdəliklərinə görə subsidiar, lakin birgə məsuliyyət daşıyırlar.
58. Mülki Məcəlləyə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır (maddə 500.1). Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır (maddə 501). Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir (maddə 509.1).
59. Kollegiya hesab edir ki, baxılan iş üzrə Kooperativin təsisçiləri və hal-hazırda da üzvü olan cavabdehlər Kooperativin öhdəliklərinə görə birgə məsuliyyət daşıdıqlarından iddiaçı öhdəliyin icrasını onlardan tələb etməkdə haqlıdır və həmin şəxslər öhdəliyi icra etdikləri halda qalan borclulardan onların paylarına mütənasib surətdə, lakin öz payları çıxılmaqla reqres qaydasında tələb irəli sürə bilərlər.
60. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-186/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.