Məhkəmə qərarları › İş №2(105)-1024/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1024/2025

09.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1024/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və X1 qızından ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5484/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, 9 saylı evin 18 saylı mənzilindən çıxarılmaları, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Gündüz Abdullayev küçəsində yerləşən 9 saylı evin 18 saylı mənzil xx.xx.2024-cü il tarixli ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bu mənzildə keçmiş mülkiyyətçilər, yəni iş üzrə cavabdehlər hal-hazıra qədər qeydiyyatda olmaqla faktiki yaşayırlar. Bu da mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Mübahisəli mənzillə bağlı cavabdehlərlə onun arasında əvvəllər məhkəmə mübahisəsi olub və iddia tələbi təmin edilmiş, cavabdehlərin arasında bağlanmış bağışlama müqaviləsi etibarsız sayılmış, çıxarış ləğv edilmişdir. Həmin qətnamə artıq qanuni qüvvəsini almış, öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Lakin buna baxmayaraq cavabdehlər mülkiyyətində olan mənzili boşaltmaqdan imtina edirlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qarayev X5 Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X2 Əmlak Hərrac Mərkəzi” MMCnin açıq hərracın yekunları barədə 238/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun və hərracın nəticələrinin ləğvi üçün iddia qaldırılmağa hazırlanır. Hərracın nəticələri ilə və ona əsasən əldə edilmiş çıxarışla qətiyyən razı deyil. Hesab edir ki, məhkəmə işi tam və ətraflı araşdırmamış və əsassız qətnamə çıxarmışdır. Çıxarılan qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə işin hallarını tam araşdırmamış və işə ədalətsiz yanaşmışdır. Çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsasssız hesab edir. Cavabdehin iddiaçıya hazırda cəmi 7500 manat borcu qalıb. Bu borca görə onun evdən çıxarılması qanuni ola bilməz. Cavabdeh tərəfindən bu günə qədər edilmiş ödənişlərin qəbzləri də mövcuddur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli mənzilin hazırda İddiaçı mülkiyyətində olması, mübahisəli əmlakda cavabdehlərin yaşamalarının onun mülkiyyət hüquqlarını pozması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. İşdən görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı evin 18 nömrəli mənzillə bağlı hərracın qalibi İddiaçı adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdə qeydə alınması və mənzilin hazırda iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi mənzildən çıxarma barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin çıxarılması tələb olunan mənzil iddiaçının mülkiyyətindədir və hazırda həmin mənzil cavabdehlərin sahibliyində olmaqla sonuncuların sahiblikləri qanunsuz olduğu öz təsdiqini tapır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalmaları, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehlərin həmin mənzildən çıxarılmalarını təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar