Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1025/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi iş stajına malik olma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhiyyədin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə1 maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə4 (sonuncu iclasda iştirak etmir) və Nümayəndə2 iştirakı ilə Ərizəçi iş stajına malik olma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(012)-282/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları
1. Əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1980-ci ildən xx.xx.1989-cu ilədək X3 Birliyində müxtəlif vəzifələrdə çalışmışdır (pensiya təyin edilib).
2. Əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək X3 Birliyində müxtəlif vəzifələrdə çalışmışdır (pensiya təyin edilib).
3. Əmək kitabçasının surətindən görünür ki, X2 xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Abşeron Aqrar-Sənaye Komitəsinin Abşeron şərab zavodunda müxtəlif vəzifələrdə çalışmışdır (pensiya təyin edilib).
4. Əmək kitabçasının surətindən görünür ki, X4 xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Abşeron Aqrar-Sənaye Komitəsinin Abşeron şərab zavodunda müxtəlif vəzifələrdə çalışmışdır.
5. Əmək kitabçasının surətindən görünür ki, X7 xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Mehdiabad Konserv zavodunda müxtəlif vəzifələrdə çalışmışdır (bu zaman əmrləri zavodun direktoru Ərizəçi imzalamışdır).
6. Əmək kitabçasının surətindən görünür ki, X13 xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək Abşeron şərab emalı zavodunda konyak spirt sexində müxtəlif vəzifələrdə çalışmışdır (xx.xx.1992 və xx.xx.1994-cü il tarixli əmrləri zavodun direktoru Ərizəçi imzalamışdır).
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş;
8. X5 ifadəsində bildirdi ki, Ərizəçi 1982-ci ildə X3 Birliyində baş iqtisadçı vəsifəsinə işə qəbul etmişdir. Həmin dövrdə o, Birliyin direktoru idi. Lakin o, 1985ci ildən Novxanı üzümçülük sovxozuna direktor təyin edilmişdir.
9. X6 ifadəsində bildirdi ki, o, X3 Birliyində direktor olmuşdur. Ərizəçila bu qurumda 1983-cü ildən 1986-cı ilədək birlikdə işləmişlər. Ərizəçi burada iqtisadçı vəzifəsində işləyirdi. Sonradan Birliyin adı dəyişdi və Abşeron rayon Aqrar–Sənaye Kombinatı adlandırıldı. Təsdiq edir ki, Ərizəçi 1986-cı ildən 1990-cı ilədək Abşeron rayon Aqrar– Sənaye Kombinatına baş mühasibatlığına böyük mühasib vəzifəsinə işə qəbul edilmiş, köçürmə yolu ilə xx.xx.1991-ci il tarixdə Abşeron rayon Aqrar–Sənaye Kombinatı tərəfindən Abşeron şərab emalı zavodunun sərəncamına göndərilmişdir.
10. X13 ifadəsində bildirdi ki, xx.xx.1990-cı ildən xx.xx.1994-cü ilədək Abşeron şərab emalı zavodunda konyak spirti sexində rəis vəzifəsində çalışmışdır. Bu zaman zavodun direktoru isə Ərizəçi idi. Sexdə təqribən 20 nəfər işçi var idi.
11. X7 ifadəsində bildirdi ki, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək Mehdiabad Konserv zavodunda baş mühasib vəzifəsində çalışmışdır. Bu zaman zavodun direktoru Ərizəçi idi. Zavodda təqribən 30-40 nəfər işçi var idi. O, burada əmək fəaliyyətinə Ərizəçila birlikdə başlamış və bitirmişdir.
12. X4 ifadəsində bildirdi ki, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Abşeron Aqrar-Sənaye Komitəsinin Abşeron şərab zavodunda laboratoriya müdiri vəzifəsində işləmişdir. Bu zaman Ərizəçi zavodun direktor müavini işləyirdi. Zavod 2003-cü ilədək fəaliyyətdə olmuş, sonra isə özəlləşdirilmişdir.
13. X2 ifadəsində bildirdi ki, ərizəçi ilə Abşeron rayonunun Mehdiabad qəsəbəsində 40 ildir ki, qonşudur. O, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Abşeron Aqrar-Sənaye Komitəsinin Abşeron şərab zavodunda müxtəlif vəzifələrdə, o cümlədən sahə ustası vəzifəsində çalışmışdır. Bu zaman Ərizəçi orada əvvəlcə mühasib, sonra isə direktor işləmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
14. Ərizəçi ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək Qaradağneft NQÇİ-nin Mənzil Kommunal Kontorunda böyük mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Azneft” Birliyi Təmir-Tikinti İdarəsinin 6 nömrəli tikinti sahəsində usta vəzifəsində, 1982-ci ildən 1986-cı ilədək X3 Birliyində ixtisasçı vəsifəsində, 1986-cı ildən xx.xx.1991-ci ilədək Abşeron rayon Aqrar–Sənaye Kombinatının baş mühasibatlığında böyük mühasib vəzifəsində, xx.xx.1991-ci il tarixdən Abşeron şərab emalı zavodunda, 1991-ci ildən 1992-ci ilədək Abşeron “ŞNASİ" Aqrar firmasında direktor müavini vəzifəsində, 1992-ci ildən 1993-cü ilədək yenidən Abşeron Aqrar-Sənaye Kombinatında ixtisasçı vəzifəsində, 1993-cü ildən 1995-ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində və xx.xx.1995-ci ildən 2000-ci ilədək Maştağa tərəvəzçilik-südçülük sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Ərizə bununla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Xanlar rayonunda anadan olmuşdur. O, 1973-cü ildən 1978-ci ilədək X11 ali təhsil almışdır. xx.xx.1978-ci ildə 672/k saylı əmrə əsasən xx.xx.1978-ci ildə əmək fəaliyyətinə başlayaraq Qaradağneft NQÇİ-nin Mənzil Komunal Kontorunda böyük mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 105/k saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən xx.xx.1980-ci il tarixdə başqa idarəyə keçirildiyinə görə işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixdə 16 saylı əmrə əsasən “Azneft” Birliyi Təmir-Tikinti İdarəsinin 6 nömrəli tikinti sahəsinə usta vəzifəsinə işə qəbul edilmişdir. Bu hallar SOCAR və SOCAR AİB Ə.C. Əmirov adına neft və qazçıxarma idarəsi tərəfindən verilmiş arxiv arayışları ilə öz təsdiqini tapmışdır. 1982-ci ildən 1986-cı ilədək X3 Birliyində ixtisasçı vəsifəsində işləmiş, 1986-cı ildən 39 nömrəli əmrə əsasən 1991-ci ilədək Abşeron rayon Aqrar-Sənaye Kombinatına baş mühasibatlığına böyük mühasib vəzifəsinə işə qəbul edilmişdir. Abşeron rayon şərab emalı zavodunun xx.xx.1991-ci il tarixli 150 nömrəli məktubuna əsasən köçürmə yolu ilə xx.xx.1991-ci il tarixdə Abşeron rayon Aqrar–Sənaye Kombinatı tərəfindən Abşeron şərab emalı zavodunun sərəncamına göndərilmişdir. 1991-ci ildən 1992-ci ilədək Abşeron “ŞNASİ" Aqrar firmasına direktor müavini təyin olunmuş, 1992-ci ildən 1993-cü ilədək yenidən Abşeron Aqrar-Sənaye Kombinatında ixtisasçı vəzifəsinə qəbul edilmişdir. 1993-cü ildən 1995-ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən Maştağa tərəvəzçilik-südçülük sovxozu üzrə 1 nömrəli əmrə əsasən sovxozun mühasibatlığında böyük mühasib vəzifəsinə qəbul edilmiş və 2000-ci ilədək həmin sovxozda işləmişdir. Onun Abşeron “ŞNASİ" Aqrar firmasında direktor müavini və 1993-cü ildən 1995-ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində işləməsi ilə bağlı sənədlər Abşeron rayon Dövlət Arxivinə təhvil verilməsə də, yuxarıda sadaladığı zavodlarda və sovxozda işləməsilə bağlı məlumatlar tarixi və əmri ilə arxiv arayışında öz təsdiqini tapmışdır. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmış, lakin 2021-ci ildə evinin sökülməsi zamanı əmək kitabçası naməlum şəraitdə itmişdir. Hazırda pensiya yaşına çatmışdır, lakin əmək kitabçasını tapa bilmədiyindən pensiyaya çıxa bilmir. Pensiya təyin edilən idarədən ona bildirilmişdir ki, ya əmək kitabçası olmalı, yaxud da iş stajı məhkəmə qətnaməsinə əsasən müəyyən olunmalıdır. Abşeron “ŞNASİ" Aqrar firmasında direktor müavini və 1993-cü ildən 1995-ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində işləməsi ilə bağlı məlumatlar arxivə təhvil verilməsə də, həmin firmada və zavodda direktor və direktor müavini vəzifəsində işləmişdir və onunla həmin müəssisədə işləyən işçilər bu faktları təstiq edə bilərlər.
16. Abşeron Rayon Məhkəməsinin (hakim M.Abbasova) 26 yanvar 2023-cü il tarixli, 2(012)-282/2023 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilib, Ərizəçi 1982-ci ildən 1986-cı ilədək X3 Birliyində iqtisadçı vəzifəsində, 1986-cı ildən xx.xx.1991-ci ilədək Abşeron rayon Aqrar–Sənaye Kombinatının baş mühasibatlığında böyük mühasib vəzifəsində, 1991-ci ildən 1992-ci ilədək Abşeron “ŞNASİ" Aqrar firmasında direktor müavini vəzifəsində, 1992-ci ildən 1993-cü ilədək yenidən Abşeron Aqrar-Sənaye Kombinatında iqtisadçı vəzifəsində və 1993-cü ildən 1995-ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində işləməsi faktı müəyyən edilməsi və ərizənin digər hissələrinə dair işin icraatına məhkəmənin eyni tarixli qərardadı ilə xitam verilməsi nəzərə alınması qət edilmişdir.
17. Məhkəmənin həmin tarixli qərardadı ilə Ərizəçi xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək Qaradağneft NQÇİ-nin Mənzil Kommunal Kontorunda böyük mühəndis vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək “Azneft” Birliyi Təmir-Tikinti İdarəsinin 6 nömrəli tikinti sahəsində usta vəzifəsində, xx.xx.1991-ci il tarixdən Abşeron şərab emalı zavodunda və xx.xx.1995-ci ildən 2000-ci ilədək Maştağa tərəvəzçiliksüdçülük sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
18. Məhkəmə qətnamə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şahidlər işlədikləri dövrdə həmin qurumda ərizəçinin göstərilən vəzifələrdə işləməsini təsdiq etmişlər. Bu dövrlərdə Ərizəçi göstərilən qurumlarda işləməsi barədə hər hansı mötəbər yazılı sübutlar mövcud deyildir. Buna görə də həmin fakt yalnız məhkəmə qaydasında təsdiqlənə bilər. Ərizəçi 1982-ci ildən 1986-cı ilədək X3 Birliyində iqtisadçı vəzifəsində, 1986-cı ildən xx.xx.1991-ci ilədək Abşeron rayon Aqrar–Sənaye Kombinatının baş mühasibatlığında böyük mühasib vəzifəsində, 1991-ci ildən 1992-ci ilədək Abşeron “ŞNASİ" Aqrar firmasında direktor müavini vəzifəsində, 1992-ci ildən 1993cü ilədək yenidən Abşeron Aqrar-Sənaye Kombinatında iqtisadçı vəzifəsində və 1993-cü ildən 1995ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində işləməsi faktı müəyyən edilməli, ərizənin digər hissələrinə dair işin icraatına məhkəmənin eyni tarixli qərardadı ilə xitam verilməsi nəzərə alınmalıdır.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci, 310.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında’’ 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixi 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
20. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu qətnamədən apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə şahidlərin qeyd edilən qurumlarda işlədiyi dövrlər ərizəçinin işlədiyini iddia etdiyi dövrlərlə tam üst-üstə düşmür və şahidlərin ayrılıqda hansı dövrü təsdiq etdiyi müəyyən deyildir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. İş üzrə ərizəçinin isə əmək kitabçasının itirilməsi ilə bağlı üzrlü səbəb yoxdur. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şahidlərin işlədiyi qurumların adları ilə ərizəçinin işlədiyini iddia etdiyi qurumların adlarında uyğunsuzluq var və onların ərizəçinin hansı qurumda işlədiyini və hansı dövrü təsdiq etdikləri müəyyən deyildir. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə yönəlməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktlarımüəyyən edir. Həmçinin, yalnız ərizəçinintələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalıdır. Yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə sadalanan halları tam araşdırmadan ərizəni qismən təmin etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin ərizənin qismən təmin edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, məhkəmə iclasında ifadə verən şahidlərin adlarını çəkdikləri qurumlarda işlədikləri dövrlərlə, ərizəçinin həmin qurumlarda işlədiyi dövrlər arasında tam uzlaşma yoxdur. Həmçinin ərizəçinin işlədiyini iddia etdiyi qurumlarla, şahidlərin işlədiyi qurumların adları arasında fərqlər mövcuddur. Yəni iş materiallarından müəyyən olunur ki, ərizəçinin hansı qurumda konkret olaraq hansı müddətdə işləməsini təstiq edəcək eyni dövrdə eyni qurumda işləmiş şahid ifadəsi mövcud deyildir. Bu qədər ziddiyyətli məqamlar mövcud olduğu halda məhkəmə ərizəni qismən təmin etmişdir ki, məhkəmənin bu barədə mövqeyi əsaslı deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi əsassızdır. Belə ki, məhkəmə iclasında ifadə verən şahidlərin adlarını çəkdikləri qurumlarda işlədikləri dövrlər, ərizəçinin həmin qurumlarda işlədiyini iddia etdiyi dövrlərdən fərqlidir. Belə olan halda həmin şahid ifdələrini mötəbər sübut kimi qəbul etmək düzgün mövqe hesab edilmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, ərizə tam əsaslıdır. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinə səbəb onun əmək kitabçasının itməsi olmuşdur. Belə ki, onun evində baş vermiş qəzadan sonra evdəki bütün əşyalar və sənədlər müvəqqəti olaraq başqa saxlanc yerinə daşınmış, daha sonra bir qisim əşya və sənədlərin itirildiyi məlum olmuşdur. Onun şəxsiyyət vəsiqəsi və bir sıra digər sənədləri də itmiş, sonra yenidən müraciət edib həmin sənədləri əldə etmişdir. Əmək kitabçası da itən sənədlər siyahısındadır. Ərizədə qeyd olunan qurumlarda qeyd olunan müddətlərdə işləmişdir və şahidlər də birgə işlədiyi şəxslər olduğu üçün məhkəmədə ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Apellyasiya şikayəti əsassız olduğundan onun rədd edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, şikayət tam əsassızdır və onun dəlilləri formal mülahizələrdən ibarətdir. Məlum olduğu kimi hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsinə səbəb ərizəçinin əmək kitabçasının itməsi olmuşdur. Yenə işdən müəyyən olunduğu kimi ərizədə qeyd olunan qurumlarda işləməsini təstiq edən sənədlər mövcud olduğundan məhkəmə həmin hissədə iş üzrə icraata xitam vermişdir. Digər qurumlarla bağlı isə hər hansı mötəbər sənəd mövcud olmadığından bu faktlar yalnız şahid ifadələri və əlaqəli sübutlarla təstiq olunmuşdur. Ərizəçi qeyd olunan qurumlarda qeyd olunan müddətlərdə işləmişdir və şahidlər də birgə işlədiyi şəxslər olduğu üçün məhkəmədə ifadə vermişlər. Hətta həmin şahidlərin bir qisminin əmək kitabçalarında olan əmrlərdəki imzaların məhz ərizəçiyə məxsus olması da müəyyən edilmişdir. Buna səbəb isə ərizəçinin doğurdan da həmin dövrlərdə qeyd olunan qurumlarda səlahiyyətli vəzifələrdə işləməsini sübut edir. Bütün bu hallar ərizənin əsaslı olmasını təstiq edir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
27. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisindəki qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3364 saylı, 10 oktyabr 2007-ci il tarixli qeydiyyatdan keçmiş Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 24 sentyabr 2007-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilinməməsi və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
Mülki Prosesual Məcəllə
29. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(012)-282/2023 nömrəli qətnaməsinin tamamilə ləğv olunmasını və ərizənin təmin olunmamasını xahiş etmişdir.
31. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Ərizənin mahiyyətindən göründüyü kimi tələb hüquqi əhəmiyyətli fakt kimi ərizəçinin əmək fəaliyyətinin məhkəmə qaydasında müəyyən edilməsi barədədir. Qanunvericiliyin tələbinə görə də məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
34. Apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, MPM-nin 76.1 və 76.2-ci maddələrinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
35. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
36. Maraqlı şəxs apellyasiya şikayətində məhkəmənin şahid ifadələrinə və əmək kitabçasının itirilməsinin üzrlü səbəb olmamasına istinad etməklə düzgün nəticəyə gəlmədiyini qeyd etmiş, lakin məhkəmənin bu halla bağlı qənaətinin düzgün olmaması, məhkəmənin şahid ifadələrinə istinad etməklə hansı maddi və ya prosessaul pozuntuya yol verməsini əsaslandırmamış, şahid ifadələrinin hansı səbəbdən mötəbər sübut olmamasını göstərməmişdir.
37. Digər tərəfdən, araşdırılan işdən müəyyən edilir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən yalnız şahid ifadələrinə istinad etməmiş, şahid ifadələrini iş materiallarına əlavə edilmiş digər sübutlara yanaşı qiymətləndirmişdir. Belə ki, birinci instansiya məhkəməsi ərizədə qeyd olunanlarla bağlı aidiyyəti orqanlara sorğu vermiş və cavab məktublarına (arxiv arayışlarına) əsasən arayışlarda göstərilən illər üzrə iş üzrə icraata xitam vermiş, ərizəçinin başqa cür əldə edə bilmədiyi illər üzrə məhkəmə qətnaməsi qəbul etmiş, Ərizəçi 1982-ci ildən 1986-cı ilədək X3 Birliyində iqtisadçı vəzifəsində, 1986-cı ildən xx.xx.1991-ci ilədək Abşeron rayon Aqrar–Sənaye Kombinatının baş mühasibatlığında böyük mühasib vəzifəsində, 1991-ci ildən 1992-ci ilədək Abşeron “ŞNASİ" Aqrar firmasında direktor müavini vəzifəsində, 1992-ci ildən 1993- cü ilədək yenidən Abşeron Aqrar-Sənaye Kombinatında iqtisadçı vəzifəsində və 1993-cü ildən 1995-ci ilədək Mehdiabad Konserv zavodunda direktor vəzifəsində işləməsi faktı müəyyən edilmişdir.
38. Bununla yanaşı qeyd edilməlidir ki, şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında’’ 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhxəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
41. Öyrənilən işdən də göründüyü kimi iş üzrə dindirilmiş şahidlərin işlədiyi dövrlər, ərizəçinin işlədiyi işlərlə üst-üstə düşür, hətta bəzi şahidlərin işə götürülməsi məhz ərizəçinin direktor olduğu illərə təsadüf edir.
42. Apellyasiya şikaətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası faktı təsdiq edən şahidlərin özlərinin qeyd edilən dövrdə həmin təşkilatlarda işləməməsi və səbəbdən həmin şahidlərin ifadələrinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına uyğun olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər ifadələrində ərizəçinin irəli sürdüyü faktı müvafiq vəzifə və dövrlər üzrə təsdiq etmişlər.
43. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(012)-282/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.