Məhkəmə qərarları › İş №2(105)-1022/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1022/2021

29.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1022/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh2 qızının və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı özbaşına tikilmiş yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4950/2020 saylı qərardadından Cavabdeh2 qızı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 və Cavabdeh2 qızına qarşı iki azyaşlı uşağı ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsindəki mülkiyyət hüququ əsasında Cavabdeh2 qızına məxsus olan 0,021 ha torpaq sahəsi üzərində yerləşən özbaşına tikilmiş yaşayış sahəsinə köçürülməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək bu tikilinin yerləşdiyi 0,021 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4950/2020 saylı qərardadı ilə (hakim H.Əhmədov) ərizə təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən mülkiyyət hüququ əsasında Cavabdeh2 qızına məxsus 0.021 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Qərardaddan narazı qalan Cavabdeh2 qızı ondan çikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4950/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddianın təmin tədbiri barədə ərizəsini onunla əsaslandırılmışdır ki, hazırda köçürülməsini tələb etdiyi yaşayış sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşir və cavabdehlər onu bu evə buraxmırlar. Lakin cavabdehlər mübahisəli evi sata və ya başqa əmlakla dəyişə bilərlər. Bu isə qətnamənin gələcəkdə icrasını mümkünsüz edə bilər və buna görə də həmin torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Cavabdeh Cavabdeh2 qızı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuzdur, çünki Sumqayıt şəhəri, 9-cu mikrorayon, 23 saylı evin 28 saylı mənzili mülkiyyət hüququ əsasında onun valideynlərinin olmuşdur. Valideynləri rəhmətə getdikdən sonra, övladlar həmin evi sataraq vərəsələr arasında bölmüşlər. Belə ki, digər vərəsələr öz paylarından imtina etmiş və miras iki vərəsə arasında, yəni onunla qardaşı arasında bölünmüşdür. Mənzilin satışından əldə edilən 22.000 ABŞ dollarını götürərək hazırda mübahisələndirilən Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində yerləşən 0,021 ha torpaq sahəsini və evi almışdır. Həmin evi alarkən İddiaçı onun gəlini deyildi və onun heç bir rəsmi nikahı yox idi. Onlar yay aylarında Saray qəsəbəsinə gedərək orada qalırdılar. Əslində həmin ev onun adına olsa da, qardaşı X2 ilə şərikli inşa edilmiş evdir. Çünki oraya qoyulan xərc mülkiyyətlərindən əldə etdikləri pul hesabına çəkilmişdir. İddiaçı Stansiya Sumqayıt yaşayış massivindəki 8 saylı evə gəlin gəlmişdir və hazırda da bütün əmlakları oradadır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh2 qızı, habelə onun vəkili X3 şikayəti müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. İddiaçı və Cavabdeh1 məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, iş üzrə cavabdehin şikayətini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4950/2020 saylı qərardadı ləğv edilməli və iddianın təmin edilməsi barədə İddiaçı ərizəsi təmin olunmamalıdır. İş materiallarında olan DƏDRX-nin 4 saylı X4 xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki kənd təsərrüfatı təyinatlı 0,021 ha torpaq sahəsi xx xxxx 2014-cü ildən Cavabdeh2 qızının mülkiyyətindədir. İddia ərizəsindən görünür ki, İddiaçı hazırda əsas tələbi onun iki azyaşlı uşağı ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsindəki mülkiyyət hüququ əsasında Cavabdeh2 qızına məxsus olan 0,021 ha torpaq sahəsi üzərində yerləşən özbaşına tikilmiş yaşayış sahəsinə köçürülməsi barədədir, yəni mübahisə predmetini özbaşına tikinti təşkil edir. AR MPM-nin 157-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. MPM-in 158.1-158.1.3-cü maddələrinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. İşdən görünür ki, iddiaçı tərəf iddianın təmini tədbiri barədə ərizə verərək cavabdehlərdən Cavabdeh2 məxsus torpaq sahəsi üzərinə həbs qoyulmasını xahiş etmiş, məhkəmə isə ərizəni təmin etmişdir. Halbuki, işdən görünür ki, İddiaçı iddia tələbi torpaq sahəsi ilə bağlı deyil, həmin torpaq sahəsində yerləşən özbaşına tikiliyə köçürülməsi barədədir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli tikiliyə deyil, onun yerləşdiyi və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbsin qoyulmasına heç bir zərurət yoxdur, çünki bu tədbirin görülməməsi mübahisə üzrə qəbul ediləcək qətnamənin icrasının mümkünsüzlüyünə heç bir əsas vermir. Buna baxmayaraq, işə baxan məhkəmə heç bir zərurət olmadan həmin torpaq sahəsinə həbs qoymuş, bununla da Cavabdeh2 bu torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə isə bu, yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, İddiaçı iddianın təmin tədbiri barədə hazırkı ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 qızının şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-4950/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin olunmasın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar