Məhkəmə qərarları › İş №2(105)-102/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-102/2023

14.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-102/2023 14.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar söz: torpaq sərhədlərinin müəyyən edilməsi və torpaqdan istifadə edilməsində maneçiliyin törədilməsinə cavabdehin üzərinə öhdəlik qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh4 nümayəndəsi Nümayəndə iştirakı ilə, Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Quba rayonu, Abduloba kəndində yerləşən 1.9281 torpaq sahəsinin planı və ölçüsünə uygun olaraq sərhədlərinin (kordinatlarının) müəyyən edilməsi, torpaqdan istifadə edilməsində manu,eçiliyin aradan qaldırılması, ona məxsus Quba rayon Abduloba kəndində yerləşən 1,9281 torpaq sahəsinin cənub-şərq istiqamətindən şimal istiqamətinə 81 metr, daha sonra qərb istiqamətinə 96 metr, daha sonra cənub şərq istiqamətinə 60,57 metr, sonra şərq istiqamətinə 56,81 metr, sonra şərq istiqamətinə 39,70 metr olmaqla 0,40 hektar sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şabəddin oğlunun torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlər və digər şəxslərin ona məxsus mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyində maneçilik törədilməməsinin cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə X3 Quba rayonu, Bərqov kəndində yerləşən 1,9281 ha torpaq sahəsini alğı-satqı yolu ilə almış həmin torpaq sahəsinə çıxarış almışdır. Bu müddət ərzində sözü gedən torpaq sahəsi tərəfindən təyinatı üzrə istismar olunmuş, mövsümi əkin işləri aparılmış, çoxlu sayda meyvə, xüsusilə gilas ağacları əkilərək onlara daim aqrotexniki qaydada qulluq göstərilmişdir. Uzun illər burada yetişdirilən ağaclara keyfiyyətli qulluq nəticəsində həmin torpaq sahəsində sıx yaşıllıq zolağı yaranmış və meyvə ağacları bol məhsul verməyə başlamışdır. Lakin ötən ilin əvvəllərindən başlayaraq bəzi qonşular bu torpaq sahəsinə müxtəlif iddialar irəli sürərək, guya onlara məxsus torpaq sahəsini zəbt etdiyini, bir qismi isə özbaşına olaraq vaxtaşırı həmin torpaq sahəsinə girərək ona məxsus mülkiyyətdən qeyri-qanuni istifadə edirlər. Belə ki, bu şəxslər xüsusilə meyvə ağacları bar verən mövsümdə daha da fəallaşır və ona məxsus torpaq sahəsinə qanunsuz olaraq girərək faktiki mülkiyyəti hesab olunan ağacların meyvələrini talan etməklə məşğul olurlar. Bu xoşagəlməz vəziyyətin qarşısını almaq üçün dəfələrlə onunla həmin qonşular arasında ciddi münaqişələr yaranmış, hətta bu münaqişələr bir çox hallarda onlar tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsiilə müşayiət olunmuşdur. Dəfələrlə o, cavabdehlər tərəfindən nalayiq söyüşlərlə təhqir olunmuş, onun və ailə üzvlərinin şəxsiyyətini alçaldan, ailəsinin şərəf və ləyaqətinə xələl gətirən ifadələrlə qarşılaşmışdır. Yuxarıda qeyd etdiyi acınacaqlı vəziyyət hal-hazırdakı vaxtadək davam etməkdədir. Bundan sonra cavabdehlər iddia qaldıraraq bu pay torpaqlarında meyvə ağaclarının bol olduğu sahənin ona məxsus olduğunu və onun tərəfindən zəbt olunduğunu israr etmişdir. Cavabdehin neqativ hərəkətləri nəticəsində, mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi kiçilmişdir. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Nəticədə o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. 3.İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh4 Şabəddin oğlunun Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********99 reyestr nömrəli Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin "xxxx" MMC-nin 01/190 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/698 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunan koordinantlara əsasən 0.40 hektar hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şabəddin oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir (hakim R.Həsənov)

5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)176/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Həmin qətnamə üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir. Eyni zamanda İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin yəni, 0.40 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdehlər isə torpaq sahəsindən istifadə edilməsinin qanuni olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər.

5. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh4 Şabəddin oğlu apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə cavabdehlərin iştirakı olmadan baxan məhkəmə iddia tələbini qismən təmin etmiş və cavabdehlərin Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2019-cu il tarixl Çıxarışıa əsasən İddiaçıya məxsus 1.9281 hektar torpaq sahəsinin "xxxx" MMC-nin 01/190 saylı, xx.xx.2020-ci il tarixl mütəxəssis rəyi və Məhkəmə TikintiTexniki Ekspertizasının 10/698 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunan koordinantlara əsasən 0.40 hektar hissəsindən çıxarılmağı və həmin torpaq sahəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət olunmuşdur. Hazırki iddia tələbi üzrə iddiaçının bu torpaq sahəsini aldığı X10 ilə X5 arasında qeyd edilən torpaq sahəsi ilə baglı analoji məhkəmə mübahisəsi olmuş və həmin vaxt Cavabdeh1 M.Əsədovaya məxsus olan torpaq sahəsini zəbt etməsi müəyyən edilərək onun mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunan hissəsindən müəyyən edilmiş koordinatlar çərçivəsində çıxarılması qərara alınmışdır. Cavabdeh1 həmin qətnamədən apellyasiya və daha sonra kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin olunmamış və qətnamə dəyişdirilmədən saxlanılmışdır. M.Əsədovaya məxsus həmin torpaq sahəsi üzərində xx.xx.2021-ci ildən onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla adına çıxarış verilmişdir. Torpaq sahəsindən koordinatları üzrə istifadə etdiyi və iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmədiyi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sübuta yetdiyi halda məhkəmə guya onun tərəfindən torpaq sahəsinin zəbt edilməsi qənaətinə gəlmiş və bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu qətnamə ilə məhkəmə onun mülkiyyət hüquqlarına təminat verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı anası öləndən sonra torpağını zəbt edib. Həmin torpağa dair anasının mülkiyyət hüququnu təsdiq edən sənədləri var idi. O da torpaq sahəsini oğlu Cavabdeh4 vermişdi. 3 ildir ki, torpaq sahəsinə gedə bilmir. Mütəxəssis onun iştirakı olmadan torpaq sahəsi barəsində mütəxəssis rəyi tərtib edib. Mütəxəssisdən torpağı necə ölçdüyünü soruşanda bildirdi ki, telefonla şəkil çəkib, Fərman torpaq sahəsini azaldaraq ölçdürüb. Ekspert rəyindən narazıdır. Rusiya Federasiyasının vətəndaşları barədə qərar çıxarılıb. Rəy düzgün tərtib olunmayıb. Hesab edir ki, iş üzrə təkrar ekspertiza təyin olunmalıdır. Bu barədə vəsatət vermişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlər onun torpaq sahəsini zəbt ediblər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, yalnız iddia tələbinin ona münasibətdə təmin edilməsi hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh4 münasibətdə iddia tələbinin təmin edilən hissəsində müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsi qismən, Cavabdeh4 Şabəddin oğluna dair iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh4 münasibətdə təmin edilməməlidir.

20. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Quba rayonu, Abuloba kəndində yerləşən 1,9281 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

21. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-176/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır.

22. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X8, X6, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayon AİKnın xx.xx.1997-ci il tarixli, 03 saylı qərarına əsasən Torpağa Mülkiyyyət Hüququna dair JN:0016, KOD 30310038 saylı Dövlət Aktı tərtib edilərək 2,70 ha torpaq sahəsi verilmişdir.

23. İş materiallarında olan "xxxx" MMC-nin 01/190 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir (Xəritə 1). Eyni zamanda X4 faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin (0.40 ha) cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı X7 məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1.9281 ha torpaq sahəsi cədvəl 1də qeyd olunan ölçülər daxilində (0.40 ha) cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir və bununla bağlı mütəxəssislərə heç bir sənəd təqdim edilməmişdir.

24. İş materiallarında olan Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/698saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 01/190 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir (Xəritə 1). Eyni zamanda X4 faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin (0.40 ha) cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı X7 məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1.9281 ha torpaq sahəsi cədvəl 1-də qeyd olunan ölçülər daxilində (0.40 ha) cavabdehlər tərəfindən zəbt olunaraq faktiki istifadə olunduğu və bununla bağlı mütəxəssislərə heç bir sənəd təqdim olunmadığı müəyyən olunur.

25. Birinci instansiya məhkəməsi qeyd edilən ekspert rəyinə istinadən iddianı qismən təmin etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh4 tərəfindən zəbt edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır.

27. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilibedilməməsi, edilmişdirsə hansı hissəsində zəbt etməsinin araşdırılması üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır.

26. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10-7404 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı hal-hazırda Quba rayonu, Abduloba kəndində 1.65 ha torpaq sahəsindən istifadə edir. Həmin istifadə olunan 1.65 ha torpaq sahəsinin 0.05 ha hissəsi Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə əsasən **********29 reyestr nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan torpaq sahəsinə aiddir. Torpaqların rəqəmsal kadastr xəritələrində **********99 reyestr nömrəli çıxarışa əsasən İddiaçı məxsus 1.9281 ha torpaq sahəsi naturada mövcuddur. İddiaçı məxsus 1.9281 ha torpaq sahəsinin 0.3281 ha hissəsi digər şəxslər tərəfindən istifadə olunur.

27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, X2 mülkiyyətindəki Quba rayonu, Abduloba kəndində yerləşən 0.965 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrinə əsasən naturada mövcuddur. Cavabdeh4 məxsus 0.9650 ha torpaq sahəsinin 0.05 ha hissəsi İddiaçı tərəfindən istifadə olunur.

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya və cavabdehlərə məxsus qeyd edilən torpaq sahələri (1.9281 ha və 0.965 ha) hər hansı hissədə üst-üstə düşmür.

29. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, bu sualın cavablandırılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssislərinin səlahiyyətləri daxilində deyildir.

30. Bununla da müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə Cavabdeh4 məxsus torpaq sahələri hər hansı hissədə üst-üstə düşmür. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir, hətta Cavabdeh4 məxsus 0.9650 ha torpaq sahəsinin 0.05 ha hissəsi İddiaçı tərəfindən istifadə olunur.

31. Bununla da Cavabdeh4 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməməsi ekspert rəyi ilə təsdiqini tapmışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh4 tərəfindən zəbt edilərək istifadə edilmədiyindən iddia tələbi ona dair hissədə təmin edilə bilməz.

33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin Cavabdeh4 münasibətdə təmin edilən hissədə ləğv edilməli, iddia tələbi ona dair hissədə təmin edilməməlidir.

34. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsi qismən, Cavabdeh4 Şabəddin oğluna dair iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh4 münasibətdə təmin edilməməlidir.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 nömrəli qətnaməsi qismən, Cavabdeh4 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********99 reyestr nömrəli Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən çıxarılması, həmin torpaq sahəsinə Cavabdeh4 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh4 münasibətdə təmin edilməsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar